Nadir şah Əfşar: imperiya tariximizin
sonuncu
səhifəsi diplomatik sənədlər
aynasında
Gövhər
Baxşəliyeva: «Akademik Ramiz Mehdiyev tarixi şəxsiyyətlərimizin
tarixşünaslığında yeni bir yanaşma və yeni
bir mərhələnin əsasını qoyub».
Bütün
dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!
M.H.Şəhriyar
Bu günlərdə Vətən
tariximizin ən şərəfli səhifələrindən
biri ilə bağlı tarix elmimizə yeniliklər gətirən
çox maraqlı əsərin təqdimatında iştirak və
çıxış etdim. Şərq-Qərb
nəşriyyat Evi tərəfindən cari ildə nəşr
olunan “Nadir şah Əfşar: Diplomatik yazışmalar”
kitabı Azərbaycan xalqının böyük dövlət
xadimi, görkəmli sərkərdə, dövlət
quruculuğu, türk birliyi sahəsində strateji ideyaların
daşıyıcısı, Əfşar sülaləsinin əsasını
qoymuş Nadir şahın Azərbaycan və İran dövlətçiliyi
tarixində oynadığı rola həsr edilib. AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan mənbələr
əsasında hazırlanmış bu kitaba böyük
Əfşar dövlətinin banisi Nadir şah
Əfşarın diplomatik irsi-məktublarının tərcüməsi
və faksimilesi toplanmışdır. Fars dilindən tərcümə,
nəşrə hazırlayan və qeydlərin müəllifi
Əlyazmalar İnstitutunun əməkdaşı Rauf
Şeyxzamanlıdır.
Kitabın elmi redaktoru və ön sözün müəllifi
akademik Ramiz Mehdiyevdir. Görkəmli alim və dövlət xadimi kitaba
yazdığı “Elmi redaktordan” adlı, əslində isə
müstəqil elmi araşdırma olan girişdə Nadir
şah Əfşarın fəaliyyətini dövlətçilik
baxımından dəyərləndirmək sahəsində
yenidən mühüm addım atmış və azərbaycançılıq
məfkurəsi nöqteyi-nəzərindən Nadir şah
Əfşarın şəxsiyyətinə yenidən
baxmışdır.
Öncə
qeyd edim ki, akademik Ramiz Mehdiyevin son illər milli tariximizlə
bağlı nəşr etdirdiyi çoxsaylı əsərlər – “Gorus 2010: absurd
teatrı mövsümü”, “Dağlıq Qarabağ: məxəzlərdən
oxunmuş tarix”, “Ermənilərin mif yaradıcılığı
tarixdə ilk xristian dövləti kontekstində”, “Şah
İsmayıl Səfəvi ali məramlı şəxsiyyət
kimi”, “Tarixi idrakın elmiliyinə dair”, “Şah İsmayıl
Səfəvi: hökmdar və döyüşçü
portreti”, “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər
toplusu” - milli tariximizin ətraflı
və obyektiv araşdırılmasına mühüm töhfələr
verir və bu sahədə mövcud bir çox
boşluqları doldurur. Ən vacibi isə
hörmətli akademik tərəfindən Vətən
tariximizin yeni, azəbaycançılıq
işığında araşdırılmasıdır.
Nəzərə alınsa ki, bu gün xalqımız hələ
ərazi bütövlüyünü bərpa etmək
üçün bədnam qonşularımızla bütün
cəbhə boyu gərgin mübarizə aparır, 70 il sovetlər
dönəmində tarix elmimiz dar ideoloji təzyiq altında
olub və tariximizin bir çox şanlı səhifələri
qonşu xalqlara mənsub alimlər tərəfindən
özününküləşdirilib, bu
araşdırmaların əhəmiyyəti daha aydın dərk
edilər və onların əslində milli təəssübkeşlikdən
irəli gəldiyi aydın olar.
Kitabı oxuyarkən ilk təəssüratım o
taylı, bu taylı Azərbaycanımızın böyük
şairi Məhəmməd Hüseyn Şəhriyarın
yazının əvvəlinə çıxardığım
iki misrası oldu. Əsrlərlə indi İran adlanan ərazidə
soydaşlarımız böyük dövlətlər
yaradıb, onları parçalanmaqdan qoruyub, yadellilərə
sinə gərərək yaşadıb, ərazisini xeyli
genişləndirib, dövlətçiliyini xilas edib. Şah İsmayıl Xətaidən başlayaraq ta
Rza şah Pəhləvi 1925-ci ildə şahlıq taxtına
çıxanacan burada böyük dövlətlər yaradan Səfəvilər,
Əfşarlar, daha sonra Qacarlar kimi Azərbaycan türkləri
tərəfindən idarə edilib.
