Azərbaycan gənci kifayət
qədər vətənpərvərdir
Şamil
Sabiroğlu: “Vətənpərvərliklə bağlı fəaliyyətlərin
daha da koordinasiya olunmuş şəkildə həyata
keçirilməsinə çalışmağımız
lazımdır”
Azərbaycan gənclərinin milli
mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması hər zaman prioritet istiqamətlərdən
hesab edilib. İstər dövlət və onun müvafiq
qurumları, istərsə də qeyri-hökumət təşkilatlarının
da bu istiqamətə ciddi diqqət yetirməsi və müxtəlif
layihələr, tədbirlər həyata keçirməsi gənclərin
vətənpərvərlik hisslərinin
artırılmasına öz müsbət təsirini göstərir.
Gənclərin vətənpərər ruhda tərbiyəsi,
onlarda Vətənə, millətə sevgi hissinin
artırılması istiqamətində məqsədyönlü
fəaliyyət göstərən və bu istiqamətdə
çoxsaylı layihələr, tədbirlər həyata
keçirən təşkilatlardan biri də "Xocalı
Soyqırımını Tanıtma" ictimai Birliyidir.
İctimai Birliyin sədri Şamil Sabiroğlu ilə söhbətimizdə
bu istiqamətdə mövcud olan vəziyyət, eləcə də
atılması vacib olan addımlar barədə
danışdıq.
-Şamil bəy,
Azərbaycan gənci bu gün nə dərəcədə vətənpərvərdir?
-Hazırda Azərbaycan gənci kifayət qədər vətənpərvərdir və milli mənlik şüuru formalaşmışdır. Şəxsiyyətin sosiallaşması istiqamətində fərdin özünü vətəni ilə eyniləşdirməsi böyük əhəmiyyət kəsb edir. Bu zaman "vətən" anlayışı təkcə insanların yaşadığı coğrafi ərazi, tanışları, yaxınları və qohumları ilə deyil, həm də bütövlükdə cəmiyyətə və dövlətə qarşı emosional-psixoloji münasibətilə də müşayit olunmalıdır. Atalarımız "torpaq uğrunda ölən varsa vətəndir" deməklə, vətənin sadəcə, coğrafi bir ərazi olmadığını, yalnız insanların ona qarşı xüsusi münasibətinin formalaşdığı zaman müqəddəs bir anlayış olduğunu nümayiş etdirməyə çalışıblar. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqı üçün isə "vətən" anlayışı həm də yaratdığı milli dövlətə-Azərbaycan Respublikasına münasibətdə yeni məna kəsb etməyə başlamışdır. Bu baxımdan da, Azərbaycan Respublikasında gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması bir-birindən təcrid olunmayan vahid Konsepsiya şəklində həyata keçirilməlidir. Həmçinin gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Vətənpərvərliklə bağlı fəaliyyətlərin daha da koordinasiya olunmuş, sistemli bir şəkildə həyata keçirilməsinə, daha çox nəticə əldə olunmasına çalışmağımız lazımdır.
-Gənclərimizin
vətənpərvərlik hissinin artırılması istiqamətində
hansı zəruri addımların atılmasını vacib
hesab edirsiniz?
-Dövlətimiz bu istiqamətdə
bütün lazımi şəraiti yaradıb. Lakin bununla yanaşı problemləri
inkar etmək olmaz. Bu sahədə ən böyük məsuliyyət
Təhsil Nazirliyinin üzərinə düşür.
İbtidai sinif dərsliklərinin hazırlanmasında, dərs
proqramlarının tərtibatında milli şüur, vətənpərvərlik
hisslərinin tərbiyəsi priroritet olaraq qalmalıdır. Təəssüflər
olsun ki, bu istiqamətdə problemlər hələ də var.
