Milli rəqslərimiz milli dəyərimizdir
Rəqslər bəşəriyyətlə
eyni yaşdadır. İnsanın daxili duyğularını
ifadə edən rəqslər azadlığın
dadıdır. Ritmik və estetik hərəkətləri ilə
gözlərə, musiqiylə düşüncələrə
xitab edən mənası lüğətdə yazılmayan
lisandır. Bəşəriyyətin yeganə ortaq dili olan rəqslər,
həm də insanlığın sahib olduğu yeganə anonim
sənətdir. Rəqslər əsrlər boyu dini, folklor və
ənənələrin iç-içə bağlı
olduğu fərqli musiqi janrlarıyla inkişaf edərək,
dəyişərək günümüzə qədər gəlib
çatıblar.
Rəqslər özündən sonrakı
bütün sənət növlərinin başlanğıcıdır.
Ünsiyyətin olmadığı vaxtlarda
insanlar aralarında rəqs diliylə anlaşırdılar.
İbtidai insan ilk eşitdiyi səsə məhz öz hərəkətiylə
məna qazandırdı. Beləliklə, rəqs təsviri
olan bir sənət kimi ortaya çıxdı. Müəyyən
məqsədlər üçün edilən ritmik hərəkətlərə
sonradan rəqs adı verildi. Aparılan
araşdırmalar sübut edir ki, bu mənada bir çox
müəyyən fərqliliklərə baxmayaraq, rəqslər
bəşəriyyətin ortaq dəyəridir. 1789-cu il Fransa
inqilabının dünya mədəniyyətinə etdiyi xidmətlərdən
biri, məhz rəqs sənətinin şüurlu
inkişafına verdiyi təkan oldu. İlk
olaraq, “Country” rəqsləri ortaya çıxdı.
Arxasınca, “Kadrıl” rəqsi dəbə düşdü və
“Vals” sürətlə yayılmağa başladı. XX əsrin
əvvəllərindən isə, “Tanqo” sevildi. 1908-ci ildən
siyahıya “Boston” və “Two Step” adlı rəqslər əlavə
olundu. Arxasınca
cazmenlərin yaratdıqları - “Fox Trot”, “Samba”, “Pasodoble”,
“One Step” məşhurlaşdı. Bu
inkişaflar dünya gənclərinin sevimlisinə çevrilən
“Çarliston”u ortaya çıxardı. 1927-ci
ildə “Rumba”, “Karyoka”, “Kokoraça” kimi rəqslər
yarandı. İkinci Dünya Müharibəsindən sonra
ritmik “Swing”, “Blues”, “Be Bop” kimi rəqslər də sərhədlər
tanımadı. Təbii ki, dünya rəqs sənətinin
sürətli inkişafı şüurlu proseslə
müşahidə olunurdu. Rəqslər
musiqilərinə görə sinifləndirilirdi – Latın
Amerikası rəqsləri, standart rəqslər, klassik rəqslər,
caz rəqsləri, tap rəqsləri kimi
qruplaşdırıldı. Hər il
rəqs yarışmaları təşkil olunmağa
başlanıldı. Rəqslər indi də
idmanın bir sahəsi kimi qəbul edilir. Buz
rəqsi, ritmik gimnastika, sinxronizə su idmanı yarışları
kimi idman növləri rəqslərlə müşahidə
olunur. Ritm, estetika və rəqs təhsilinə
əhəmiyyət verən və eyni paraleldə olan idmanlarla
məşğul olanlar daha tez müvəfəqiyyət
qazanırlar. Rəqs təhsili görən
idmançıların ritm duyğuları inkişaf edir,
estetikası artır, məşqlərdə özünəinam
aşılayır. Fiziki və mənəvi
yorğunluğu aradan götürür. Mənəvi
ehtiyac olan rəqslər insanlara yardımlaşma, cəmiyyətə
adaptasiya olmaq kimi üstünlüklər qazandırır.
