Bir şeyi sevmək üçün ona

dəlicəsinə inanmalısan”

 

Orxan Hüseynli: “Heydər Əliyev Fondu muğamımızın ən böyük himayədarıdır”

 

Müsahibim Azərbaycan Dövlət Televiziyasının (AZTV-nin) solisti, gənc xanəndə Orxan Hüseynlidir. O, 1993-cü ildə anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbi və Asəf Zeynallı adına Musiqi Kollecinin məzunudur. Orta məktəbdə əməkdar artist Nuriyyə Hüseynova, kollecdə isə xalq artisti Mənsum İbrahimovdan dərs alıb. Bu ildən Azərbaycan Milli Konservatoriyasının Xanənədlik fakültəsinin tələbəsidir. Orxan Hüseynli 2013-cü il Televiziya Muğam Müsabiqəsinin laureatı, 2015-ci il Respublika Muğam Müsabiqəsinin birincisi və Beynəlxalq Muğam Müsabiqəsinin ikincisidir. O, qazandığı uğurlara görə, müəllimi Mənsum İbrahimova borclu olduğunu düşünür. M. İbrahimovun yaxşı müəllim və gözəl insan olduğunu deyən O. Hüseynli, onun öz tələbələrinə atalıq qayğısıyla yanaşdığını, hər bir problemləri ilə maraqlandığını deyir: “Mənsum müəllimlə ünsiyyətdə olanda sanki psixoloqla danışıram, onunla söhbət mənəvi rahatlıq verir. Hər çətin anda yanımızdadı, tələbələrindən öz kömək əlini əsirgəmir. Bizi tez-tez tədbirlərə aparır, inkişaf etməyimiz üçün nə lazımdırsa, onu da edir”.

 

- Niyə xanəndəlik? Bu sualı ona görə verirəm ki, məsələn, muğam ifa etmək digər musiqi janrları ilə müqayisədə daha çətindir, bu sahədə özünü tapmaq da o qədər asan deyil.

- Musiqiyə 6-7 yaşında vokalist kimi gəldim. Lakin vokal müəllimim məndə xanəndə səsinin olduğunu dedi. Həvəsləndim bu sahəyə üz tutdum. Xanəndə kimi yetişməyimdə babam Baxışeyiş müəllimin az əziyyətləri olmayıb. Beləliklə, Bülbül adına musiqi məktəbində xanəndəliyi öyrənməyə başladım.

- Səhnədə kifayət qədər güclü rəqabət mühiti var. Sahənin güclü adamları çoxdur. Həmin rəqabət meydanında itəcəyindən qorxmursan?

- Getməyə başladığın yoldan qorxmaq lazım deyil. Biz hamımız eyni yolu gedirik, hərənin isə öz istiqaməti var. Uğur qazanmaq hər insanın öz əlindədir. qədər çox əmək sərf etsən, o qədər çox yüksəklik fəth edəcəksən. Zaman keçdikcə, doğru yolu tapa bilirsən, ona görə geri çəkilmək lazım deyil. Səhnə peşəkarları qabiliyyəti olanları sevir. Yarı yoldan qayıdan, səhnə qarışıqlığında başını itirib o qədər kulisdə qalanlar var ki. Həmişə göz qabağında olmaq üçün üzərində daim işləmək lazımdır.

- Estrada digər janr ifaçıları ara-sıra muğam oxuyurlar. Çoxlarının səsi isə buna imkan vermir.

- Əgər onlar oxuya bilirlərsə, buyursunlar. Muğam bizimdir, səsi olan hər kəs oxuya bilər. Əgər onlar muğam oxumaq istəyirlərsə, peşəkarlara müraciət etsinlər. Kiçik beyt olsa da mütləq peşəkar məsləhəti lazımdır. Muğam bizimdir, o da oxuya bilər. Oxumaq ürəyindən gəlir. Ən azından onlar bizim musiqimizi oxumağa cəhd edirlər, bunu alqışlamaq lazımdır. Yaxşı ifa etdi, pis oxudu, bu sonranın müzakirə məsələsidir. Əgər ifanı davamlı edəcəksə, peşəkarlara müraciət etməlidir. Əgər onlar muğamı peşəkar formada ifa etmək istəyirlərsə, bizim xanəndəlik məktəbinin Mənsum İbrahimov kimi peşəkarları, öz işinin dərinliklərini bilən müəllimlərimiz var. Ümumilikdə isə, insan daha yaxşı gedə bildiyi yolla irəliləməlidir. Hər kim olursansa, yalnız birindən ol.

- Yaşıdların arasında xanəndəliyə maraq varmı?

