Milli-mənlik şüuruna sahib

olmaq nə üçün lazımdır?

 

“Bir millət tarixin uzun illəri boyunca yaşayıb-yaradaraq, öz adət və ənənəsini meydana çıxarır, elm, texnika sahəsində öz istedadlı nümayəndələrini yetirərək bişgin bir mərhələyə çatır”

 

Dünya sürətlə qloballaşır, insanlar yeni dəyərləri, ideologiyaları mənimsəyir. Təbii ki, müxtəlif internet saytları və media qurumları tərəfindən təbliğ olunan həmin ideologiyaların hamısı insanların inkişafı üçün əlverişli deyil. Onların içərisində zərərli dini ideologiyalar, qeyri-ənənəvi dinlər, təriqətlər var. Xüsusilə qlobal güclərin Yaxın Şərqdə din pərdəsi arxasında oynadıqları oyunlar gənclərdə radikalizmə meylliliyi artırıb.

İŞİD, “əl-Qaidə” kimi terror təşkilatların müsəlman ölkələrində həyata keçirdikləri qanlı aksiyalar gəncləri sürətlə radikalizmə, dini xurafata sürükləyir. Bu proses bu işdə maraqlı olan qüvvələrin maraqlarını təmin edir. Bu yolla yaratdıqları terror təşkilatlarına daha çox üzv toplamağa çalışan həmin qüvvələr müxtəlif cəmiyyətlərdə mənəvi aşınmanı dərinləşdirirlər. Xüsusilə İŞİD-in Yaxın Şərqdə baş verən proseslərə qoşulmasıyla müxtəlif ölkələrdə radikallıq pik həddinə çıxdı. İŞİD-ə olan simpatiya dünyanın bir çox ölkələrindən insanları axın-axın Yaxın Şərqə aparır. Bu simpatiya eyni zamanda ölkələrdə cinayət hallarının sayını da artırıb. Terror aksiyaları cinayətləri insanların gündəlik həyat tərzinə çevirir. Əslində dünya cinayət bataqlığına 2001-ci ildə Nyu-Yorkda "Əkiz qüllələr”in partladılmasından sonra batdı. Baş verənlər cəmiyyətlərə müxtəlif təsir göstərir. Terror aksiyaları ayrı-ayrı ölkələrdə islamafobiya və ksenofobiyanı gücləndirdi. Radikal sağ və ya sol meyllərin güclənməsi Yer kürəsində təhlükəsizliyi pozdu. Terror qruplaşmalarından ilhamlanan gənclər artıq Hollivud filmlərindəki qanqsterlərin hərəkətlərini real həyatda praktikaya çevirirlər. Mediada "Film kimi hadisə” kimi xəbər başlıqları bizi addım-addım izləyir. İnsanlarda evdən çıxıb geri qayıtmamaq qoxusu var. Çünki terrorçuların, qanqsterlərin harada olduqları, nə edəcəkləri məlum deyil. Psixologiyası pozulmuş insanları artıq cəmiyyətə yenidən qazandırmaq çətin məsələyə çevrilib. Radikal sektalar üçün terrorçu yetişdirən mərkəzlərin çoxalması da narahatlığı artırır. Xüsusilə ayrı-ayrı ölkələrdə Suriyada döyüşüb geri qayıdan insanların yenidən heç nə olmamış kimi cəmiyyətin içərisinə qarışması təhlükəni gizlədir və qorxu xofu yaradır. Qlobal terrorizmin medianın gündəminə oturmuş sui-qəsd nəzəriyyəsi evimizin içinə qədər soxulub. İnsanların hər hansısa dini, yaxud siyasi cərəyan üzərində radikallaşması və aqressivləşməsinin kökündə medianın çılpaq xəbərləri dayanır. Xüsusilə son illərdə İŞİD və Əsəd qətliamları sosial şəbəkələrin gündəmini təşkil edir. Çünki bu təbliğata maneə olacaq hansısa sistem yoxdur. İnsanlar belə materiallara kökləndikcə, özlərindən olmayanlara qarşı baxışlarını sərtləşdirirlər. Baş verənlər hansısa bir arealla məhdudlaşmır, bu, qlobal faktdır. Məsələnin kökündə digər tezislər də var. Məsələn, Dünya İqtisadi Forumunun hesabatına görə, dünyanın bir sıra ölkələrində yoxsul və zənginlər arasında uçurumun getdikcə artması radikalizmin artmasına təkan verir. İmmiqrant axınlarının yerdəyişmə sürətinin artması da ksenofobiyanı gücləndirir. Belə bir məqamda Azərbaycanda da milli-mənlik şüur və vətənpərvərlik hisslərini təbliğ edən layihələrə dəstəyin verilməsi vacib amil kimi qabağa çıxır. Cəmiyyəti bu ruhda yetişdirmək, ölkənin gələcəyinə sağlam investisiya yatırmaq deməkdir. İstənilən halda sağlam gənclik, sağlam toplum dövlətin təhlükəsizliyinin qarantiyasıdır. Bu bir növ təhlükədən sığortalanmaq üçün zireh funksiyasını da yerinə yetirir. Bu kimi məsələlər hər zaman Azərbaycan insanın diqqətində olub. 1945-1946-cı illərdə ərəb əlifbasıyla nəşr olunuş “Azərbaycan” jurnalının 1945-ci il noyabr sayında yazılır: “Hər millət tarix səhifələrinə yazdığı insanpərvər işləri, bəşəriyyətə bəxş etdiyi dühaları, yaratdığı maddi və mənəvi nemətləri ilə fəxr edir. Bu gün yer üzündə yaşayan saysız müxtəlif