Nadir şah Əfşar: imperiya
tariximizin sonuncu səhifəsi
diplomatik sənədlər
aynasında
Gövhər Baxşəliyeva:
«Akademik Ramiz Mehdiyev tarixi şəxsiyyətlərimizin
tarixşünaslığında yeni bir yanaşma və yeni
bir mərhələnin əsasını qoyub».
Bütün
dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan!
M.H.Şəhriyar
Müəllif Əfşar tayfası
və onun ən görkəmli nümayəndəsinin
etno-milli ənənələrə, ana dilinə
bağlılığına, etnik mənsubiyyətlərinin
qürur mənbəyi olduğuna xüsusi diqqət yetirir.
Akademik Nadir şahın sosial mənsubiyyəti haqqında
fikirləri nəzərdən keçirərək onun xalq
arasından çıxmış, öz bilik,
bacarığı sayəsində ən yüksək səviyyəyə
çatmasını xüsusi qeyd edərək, onu gənclərimiz
üçün ən dəyərli örnək hesab edir.
Nadir
şah öz bacarıq və biliyini nümayiş etdirmək
üçün həmin dövrdə meydana gəlmiş
şəraitdən maksimum istifadə edərək hərbi dəstənin
qeyri-formal başçısından, kiçik bir əyalət
başçısına, daha sonra böyük ərazinin
başçısı, öz müstəqilliyini bərpa etmək
uğrunda müxtəlif siyasi, hərbi qüvvələrdən
dəstək almağa çalışan sərgərdan səfəvi
şahı II Təhmasibin baş komandan vəzifəsinə qədər
yüksəlir. Müəllif Nadir şahın keçdiyi yola
qısa nəzər salaraq həmin yüksəlişin qəhrəmanın
şəxsi keyfiyyətləri sayəsində mümkün
olduğunu xüsusi vurğulayır.
Elmi
redaktorun ön sözündə Nadir şahın səfəvi
dövlətinin – Azərbaycanın dövlət müstəqilliyinin
bərpa olunması, itirilmiş torpaqların
qaytarılmasında göstərdiyi hərbi, siyasi, diplomatik səyləri
yüksək qiymətləndirilir.
Müəllif
Nadir şahın yeni hakim sülalənin əsasını
qoyması, artıq dövlət başçısı qismində
gördüyü və planlaşdırdığı hərbi,
dövlət quruculuğu, siyasi-dini sahədə fəaliyyətinə
nəzər salaraq onun zamanın tələbləri səviyyəsində
durmağa səy göstərməsi, regional ziddiyyətlərin
aradan qaldırılmasına çalışmasına
xüsusi diqqət yetirir.
Strateji
düşüncə tərzinə malik olan Nadir şah Səfəvi
dövlətinin Qərbdə (Osmanlı) və Şərqdə
(Özbək, Moğol imperiyası) münasibətlərinə
gərginlik əlavə edən dini-ideoloji faktorun aradan
qaldırılmasına xüsusi önəm vermiş və həmin
sahədə geniş fəaliyyət göstərmişdir.
Elmi redaktor Nadir şahın bu sahədə fəaliyyətinin
dövrümüz üçün də öz
aktuallığını itirmədiyini xüsusi
vurğulayır. Belə ki, bu gün də regional birlik və
inteqrasiya, islam dünyasının ən ümumi maraqlar əsasında
birliyinə böyük ehtiyac vardır. Nadir şah uzaqgörən
dövlət xadimi olaraq dövrünün yeni
çağırışlarını çox yaxşı
bilir və onlara cavab vermək üçün lazımi tədbirlər
görməyə çalışırdı. Böyük
dövlət yaratmış Nadir şah belə dövlətin
qurudakı uğurlarla kifayətlənməli olduğunun gələcək
üçün təhlükə mənbəyinə
çevrilməsini yaxşı anlayırdı. Məsələnin
həmin cəhətinə xüsusi diqqət yetirən
akademik R.Mehdiyev haqlı olaraq qeyd edir ki, avropalıların
artıq nəinki uzaq dənizlərdə, eləcə də
İranın cənubunda – İran körfəzində möhkəmlənməsinin
gələcək təhlükələrini yaxşı
görən Nadir şah Azərbaycan və İranın
tarixində ilk dəfə olaraq hərbi dəniz donanması
yaratmağa başlamışdı. Nadir şah, müəllifin
də qeyd etdiyi kimi, yaxşı bilirdi ki, onun dövründə
dənizlərə çıxmadan dünya dövlətinə
çevrilmək qeyri mümkündür. Nadir şahın həmin
sahədə fəaliyyəti Azərbaycan dövlətçiliyi
sahəsində tamamilə yeni bir hadisə idi.