Bu istiqamətdə məsuliyyət eyni zamanda medianın da
üzərinə düşür. Bayağı mövzular,
ucuz reytinq naminə hazırlanan televiziya proqramları,
videokliplər, televiziya məkanında etik normalara uyğun
olmayan verilişlər təbii ki, gənclər arasında vətənpərvərlik
hisslərinin tərbiyə baxımından ciddi fikir ayrılığına
gətirib çıxara bilər. Bizdə elə televiziya
kanalları var ki, onlar ümumiyyətlə efir mədəniyyəti,
efir standartı deyə mövcüd olan anlayışı təmiz
siliblər. Sanki evdə oturub palatka toyuna baxırsan. Və bu
bir veriliş çərçivəsində baş vermir. Bu
demək olar ki, bütün günü davam edir. Ona görə
mən hesab edirəm ki, mediada, xüsusilə də televiziya məkanında
ciddi islahatlar getməsə yeni nəsil manqurtlaşa bilər.
Onu da qeyd edək ki, bu gün Azərbaycanın
qarşısında duran bir çox problemlərin həlli gənclərin
milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən,
onlarda yüksək dövlətçilik şüurunun, mənsub
olduğu millətə və dövlətə qarşı
qürur hissinin formalaşdırılmasından çox
asılıdır. Təəssüflər olsun ki,
torpaqlarının 20 faizə qədəri işğal
altında olan, tarixi əraziləri başqa dövlətlərin
tərkibində qalmış Azərbaycanda gənclərin vətənpərvərlik
və vətəndaşlıq ruhunda tərbiyə edilməsi,
onlarda vətəndaşlıq vəzifələrinin və
dövlətə sədaqət ruhunun aşılanması
istiqamətində həyata keçirilən tədbirlər
gözlənilən effekti vermir. Məhz bunu nəzərə
alaraq qeyri-hökümət təşkilatları, o cümlədən
media qurumlarımız, dövlət qurumları gənclərdə
vətənpərvərliyin artırılmasında yeni
texnologiyaların, müasir gəncliyin şüuruna nüfuz
edə biləcək vasitələrin
araşdırılıb tətbiq edilməsi işini həyat
keçirməlidir.
-Rəhbərlik etdiyiniz təşkilat
gənclərin vətənpərvər ruhda böyüməsi
istiqamətində hansı layihə və tədbirlər həyata
keçirir?
-“Xocalı
Soyqırımını Tanıtma” İctimai Birliyi və
“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin fəalları
mütəmadi olaraq ön cəbhələrdə yerləşən
hərbi hissə və taborlarda olur, Azərbaycanın ərazi
bütövlüyünü qoruyan zabit və əsgərlərimizlə
görüşlər keçirir.
“Xocalı
Soyqırımını Tanıtma” və “Yeni Yurd” ictimai
birliklərinin fəallarının sinələrini
düşmən gülləsinə sipər edən ərənlərimizlə
görüşü demək olar ki, ənənə
halını alıb. Bu təşkilatların üzvləri
2014- cü ildə Gəncə, Tovuz, Qazax, Ağdam, Tərtər
bölgələrindəki hərbi hissələrin şəxsi
heyətinin qonağı olub. Bu il fevralın 7-də Şəhid
Milli Qəhrəmanımız Mübariz İbrahimovun xidmət
etdiyi hərbi hissənin şəxsi heyətilə
görüşən QHT fəalları, martın 3-də Tərtər
bölgəsindəki “N”saylı hərbi hissənin yubileyində
iştirak ediblər. Azərbaycanın Milli Qəhrəmanı
Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri,
II dərəcəli müharibə əlili Hacı Ədalət
Məhərrəmov, ”Gəncliyə Yardım Fondu”nun
vitse-prezidenti Salman Əliyev,
“Ana harayı” qəzetinin baş redaktor müavini,
şair Vaqif Nəcəfzadə, “Xocalı
Soyqırımını Tanıtma” İctimai Birliyinin
şöbə müdiri Dilbər Sultanova da bu tədbirlərdə
aktiv iştirak ediblər. Martın 19-da hər iki Təşkilatın
fəalları cəbhə bölgəsindəki “N” saylı hərbi
hissənin zabit, gizir və əsgərlərilə
görüşüblər. Xalqımızın milli
bayramı-Novruz bayramına həsr edilən tədbiri
şair, bədii qiraət ustası Elşən Sabiroğlu və
istedadlı müğənni, “Ozan” mükafatı laureatı
Zeynəb Məmmədzadə açdı. “Xocalı
Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,
“Yeni Yurd” Sosial İnkişaf İctimai birliyinin icraçı
direktoru, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi”
medalının mükafatçısı olaraq mən və “Yeni Yurd” Sosial İnkişaf
İctimai Birliyinin sədri Mahirə xanım Əsədova əziz
bayramı ön xətdə, Vətənimizin
keşikçiləri ilə birgə keçirdiyimizə
görə hədsiz məmnun olduğumuzu dilə gətirdik.
