“Döyüşə bilməyən
xalqın
25 min şəhidi ola bilməz!”
Rövşən
Qasımov: “Şagirdin qarşısına
qoyduğumuz əsas məqsəd təkcə
təhsildə yüksək nəticələr deyil, onların vətənpərvərlik
duyğuları da yüksək
olmalıdır”
Qloballaşma şəraitində milli dəyərlərin
qorunması, gənc nəslin milli vətənpərvərlik
ruhunda tərbiyəsi aktual məsələyə
çevrilib. Bu işdə valideynlərlə
yanaşı məktəbin də üzərinə böyük yük düşür. Müsahibimiz
Qarabağ müharibəsi veteranı,
Bakı şəhər Zaur Məmmədov
adına 171 saylı tam orta
məktəbin direktoru Rövşən
Qasımovdur. Onunla gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsində məktəb-valideyn,
məktəb-media, məktəb-QHT əlaqələrinin
vacibliyindən danışdıq.
-Rövşən
müəllim, gənc nəslin hərbi vətənpərvərlik
ruhunda tərbiyəsində məktəbin
üzərinə hansı vəzifələr düşür?
-Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində məktəbin üzərinə böyük məsuliyyət düşür. Bu iş sinifdə aparılmalıdır və fənn müəllimlərin üzərində böyük məsulliyyət var. Deməzdim ki, məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi lazımi şəkildə aparılmır. Əksinə, bu sahədə uğurlarımız var. Təkcə orta məktəbin yuxarı siniflərində deyil, aşağı siniflərdə də hərbi vətənpərvərlik tərbiyəsi düzgün qurulur. Bu gün şagirdlərimizin təhsil aldığı təhsil ocaqlarında təlim, tədris, təhsil, eyni zamanda vətənpərvərlik tərbiyəsi düzgün aparılır. Əslində bunlar bir-birindən ayrı proseslər deyil, əksinə bir yerdə, sistemli şəkildə aparılmalıdır. Bu gün şagirdin qarşısında qoyduğumuz əsas məqsəd təkcə təhsildə yüksək nəticələr deyil, onların vətənpərvərlik duyğuları da yüksək olmalıdır. İstənilən halda bizim yeniyetmələr, şagirdlər müstəqil həyata atılanda, ölkəmizi xarici ölkələrdə təmsil edəndə yüksək vətənpərvərlik duyğuları nümayiş etdirməlidirlər. Onların vətənpərvərliyi yüksək səviyyədə olmalıdır ki, vətəni də layiqincə təmsil edə bilsinlər. Bunun üçün məktəblərdə bir çox tədbirlər həyata keçirilir. 20 yanvar, 26 fevral, 31 mart faciələrinin anım günündə tədbirlər təşkil olunur. Ümumtəhsil məktəblərimizdə “Ana dilimiz-Yurdumuz” mövzusunda açıq dərslər tədris olunur. Ana dilimizin mükəmməl şəkildə öyrənilməsi, şagirdlərə sevdirilməsi vətənpərvərlik tərbiyəsinin ayrılmaz hissəsidir. Ana dili millətimizin pasportudur, müstəqilliyimizin əsas atributlarından biridir. Biz gərək uşaqlara ana dilimizi sevdirək. Ana dili yoxdursa, sevilmirsə, o ölkənin müstəqilliyi də təhlükədədir. Təhsil işçiləri ümumtəhsil məktəblərinin 3 pilləsi üzrə:həm ibtidai, həm orta, həm də tam orta məktəb təhsili üzrə vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm rol oynayırlar. Şagirdlərin, öncəliklə də oğlan şagirdlərinin qarşısında məqsəd qoyulmalıdır: sən sabah gedib xalqına, vətəninə xidmət etməlisən. İstər oğlan, istər qız olsun, onlara ana vətən anlayışını başa salmalıyıq. 25 ildir müstəqilik, torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal olunmuş torpaqlarımızın adlarını hər dəfə sadalamaq nə qədər xoş olmasa da, biz hər dəfə bunu şagirdlərə xatırladırıq. Torpaqlarımız düşmən tapdağı altındadır, o torpaqları azad etmək bizim borcumuzdur. Şagirdlər tariximizi mükəmməl bilməlidirlər. Eyni zamanda milli qəhrəmanlarımız haqqında kifayət qədər bilgili olmalıdırlar. Təkcə milli qəhrəmanları yox, Birinci Qarabağ savaşında iştirak etmiş, şücaətlər göstərmiş bütün insanlar tanımalı, onlara sayğı ilə yanaşmalıdırlar. Hətta ikinci dünya savaşında iştirak etmiş, qəhrəmanlıqlar göstərmiş azərbaycanlları tanıtmalı, şagirdlərə sevdirməliyik. Qoy onların kumiri qəhrəman insanlar, vətən uğrunda savaşmış, sağlamlığını qurban vermiş, həyatını itirmiş döyüşçülər olsun. Qəhrəman insanları tanıtmaq üçün dərs ilinin əvvəlində siniflərdə inşalar yazdırmaq olar.