Müəllif
qeyd edir ki, Nadir şahın bütün fəaliyyəti
dövlətçiliyin və dövlətin güclənməsinə
xidmət edirdi, ona görə də sonralar onun ziddiyyətli
hesab edilən, geniş qınaq obyektinə çevrilən
bir sıra tədbir və həmfikirlərini də həmin
prizmadan dəyərləndirmək lazımdır. Nadir
şaha həmin mövqedən yanaşan akademik R.Mehdiyev Nadir
şaha „irad“ hesab edilə biləcək hərəkətlərini
tarixi şərait, zamanın tələbi və ənənə
ilə aydın şəkildə izah edərək onun
böyüklüyünə kölgə salınmasına
qarşı tutarlı dəlillərlə kəskin şəkildə
etiraz edir. Belə məsələlərdən biri Nadir
şahın indiki terminlə deyilərsə, ruhanilərin
islam dinindən siyasi məqsədlərlə istifadə
olunmasına sərt münasibəti idi.
Elmi
redaktor tutarlı istinadlarla Nadir şahın mömin bir şəxsiyyət
olduğunu, İslam dininə, onun tələblərinə,
böyük şəxsiyyətlərinə dərin ehtiram
göstərdiyini, eyni zamanda dindən öz şəxsi,
korporativ maraqları üçün istifadə etməyə
çalışan ruhanilərə qarşı sərt
mövqe tutduğunu vurğulayaraq, dövlət
başçısının din ilə ondan öz məqsədləri
üçün istifadə edənlər arasında ciddi fərq
qoyması, dövlət maraqlarını hər şeydən
üstün tutması ilə izah edir. Bugünkü islam
dünyasında ruhanilər, islamdan siyasi məqsədlər
üçün istifadə etmək halları, belə
qüvvələrin dünyanın aparıcı dövlətlərinin
əlində oyuncağa çevrilməsi Nadir şahın həmin
sahədə həyata keçirdiyi siyasəti
araşdırmağın nə qədər aktual olduğunu
bir daha göstərir.
İslam
aləmində çoxəsrlik sünnü-şiə
qarşıdurmasına son qoymaq istəyi Nadir şahı
şiəliyi islamın 5-ci məzhəbi (hənəfilik, hənbəlilik,
şafeilik, malikilikdən sonra) elan edilməsi təklifi ilə
çıxış etməyə sövq edir. Şahın
fikrincə, bu qəbul edilsə islam aləmində dini əsasda
düşmənçiliyə və hər hansı ziddiyyətə
son qoyulacaqdı.
Nadir
şahın Səfəvi sülaləsinə son qoyması,
müxtəlif səbəblərdən ən
yaxınlarına, ətrafında olan bəzi şəxsiyyətlərə
qarşı sərt, bəzən amansız
davranışını müəllif haqlı olaraq dövlətçilik
mövqeyindən dəyərləndirir və mövcud ənənələrlə
izah edir. Nadir şah
dövrünü xanlıqlar dövrü ilə müqayisə
edən müəllif obyektiv həqiqəti ortaya qoyur: “Nadir
şah xanlardan fərqli olaraq milli vəhdətə nail
olmağı bacardı, döyüş meydanında və
diplomatiya sahəsində atdığı qətiyyətli
addımlar hesabına doğma xalqını parçalanmadan, əsarət
və təhdidlərdən xilas etməyə müvəffəq
oldu”.
Azərbaycan
dövlətçiliyinin nadir simalarından olan Nadir
şahın hakimiyyəti illəri Əfşar dövlətinin
qüdrətinin zirvəsi hesab olunur. Bununla belə, tarixi
şərait, ona qarşı güclənən həsəd,
rəqabət hissi böyük şəxsiyyətin nəzərdə
tutduğu bir çox gələcəyə hesablanmış
planlarının icra olunmasına imkan vermədi.
Dövlətçilik
prizmasından Nadir şah Əfşarın fəaliyyətinə
qiymət verən akademik R.Mehdiyev ilk dəfə olaraq
böyük şəxsiyyətin qətlindən sonra
başlanan siyasi proseslərə tamamilə yeni qiymət verərək
belə hesab edir ki, Nadir şahdan sonra Azərbaycan
torpaqlarının parçalanması mərhələsi
başlanır: “Tarixi Azərbaycan torpaqlarının
bölünməsinin başlanğıcını Nadir
şahın ölümü ilə əlaqələndirməyim
heç də təsadüf, yaxud mübaliğə deyil. Bu,
tariximizin müqayisəli şəkildə tədqiqindən
qaynaqlanan bir qiymət, həqiqəti tam şəkildə əks
etdirən rəydir”.