millətlər, həmin tarixi şərait içərisində müxtəlif zamanda meydana çıxmış, inkişaf və tərəqqi etmiş, yaşayıb yaratmışlar. İnsan uşaqlıq, gənclik və kamillik dövrü keçirdiyi kimi, millətlər də həmin dərəcədə bu yolu keçir. Bir millət tarixin uzun illəri boyunca yaşayıb-yaradaraq, öz adət və ənənəsini meydana çıxarır, elm, texnika sahəsində öz istedadlı nümayəndələrini yetirərək bişgin bir mərhələyə çatır. Özünü bir millət kimi dərk edən xalq bu inkişafın yüksək mərhələsinə qalxır. Milli şüur - bir xalqın öz istedad və bacarığını dərk etmək, millətin ümumi mənafeyi və ziyanını görmək, ümummillətin rifah və səadəti üçün çalışmaq yolunda hər cür fədakarlığın zəruri olduğunu dərk etməkdir. Öz tarixi mövqeyini, öz milli ehtiyac və vəzifələrini dərk etmiş xalq gələcək inkişafının yollarını aydın görür və bu yoldakı mübarizəsini daha kəskin, daha irəli apara bilir. Milli şüuru oyanmamış və ya hələ də lazımınca oyanmamış millətlər daima başqalarının ağalıq və zülmünə məruz qalır. Yalnız kənardan deyil, öz daxilində də mürtəce qüvvələrin nüfuz və təsirinə boyun əyməli olur. Şübhəsizdir ki, milli intibah, milli şüurun oyanması bir günün, bir ilin işi olmayıb, əsrlərin kəskin və amansız fırtınaları içərisindən doğulur. Bir millət içərisindən çıxan ayrı-ayrı proqressiv nümayəndələr, alim və yazıçılar hələ o xalqın bir küll olaraq intibah yoluna düşdüyünü isbat etmir. Azadlıq dərk edilmiş zərurətdirsə, bu azadlığı duymaq, onun zəruri olduğunu hiss etmək üçün xalqın bütün nemətlərini yaradan geniş kütlələrin milli şüurunun artması, xalqın özünəməxsus ənənə, sənət və məişət gözəlliklərinin həqiqətən sevilib intişar etməsi şərtdir. Lakin millət içərisində yetişən ayrı-ayrı ağıllı adamların-ictimai xadimlər, inqilabçılar, yazıçılar, rəssamlar, alim və maarifpərvərlərin o xalqın milli şüurunu yüksəltmək, o xalqın azadlıq və istiqlaliyyət yolundakı səylərini daha müntəzəm və mütəşəkkil bir hala salmaq, o xalqın yolunu işıqlandırmaqda böyük xidmətləri vardır. Babək, Nəsimi, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Bakıxanov, Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) və Sabir kimi sərkərdə, yazıçı və inqilabçıların Azərbaycan xalqının inkişaf və tərəqqisində, bu millətin milli intibah və milli şüurunun möhkəmlənməsində çox böyük xidmətləri olmuşdur”. Beləliklə, milli mənlik şüuruun inkişafıyla toplum dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir bu və ya digər hadisələrə öz münasibətlərini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil və insanın özünün fikir və hisslərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. Vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Bu hiss uşaqlarda tədricən formalaşır. İnsan dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Mütəxəssislərin fikrincə, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası məktəbəqədər tərbiyə müəssisələrində, orta məktəblərdə qoyulur. Milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir. Danılmaz faktdır ki, vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağı sevir. Əlbəttə, milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri güclü təsirə malikdir. Milli mənlik şüuru olan hər bir kəs mənsub olduğu xalqın, vətəndaşı olduğu ölkənin təəssübünü çəkir. Hər bir insan mənsub olduğu xalqın milli əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, tarixi keçmişi ilə fəxr edir. Məhz milli mənlik şüuru sayəsində hər bir fərd tarixin inkişaf xüsusiyyətlərini dolğunluğu ilə dərk edir. Beləliklə, vətənpərvərlik vətənə olan ülvi məhəbbətdi. Vətənpərvərlik insanın daxilində olan bir hisslərdi. Bu hiss insanın daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə də valideynlə-rini sevə bilməz. “Vətənpərvərəm” deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyi əməlləri, gördüyü işlər ilə sübut etməlidi. Vətənpərvərlik daxildən gələn bir hissdi ki, onu da müəyyən vasitələrlə tərbiyələndirmək, düzgün istiqamətə, milli mənlik şüurunun möhkəmlənməsinə yönəltmək lazımdı.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 4 iyun.- S.15.