-Medianın, ictimai sektorun məktəblilərin
vətənpərvərlik tərbiyəsində rolunu necə qiymətləndirirsiniz?
- Tərbiyə işi komleks aparılmalıdır. Sözsüz
ki, şagirdlərin hərbi vətənpərvərlik
tərbiyəsində təkcə məktəb rol oynaya bilməz. Şagird ailədən gəlir, mətbuatın,
sosial medianın təsirinə məruz
qalır. Təbii ki, onların tərbiyəsinin
formalaşmasında medianın, ictimai
qurumların da rolu var. Çox təəssüf
ki, indi bəzi telekanallarda şou
proqramların sayı çoxdur. Bu verilişlər
cəmiyyətdə, şəxsiyyət kimi
formalaşmaqda olan
şagirdlərdə mənfi meyllər yarada
bilir. Doğrudur, media müstəqildir və sahibkarlıq subyektidir. Onlar bazar iqtisadiyyatı şəraitində gəlir
əldə etməyi düşünürlər, bu da təbiidir. Ancaq unutmamalılyıq ki,
hər kəs cəmiyyətdə baş
verən proseslərə məsuldur. Xüsusən ictimai rəyə təsir gücü
olan qurumlar. Uşaqlar bizim gələcəyimizdir,
onlar birlikdə tərbiyə etməliyik.
Şou proqramı hazırlayan da valideyndir,
qardaşdır, bacıdır. Onlar gərək
hazırlanan verilişin gənclərə
təsirini hesablaya bilsinlər. Biz övladlarımız elə tərbiyə
etməliyik ki, sabah əziyyətini
çəkməyək. Azərbaycan haqsızlığıa
məruz qalmış ölkədir. Torpaqlarımızın
20 faizi işğal olunub. Ali baş
komandanımız, cənab prezident İlham Əliyevin dediyi kimi hər an müharibəyə
hazır olmalıyıq. Müharibəni təkcə ordu aparmır ki. Bütün cəmiyyət müharibənin
içində olur. Biz
müharibəyə, torpaqlarımızın müdafiəsi
işinə hazır cəsur gənclik yetişdirməliyik. Televizya məkanında hərbi vətənpərvərliyi
təbliğ edən proqramlar yox deyil. Azərbaycanı, vətənimizin
tarixini tanıdan, sevdirən verilişlər, intellektual
viktorinalar da var. Ancaq bu verilişlərin sayı
artırılmalıdır. Mətbuatda vətənpərvərlik
mövzusunda araşdırma yazılarının
çoxalmalıdır. Hərbi vətənpərvərlik tərbiyəsi
boğazdan yuxarı olmamalı, saxta rəqəmlərə əsaslanmamalıdır.
Bu xalqın gerçək qəhrəmanları var və
onların həyatı, fəalliyyəti, döyüş
yolu, göstərdiyi şücaətlər öyrənilməli,
təbliğ olunmalıdır. Yeniyetməyə o
çatdırılmalıdır ki, vətən uğrunda həyatını
itirmiş insanların əsas məqsədi ana vətənin,
xalqın namusunu qorumaq idi. Onların başqa bir maddi
marağı yox idi. Ordu haqqında, müharibə haqqında
mənfi təsirli yazılara yer verilməməlidir. Son
zamanlar Qarabağ müharibəsi mövzusunda, tarixi qəhrəmanlarımızla
bağlı filmlərin sayı çoxalıb. Bu filmlərin
şagirdləri vətənpərvərlik tərbiyəsinə
böyük təsiri var. 60, 70, 80-ci illərdə gənc nəslin
tərbiyəsinə Babək, Koroğlu, Mehdi Hüseynzadə,
Həzi Aslanov haqqında çəkilmiş filmlər
böyük təsir gücünə malik idi. Sevindici
haldır ki, müstəqillik dövründə də bu
cür filmlər çəkilib. Bu filmlərin sayını
artırmaq olar.
