And yerimiz – Azərbaycan

 

 “Hamımızın ümumı vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”

 Heydər Əliyev

 

Cəmiyyətdə Vətənpərvərliyin inkişafı ayrı-ayrı fərdlərdə milli şüur və milli kimlik amillərinin formalaşması ilə sıx bağlılığı var. İstənilən halda Vətənpərvərlik dövlətçiliyin inkişafında və onun möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir. Bir çox ölkələrin əsarətdən qurtulub müstəqil olmalarında insanların vətənpərvər olmaları böyük əhəmiyyət kəsb edib.

Xatırladaq ki, vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənib. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və "millət" anlayışı ilə eyniləşdirilib. Lakinsonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşıb. Tarix boyu vətənpərvərlik dövlətçiliyin inkişafında və möhkəmlənməsində mühüm rol oynayıb. Bu nöqteyi – nəzərdən gənclərdə, xüsusilə orta məktəb şagirdlərində Vətənpərvərliyin tərbiyələndirilməsi əhəmiyyəti və vacib faktor kimi qabağa çıxır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik təkcə Vətəni sevmək deyildir, bu həm də həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Lakin vətənpərvərlik hissləri tərbiyə olunmalıdır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Yetişdirdiyi minlərlə xalq qəhrəmanının timsalında Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Bu nöqteyi-nəzərdən respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərdə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları var. Müstəqil Azərbaycanımızın memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Ulu öndər deyirdi: “Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”. Təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən Vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar. Şagirdlərin vətənpərvərlik və Vətənə məhəbbət hissi tərbiyəsinin ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Bu məqsədlə müəllimlər istər dərslərdə, ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi zamanı, istərsə də müxtəlif mövzularda tez-tez keçirdiyim dərsdənkənar tədbirlərdə Vətənimiz, onun zəngin flora və faunası, yeraltı və yerüstü sərvətləri, maddi-mədəniyyət abidələri haqqında geniş məlumat verməyə çalışırlar. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq  üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin-ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanır. Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət-insan-vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək-mənsub olduğu dövlətin inkişafına çalışan, mənafeyini gözləyən, onun təhlükəsizliyi üçün məsuliyyət daşıyan, dövlətin cari və perespektiv işlərində iştirak edən, insan yetişdirmək deməkdir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailədir. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. İbtidai məktəbin bütün sinifləri, o cümlədən hazırda dərs dediyim 3-cü sinif üçün dərsliklərdə belə məlumatları özündə ehtiva edən mətnlər, nağıl və dastanlardan parçalar kifayət qədərdir. Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də onların həyat və mübarizə yolu timsalında vətənpərvər kimi yetişirlər. Şagirdlərin özlərinin bu istiqamətdə axtarışları onlara daha çox tərbiyəvi təsir göstərir. Əxlaq tərbiyəsinin ən mühüm tərkib hissəsi sayılan vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Buna baxmayaraq, “Ana dili” fənninin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanmasında daha geniş imkanlar vardır. İşğala məruz qaldığımız bir vaxtda məktəbdə vətənpərvərlik tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirilir. Ölkəmizdə qeyd olunan milli və dövlət bayramları, tarixi günlər də əvəzsiz vətənpərvərlik tərbiyəsi vasitəsidir. Bu bayram və tarixi günlərin bir qismi haqqında dərsliklərdə verilmiş mətnlərdə söz açılır. Bu mətnlər şagirdlərin bayram və tarixi günlər haqqında məlumatlarını xeyli genişləndirməyə imkan verir. Göstərilən istiqamətlərdə şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət  və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Beləliklə, Vətən – Azərbaycan bizim and yerimizdir. Vətəndaş olmağa layiq hər kəs onu qorumağa, düşməndən müdafiə etməyə borcludur. Çünki bizim Vətəndən başqa sığınacaq yerimiz yoxdur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 24 iyun.- S.15.