***
Azərbaycanda
rəqs sənəti eramızdan 2-3 min il əvvəl
yaranıb. Ölkə ərazisində də
ünsiyyət forması kimi ortaya çıxan rəqslər
erkən orta əsrlərdə şüurlu inkişaf prosesinə
girdi. Bu, Fransa inqilabından əvvələ
təsadüf edirdi. Bu gün, Azərbaycanın
müasir dünyada iştirakını təmin edən rəqs
sahəsinin inkişafına xüsusi diqqət var. Sahəyə
dəstək üçün ali və
orta məktəblərdə, həmçinin özəl
olaraq rəqs kursları, klubları, xüsusi studiyalar fəaliyyət
göstərir. Çünki milli rəqslər
dəyərlərimizin daşıyıcılarından hesab
olunur. Qobustan qayaüstü rəsmlərində
(e.ə. V-III minilliklər) təsvir olunmuş rəqs
görüntüləri buna sübutdur. Öz
çılğın hərəkətləri ilə
tanınan Azərbaycan xalqı paylaşıldığı
regional fərqlərə görə, özünəməxsus
rəqs növləri də müxtəlifliklərlə
müşahidə olunur. Beləliklə,
milli rəqslər Azərbaycan folklorunun tərkib hissəsidir.
Folklor isə xalqın adət-ənənələrə
bağlılığını, onun maddi və mənəvi
mədəniyyətini özünə xas metodlarla
araşdıran, bir yerə yığan, sinifləndirən və
xalq mədəniyyəti üzərində qiymətləndirən
kimlikdir. Azərbaycanın milli rəqsləri
tamamilə öyrənilməyib, araşdırmalar bu gün də
davam edir. Ölkənin etnik zənginliyi və
böyük tarixi keçmişi bu sahənin birdəfəyə
öyrənilməsinə imkan tanımır. Təkcə kəndlərində bəlli olan 2000-dən
çox rəqs növləri Azərbaycanda bu mədəniyyətin
nə qədər dərin keçmişinin olduğunu sübut
edir. Milli rəqslər digər sənət
növlərindən fərqli olaraq, məxsus olduğu cəmiyyətin
orijinal xarakterini üzərində daşıyır. Toplumu təşkil edən fərdlərin
düşüncə və davranışlarını
göstərir. Milli rəqslər musiqi,
ritm və hərəkətlərilə cəmiyyətin fiziki
və ruhi imkanlarını təqdim edir. Təqlid,
insan-təbiət əlaqələrini göstərən, rəqəmlərlə
ifadə edilən oyunlar, ictimai hadisələri göstərən,
döyüş mövzulu, sevgi və məhəbbəti
göstərən oyunlar, döyüşçünü yola
salmaq kimi müxtəlif rəqs nümunələri, həmçinin
əkinçiliyə, müxtəlif peşələrə məxsus
milli rəqslər də var.
***
XVI əsrdə Azərbaycan miniatür sənətinin
inkişafında xüsusi yeri olan təbrizli rəssam Soltan Məhəmməd
əsərlərində rəqslərə geniş yer verib. Şair Nizami
Gəncəvi öz əsərlərində saray rəqslərindən
bəhs edib. Azərbaycanda ilk rəqs
sözünü də Nizami işlədib. Yazılı və təsviri mənbələrdən
məlum olur ki, xalq rəqsləri çeviklik, gözəllik,
insani duyğular aşılayan, pis qüvvələri cəzalandıran,
yaxşıları qoruyan folklor növüdür. Beləliklə, Azərbaycan rəqsləri mövzusu,
məzmunu və forma baxımından zəngindir. Şübhəsiz, dövrümüzə qədər
gəlib çatmayan və tarixin alt qatlarında qalan
çoxlu sayda milli rəqslərimiz var. Milli rəqslərimizin
öyrənilməsində Azərbaycan xalq dastanları və
nağıllarının da payı böyükdür. Dastanlarda tez-tez “Yallı”, “Gülüm ey”, “Cəhribəyim”
kimi rəqslərə rast gəlinir. “Dədə Qorqud”,
“Koroğlu”, kimi dastanlarda toy mərasimin erkən formaları
haqqında maraqlı məlumatlar var. Rəqslərdə
istifadə olunan geyim formaları ənənəvi xalq geyimlərindən
parça, rəng seçimi və başqa elementlərin
stilizə olunması səbəbiylə fərqlidir. Həmin
fərqliliklər kişi və qadın rəqqasların
geyimlərində də görünür. Azərbaycanın
ənənəvi geyimləri əsasında hazırlanan rəqs
geyimləri hər bir rəqsin icra tərzinə uyğun
kostyumları var. Azərbaycanda səhnə dekorasiyası və
kostyum dizaynı sahəsində uzun illər
çalışmış sənətkarlar Bədurə
Əfqanlı, Mayıs Ağabəyov, Tahir Tahirov böyük
işlər görüblər. Rəqs
geyimlərimiz zərifliyi, lirizmi, təbiət mənzərələrinin
romantik təsviri, sahənin geniş həcmi ilə kiçik
ölçülərinin biri-birinə
uyğunlaşdırılması kimi elementlərlə fərqlənir.
