Gənclərin vətənpərvərlik
ruhu inkişaf
etdirilməlidir
Vətənpərvər
gəncin mübariz olacağı
şübhə doğurmur
Vətənpərvərlik məsələsi
cəmiyyətdə daim aktual olub, bu gün də aktual olaraq
qalır.
"Millətin
vətənpərvərliyi onun tamlığının,
bütövlüyünün təməlidir”, - desək, bəlkə
də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik
şüuru onun digər xalqlar və millətlər tərəfindən
qəbul edilməsi, tanınması, hörmətlə
qarşılanması, ən əsası isə, xalqın
yaratdığı dövlətin bütövlüyü,
varlığı, suverenliyi ilə ölçülür.Vətənə
məhəbbət hissi gənclərin dövlət dilinə,
milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə,
tarixi ənənələrə
bağlılığında, ölkə ərazisinin
bütövlüyünün qorunmasına hazır olduğunu
əməli işlə sübut etməyində öz təzahürünü
tapmalıdır. Vətənin tərəqqisi naminə
çalışmaq üçün gənclərin müəyyən
sənətə, peşəyə sahib olması, dövlət
quruculuğunda fəal iştirak etməsi, yüksək
peşəkarlığa, təhsilə və elmə yiyələnməsi,
geniş dünyagörüşünə malik olması, əməyi
sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı
da vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini
qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail
olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq
lazımdır. İnsanın ən ali və əzəli hisslərindən
olan vətənpərvərlik hər kəsin doğulub
boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə məhəbbətindən
qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni
sevməklə ölçülmür. Vətənpərvərlik
həm də vətən naminə çalışmaq, vətəni
qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar,
fədakarlıqlar göstərmək, xalqın hər bir
uğurunda pay sahibi olmaq deməkdir. Bu hiss insanda anadangəlmə
olsa da, bütün digər hisslər kimi, tərbiyəyə
möhtacdır və o, tərbiyə yolu ilə daha da
möhkəmlənir, güclənir. İqtisad elimləri
namizədi, dossent Aydın Mirzəmmədov bildirib ki, milli və
mənəvi şüur insanın vətəninə, dövlətinə
olan sevgisi ilə müəyyənləşir. Biz ziyalılar
özümüz öncə nümunə olmalıyıq ki, gənclərə
verdiyimiz təlim –tərbiyədə də onlar bizə qulaq
asıb özləri üçün müsbət, doğru nəticələr
əldə etsinlər. Son zamanlar gənclər arasında
xoşagəlməz bir vərdiş yaranıb, hətta
üzlərini tüklü saxlamaqla bu cür vərdişlərini
bilərəkdən və bilməyərəkdən bir dəb
sayırlar. Yaxşı olar ki, tələbə səliqə
– səhmanı və yaxşı oxumağı ilə diqqəti
cəlb etsin.Təəssüflər olsun ki, bəzi gənclər
dini təriqətlərin təsiri altına düşərək
milli və mənəvi şüurdan kənarlaşır. Biz
ziyalılar bu cür halların qarşısını almaq
üçün hər zaman ayıq-sayıq olmalı,
onları təhsillə dərindən məşğul olmaq
ruhunda tərbiyə etməliyik. Yaxşı olar ki, müəllim
tələbə ilə səmimi dostluq münasibətində
olsun, zahirən və daxilən tələbənin iç
dünyasına daxil olsun. Onu psixoloji gərginlikdən
uzaqlaşdırsın. Tələbələr – yeni nəsil vətəni
kənarda yox, daxildə sevməlidir, torpaqlarımızı
azad etmək ruhunda olmalıdır. Yalnız, bununla vətənə
xidmət, vətənə sevgi nümayiş etdirmək olar.Gənclərimizin
vətən uğrunda səmərəli xidmətinin xeyirli nəticəsi
məmləkətimizin qazandığı böyük
uğuru deməkdir: “Gənclər
çalışmalıdır ki, kənar təsir altına
düşməkdən qəti şəkuildə uzaq olsunlar
ki, xeyirlərini valideyinləri, xalqımız görsün.
Mövzunun aktuallığını nəzərə alsaq, bəzi
telekanallarda gedən xoşagəlməz şouların yerinə
alimlərin və ziyalıların fikirlərindən istifadə
edilərək milli və mənəvi vətənpərvərlik
ruhlu verilişlərin yayımlanması daha məsləhətlidir.
