“Gənclərimizin vətənpərvər ruhda

yetişdirilməsi bir nömrəli borcumuzdur

 

Rövşən Məmmədli: “Ziyalılarımız milli vətənpərvərlik

ruhunda tərbiyə edən əsərlər yazmalıdırlar”

 

Yeni Turan Partiyasının sədri Rövşən Məmmədlinin “OLAYLAR”-a müsahibəsi

 

-Rövşən bəy, sizcə bu gün Azərbaycan gənci həqiqi mənada vətənpərvərdimi?

-Suala cavab verməzdən öncə bildirim ki, gənclər həm də əvəzedicidir. Yəni yaşlı nəsil meydandan çəkildikcə tədricən gənclər onları əvəzləyirlər. Ona görə də gənclərimizin vətənpərvər, milli və bəşəri ruhda yetişdirilməsi bir nömrəli borcumuzdur. Bu günkü gənclik sabah Azərbaycanımızda ən mühüm postların sükanı arxasında əyləşəcəklər. Odur ki, onların yüksək səviyyədə hazırlanması, peşəkarlıqlarının artırılması, yönəltmələrinə uyğun elmi, təhsili yetərincə mənimsəmələri, həm fiziki həm də mənəvi cəhətdən sağlam olmaları, xalqımızın tarixən formalaşmış əxlaqi-mili dəyərlərinə sayğı ilə yanaşmaları, xalqımızın, dövlətçiliyimizin tarixini mütləq öyrənmələri, öz mədəniyyətimizlə eləcə də onun da bir parçası olduğu dünya mədəniyyəti ilə dərindən maraqlanmaları, mövcud dünya sivilizasiyasına sahib olmaları, ümumbəşəri düşüncəyə malik olmaları, ailə-məişət problemlərinin həllinə hazırlanmaları, hər şeydən oncə vətən sevgisini və milli hissi üstün tutmaları vacibdir. Təəssüflə bildirirəm ki, bugünkü gəncliyimizin vətənpərvərlik səviyyəsi qane edici deyildir. Buda gənclərimizdən çox cəmiyyətin günahıdır. Bu gün cəmiyyətdə mövcud olan hal və dəyərlər gənclərimizin hərtərəfli vətənpərvər ruhda böyüməsi, tərbiyələnməsinə yetərli deyildir. Gənclərimiz həyata göz açdıqları orta təhsil məktəblərində elə ilk mənfi hallarla qarşılaşırlar. Müəllimlərin müxtəlif bəhanələrlə onlardan, yaxud onların valideyinlərindən pul və hədiyyələr qəbul etməsi uşaqların yaddaşında möhkəm yer tutur. Daha sonra təhsilin səviyyəsi onların elmi biliklərə yiyələnmələrinə yetərli imkan yaratmır. Müəllimlərin kütləvi savadsızlığı və təhsildən kənar pullu dərs hazırlaşdırmalara meyilli olmaları uşaqların şüurlarının, dünya görüşlərinin, eləcə də vətənpərvərlik hisslərinin inkişafına olduqca mənfi təsir göstərir. Repreduktor üsulu ilə bilik qazanan uşaqların imtahan hazırlığı yaxşı olsa da onun kökü olmur və tələbə kimi universitetlərdə parta arxasında əyləşəndə Rep yolu ilə əzbərlədiklərinin onlara xeyri olmur və elmi dərindən mənimsəmək vərdişsizliyi özünü büruzə verir. Sonucda çətin duruma düşən tələbə gənclər təhsillərini davam etdirmək üçün yüngül üsullar axtarmağa, birtəhər universiteti başa vurmağa çalışırlar. Odur ki, təhsildəki keyfiyyətsizlik, müəllimlərin şəxsi maddi maraqlarını