Azərbaycan rəqslərində istifadə
olunan geyimlərdə musiqi və rənglərin ritmi çox
gözəl işlənilib. Geyimlər ənənələrin
daşıyıcısıdır. Məsələn,
qədim “Qaytağı” rəqsi Şəkiyə məxsusdur.
Ritmik, çevik, coşqun kişi rəqsidir.
“Qaytağı”nın medodiyasına
uyğun geyim də nəzərdə tutulub. Rəqs
üçün ən yaxşı geyimi Tahir Tahirov
hazırlayıb. Rəqsin geyimi əsasən
qara və yaşıl rənglərdən hazırlanıb,
qızılı işləməli yaşıl atlas
parçadan hazırlanmış yələk və üzərindən
geyinilən çuxa var. Uzunluğu dizə qədər olan
çuxa ətəkləri rəqsə
uyğunlaşdırılaraq, yələklə eyni
ölçüdə nəzərdə tutulub. Bitki motivli işləmələr yələyi boyun
və sinə hissəsini, çuxa isə yaxa və
qolları bağlayır. Qollar çiyindən
aşağı doğru sərbəst buraxılır. “Qaytağı” rəqsinin xakterik xüsusiyyətlərindən
biri də diz üstə oturmaq olduğu üçün dizlərə
sırıqlı dizliklər dikilib. Kənarları
qızılı rəngli lentlə örtülərək,
qızılı rəngli işləmələrlə
uyğunlaşdırılıb. Rəqqasın
baş geyimi – çalmanın ətrafında dönən
parça sağ tərəfdən çiyinə düşər.
***
Azərbaycanda ilk rəqslər ritual və ov rəqsləri
olub. Erkən orta əsrlərdən isə başlayaraq, əsasən
mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri
formalaşmağa başlayıb. Milli rəqslərimiz
mövzu baxımından da rəngarəngdir; əmək
(“çobanı”), mərasim, məişət (“mirzeyi”,
“turacı”), gəhrəmanlıq hərbi (“cəngi” –
“döyüş”), idman (“zorxana”), xorovod-oyun (“yallı”,
“halay”) və s. “Səməni”, “Xıdır İlyas”,
“Qodu-qodu” kimi qədim kütləvi mərasim rəqsləri də
var. Erkən orta əsrlərdə bunlardan müxtəlif xalq
rəqsləri yaranıb. Xalq rəqsləri bir qayda olaraq, 3
hissədən ibarətdir: Birinci hissə sürətlidir,
dairə üzrə rəqs; İkinci hissə lirikdir, rəqqas
sanki yerində donub qalır, korpus qəti və vüqarlı
tərzdə dik tutulur; Üçüncü hissədə -
yenə dairə üzrə rəqs, sürətli, təntənəli
və böyük emosional coşğunluqla səciyyəvi
olur. Qadın və kişi rəqsləri
bir-birindən fərqlənir. Qadın rəqsinin
inkişafı geyimlə şərtlənir: uzun don
ayaqların süzgün hərəkətini müəyyənləşdirir,
rəqqasələrin bütün diqqəti əl və
korpusun yuxarı hissəsinin işlənmiş texnikasına cəmlənir.
