Ordu quruculuğuna diqqətin
artırılması gənclərin
vətənpərvər
ruhda böyüməsinə stimul verir
Azərbaycan gənclərinin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması hər zaman prioritet istiqamətlərdən
olub. Xüsusilə, müstəqillik illərindən etibarən
bu sahəyə diqqət və qayğı nəzərəçarpacaq
dərəcədə artıb. Bu istiqamətdə
ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, xidmətləri
olub desək yanılmarıq.
1993-cü ilin iyununda Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə əksər sahələr kimi gəclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ordu quruculuğu sahəsində də ciddi dönüş yarandı. Silahlı Qüvvələrdə həyata keçirilənn quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, ordunun hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadr heyətinin saflaşdırılması, qoşub hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı nəticəsində ordunun mərkəzşləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi yüksək keyfiyyətlə təşkil olundu. Msliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin yerli sənaye müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına yol açdı. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. İstər orduda, istərsə də ordudan kənarda hərbi vətənpərvərlik tərbiyəsi işi gücləndirildi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgərlərin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi şəxsi heyət arasında müstəqillik amalı və hərbi anda sədaqət hissinin, yerli mənəvi-psixoloji iqlimin formalaşdığını, ordu hissələrinin artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələrə xidmət edən təxribatçılardan, casuslardan təmizləndiyini bir daha sübuta yetirdi. Ordu quruculuğu işinin müasir səviyyədə aparılması üçün müvafiq nizamnamələr, təlimatlar hazırlandı və tətbiq edildi. Ən müxtəlif sahələrlə bağlı zəruri qanunlar qəbul edildi. Azərbaycan ordusunun mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Bütün bu həyata keçirilən məqsədyönlü tədbirlər, eləcə də Silahlı Qüvvələrə diqqət və qayğının artması gənclərdə hərbi sahəyə marağı artırdı, onlarda vətəpərvərlik hissini gücləndirdi.
Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. Ümummilli lider hərbi sistemin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il, fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri öz hərbi biliklərini zənginləşdirmək üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin, Almaniya, Böyük Britaniya, İtaliya, Rumıniya, Macarıstanın hərbi akademiyalarına və dinləmə kurslarına göndərildilər. Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 1993-cü ildən başlayaraq hərbi qulluqçuların, Müdafiə Nazirliyi sistemində işləyən fəhlə və qulluqçuların əmək haqqı artırıldı. Şəxsi heyətin tibbi, ərzaq və əşya-əmlak təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Hərbi hissələrin maddi-texniki bazaları, əsgər yataqxanaları müasir tələblərə uyğun təmir edildi. Şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkili üçün texniki təbliğat vasitələrinin təminatına diqqət gücləndirildi. Bu kimi məqsədyönlü tədbirlər də öz növbəsində gənclərdə Silahlı Qüvvələrdə müddətdən artıq hərbiu xidmət keçmək həvəsi yaratdı və gənclər könüllü olaraq ordu sıralarında müddətdən artıq hərbi xidmətə üstünlük verdilər.
Azərbaycan Silahlı Qüvvələrinin hərc-mərclik illərindəki siyasi oyunlardan və siyasi qüvvələrdən kənarda saxlanması, onların intizamlı, mənəvi cəhətdən saf, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunması, təchizatın yaxşılaşdırılması, quruculuq işlərinin elmi əsaslarla aparılması, ordunun güclənərək Vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevrilməsi qüdrətli strateq, böyük öndərimiz Heydər Əliyevin rəhbərliyi altında aparılan işlərin, onun tələbkarlığının məntiqi nəticəsidir.
Heydər Əliyev hər zaman Azərbaycan gəncinin vətənpərvər ruhda böyüməsini vacib sayır, gənclərdə keçirdiyi görüşlərdə, forum və konfranslarda onlara bu istiqamətdə öz tapşırıq və tövsiyyələrini verirdi. Ümummilli lider mənəvi tərbiyə məsələsini də Azərbaycan gəncliyi qarşısında dayanan ən mühüm prioritetlərdən sayırdı. Heydər Əliyev deyirdi: “Gənclərimizin qarşısında dayana ən mühüm vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdən bizə qalan simaları bu gün dünyada məşhurlaşdıran və bizim üçün örnək edən, bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımlıdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu islahatlar, eləcə də məqsədyönlü tədbirlərinin nəticəsidir ki, bu gün ölkəmizdə vətənpərvər, dünyagörüşlü və yüksək təhsilli gənclərimizin sayı xeyli artmışdır. Şübhəsiz həmin gənclər Heydər Əliyevin şah əsəri olan sabit, qüdrətli Azərbaycanın gələcəyidirlər. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin gələcəyi baxımından gəncliyimizə olan yüksək inamını belə ifadə edirdi: “Mən əminəm ki, Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir. Ona görə də biz-yaşlı nəslin nümayəndələri arxayınıq ki, siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Mən buna əminəm”.
Azərbaycan gənclərinin forumlarında ümummilli lider gəncləri ölkəmizin uğur və problemlərini dərindən öyrənməyə çağırmışdır: “Biz əldə etdiyimiz nailiyyətləri qiymətləndirərək, eyni zamanda hələ həll olunmamış problemləri də yaxşı bilirik. Gənclər bunları- həm nailiyyətləri, həm də həl olunmamış problemləri bilməlidirlər. Gənclər hər şeyi bilməlidirlər. İndi biz müstəqil dövlətdə plüralizm, demokratiyanın inkişafı şəraitində yaşayırıq, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini həyata keçiririk. Ona görə də Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatında gedən prosesləri bilməlidir və onlar da bu proseslərdə fəal iştirak etməlidirlər. Gənclərin qarşısında dayanan vəzifələr birinci növbədə cəmiyyətdə öz yerini tutmaqdan, maariflənməkdən, təhsilini artırmaqdan, cəmiyyət üçün faydalı olmaqdan ibarətdir”.
Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına xüsusi diqqət yetirən ümummilli lider deyirdi: “Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim — onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir. Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nəqədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 23 iyun.- S.15.