Belə verilişləri hazırlayarkən onu da mütləq
nəzərə almaq lazımdır ki, fikri öyrəniləsi
bu ziyalılar cəmiyyətdə gənclərimizə
tövsiyə xarakterli sözləri və ədalətli
mövqeyi ilə seçilməlidir ki, gənclərimiz də
onlara baxıb, özlərinə nümunə
götürsünlər… Peşəsindən asılı
olmayaraq hər bir kəs vətənini sevməli, milli və
mənəvi dəyərlərimizə yad olan ünsürlərdən
uzaq olmalıdır.Uşaq və gəclərimizi dövlətimizə
layiqli vətəndaş, yüksək insani dəyərlərə
malik insan kimi tərbiyə edib, yetişdirməliyik.Ona görə
də onları dəvət edib maarifləndiricilik ruhlu
müzakirələrdə onların həyat və bilik təcrübəsindən
bəhrələnmək olduqca vacibdir. Gənclərə
tövsiyyə edərdim ki, mükəmməl təhsil
alın, pis vərdişlərdən kənar olun, ailənizə
və dövlətimizə layiqli vətəndaş olun. Hər
zaman itirilmiş torpaqlarımızı azad etmək ruhu ilə
addımlayın. Savadlı olun ki, səriştəli kadrlar
olasınız. Mənəviyyatlı olun ki, mədəniyyətimizlə
dünyada nümunələrimiz daha da artsın.Ən əsası
ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil
Azərbaycana sözündə,əməlində,təhsilində,mədəniyyətində
nümunə olacaq bir gənclik olun!” Filosof Nadir Məhəmməd
hesab edir ki, yalnız “mən vətənpərvərəm”
deməklə vətənpərvər olmaq mümkün deyil.
Çünki, vətənpərvərlik məfhumunda mənəvi-siyasi
məsuliyyət məsələsi əksini tapıb. Məhz
mənəvi-siyasi məsuliyyəti dərk etmək və o məsuliyyəti
daşımaq vətənpərvərlikdir: “Vətənpərvərlik
odur ki, yaşadığın torpağa, vətənə sədaqətli
olasan. Onun üçün çalışasan, hərbi, mənəvi
intellektual baxımdan müdafiə edəsən. İdeoloji
baxımdan vətənpərvərliyin tarixdə hər zaman
müxtəlif mərhələləri olub. Realist,
maarifçi, romantik vətənpərvərlik olub. Hətta
romantiklər millətim bütün bəşəriyyət,
vətənim Yer kürəsi-deyiblər. Yəni, vətənpərvərlik
bu səviyyəyə qədər yüksələ bilər.
Amma klassik vətənpərvərlik məhdud cdoğma vətəndir.
İnsan fəal olmalıdır ki, əmniyyəti, normal
yaşam tərzini qorusun və vətəni üçün
çalışsın. Doğulub böyüdüyün,
suyunu içdiyin, torpağında gəzib gözəlliklərindən
ləzzət aldığın məkanı həm də
qorumağa borclusan”. Onun sözlərinə görə, hər
bir insanın təbiətində vətənpərvərlik
var. Lakin onun inkişaf etdirib, formalaşdırılmasına
ehtiyac duyulur. Odur ki, vətəndaşları gənc və bəlkə
də uşaq yaşlarında bu ruhda tərbiyyə etmək
lazımdır. Yalnız bu halda gənclərdə vətənpərvərlik
ruhunu formalaşdırmaq olar. Vətənpərvər gəncin
isə mübariz olacağı şübhə doğurmur:
“Hesab edirəm ki, gənclərimiz intelektual olmalı, Azərbaycanın
dünyada yeri, beynəlxalq aləmdəki fəaliyyəti barədə
ətraflı bilgiyə sahib olmalıdırlar. Nəzərə
almaq lazımdır ki, dünyada elə dağıdıcı
qüvvələr var ki, onlar vətənpərvərlik
ideyasının aşılanmasına imkan vermirlər. Bu halda
isə gənclərimiz antivətənpərvərlik
ideyasının daşıyıcılarının təsirindən
uzaq ola bilərlər”. O, hesab edir ki, təhsilli, dövlətinin
tarixini yetərincə bilən gənclərin yad təsirlər
altına düşmək ehtimalı heçə enir:
“Tarixini yaxşı bilməyən insan millətinin, dövlətinin
keçdiyi şərəfli yoldan xəbərsiz olur, dövlətinin
müasir beynəlxalq aləmdəki rolunu qiymətləndirə
bilmir. Millətinin tarixi və əfsanəvi qəhrəmanlarından
xəbərsiz olan gənc Vətən yolunda döyüşlərə