şagird və tələbələrin hesabına əsasən təmin etməyə çalışmaları gənclərimizin vətənpərvər ruhuna və bu ruhda hazırlanmalarına elə ilk başlanğıcda çox pis təsir edir. Həmçinin öz maddi maraqlarını cəmiyyətin vətənin, dövlətçiliyin maraqlarından qat-qat üstün tutan bir çox müəllimlərin özlərində vətənpərvərlik hissinin az olması birbaşa gənclərimizə də təsir edir. Çünki, gənclərimiz evdə valideynlərinin, məktəbdə isə müəllimlərinin təlim-tərbiyəsi altındadır. Bugünkü həyat şəraitimizdə, istər maddi, istərsə də mənəvi sahələrdə baş verən dağıdıcı yayımlar, fikir və digər hallar ailələrdən də yan ötmədiyi üçün gənclərimizin evdə valideynlərindən aldıqları tərbiyə və ideyalara da öz təsirini göstərir. Gənclər hələ həyata tam hazır olmadıqları halda internet və televiziya kanallarından təbliğ olunan bayağı verilişlərin, əndazədən çıxan yersiz seksual təbliğatların, əxlaqsızlığın, sərhədsiz, lazımlı-lazımsız, əsaslı və əsassız informasiya bolluğunun, porno görüntülərin müxtəlif üsul və vasitələrlə fərq edilmədən yayınlanması təbii ki, gənclərin əxlaqi-mənəvi dəyərlərini, eləcə də vətənpərvərlik hisslərinə dağıdıcı, korşaldıcı təsir göstərir. Bu cür keyfiyyətsiz və təmənnalı təhsil və qüsurlu tərbiyədən sonra cəmiyyətə atılan gənclik burada da bir çox mənfi hallarla rastlaşır. Əslində vətənpərvər olmaq elə həm də dövlətçiliyə qayğı və diqqət göstərmək deməkdir. Çünki, bu iki məfhum bir-birini tamamlayır. Güclü, humanist və ədalətli dövlətçilik ənənələri cəmiyyətdə vətənpərvər və hərtərəfli inkişaf etmiş gənclərin yetişməsi üçün stimuldur. Yüksək təhsil alıb cəmiyyətdə öz təhsilinə uyğun iş tapmayan gənclərimizdə çoxdur və bu hal da onların vətənpərvərlik hisslərinə zərərli təsir edir. Öz istək və ixtisasına uyğun işlə təmin olmayan gənclərimizin bir çoxu daha yaxşı cəmiyyət dalınca xarici dövlətlərə üz tuturlar. Gənclərimiz kimlərləsə öyünməyə, fərəhlənməyə, ona bənzəməyə, bu yöndə özlərinə ideal şəxsiyyətlər müəyyənləşdirməyə çətinlik çəkirlər. Cəmiyyətimizdə mütərəqqi və bəşəri dəyərlərlə zəngin ideyalar paylaşılması yox dərəcəsindədir. Biz gənclərimizin vətənpərvər olmasını istəyiiksə onda ilk növbədə ədalətli və qayğıkeş, yalnız qanunlarla və humanist düşüncələrlə tənizimlənən cəmiyyət formalaşdırmalıyıq. Bunun üçün hamı çalışmalıdır, vətəndaşlar da, məmurlar da. hakimlər də. İnsanlar bir-birinə qayğıkeş, mehriban və diiqqətli olmalı, bir-birinə sivil davranış nümayiş etdirməli, tarixən formalaşmış adət-ənənələrimizə, əzlaqi-mənəvi dəyərlərimizə hörmət və qayğı ilə yanaşmalı, cəmiyyət üçün zərərli olan əməllərdən uzaq olmalı, onların yayılmasına müqavimət göstərməlidirlər.

