Birinci Avropa Oyunları dünya idman

tarixində yeni möhtəşəm səhifə açdı”

 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Birinci Avropa Oyunları dünya idman tarixində yeni möhtəşəm səhifə açdı” adlı məqaləsi dərc olunub. Məqalədə qeyd edilib ki, Azərbaycanın beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsi ənənəyə çevrilib. Bu ənənənin davamlılığını təmin etmək üçün dayanıqlı inkişaf mütləqdir. Olimpiya Oyunlarının tarixinə qısa nəzər yetirilən məqalədə bildirilib ki, 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi.

Müəllif diqqətə çatdırıb ki, ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində əldə edilən uğurlu nəticə hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə əsaslanır. O da qeyd edilib ki, sülh, dostluq və təntənə mesajını hər yerə yayan məşəlin sonda Bakı Olimpiya Stadionunda alovlanması ən həyəcanlı və qürurverici an kimi yadda qaldı: “Bu məşəl 50 ölkəni təmsil edən 6 mindən artıq idmançını sağlam rəqabət uğrunda mübarizəyə çağırdı”.

Yazıda vurğulanıb ki, iyunun 12-də Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə diqqət çəkdi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi, gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı: “Açılış mərasiminin kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi”.

V.Rəhimzadə bildirib ki, birinci Avropa Oyunlarının məhz Azərbaycanda belə möhtəşəm şəkildə keçirilməsi ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrə tutarlı cavabdır. İqtisadi inkişafı, demokratiya təcrübəsi, beynəlxalq aləmdə nüfuzu, eyni zamanda, idmanın inkişafına görə belə bir tədbirə ev sahibliyi etmək şansı qazanan Azərbaycana qısqanclıqla yanaşan qüvvələr hər vəchlə uğurlarımıza kölgə salmağa cəhd göstərdilər. Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House”, “The Guardian”, BBC kimi qərəzli dairələr təkcə ilk Avropa Oyunları ilə bağlı deyil, ümumiyyətlə, Azərbaycanda keçirilən bütün tədbirlərdə ölkəmizə qarşı qərəzli mövqelərini açıq-aydın göstərirlər. Göstərilən cəhdlər Azərbaycanın reallıqları fonunda iflasa uğradı.

Birinci Avropa Oyunları möhtərəm Prezidentimiz İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, tarixə dostluq, qardaşlıq, həmrəylik bayramı kimi yazılacaq. Bu gün də Azərbaycan reallıqlarını, inkişaf dinamikasını möcüzə adlandıran xarici qonaqlar birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini, hazırlıq səviyyəsinə görə başqa dövlətlərdən qat-qat üstün olmasını iqtisadi inkişafın, düşünülmüş siyasətin, dövlətçilik təcrübəsinin təntənəsi kimi dəyərləndirirlər. Dünya mətbuatı Azərbaycana qarşı qərəzli mövqedə dayanan dairələrin birinci Avropa Oyunları ilə bağlı əsassız təbliğatlarını tənqid edir, ölkəmizin uğurlarını yüksək dəyərləndirərək, perspektivlərdən bəhs edirlər”, - deyə məqalədə qeyd edilib.

 

Vüqar Rəhimzadə

 

Olaylar.- 2015.- 25 iyun.- S.10.