Vətənpərvərlik hissləri dövlətin

təhlükəsizliyi baxımından

 

Milli-mənəvi dəyərlərin adət-ənənələrin yeni nəsilə çatdırılması üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür

 

Cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirilməsində və milli mənlik şüurunun inkişaf etdirilməsində milli özünüdərk prosesinin aşılanmasının böyük əhəmiyyəti var. Azərbaycanda milli özünüdərk prosesi böyük bir tarixi yol keçmişdir. Milli ideologiya, milli kimlik, özünüdərk prosesində həyatını qurban verən insanlar məhz özlərindən sonrakı nəslin bu ülvi dəyərlərə sahib çıxmasını, onu qorumasını istəmişdilər. Məhz onların, ağır şərtlər altında, heç bir təhlükə və qorxudan çəkinməyərək millətin gələcəyini düşündükləri üçün bu mübarizəyə qoşulmuşdular. Bu missiyanın davam etdirilməsi isə gələcək nəslə bir vəzifə kimi ötürülüb. Böyük və zəngin bir tarixi irsə sahib olan Azərbaycanda bu gün milli şüur, millilik, gənclərdə milli özünüdərk səviyyəsi yetəri qədər yüksəkdir. Bu sevindirici haldır. Çoxsaylı sorğu və təhlillərin nəticəsi olaraq demək olar ki, bu gün irsimizə sadiqlik, milli düşüncəmizə sədaqət və Azərbaycançılıq ideyalarının tam dolğunluqla təzahürü məsələlərində narahatedici məqamlar yoxdur. Beləliklə, gənclərdə milli özünüdərk şüurunun inkişaf etdirilməsi dövlətin təhlükəsizliyi baxımından da əhəmiyyətlidir. İyunun 3-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasimində çıxışında Milli təhlükəsizlik naziri Eldar Mahmudov bu məsələyə xüsusi diqqət yetirdi. Nazir Eldar Mahmudov məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının Ümummilli liderin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu bildirdi. Nazir qeyd etdi ki, təhlükəsizlik orqanı əməkdaşının öz xüsusi tədris ocağında təhsil alması çox önəmlidir. Məhz buna görə də Ümummilli liderin təşəbbüsü ilə belə bir Akademiya yaradılmış və burada gənc zabitlərə xüsusi xidmətin təkrarsız ustadı olan Heydər Əliyev məktəbinin dərslərini almaq şərəfi nəsib olmuşdur. Bu xüsusi təyinatlı ali təhsil ocağı iftixarla Ulu öndərin adını daşıyır, onun vətənpərvərlik və peşəkarlıq irsinə daim sadiqdir. Ölkənin təhlükəsizliyi sahəsində fəaliyyət göstərən şəxsin dərin biliyi, məsuliyyəti və vətənpərvərliyi ilə seçilməli olduğunu qeyd edən general-polkovnik Eldar Mahmudov, bütün bunların öz növbəsində hər bir zabitdən əzmkarlıq və qətiyyət tələb etdiyini, eyni zamanda, bu sahədə Akademiyanın rəhbərliyinin və kollektivinin üzərinə də mühüm vəzifələr düşdüyünü bildirdi. Ümumiyyətlə, ölkə gənclərinin daim dövlətçilik prinsipləri üzrə tərbiyəsi və onların sabitlik, inkişaf və yeniləşmə siyasətində fəal iştirakları Azərbaycanın gələcəyinə böyük inam yaradır. Dövlətimiz hər zaman gənclərin problemləri ilə məşğul olur, onların hərtərəfli inkişafına diqqət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış müxtəlif Dövlət Proqramları sayəsində gənclər siyasəti uğurla həyata keçirilir. Vətənpərvərlik və dövlətçilik ideallarına sədaqət, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət isə həmişə ön sırada durur. Nazir Eldar Mahmudov bildirdi ki, azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları hər zaman ölkəmizin uğurlarının stimulu və rəhnidir. Bu mənada, milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu ölkə rəhbərliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ardıcıl siyasətinə əlverişli şərait yaratmaqdır. Bu, hər bir əməkdaşın bir nömrəli vəzifəsidir. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, indi Ermənistan adlanan dövlət Azərbaycanın tarixi torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq. Bu, bizim strateji hədəfimizdir”. Eldar Mahmudovun sözlərinə görə, Milli təhlükəsizlik orqanlarına işə qəbulda vətənpərvərlik, dövlətçiliyə və müstəqilliyə sədaqət, intellektual səviyyə əsas şərtdir. Kadrların təkmilləşdirilməsində müasir texnologiyaları, xarici dilləri öyrənmək və sair bu kimi tədbirlər daim diqqət mərkəzində saxlanılır. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi General-leytenant Ziya Yusif-zadə də çıxışında bildirdi ki, müstəqil Azərbaycanı bizlərə bəxş etmiş Ulu öndər Heydər Əliyevin “Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları hərtərəfli əməliyyat biliklərinə malik olmaqla yanaşı, vətənimizin daxili və  xarici siyasətini, beynəlxalq aləmdə cərəyan edən prosesləri daim izləməli xalqımıza, dövlətimizə hədsiz sədaqətli olmalıdırlar. Sədaqət, sayıqlıq, vətənpərvərlik sizin fəaliyyətinizin əsas devizi olmalıdır” milli təhlükəsizlik orqanları əməkdaşları haqda atalıq qayğıkeşliyilə deyilmiş bu qiymətli kəlamları bugünki məzunlar özlərinin gələcək fəaliyyətlərində Akademiyada aldıqları biliklərə əsaslanaraq daim rəhbər tutacaq və  qarşılarında qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklər. Beləliklə, milli şüur, milli özünüdərk, vətənpərvərlik mənəvi dəyərləri özündə əks etdirən bir anlayışdır. Özünüdərk və şüur anlayışı nə qədər ümumidirsə, milli şüur istilahında həm ümumilik, həm də xüsusilik var. Milli şüur bir növ fərdi şüurla ümumi şüur arasında əlaqələndirmə funksiyasını yerinə yetirir. Çünki milli şüurda bir fərdin təmsil olunduğu konkret etnik, dini, mədəni xüsusiyyətlərlə yanaşı, ümumi mahiyyətli bəşəri dəyərlər də öz əksini tapa bilər. Yəni hər birimiz bir tərəfdən konkret bir millətin, dinin, mədəniyyətin nümayəndəsi olduğumuz halda, digər tərəfdən ümumbəşəri dəyərlərin daşıyıcısıdır.Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində – milli fəlsəfi fikir zəminində formalaşır.Milli şüur milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. İnsan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir. Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında olmalıdır. Mənsub olduğu dövləti qorumaq hər bir vətəndaşın müqəddəs amalı olmalıdır. Ölkənin inkişafı məhz onu qoruyan, sevən və onun üçün çalışan vətəndaşlarının milli şüura sahib olmasından asılıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 5 iyun.- S.15.