Heydər Əliyevin milli
vətənpərvərlik elmi
konsepsiyasi
Vətənpərvərlik
hissi tariximizə, doğma
torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən
qorumaqdan başlanır. İndiki
halda milli vətənpərvərlik
hissi hər bir azərbaycanlının
bir vətəndaş kimi
yerini, mövqeyini, ləyaqət
və dəyanətini müəyyən edir, onu bu yolda
misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar
göstərməyə ruhlandırır. Heydər
Əliyev gənclərin milli vətənpərvərlik,
hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi
milli vətənpərvərliyin zirvəsi
hesab edən Ulu
öndər gəncləri hərbi xidmətə
hazırlamağa, orduda qulluq
edən gənclərə qayğı göstərməyə,
onların fiziki və milli
mənlik şüurunun inkişaf
etdirilməsinə əsas diqqət yetirirdi..
Ulu öndər Heydər Əliyev deyirdi ki, milli
mənlik şüuru Vətən əxlaqıdır,
milli əxlaqdır. Milli mənlik şüuru, milli
özünüdərkin, milli
özünütəsdiqin, milli
özünəməxsusluğun bütün
əlamətlərini özündə birləşdir, milli rəmzlərə, adətlərə, ənənələrə
yeni mənəvi, hərbi-texniki
hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi.
Heydər Əliyev, gənclər qarşısında
çıxışlarının birində qeyd
edirdi: “Azərbaycanın suverenliyi
hər bir azərbaycanlı vətəndaş
üçün ən müqəddəs
məqsəddir, ən müqəddəs vəzifədir. Belə
olan halda biz öz taleyimizin
sahibi kimi, vətənimizi,
torpaqlarımızı öz
gücümüzlə qorumalıyıq. Bunu
xalq, bizim gənclər,
ordu sıralarında qulluq
etməlidirlər. Ona görə orta məktəblərdə
bir tərəfdən hərbi tədrisə,
gənclərin fiziki
hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən
isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək
lazımdır”.
***
Milli vətənpərvərlik hissinin formalaşdırılması, təbii ki, milli şüurun əsasında duran vacib məqamdır. Özünü öz ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, dəyanətli, iradəli, əqidəli vətənpərvər gənc özünün əməli fəaliyyəti, elmə münasibəti ilə millətin adı və varlığı ilə fəxr edir, onlarda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi reallaşır. Ulu öndər gənclərlə görüşlərində bu fikirləri dönə-dönə xatırladırdı: “Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”.
Göründüyü kimi, milli mənlik şüuru hər bir millətin varlığının, milli özünüidarə və özünütəsdiqləməsi, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərinin təzahür formasıdır. Milli mənlik şüurunda millətin adı, varlığı, dili, dini, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti və s. yaşayır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu qaynaqlardan yararlanır. Hər bir insanda milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən, torpağa, elə bağlılığından asılıdır. Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkan təsirindən kənarda baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün artibutlara: milli bayrağa, gerbə, himnə, dini etiqada və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər.
***
Professor Nubar Muxtarova deyir ki, Ulu öndər Heydər Əliyev bu hissləri öz məcrasına yönəldərək, milli-mənəvi simanın daha məzmunlu istiqamət almasına, milli prosesləri milli mənafeyə uyğun şəkildə daha dəqiq tənzim etməyə, milli hiss və emosiyalardan yaranmış ümman - millət və xalq adlanan ümmana yönəltməyə nail olmuşdur: “Gənclərin vətənpərvərlik səyləri xalqımızın qüdrətli, yenilməz hərəkatı ilə birləşir və tariximizin əzəmətli, unudulmaz və misilsiz qəhrəmanlıq səhifələrinin yaranmasına və yazılmasına səbəb olur. Bu isə, öz növbəsində, insanlarda milli borc, torpağa bağlılıq, milli şüur və iftixar, vətəndaşlıq hissinin yaranmasına gətirib çıxarır. Milli mənlik şüuru, milli özünüdərk vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqidir. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş hər bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir, ona düzgün qiymət verir. Milli soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası, milli soy-kökünü bilmək, onu seçmək kimi mənəvi keyfiyyətlər də Ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik elmi konsepsiyasında önəmli yer tutur. Xalqımızın özünəməxsus zəngin tarixi keçmişini düzgün, dərindən bilmək, həmişə öz tarixi keçmişimizə hörmət və məhəbbətlə yanaşmaq, gənclərdə milli vətənpərvərlik hissini daha da artırır, möhkəmləndirir. Milli qeyrət, milli ləyaqət rəmzinə daim hörmətlə yanaşan Heydər Əliyev deyirdi: “Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik”.
Professor bildirir ki, milli soy-kökünə bağlılıq ən yüksək mənəvi dəyərdir. Ona görə ki, soy-kök milli kökdür, mənəvi kökdür: “Xalqın milli mənliyi həm də onun soy-kökünə necə bağlılığı ilə ölçülür. Respublikamızda gənclər gününə həsr olunmuş idman bayramında söylədiyi nitqində Ulu öndərimiz demişdir: “Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz həmişə ən yüksək mənəviyyatı əks etdiriblər. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə daim sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik”. Ulu öndərin hər il dövlət səviyyəsində keçirilən Novruz bayramında xalqın içərisində olması, xalqı təbrik etməsi, Onun milli adət-ənənələrimiz, qədim adətlərimizin qorunub saxlanılmasına münasibəti, Onun öz milli soy-kökünə - Azərbaycançılıq kökünə qəlbən bağlı olduğunu bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi nümunəsi bütün xalqımızda milli-vətənpərvərlik hissinin oyanmasında canlı örnəkdir.
Nubar Muxtarova deyir ki, milli vətənpərvərlik hissini milli mədəniyyətə, milli təhsilə qayğı göstərmədən, milli mənafeyi qorumadan və vicdan azadlığını təmin etmədən, sadəcə, təsəvvür etmək qeyri-mümkündür: “Çünki xalqı, milləti dünyada tanıdan, dünya sivilizasiyasında özünəməxsus yer tutmasında da milli mədəniyyətin, milli təhsilin rolu böyükdür. Ulu öndərin fikrincə, yunanlara bütün dünyada hörmət gətirən onların antik mədəniyyətidir. Təsadüfi deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın inkişafı tarixində elm, təhsil və mədəniyyətin hamisi kimi möhtəşəm yerini tutmuşdur. Ulu öndər təhsilə yüksək qiymət verərək onu “Xalqın gələcəyi” adlandırırdı. “Təhsil mürəkkəb bir sahədir. Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir”. Professor bildirib ki, Ulu öndərin milli vətənpərvərlik elmi konsepsiyası - milli şüurumuzun, milli mənlik şüurumuzun təşəkkülü, milli soy-kökümüzə, milli özünə qayıdış, milli özünüdərk etmənin, milli-mənəvi sərvətlərimizə münasibətin, çox mühüm, humanist problemlərin: doğma dilimizə, dinimizə, tarixi keçmişimizə münasibətin öyrənilməsində Azərbaycan xalqının milli ruhunu, milli vətənpərvərlik hissini, milli qürurunu, milli mənliyini, milli heysiyyatını, vətəndaşlıq şüurunu, milli mənəvi dəyərlərimizə hörmət və məhəbbətin ifadəsi olan perspektiv fəaliyyət proqramıdır: “Milli ruh, hər şeydən öncə - vətənpərvərlik ruhudur. Ulu öndər demişdir: “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 12 iyun.- S.15.