Kişi rəqsinin əsas fərqi isə
ayaqların texnikasıdır. Rəqqas
çevikliklə barmaqları üzərində dayanır,
dizləri üstündə sürətlə yerə enir və
s. Azərbaycan rəqslərinin musiqi həcmi – 6/8 və 3/4
–dür. Rəqslər adətən xalq
çalğı alətləri: zurnaçılar triosu, sazəndə
triosu və s. müşayiəti ilə ifa olunur.Ritminə
görə isə, Azərbaycan rəqsləri 3 qrupa
bölünür: ağır, aram (“Uzundərə); yüngül
şən (“Tərəkəmə”);
şıdırğı (“Xançobanı”). Bəzi rəqslərin
adı isə hərəkətlərlə
bağlıdır: “Süzmə” və s. Xalq arasında
kollektiv rəqs nümunələri də var. Onlardan ən qədimi
“Yallı”dır. Daha bir kollektiv rəqs,
keçmişdə bir qayda olaraq döyüşçülər
tərəfindən ifa olunan “Cəngi”dir. Azərbaycanın coğrafi
adlarını özündə yaşadan “Dərbəndi”,
“Aşqabadi”, “Əsgərani”, “Qars”və digər milli rəqslərimiz
də var. Əminə Dilbazi, Roza Xəlilova,
Böyükağa Məmmədov, Kamil Dadaşov kimi məşhur
rəqqaslar ifalarıyla rəqslərimizi yeni çalarlarla zənginləşdiriblər.
Rəqqaslar tamaşaçılarla bir-birindən
fərqli yollarla ünsiyyət qururlar. Bədən
diliylə və üzlərindəki mimikalarla daxili
duyğularını ifadə edirlər, bunu kompleks jestlər,
mimikalarla göstərərək, pandomim mənada da izah etmək
olar. Yəni, anlamadığımız
dillərdən fərqli olaraq, istənilən mədəniyyətə
aid olan rəqslər ünsiyyəti daha asan təmin edir.
Məsələn, balerinaların ürəyin
üzərinə qoyulan əl hərəkətlərinin
sevgini izah etdiyini hər kəs anlayar. Rəqs
eyni zamanda əyləncədir, idmandır. Mütəmadi rəqs edənlər həmişə
sağlam və sakit təbiətli olurlar. Rəqs
açıq təqdimat, sərbəst yaşam deməkdir.
Bu istər tək, istər cüt, istərsə
də cəm olaraq edilsin, əhəmiyyətli olan təmiz
duyğulardır.
***
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin tanıdılması yönündə geniş fəaliyyəti var. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyətindən bəhs edən “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi” kitabı bu baxımdan əhəmiyyətlidir. Kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin qlobal səviyyədə tanıdılması yönündə gördüyü işlər yer alıb. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev kitab haqqında deyir: “Kitab Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində fəaliyyətinin əks-sədasıdır”. Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günlərinin rəsmi açılışında etdiyi çıxışında ölkənin birinci xanımı “Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik” – deməklə Azərbaycanın mədəni dəyərlərə üstünlük verən ölkə olduğunu nümayiş etdirdi. Mütəmadi olaraq, xarici ölkələrdə Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qız qalası”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” kimi mədəni tədbirlər silsiləsi ölkə mədəniyyətinin digər sahələri kimi milli rəqslərimizin dünyaya tanıdılmasında böyül rol oynayıb. Fondun keçirdiyi belə kütləvi tədbirlər həmçinin Ermənistanın Azərbaycan qarşısında mədəniyyətimizə dair qaldırdığı qondarma ittihamlarına qarşı tutarlı cavab verir. Fondun xarici ölkələrdəki tədbirləri milli rəqslərimizlə yanaşı, bütöv mədəniyyətimizin, məişətimizin zənginliyi barədə dolğun təsəvvür yaradır. Sərgilərin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də dünya insanları tərəfindən maraqla qarşılanır.
Mənsur Rəğbətoğlu
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
Azərbaycan Mətbuat Şurasının “Milli rəqslərimiz
milli dəyərimizdir” mövzusunda
keçirdiyi müsabiqəyə təqdim olunur
Olaylar.- 2015.- 10 iyun.- S.10.