Ölkə gəncləri vətənpərvər

ruhda tərbiyə olunur

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet olub. Bu sahədə qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sevindirici haldır ki, təkcə müvafiq nazirlikqurumlar deyil, eləcə də yerli icra orqanları da zaman-zaman gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müəyyən tədbirlər keçirirlər. Bu baxımdan Binəqədi Rayon İcra Hakimiyyəti də mütəmadi olaraq gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların Vətənə məhəbbət hissində böyüməsi  istiqamətində tədbirlər, konfrans və dəyirmi masalar, intellektual oyunlar təşkil edir. Milli qəhrəmanların anım mərasimlərini keçirir.

Belə tədbirlərdən biriMilli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirilməsi olub. Belə ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib. Binəqədi rayon Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov,  Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri Telman Hətəmov və  Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər. Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışaraq dövlət tərəfindən onlara göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd edib. Daha sonra tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib.

Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində daha bir tədbir Binəqədi rayonunda əsgərlər arasında “Xəmsə” milli intellektual oyununun keçirilməsi olub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə əsgərlər arasında “Xəmsə” milli intellektual oyunu keçirilib. Yarışda tərkibi 5 oyunçudan ibarət olmaqla ümumilikdə 8 – “Gənc Liderlər”, “Təminatçı”, “Bərpaçı”, “Rabitəçi”, “Kimyaçı”, “Odlar yurdu”, “Vətən”, “Xilasedici” komandaları iştirak etdilər. Gərgin mübarizə şəraitində keçən yarışda “Vətən” komandası birinci yerə, “Odlar yurdu” komandası ikinci yerə, “Xilasedici” komandası isə üçüncü yerə layiq görülüblər. Qaliblər diplom və xatirə hədiyyələri ilə təltif olunub. Mükafatlandırma mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Elvin Orucov və YAP Binəqədi Rayon Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə gənclər arasında intellektual oyunlara marağın böyük olmasından danışıblar. Bildirilib ki, rayonda müxtəlif formatlı bilik yarışlarının təkcə ortaali təhsil müəssisələrində deyil, eləcə də hərbi hissələrdə keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanın zəngin milli-mədəni irsitarixinin təbliği, gənclərin intellektual səviyyəsi, dünya görüşünün artırılması və onların stimullaşdırılmasına xidmət edən “Xəmsə” Milli İntellektual Oyunu isə bu yarışlar içərisində xüsusi yer tutur.

Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan “Hərb tariximizdən” adlı tədbir də gənclərin vətənpərvərlik hisslərinin artırılmasına yönələn tədbirlərdən sayılır. Belə ki, rayon ərazisindəki Ə.Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə görkəmli hərbi xadim, əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan “Hərb tariximizdən” mövzusunda  dəyirmi masa  keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ə.Şıxlinskinin hərb sahəsindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, Rayon İcra Hakmiyyəti başçısının müavini Aygün Əliyeva, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov, Respublika Veteranlar Şurasının sədri Dadaş Rzayev, yazıçı-publisist Şəmistan Nəzirli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, məktəb kollektivi və başqaları  iştirak ediblər. Tədbirdə məktəbin direktoru Sadəgül Həsənova çıxış edərək tədbirin Prezident İlham Əliyevin “General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamına əsasən keçirildiyini söyləyib. Bildirib ki, belə tədbirlər gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət daşıyır. Milli Məclisin deputatı Xanhüseyn Kazımlı çıxış edərək ölkəmizdə şəhidlərin xatirəsini əbədiləşdirilməsi istiqamətində görülən işlərdən və bu sahəyə dövlət qayğısından, gənclərin milli ruhda tərbiyə olunmasında reallaşdırılan tədbirlərdən danışıb. Mərasimdə polkovnik-leytenant, yazıçı-publisist Şəmistan Nəzirli Ə.Şıxlinskinin həyatı və hərb sahəsindəki misilsiz xidmətləri barədə geniş məlumat verib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdir müavini Hüseyn Əsgərov, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edibər. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Ə.Şıxlinskinin şərəfli ömür yolundan və hərb sahəsindəki misilsiz xidmətlərindən söz açıb, görkəmli generalın həyat və fəaliyyətinin müasir dövrümüzdə gənclərə böyük örnək olduğunu söyləyib.

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçirilən yarışda 32 orta ümumtəhsil məktəbindən 450-yə yaxın şagird iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Daxili Qoşunların Biləcəri qəsəbəsində  yerləşən “N” saylı hərbi hissəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbüssü və təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qeyd edib ki, bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir. Tədbirdə çıxış edən  Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov və Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev bu cür yarışların yeniyetmə və gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsinin gücləndirilməsi, onların dövlətçiliyə sədaqət, vətənə bağlılıq ruhunda formalaşması baxımından əhəmiyyətindən danışıblar. Binəqədi Rayon İcra Hakimiyyəti başcısının müavini Aygün Əliyeva “Şahin” hərbi-idman oyununun məktəb yaşlı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli dərəcədə rol oynadığını deyib. A.Əliyeva bildirib ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsi ən aktual mövzulardan biridir. Böyük qətiyyəti və əzmkarlığı ilə Azərbaycanı bir dövlət kimi beynəlxalq arenada tanıdan, həm də vətəninə qəlbən bağlı böyük vətənpərvər olan ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün örnək olduğu vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə sabitlik və inkişafın qarantı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifədir. Şəhid Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbdə keçirilən “Hər şey vətən üçün” adlı xeyriyyə aksiyasının da əsas məqsədi məktəblilərdə vətənpərvərlik ruhunu aşılamaq olub. Xeyriyyə yarmarkasında məktəbin 36 ibtidai sinifi iştirak edib, şagird və valideynlərin hazırladıqları əl işləri satışa çıxarılıb. Əldə olunan vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 3 iyun.- S.15.