Mübariz İbrahimov əfsanəsi:

Vətənpərvərlikdə yeni dalğa

 

Mübarizin Vətən yolunda verdiyi mübarizə bir vətəndaşın vətəninə, dövlətinə, xalqına məhəbbətinin aliliyini nümayiş etdirdi

 

“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin

– Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə yazdığı son məktubundan.

 

***

İyunun 18-də Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 5 il keçdi. Mübariz İbrahimov Ağakərim  oğlu- 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 11 il oxuduqdan sonra 2005-ci ildə orta məktəbi bitirib. Elə həmin il hərbi xidmətə çağrılıb. Xidmətinə Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlamışdır. Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir. Bir müddət mülki işlərdə işlədikən sonra 2008-ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb. Bu dəfə artıq Gizir kimi çalışmağa başlayıb. Çox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb. Nəhayət 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayır. Çox çəkmir ki, uzun müddət düşündüyü, arzusunda olduğu şəhidlik planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır. Nəhayət  2010-cu ilin 18 iyununda gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Bəli, M. İbrahimov Vətəninin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmət və rəşadət göstərərək qəhramancasına həlak oldu. Hər bir Vətənpərvər insanın yüksəlmək istədiyi şəhidlik zirvəsini fəth etdi. Mübariz İbrahimovla Azərbaycanda Vətənpərvərliyin yeni dalğası yayıldı. Qəhrəman Azərbaycan övladının nümayiş etdirdiyi rəşadət ölkədə ona bənzəmək istəyənlərinin sayını artırdı. Mübarizin qəhrəmanlığı ölkə sərhədlərini aşdı. Qardaş Türkiyədə, Rusiyada, digər türkdilli ölkələrdə Mübariz İbrahimov qəhrəmanlıq nümunəsi kimi çəkilməyə başladı. Rusiya Prezidenti Vladimir Putin Mübariz haqqında belə dedi: “Mən çox qəribə və maraqlı məlumat almışam. Azərbaycanda yeni Rembo peyda olub. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinolarda 200 nəfərdən çox adam öldürəndə, deyir sən ki, bu fantastikadır. Həqiqətən də bu fantastikaya oxşayır. Axı necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəş ilə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli Rembo təkcə kinoda deyil, həyatda da var”. Hərbçi dostu onunla bağlı xatirələrində deyir: “Mən onunla ilk dəfə tanış olanda 22 yaşı var idi. Həmişə deyirdi ki, əlimə silah düşsə, erməniləri qırıb-batıracam. Əvvəllər fikirləşirdim ki, cavandı, beyni dumanlıdı, yəqin ona görə belə danışır. Lakin bir gün əmin oldum ki, Mübariz həqiqətən də dediyini edən oğlan imiş. O, şəhid olan gün mən hərbi hissədə növbətçi idim. Səhər növbəni təhvil verəndə zabit yoldaşlarım dedi ki, bəs, bizim gizirlərdən biri keçib ermənilər tərəfə, onları qırıb, məhv edib. Öz-özümə fikirləşdim ki, görəsən hansı gizir bunu edib. Evə gəldim, televiziyada xəbərləri izləyəndə Mübariz İbrahimovun şəklini gördüm. Bir anlıq şoka düşdüm. Demək, erməniləri qırıb-batıran gizir Mübariz imiş. Üç gün özümə gələ bilmədim. Televiziyada onun şəklini görəndə yadıma düşdü ki, Mübariz bir vaxtlar bunu edəcəyini demişdi... Biz onunla fəxr edirik. Biz Mübarizi heç vaxt unutmayacağıq. Elə ermənilər də Mübarizi heç vaxt unutmayacaq. Çünki o, düşmənin içinə girib yüzlərlə erməni hərbçisi ilə təkbaşına 5 saatdan artıq döyüşmüşdür. Qaranlıq vaxtı ona bata bilmirdilər. Mübariz əsl qəhrəman kimi döyüşüb və yalnız hava işıqlananda Mübarizi snayperlə vurmuşdular. Ermənilər hətta onun ölüsündən də qorxurdular. Buna görə də əllərini bağlamışdılar”. Bəli, Mübariz İbrahimov onu sübut etdi ki, Azərbaycan xalqı əfsanələri gerçəkləşdirməyi bacaran bir toplumdur. Onun kimi əfsanələri yetişdirməyi bacaran bir xalqın heç bir cəbhədən geri çəkilməyə haqqı yoxdur. O ki, qaldı Mübariz kimi minlərlə övladımızın uğrunda canını qoyduğu torpaqları düşmənə bağışlamaq, bu heç vaxt olmayacaq. Biz heç vaxtMübarizin, nə də onun timsalında heç bir şəhidimizin ruhunu özümüzdən küsdürməyəcəyik. Mübarizləri olan Vətən basılmaz!