Mahirə xanım, yeganə oğlu, 8 yaşlı Nurəlinin
Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmətə
yola düşəcəyi günü səbirsizliklə
gözlədiyini qeyd etdi. 20 Yanvar Cəmiyyəti sədrinin I
müavini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müxtəlif mükafatlara layiq görülmüş Mustafa
Əliyev, Respublika “Əsgər Ailəsi” Cəmiyyətinin sədri,
ehtiyatda olan baş leytenant, jurnalist Roza Əliqızı
(Hüseynova), “Xocalı Soyqırımını Tanıtma”
İctimai Birliyinin şöbə müdiri, şairə Dilbər
Sultan, həmin təşkilatın Abşeron rayon şöbəsinin
müdiri, şairə Zeynəb Şahidqızı, “Sosial
Rifah və Tədqiqatlar” ictimai birliyinin sədri, “fact-info.az”
saytının baş redaktoru Əkrəm Bəydəmirli,
"Yeni Yurd" ictimai birliyinin sədr müavini Natiq
Qasımov, həmin Təşkilatın Kütləvi Tədbirlər
şöbəsinin müdiri İlkin Məmmədzadə,
“Xebertv.az” saytının rəhbəri,"Ana harayı" qəzetinin
şöbə müdiri, müharibə veteranı Əvəz
Almədətov, Beyləqan rayonunun tanınmış
ziyalılarından, “Xocalı Soyqırımını
Tanıtma” ictmai birliyinin fəal üzvü Asif Quliyev, “Beyləqan
Gənclərinin Maarifləndirilməsi və Sosial
İnkişaf” İctimai Birliyinin sədri Zaur Quliyev və
başqaları Azərbaycanın namusunu qoruyan ərənlər
qarşısında çıxış etdiklərinə
görə özlərini çox xoşbəxt
sandıqlarını bildirdilər. Tanınmış şairə
Zeynəb Şahidqızı, Dilbər Sultan, Mustafa Əliyev və
başqaları Vətənə, torpağa və Azərbaycan
əsgərinə həsr olunan şeirlər söylədilər.
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbinin
“Aranqala” instrumental ansamblının üzvləri, habelə,
bu ansamblın solistləri Yolçu Quliyev, Yavin Hümbətov,
gənc aşıq, II dərəcəli əlil Azər Göyçəli
(Mustafayev), müğənni Zeynəb Məmmədzadə,
Elşən Sabiroğlu və başqaları maraqlı konsert
proqramı ilə şəxsi heyət qarşısında
çıxış etdilər. "Yeni Yurd" və
"Xocalı Soyqırımını Tanıtma"
İctimai Birlikləri adından 100 əsgərə qiymətli
hədiyyələr, 10 zabit və əsgərə isə Fəxri
fərman və diplomlar təqdim edildi. Bundan başqa
“Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd”
Sosial İnkişaf İctimai Birliyi ilə birgə Füzuli
rayonu ərzisində, ön cəbhədə yerləşən
“N” saylı hərbi hissənin zabit, gizir və əsgərləri
üçün Novruz şənliyi təşkil edərək,
bayram sovqatı apardıq. Hər bir əsgərin Azərbaycanın
mövcud sərhədlərinin qorunmasında və vətənin
düşməndən müdafiəsində xüsusi rolu var.
Hesab edirəm ki, “Xocalı Soyqırımını
Tanıtma” İctimai Birliyi tərəfindən 15 iyun Milli Qurtuluş
gününün hərbi hissəsədə qeyd edilməsinin
vətənpərlik ruhunun yüksəldilməsində əhəmiyyəti
böyükdür. Qeyd etməliyəm ki, hərbiçilərimizin
vətənpərvərlik ruhunun yüksəlməsində Azərbaycan
dövlətinin şəxsən Ali baş komandan cənab
prezident İlham Əliyevin orduya göstərdiyi qayğı
və diqqətin xüsusi rolu var.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 29 iyul.- S.15.