-Gənclərimizin milli şüur və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi üçün ilk növbədə nələri etmək lazımdır?

-Bu olduqca önəmli məsələ olduğu üçün üzərində daha ətraflı dayanmağa ehtiyac vardır. Gənclərimizdə tariximizə, kökümüzə, tarixən formalaşmış və bu günlə səsləşən adət-ənənəmizə, əxlaqi-mənəvi dəyərlərimizə uyğun milli şüurun formalaşdırılması, onların vətənsevərlik ruhunda tərbiyə olunması ən ümdə vəzifələrimizdən biri olmalıdır. Həmçinin bütün bunlar bəşəri duyğularla sıx əlaqəli şəkildə edilməlidir. Qərb dəyərlərinin inkişafa, təkamülə, gözəlliyə xidmət edənləri qəbul olunmalı, zərərli, bayağı olanlarından kənar durulmalıdır. Son 2-3 əsrdə dünyada kapitalizmin inkişafı ilə baş verən mütərəqqi hallardan, başqa güclü xalqdan asılı vəziyyətə düşdüyümüzdən yararlana bilməyərək, müəyyən qədər kölə vəziyyətinə düşməyimiz bir millət kimi tam formalaşmağımıza əngəl oldu. İnsanlıq tarixinin ən qədim qatlarında izimiz olmasına, bəşəriyyətə güclü mədəniyyət, dövlətçilik ənənələri, çoxsaylı dahi mütəfəkkür şəxslər bəxş etsək də, zəngin tarixə, adət-ənənəyə malik olsaq da həlledici vaxtlarda özgələrdən asılı vəziyyətə düşməyimiz millət kimi tam formalaşmağımıza imkan vermədi. Ancaq saf əxlaqımız, möhkəm kökümüz, zəngin adət-ənənəmiz, böyük ənənələrlə seçilən tariximiz, əzm və dözümlü olmağımız bizi qoruyub saxladı. Yuxarıda qeyd etdiyimiz kimi bu gün mövcud ədalətsiz cəmiyyətimizin vətənpərvərlik hisslərimizin nisbətən korşalmasına səbəb olmasına baxmayaraq, xalqımızın, eləcə də gənclərimizin şüuraltında vətən hissi olduqca güclüdür. Bu genetik kod nəsildən nəsilə ötürülür. Bunu ötən əsrin sonlarında biz bütün dünyaya nümayiş etdirdik. Biz bir xalq olaraq vətənimizlə bağlı yaranan hər bir təhlükədə instikt hissi ilə dərhal bir araya gələ və təhlükəni aradan qaldıra bilirik. Torpaqlarımıza təcavüz etmiş rus-erməni qüvvələrinə göstərdiyimiz müqavimət bunu təsdiq etməkdə yetərlidir. Bu gün də Qarabağ problemi bütün xalqımızı birləşdirir. İgid oğullarımız Mübariz İbrahimovun, Ramil Səfərovun və başqalarının əməlləri gənclərimizin qürur və öyünmə, özünəgüvən və inam mənbəyidir. Cəmiyyətimiz zərərli vərdişlərdən, ruhu çökürdən ideya və adətlərdən təmizlənməlidir. İnsanlara yeni ruh verən. onları irəliyə aparan, vətənə sevgi hissi yaradan ideyalar verilməlidir. Xaricdən hazırlanıb ötürülən və bizim kökümüzə, adət-ənənəmizə zidd olan, onları məhv edən zərərli ideologiyalar müqavimətsiz olaraq daxilimizdə yayılmaqdadır. Bu gün ölkəmizdə heç də bizə və bəşəriyyətə xidmət etməyən çoxlu dini və digər zərərli ədəbiyyat və ideologiyalar yayılmaqdadır. Bunların qarşısı qətiyyətlə alınmalıdır. Bunların sonucu olaraq ölkəmizdə cinayət halları artmaqda, narkomaniya sürətlə yayılmaqdadır. Sonucda adət-ənənələrimiz, əxlaqi-mənəvi dəyərlərimiz məhvə doğru sürüklənir. Bugünkü, boşanmaların sayı 20-30 il öncəkindən 10 dəfələrlə artmış, sanki ailə institutunu çökdürmək xətti yeridilməkdədir. Ən əsası isə Qarabağ məsələmizin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tezliklə həlli və bu sahədə gənclərimizin hərbi vətənpərvərlik hazırlığını ardıcıl olaraq artırmaq lazımdır. Hər bir Azərbaycan gənci öz ölkəsinin tarixini dərindən örgənməli onunla qürur duymalıdır. Ziyalılarımız xırda şəxsi maraqlarını bir kənara qoyub, xalqımızın. ölkımizin böyük maraqlarına xidmət etməli, problemləri işıqlandırmalı, həlli yollarını göstərməli, gənclərimizi milli vətənpərvərlik ruhunda tərbiyə edən əsərlər yazmalı, sənət əsərləri yaratmalıdırlar.

-Gənclərin mülli şüurunun inkişaf etdirilməsi üçün ilk növbədə nə etmək lazımdır? Bu istiqamətdə televiziya kanallarının rolu nə dərəcədədir və telekanallar maarifləndirici tədbirlərini bir qədərdə artırmalıdırlarmı?

-Bu sahədə əsaslı dəyişikliyə böyük ehtiyac var. Televiziya qədər bu gün insanları bir araya gətirən və təbliğat aparmaq sahəsində geniş imkanlı heç bir vasitə yoxdur. Televiziyalar hər an, hər saat evlərə, mənzillərə daxil olur və milyonların izləmə obyektinə çevrilir. Odur ki, Azərbaycan televiziyası öz səviyyəsiz verilişlərindən, ayrı-ayrı cılız maraqların təbliğindən uzaqlaşmalı, öz fəaliyyətində köklü dəyişikliklər etməklə səviyyəli verilişlər təşkil etməlidir. Kanallardakı savadsız və özündən razı bir çox aparıcılar oradan uzaqlaşdırılmalı, xalqımızı, eləcə də gənclərimizi milli.vətənpərvərlik ruhunda tərbiyə edən verilişlərə üstünlük verməlidirlər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 4 mart.- S.15.