 

Yarandın

(Mübariz İbrahimov üçünNamiq Hacıheydərli)

 

Kimsə bu gedişə olmalıydı,

Namərd yuvasında boğulmalıydı.

Azadlıq eşqini yaşatmaq üçün,

Ağatlı Mübariz doğulmalıydı…

Sən millətin aşıb-daşan səbrindən,

Haqsızlığa nifrətindən yarandın.

Qarabağın oğul! – deyən səsindən,

Şəhidlərin cürətindən yarandın.

Dağlarımın durmayan göz yaşından,

Qan püskürən torpağımdan, daşımdan,

Ulusun min illik qan yaddaşından,

Bütövlüyə həsrətindən yarandın.

Ərlərin yağıdan öc təşnəsindən,

Qəzəbli Babəkin od nəfəsindən,

Savalan dağının titrəməsindən,

İldırımın qüdrətindən yarandın.

Torpaga çəkilən sinə dağından,

Üç rəngli, yenilməz yurd bayrağından,

İslam saflığından, türk əxlaqından,

Əxlaqının qeyrətindən yarandın.

Yurd eşqinin əritdiyi qırovdan,

Meydanlarda qırdığımız buxovdan,

Ataların ruhundakı alovdan,

Anaların ismətindən yarandın.

 

Mübariz İbrahimov vətənpərvərliyin, cəsarətin, mübarizliyin rəmzidir. O, üzərinə düşən Vətəni sevmək borcunu canını ortaya qoymaqla verdi. Bu gün Mübarizin Vətən yolunda verdiyi mübarizə bir vətəndaşın vətəninə, dövlətinə, xalqına məhəbbətinin aliliyini nümayiş etdirdi. Vətənpərvərlik insanın bir fərd, vətəndaş olaraq bir ölkənin vətəndaşı olmaqdan mənəvi zövq almasında, qürur duymasında təzahür edir. Müsbət emossional hisslərlə müşayiət olunur. Vətənpərvərlik sözdə yox, işdə, əməldə təzahür etməlidir. Məsələn, Mübariz İbrahimov kimi. “Mən vətənimi sevirəm, onun yolunda, milli ideyalar yolunda ölməyə hazıram” deməklə vətənə olan sevgi sübuta yetirilməz. Bu sözləri Mübarizdemişdi, lakin o, dediyini etdi. Məhz onun qəhrəmanlığı, igidliyi əsl vətənpərvərlik nümunəsi idi. O bilə-bilə vətən yolunda ölümün gözünə dik baxaraq, həyatını vətənə qurban verib. Mübariz İbrahimov nümunələrinə tarixdə az-az rast gəlinir, ümumiyyətlə qarşılanmır. O, isə yeni tarix yazdı, indən sonra dünya durduqca, ondan bəhs ediləcək, haqqında ən xoş sözlər deyiləcək, hekayələr yazılacaq, filmlər çəkiləcək. Mübariz İbrahimovun timsalında Azərbaycan xalqı həmişə şanlı keçmişi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib. Bu xalq Vətənini canından çox sevən, yağı düşmənin silahından qorumağı bacaran gənclər yetişdirib. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, milli ruhundan asılıdır. Azərbaycan gəncliyi ölkənin tale yüklü məsələlərində öz sözünü deməyi bacarıb. Azərbaycan xalqı tarixin bütün dövrlərində sübut edib ki, onun oğulları yağı düşməni məhv etməyə qadirdir. Belə qəhrəmanlarımızın adı tarixə qızıl hərflərlə yazılıb. Hər zaman onun-bunun malına, torpağına göz dikən acgöz ermənilərin növbəti hədəfi Qarabağ oldu. Düşmənlər yaranmış siyasi vəziyyətdən yararlanaraq torpaqlarımızı işğal etdilər. Atəşkəs elan edilsə də, buna yenə məhəl qoymadılar. Bəlkə də düşünürdülər ki, Azərbaycan ordusunun əsgərləri onlardan çəkinəcək. Lakin, Mübariz İbrahimovun qəhrəmanlığı onların yanlış düşüncəsinə son qoydu. Onun ruhu hər bir azərbaycanlının, hər birimizin qəlbində əbədi taxt qurub.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 19 iyun.- S.15.