- Qarabağ müharibəsində
iştirak etmisiniz. Bəzən belə
fikirlər səslənir ki, Azərbaycan gənci
döyüşə bilmir, müharibə istəmir və s...
- Qətiyyən bu fikirlə razı deyiləm! Döyüşə
bilməyən xalqın 25 min şəhidi ola bilməz! Azərbaycan
gənci cəsurdur, döyüşkəndir, qəhrəmandır.
Qarabağ müharibəsinin mən şahidi olmuşam.
Silahlı Qüvvələrimizin paradı zamanı gənclərimizin
vətənpərvərliyi məndə böyük ümidlər
yaratdı. Vətənpərvərlik gənclərimizin
içindən gəlir, boğazdan yuxarı deyil. Dövlət
tərəfindən atılan addımların, məktəblərin
apardığı işlərin əhəmiyyəti var və
nəticələri görünür. Bununla belə məktəblər,
valideynlər özləri bu işi dayandırmamalıdır.
Vaxtaşırı məktəblilər Şəhidlər
Xiyabanına aparılmalı, onlara mənfur düşmənlərimiz
haqqında məlumat verilməlidir.
- İbtidai hərbi hazırlıq dərslərində hansı
yeni metodlardan istifadə olunur? Gənclərə
silahla davranış qaydaları öyrədilirmi?
- Hazırda müəyyən
məktəblərdə təlim xarakterli
silahlar öyrədilir. Elektron silah layihəsinin icrası nəzərdə
tutulur. Məktəblərin hərbi hissələrə
daşınması məsələsi gündəlikdədir.
Təhsil Nazirliyi ilə Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti arasında razılıq əldə olunub. Ola bilsin
ki, tədris ilinin sonuna qədər tanışlıq məqsədilə
yuxarı sinif şagirdlərinin hərbi hissələrə
aparılması həyata keçirilsin. Elektron silah layihəsi
də uğurlu ideyadır. Bu, şagirdlərdə silahla
davranış, atış vərdişləri
formalaşdıracaq. Bu, həm də təhlükəsizlik
baxımından yaxşıdı. Şagirdlər
nişanalmanın qaydalarını biləcəklər.
- Sovet dövründə yuxarı
sinif şagirdləri arasında “Üfiqdə parıltı”,
“Qartal balası” və
hərbi hazırlıq yarışları
keçirilirdi. İndi bu tipli yarışlar
keçirilirmi?
- “Cəsurlar” və
“Şahinlər” hərbi idman oyunları
keçirilir. 7-8-ci siniflərdə “Cəsurlar”,
10-11-ci siniflərdə “Şahinlər” hərbi idman
oyunları təşkil olunur. “Cəsurlar” da komanda da 5
oğlan, 2 qız, “Şahinlər”də komandanın təkibində
17 nəfər: 13 oğlan, 4 qız olur. Öncə
yarışların məktəbdaxili mərhələsi
başlanır, sonra rayon mərhələsi, sonra şəhər
və mayın 10-da respublika mərhələsi
keçirilirdi. “Cəsurlar” hərbi idman-turizm oyunları ləğv
edilib. İndi yalnız “Şahinlər” hərbi idman
oyunları keçirilir, ancaq komandanın say tərkibi dəyişdirilib,
indi 14 nəfər olmalıdır. İndi bu yarışlar
8-10-cu siniflərin şagirdləri arasında keçiriləcək.
Gələn tədris ilindən etibarən “Cəsurlar” hərbi
idman-turizm oyunlarının əvəzinə başqa
yarış keçiriləcək. Məktəblilər
arasında keçirilən daha bir maraqlı yarış
“Mahir nişançlar” devizi altında güllə
atıcılığı yarışlardır. Bu
yaxınlarda rayon mərhələsi yekunlaşdı. Yaxın
vaxtlarda şəhər və respublika mərhələsi
keçiriləcək. Rayon turniri Bakı şəhər Zaur
Məmmədov adına tam orta məktəbdə
keçirildi. 171 saylı məktəbin komandası 35 məktəb
arasında birinci yerə layiq görüldü.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 3 mart.- S.15.