Nadir
şah dövləti rus, əfqan və Osmanlı işğalından təmizlədi,
Səfəvi dövlətinin ərazisini bərpa elədi və
genişləndirdi, dövlətin şərəf və ləyaqətini
qoruyub saxladı.
Qısa
müddət ərzində son dərəcə məhsuldar hərbi,
siyasi, dövlət quruculuğu ilə məşğul
olmuş böyük dövlət
xadimi və sərkərdə Nadir şah Əfşar,
girişdə də qeyd edildiyi kimi, indiki Azərbaycan və
İranın ən görkəmli şəxsiyyətlərindən
biri və bəzilərinin fikrincə, islamdan sonra ən
görkəmli şəxsiyyəti hesab olunur.
Nadir şah Azərbaycan, İran və dünya
tarixşünaslığında ən çox diqqət mərkəzində
olan şəxsiyyətlərdən biridir. Nadir şahın şəxsiyyəti,
siyasi, hərbi və digər sahələrdə fəaliyyətinin
tarixşünaslığı 1730-cu ildən saray
tarixçisi olan Mirzə Məhəmməd Mehdi Astrabadinin
«Tarixe cəhanqosaye Naderi» (Tarix-e Naderi) salnaməsi və «Dorrəye Naderi» icmal xülasəsi,
Məhəmməd Kazım Vəzire Mərvinin «Aləmaraye
Naderi» müfəssəl tarixi, rəvayət, xatirə
xarakterli əsəri ilə başlanır.
Bu sahədə yeni mərhələ XX əsrin 40-cı
illərində başlayır, mənbə xarakterli əsərlər
çap edilir və onların əsasında yeni kitablar
yazılır.
İslam inqilabına qədərki yazıların əsas
xüsusiyyəti təsviri, informativ yükdaşıması,
hadisələrə ixtiyari və qeyri-elmi yanaşmanın
aparıcı rol oynaması idi. Həmin yazılar daha
çox Nadir şah, onun dövrü, fəaliyyətinin
müxtəlif aspektləri haqqında ictimaiyyətin
formalaşmasına xidmət edirdi.
İran İslam inqilabından sonra ictimai elmlər, o
cümlədən tarixşünaslıq və onun konkret bir
obyekti olan Nadir şah Əfşar və Əfşar sülaləsinin
hakimiyyəti dövrü tarixşünaslığı
özünün yeni və əslində həqiqi elmi mərhələsinə
qədəm qoydu. Təbiidir ki, həmin dövr, onun müxtəlif sahələri,
Nadir şahın şəxsiyyəti, fəaliyyəti və
s. haqqında müxtəlif səpgili, xarakterli,
yönümlü, səviyyəli, həcmli yazılar, əsərlər,
tədqiqatların sayı və miqyası genişlənməyə
başladı. Qeyd etmək lazımdır ki, həmin iri həcmli
kitablarda inqilabdan əvvəlki yanaşma tərzi üstünlük təşkil
edirdi, bununla belə artıq elmi yanaşma ilə
yazılmış kitablar meydana gəlirdi.
İnqilabdan
sonra Nadir şah haqqında tarixşünaslıqda əsas
yenilik onun fəaliyyətinin, dövrünün və s. əsas
xüsusiyyətlərinin elmi araşdırmaların obyektinə
çevrilməsi olmuşdur. Elmi tədqiqatların
miqyasının genişlənməsi Nadir şahın şəxsiyyəti,
fəaliyyəti, dövrü haqqında yeni, elmi, obyektiv
baxışların formalaşmasına zəmin yaradır.