“Nadir
şah irsinin düzgün anlaşılmasında tarixi-diplomatik
sənədlərin əhəmiyyəti” adlanan ikinci hissədə
müəllif, diplomatik sənədlərin
tarixşünaslıqda əhəmiyyətini yüksək
qiymətləndirərək, onların yalnız oxşar
deyil, eyni zamanda ilk baxışda nəzərə
çarpmayan informasiya daşıdığını
xüsusi vurğulayır. Diplomatik sənədlər onun
müəllifinin fəaliyyətinin müxtəlif sahələrini
hərtərəfli araşdırmaq üçün tədqiqatçıların
ixtiyarında olan ən mühüm ilkin mənbədir.
Akademik R.Mehdiyev diplomatik sənədlərə belə
yanaşma nümunəsi nümayiş etdirir və həmin sənədlər
arasında Nadir şahın türk kimliyi, türk birliyi,
türk ənənələrinə, o cümlədən
dövlətçilik ənənələrinə münasibətini
müəyyən edərək sənədlərin əhəmiyyətini
vurğulayır.
Beləliklə
akademik R.Mehdiyev geniş mənbə və elmi ədəbiyyat
əsasında Nadir şahın çoxcəhətli fəaliyyətinə
qısa və dərin nəzər salaraq onu dövlətçilik
baxımından yüksək dəyərləndirir və
vaxtilə Şah İsmayılla bağlı yazısında
olduğu kimi, deyə bilərik ki, tarixi şəxsiyyətlərin
tarixşünaslığında tamamilə yeni bir yanaşma
və yeni bir mərhələnin əsasını qoyur.
Bununla da Nadir şahşünaslığın
formalaşması istiqamətində ən mühüm
addım atılmış olur. Elmi və obyektiv Nadir
şahşünaslığın, eləcə də Azərbaycan
tarixinin müxtəlif və xüsusən ən parlaq
dövrlərinin araşdırılması,
düşünülmüş, planlı, əsaslı fəaliyyət
hesab edilməlidir. Akademik R.Mehdiyev bu sahədə gələcək
elmi fəaliyyətin nəzəri-metodoloji bazasını
müəyyən etmiş və ayrı-ayrı istiqamətlərini
göstərmişdir. Haqqında rəy söylənilən
kitab Nadir şah Əfşarın fəaliyyətini müqayisəli-tarixi
kontekstdə, ilkin mənbələrə əsaslanaraq təhlil
edən çox ciddi və dərin elmi araşdırmadır.
Alimin milli dövlətçilik ənənələrinə
dair ifadə etdiyi mülahizələr, gəldiyi nəticələr
elmi-nəzəri ümumiləşdirmə gücünə,
mühüm ideoloji-siyasi əhəmiyyətə malikdir.
Sonda
diplomatik yazışmaları tərcümə edən AMEA
Əlyazmalar İnstitutunun əməkdaşı Rauf
Şeyxzamanlının zəhmətini qeyd edərək onun
yüksək peşəkarlığını və etdiyi tərcümələrin
orijinala tam adekvatlığını vurğulamaq istərdim.
Mütəxəssislər bilir ki, qədim şərq əlyazmalarını
oxumaq böyük zəhmət
bahasına başa gəlir və bunu bacaran alimlərin
yetişdirilməsi uzun zaman tələb edir. Belə peşəkarların
sayı bugün azalmaqdadır, çünki gənc nəsil
bu işə obyektiv və subyektiv səbəblərdən o qədər
də həvəs göstərmir.
Əlavə
olaraq qeyd edim ki, kitabda yer almış diplomatik
yazışmalar şərq epistolyar janrının klassik
nümunələridir və onun bütün tələblərinə
cavab verir. Orta əsrlərdə bu janrda qələmə
alınan istənilən nümunələr ərəb ənənəsi
əsasında yaranaraq digər dillərdə yeni vüsət
almışdır.
Gövhər Baxşəliyeva,
Millət vəkili, AMEA akad.
Z.M.Bünyadov
adına Şərqşünaslıq
İnstitutunun direktoru
Olaylar.- 2015.- 18 iyun.- S.12.