- Hesab edirəm ki, gənclərin muğama marağı kifayət qədər güclüdür. Biz bunu hər il müxtəlif musiqi təmayüllü təhsil ocaqlarına üz tutan minlərlə gəncdən görürük. Muğamın Azərbaycandan kənarda tanıdılması yönündə Heydər Əliyev Fondu böyük işlər görür. Həmin işlər ölkəmizdə muğamı ölməyə qoymur, yaşadır. Gənclərə bu yöndə dövlət dəstəyi var, bu sevindiricidir. Üzeyir Hacıbəyovun tərtib etdiyi proqram əsasında hazırlanan peşəkar xanəndələrimiz yetişir. Musiqi məktəblərinin fəaliyyəti həmin tədris proqramına uyğun qurulub. İstər Asəf Zeynallı adına Musiqi Kolleci, istər Milli Konservatoriyada bu proqram uğurla tətbiq olunur. Yetişən yeni nəsil xanəndələr tam qaneedicidir. Azərbaycanda muğam sənətinin inkişafı, yeniyetmə gənclərin bu sahəyə kütləvi maraq göstərməsi müsbət haldır. Bir neçə il əvvəl muğama ciddi marağın olmaması bizi çox düşündürür, hətta ümidsiz edirdi.  Açığı, bu sahədə olduqca dərin boşluqlar vardı, bu da muğam bilicilərini, xanəndələri ciddi narahat edirdi. Lakin bu uzun çəkmədi, Azərbaycan dövləti muğam sənətini qanadları altına alaraq, onun inkişafına dəstək olmağa başladı. Muğama göstərilən dövlət qayğısı gənclərin bu sahəyə maraq göstərməsinə, sonradan isə kütləvi olaraq, muğam ifaçılığı ilə məşğul olmasına səbəb oldu. On ildən çoxdur, Azərbaycanda muğam daha ciddi qayğı ilə əhatələnib, xanəndələr dövlətdən ciddi dəstək alırlar.

- Köhnə sənətkarların sənə münasibəti necədir? Səhnədən kənarlaşdırmaq üçün sıxışdırmırlar ki?

- Onların hər birinə öz təşəkkürümü bildirirəm. Gənclərin inkişaf etmələri üçün hər bir köməyi edirlər. Heç vaxt onların özümə qarşı qərəzli münasibətiylə rastlaşmamışam. Münasibətləri çox yaxşıdır, problemimiz yoxdur. Yaxşı ifamız olanda ustadlarımızdan xoş sözlər eşidirik. Onlardan məsləhət almağı xoşlayıram. Hansısa bir mahının oxunması zamanı ustadlarımıza zəng edirəm. Onlar bizə dayaqdır.

- Xanəndəlik məktəbinin vəziyyəti yerdədi?

- Tələbələr var ki, məqsədləri bu sənətin dərinliklərinə enməkdir. Onlar çox çalışırlar müsbət nəticəsini görürlər. Tələbələr var ki, ancaq parta arxasında oturmaq üçün gəlirlər, beləliklə heç öyrənmədən gedirlər. Elələri var ki, bir-iki ağız nəsə mızıldanan kimi məktəbi yarımçıq qoyub toylara gedirlər. Ümumiyyətlə, sənətə təkcə qazanc mənbəyi kimi baxmamaq lazımdır. Bu, insanı sənətdən uzaqlaşdırır, nəticədə isə insanların zövqlərini korlayan musiqiləri cəmiyyətə sırımağa başlayırsan.

- Gələcək planların nədir?

- İçində olduğum sənətimlə xalq arasında tanımaq istəyirəm. Həmçinin muğamımızı Azərbaycan sərhədlərindən kənarda tanıtmaq, muğamın sirlərini öyrənmək, bu sahədə peşəkar mütəxəssis kimi yetişmək. Tez görünüb unudulanlar kimi yox, uzun illər xalqın zövqlərini oxşayan ifalarımla yaddaşlarda qalmaq da gələcək planlarıma daxildir. Muğam müsabiqəsində birgə iştirak etdiyim dostlar var ki, onlar indi ortalıqda görünmürlər. Hərəsi bir kənara çəkilib. Bir işin arxasınca məqsədlərinə nail olana kimi getmək lazımdır. Məşhur bir söz var, deyir, bir şeyi etmək üçün onu çox sevməlisən, bir şeyi sevmək üçün ona dəlicəsinə inanmalısan. Gənc xanəndələr efirlərə dəvət olunmalıdırlar, xalq onları tanımalıdır. Lakin efirlərin çoxusunda daha çox bayağı, ucuz şou proqramlara üstünlük verilir. Bu təəsüfedici haldır. İstənilən halda muğam Azərbaycan adət-ənənələrinin daşıyıcısıdır. Biz öz ənənələrimizə sahib çıxmalıyıq. Xalq öz sənətkarlarını tanımalıdır.

- Orxan, bura qədər danışdıqlarına əlavələrin varmı?

- Mübaliğəsiz deyərdim ki, bu gün Heydər Əliyev Fondu mədəniyyətimizin, o cümlədən muğamımızın ən böyük himayədarıdır. Prezidentin rəhbərliyi altında ölkəmizdə mədəniyyətə göstərilən qayğı çox yüksək səviyyədədir. Mən bunu sənətlə bağlı söz düşəndə deməyi özümə borc bilirəm deməliyəm. Bu diqqəti, qayğını qiymətləndirmək bütün muğam ifaçılarının borcudur. Doğrudan da illər əvvəl muğama maraq həddindən artıq azalmışdı. Yaşlı nəsil ruhdan düşmüşdü, gənc nəsil isə başqa istiqamətə gedirdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamı zirvəyə yüksəltdi, beynəlxalq aləmdə tanıtdı. Muğam sənətkarlarının nüfuzu qalxdı. Televiziyada muğam müsabiqələri başladı. Bütün bunlar dövlətin, ölkə başçısının, Heydər Əliyev Fondunun xalqa, muğamsevərlərə misilsiz töhfələridir.

 

Mənsur Rəğbətoğlu

 

Olaylar.- 2015.- 9 iyun.- S.13.