Ordu quruculuğu-gənclərin vətənpərvər ruhda

böyüməsinə təsir edən başlıca faktor

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi

və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərərlik hisslərinin artırılması istiqamətində görülən işlər sırasında ordu quruculuğu mühüm yer tutur. Məhz ordu quruculuğunun yüksək səviyyədə təşkili, bu sahədə həyata keçirilən islahatlar, məqsədyönlü tədbirlər gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir edən faktorlardan sayıla bilər. Bu kimi tədbirlər gənc nəslin ordu sıralarında qulluq keçməsinə, Vətənin müdafiəsinə qalxmasına təkan verir.

Düzdür, tarixin müxtəlif dövrlərində ordu quruculuğuna istənilən diqqət və qayğının olmaması gənclərin vətənpərvər ruhda böyüməsinə öz mənfi təsirini göstərib. Hətta gənclər arasında ordu sıralarından yayınmaq, fərarilik kimi mənfi tendensiyalar da müşahidə edilib. Ancaq sevindirici hal ondan ibarətdir ki, bu gün qeyd edilən istiqamətlərdə problemlər aradan qalxıb və ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər gənclərdə vətənpərvəlik, Vətənə, dövlətə məhəbbət hissini artırıb. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. Ekspert Rəna Məmmədova deyir ki, həmin vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: “Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmışdır. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasında güllələndi”. Rəna Məmmədova deyir ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Onun sözlərinə görə, bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur: Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyev həm də peşəkar hərbçi idi. Məhz buna görə ulu öndərin hakimiyyətə qayıdışından sonra əsası qoyulan ordu quruculuğunun diqqət çəkən əsas tərəfi bu işin yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Bu dahi insanın vaxtilə ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundankənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində FüzuliAğdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. 1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacibtarixi əhəmiyyətli bir mərhələ oldu. Dövlət başçısı Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı”.

Rəna Məmmədova bildirib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilirordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır: “Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: “... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir”. Natiq qeyd edir ki, Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir: “Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi Prezident İlham Əliyevə bu sahədə ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. Dövlət başçısı ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir. Sadəcə, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla bərpa ediləcəkdir. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində istədiyimizə nail ola biləcəyik”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 25 iyun.- S.12.