atılaraq milli qəhrəmana çevrilə bilməz. Amma gənc
bilsə ki, onun vətəni, xalqı vaxtilə çox
möhtəşəm olub, dədə-babaları ayaq qoyub
üzərində gəzdiyi torpağı yadellilərdən
qəhrəmanlıqla qotuyub, o halda vətənpərvərlik
hissi hər şeyə qalib gələr”. Pedaqoq Həcər
Bayramova deyir ki, xalqımızın dahi oğlu, böyük
dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev təhsilin,
müəllimlərin ən mühüm vəzifələrindən
birini böyüməkdə olan nəslin vətənpərvər
ruhda yetişdirilməsində görürdü. Böyük
öndər hələ müstəqil Azərbaycanımızda
hakimiyyətə gəldiyi ilk illərdə paytaxtın təhsil
işçiləri ilə keçirdiyi görüşlərin
birində gəncləri vətənpərvərlik ruhunda tərbiyə
etməyi təhsil işçilərinə, müəllimlərə
tövsiyə edirdi: “Biz müəllimlər ulu öndərimizin
tövsiyəsini, tələbini daim diqqət mərkəzində
saxlayır, gənclərə vətəndaşlıq
şüurunun aşılanması, onların Vətənə
sədaqət ruhunda tərbiyəsi üçün istər
dərslərin, istərsə də dərsdənkənar tədbirlərin
bütün imkanlarından istifadə edirik. Bu gün gənclərin
vətənpərvərlik tərbiyəsi xüsusilə
aktuallıq kəsb edir. Çünki iyirmi ilə
yaxındır əzəli düşmənimiz olan ermənilər
torpaqlarımızın 20 faizdən çoxunu işğal
etmiş, bir milyondan çox soydaşımız
yurd-yuvasından didərgin düşmüşdür.
Hazırda da nankor düşmənlə üz-üzəyik.
Buna görə də şagirdlərin vətənpərvərlik
ruhunda tərbiyəsi biz müəllimlərin başlıca vəzifəsinə
çevrilmişdir”.Onun sözlərinə görə, vətənpərvərlik
insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik
hissi yaradır, onda inam hissini gücləndirir, onu qələbəyə
ruhlandırır. Xalqımızın qədim və
çağdaş tarixi güclü vətənpərvərlik
hissinin doğurduğu qəhrəmanlıq nümunələri
ilə zəngindir. Biz Cavanşir, Babək, Şah
İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid
Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov kimi
igid və cəsur sərkərdələrimizlə həmişə
fəxr etmişik və edirik. Onların şəxsi nümunəsi
bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman
xalqdır. Mənfur düşmənlə ölüm-dirim
savaşında Vətən uğrunda qəhrəmancasına
həlak olmuş Çingiz Mustafayev, Eldar Tağızadə,
Əlif Hacıyev, Salatın Əsgərova, Mübariz, Fərid,
Rövşən, Ramil kimi yüzlərlə qəhrəman
oğul və qızlarımızın ibrətamiz həyatı
bugünkü nəslə örnəkdir: “Bütün
bunları nəzərə alaraq biz məktəbdə vətənpərvərlik
tərbiyəsinə xüsusi diqqət yetirir, bununla
bağlı müxtəlif mövzuda çoxlu tədbirlər
keçiririk.Yola saldığımız dərs ili bu
baxımdan xüsusilə zəngin olmuşdur. Dərs ili boyu
keçirdiyimiz tədbirlər, xüsusən də 31 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik
günü münasibətilə "Haydı vətən
oğulları", 20 Yanvarla əlaqədar "Qalx ayağa
Azərbaycan", əsrin ən dəhşətli terroru
Xocalı faciəsi ilə bağlı "Haray çəkən
ellər", 31 mart qırğını ilə əlaqədar
"Dur ayağa, məmləkətim", alman faşizmi
üzərində qələbə ilə bağlı
"İgid, cəsur sərkərdələrin nəvələriyik
biz" mövzularında ədəbi-bədii kompozisiyalar,
şairlərlə görüşlər şagirdlərimizin
vətənpərvərlik tərbiyəsində mühüm
rol oynamışdır. Yaxşı
düşünülmüş, məzmunlu, Vətən
eşqi ilə aşıb-daşan tədbirlərdən gənclərimiz
böyük mənəvi fayda götürürlər”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 20-22 iyun.- S.15.