Hazırda isə Nadir şah və onun hərbi, siyasi, ictimai və
sair sahələrdə fəaliyyətinə İranda iki
bir-birinə zidd baxış və yanaşma mövcuddur:
«İran» dövlətinin müstəqilliyinin bərpa etdiyinə, xarici
işğalçıları ölkədən
çıxardığına, dövlətin ərazisini
genişləndirdiyinə görə milli xilaskar kimi əfsanələşdirilir,
hakimiyyətinin sonlarına doğru davranışında
meydana gələn mənfi cəhətlər – səbəbi
göstərilmədən, onun göstərişi ilə həyata
keçirilən sərt cəzalar və s. görə
qaniçən, zalım kimi təqdim edilir. Hərçənd
çoxları bu iki yanaşmada İranın milli
maraqlarını nəzərə alaraq, onun dövlət
qarşısında xidmətlərindən
çıxış edərək ikinciyə xüsusi diqqət
yetirməməyi zəruri hesab edirlər. Ona
görə də Nadir şahı əfsanəvi qəhrəman
yox, islamdan sonra İran tarixinin ən böyük şəxsiyyətlərindən
biri, bəzən də ən böyük şəxsiyyəti
hesab edirlər.
İranda Nadir şahla bağlı
tarixşünaslığın yeni xüsusiyyətlərindən
biri son zamanlarda onun yaratdığı dövlətin
etnik-milli xüsusiyyətlərinin araşdırılmağa
başlaması ilə bağlıdır. İran
tarixşünaslığında Nadir şahın etnik mənsubiyyəti
şübhə altına alınmasa da, İran dövlətçiliyinə
əvəzsiz xidmət göstərdiyi əsas xətt kimi
keçir. Lakin son zamanlar İranda, elmi şəkildə,
çox güman ki, azərbaycanlılar tərəfindən,
Nadir şahın yaratdığı dövlətin etno-milli cəhətdən
türk və Azərbaycan dövləti olduğu
araşdırılır, İranda bundan əvvəl də
Əfşar sülaləsinin türk tayfalarından biri
olduğu, ondan əvvəl və sonra hakimiyyətin türk
sülalələri əlində cəmləşdiyini farslar
və azərbaycanlılar yaxşı bilsə də,
açıq şəkildə bu elmi araşdırma və
mübahisə mövzusuna çevrilməmişdi.
İslam inqilabından sonra azərbaycanlılar həmin
məsələyə daha geniş diqqət yetirmiş, öz
yazılarında məsələnin həmin cəhətini
vurğulamışlar. Son zamanlarda həmin məsələ elmi
araşdırmaların obyektinə çevrilmiş və
araşdırmaların nəticələri elmi jurnallarda və
elmi yazılar yerləşdirilən saytlarda özünə
yer almışdır.
Bütün
bunlar Nadir şah Əfşarın şəxsiyyəti, siyasi, hərbi, mədəni və s. sahələrdə
fəaliyyətinin elmi əsaslarla araşdırılmağa
başlandığını və Nadir şah haqqında
elmi
tarixşünaslığın yaranmağa
başladığını deməyə
əsas verir.
Bu mənada akademik Ramiz Mehdiyevin tədqiqatında Nadir
şah Əfşar şəxsiyyətinə və onun
yaratdığı dövlətə yeni konseptual baxış
milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz
rol oynayır və Azərbaycan xalqının strateji
maraqlarından irəli gəlir.
Nadir şah Əfşar türklərin/azərbaycanlıların
Əfşar tayfa ittifaqının nümayəndəsidir. Əfşarların
türk/Azərbaycan tayfalarından biri olması bəzi
istisnalar nəzərə alınmasa, dünya
tarixşünaslıq elmində mübahisə obyekti olmasa da,
elmi redaktor bir daha elmi və obyektiv yazılar və mənbələrə
istinad edərək onların türk/Azərbaycan mənsubiyyətinə
şübhə yaranmasına heç bir əsas
olmadığını vurğulamağı özünə
borc bilir. Akademik Nadir şahın siyasi səhnəyə
çıxaraq qüdrətli bir sərkərdə, siyasi
xadim, dövlət qurucusu missiyasını öz üzərinə
götürməsinin təsadüfi bir hadisə
olmadığını, bunun Əfşar tayfasının
siyasi, hərbi və mədəni həyatda
oynadığı rol ənənəsindən irəli gəldiyini
tayfanın nümayəndələrinin qeyd edilən sahələrdə
fəaliyyətinə ötəri nəzər salmaqla ciddi
şəkildə əsaslandırır.
Ardı var…
Gövhər Baxşəliyeva,
Millət vəkili, AMEA akad.
Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru
Olaylar.- 2015.- 17 iyun.- S.12.