Gənclərin vətənpərvər ruhunun təməli
Erkən yaşda mənimsənilmiş hərbi biliklərlə
qoyulmalıdır
1991-ci ildə Azərbaycan
Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm
qoydu. Öz tarixinin yeni
səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə
söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq
istiqamətində addımlar atmağa
başladı.Yalnız yetkin və güclü dövlət öz
vətəndaşlarının hüquqlarının
gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının
qorunmasına təminat verə bilər. Azərbaycanın
siyasi müstəqillik əldə etməsi
və demokratik dövlət quruculuğu yoluna qədəm
qoyması bu istiqamətdə əməli
addımlar atmaq üçün
geniş perspektivlər açdı. Azərbaycanda
demokratik və hüquqi
dövlət quruculuğu prosesi
müstəqilliyin ilk günlərindən
müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət
olunub. Respublikamız bu yolda totalitar
sovet rejimindən miras
qalmış ictimai-siyasi problemlərin
ağır nəticələri, erməni separatizmi
və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün
vurduğu yaraları və digər
ağır siyasi, sosial-iqtisadi
problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Belə bir
şəraitdə gənclərin vətənpərvərlik hissinin formalaşdırılmasına ehtiyac yaranmışdı. Çünki,
insanların ictimai-siyasi və
özünüdərkinin yetkinləşməsi sayəsində
cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində
gənclərin fəal rol oynaması
dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən
əsas amillərdəndir.
Xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən ümummilli lider Heydər Əliyevin ardıcıl səyləri mövcud pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Məhz bundan sonra gənclərin vətənpərvər ruhunun yüksəldilməsi məsələsi reallığa çevrildi. Həyata keçirilən çoxşaxəli daxili və xarici siyasət nəticəsində atılan hər bir addım gənclərin vətənpərvər kimi yetişməsinə hesablanmışdı.
Məsələn, Azərbaycanın müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Yaxud, Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar. Məhz bu kimi amillər gənclərin qürur mənbəyinə çevrildi. Nəzərə almaq lazımdır ki, hər hansı ölkənin gənclərinin vətənpərvərlik ruhunun yüksəlməsi onun idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amilləridən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət özü-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir. Etiraf edək ki, fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində dövlətimizin xidmətləri əvəzsizdir.
Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılmış, bu sahədə hüquqi baza təkmilləşdirilmişdir. Gənclər arasında vətənpərvərlik hissinin hələ erkən yaşda formalaşdırılmasının vacibliyini dərk edən Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görmüşdür. Hal-hazırda Azərbaycanda uşaq və gənclərlə işləyən və onları öz ətrafında birləşdirən qeyri-hökumət təşkilatlarının (QHT) sayı 120-dən artıqdır. Bu isə o deməkdir ki, dövlət vətndaş cəmiyyətləri ilə birgə bütün vasitələrdən istifadə edir ki, gənclərin vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə nail olunsun. Elə bu səbədən də gənclərin çağırışaqədərki hazırlıq işlərinə ciddi önəm verilir. Belə ki, Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. Eyni zamanda, vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması prosesində 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilirlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir.
Bununla paralel olaraq ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlıq işi həyata keçirilir. Belə ki, ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabinetini tərəfindən müəyyən edilir. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.
Göründüyü kimi, dövlət hər cür imkan yaradıb ki, inkişafda olan gənclərimiz sağlam və vətənpərvər ruhda böyüsün. Bunun üçün həm inzibati, həm də maarifləndirmə metodlarından istifadə edilir. Lakin əminliklə söyləmək mümkündür ki, son illər gənclər arasında həqiqi hərbi xidmətdən yayınma halları minimuma enib. Əksinə, gənclərimiz özləri maraqlıdır ki, hələ erkən yaşlarında müvafiq hərbi sirlərə yiyələnsinlər ki, hərbi xidmət zamanı hər kansı problemlə üzləşməsinlər. O da sirr deyil ki, bu işdə vətəndaş cəmiyyətləri tərəfindən həyata keçirilən maarifləndirmə xarakterli tədbirlər öz sözünü deyə bilib. Artıq gənclərimiz aydın şəkildə dərk edirlər ki, dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq kimi məsuliyyətli vəzifələrlə hər bir vətəndaş məsuldur. Bu vəzifələrin böyük bir hissəsinin gəncliyin üzərinə düşdüyünü nəzərə alaraq dövlətin yürütdüyü gənclər siyasətinin tərkib hissəsi kimi gənclər təşkilatlarının qarşısında dövlətə, dövlətçiliyə dəstək olan vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində gənclərin maarifləndirilməsi kimi mühüm vəzifə durur. Yəni, gənclərimizi daha da vətənpərvər böyütmək üçün Azərbaycan cəmiyyətində həmrəyliyin, birliyin daha da möhkəmlənməsi vacib amildir. Həmçinin ölkəyə layiqli vətəndaş, sağlam nəslin, xüsusilə gəncliyin yetişdirilməsi üçün dövlətin düzgün gənclər siyasəti olmalı, gənclərə göstərilən diqqət və qayğı daim dövlətin diqqət mərkəzində olmalıdır. Necə deyərlər, uğurlu gənclər siyasəti uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biridir. Bu siyasətin tərkib hissəsi kimi gənclərin ən müxtəlif sahələrdə öz potensiallarından yararlanmasına şərait yaradılmasına, maarifləndirilməsinə, həmçinin bilik və bacarıqlarının müasir dünya tələbləri ilə uzlaşmasına, yüksək mənəvi dəyərlərə, o cümlədən yüksək vətənpərvərlik hisslərinə malik bir gəncliyin formalamasına xüsusi diqqət yetirməkdir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyevin 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiq olunması haqqında Sərəncamı gələcək persektivdə sadalanan bütün məsələləri hədəfləmişdir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 11 iyun.- S.15.