Öz kökünə bağlılıq

vətənpərvərliyin əsas meyarıdır

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşmainteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli kimlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının özünüidentifikasiyası başa süşülür. Azərbaycanda bu funksiyanı məhz Azərbaycançılıq ideyası tamamlayır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasınının milli dövlətçilik ideologiyası özündə Azərbaycan xalqının milli birliyini, azərbaycan (türk) dilinin, milli adət və ənənələrinin, milli dəyərlərinin qorunub saxlanması, mənəvi (islam) dəyərlərinin kənar təsirlərdən qorunaraq Azərbaycan xalqının qəbul etdiyi şəkildə saxlanması və təbliği, bunların əsasında müasir tipli dövlət quruculuğu və sürətli inkişafı özündə ehtiva edir. Maraqlıdır bəs milli kimliyin formalaşması hansı prinsiplərə əsaslanır?

 

Əvvala qeyd edək ki, Azərbaycan Respublikasınının vətəndaşları, xaricdə yaşayan Azərbaycan Respublikasınının vətəndaşları, Azərbaycan Respublikası ilə mədəni, etnik, milli, ərazi bağlılığı olan, özünü azərbaycanlı hesab edən şəxslərdir. Dövlət öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir ki, onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş və s. istiqamətində kompleks tədbirlər sistemini əhatə edən siyasətdən ibarətdir. Bununla paralel olaraq mənəvi dəyərlərin qorunması siyasəti yürüdülür ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, radikal meyillərin təbliğat yolu ilə aradan qaldırılması, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib. O ki, qaldı milli kimliyin formalaşması məsələsinə, bu proses bir sıra prinsiplərə əsaslanır. Bunlar milli kimliyin milli dövlətçilik ideologiyası üzərində qurulması və dövlətçiliyə xidmət etməsi; milli kimliyi formalaşdırarkən tarixi inkişafın nəzərə alınması; milli kimliyin milli və mənəvi dəyərlərin qorunması ilə müasir dövlət quruculuğunun sintezi və balanslaşdırılması üzərində qurulması; müasirləşmənin əxlaqi sferaya, milli-mənəvi dəyərlərə toxunmaması milli kimliyin formalaşmasında bütövlükdə Azərbaycan cəmiyyəti, bir azərbaycanlı fərdi, ailəsi üçün həssas olan Qarabağ amilindən, onun azad edilməsi istiqamətində milli həmrəylikdən istifadə edilməsi kimi özünü təsdiq etmiş prinsiplərdən ibarətdir.

   Mütəxəssislərin qənaətincə, gənclər arasında milli kimliyin formalaşdırılması, qorunub saxlanması və gələcək nəslə ötürülməsi üçün ilk növbədə Azərbaycan dilinin qloballaşmasına nail olmağa ehtiyac var. Fikirlərini onunla əsaslandırırlar ki, müxtəlif elm sahələri ilə məşğul olan alimlərin əsərlərini təhlil edəndə, eyni zamanda adi həyat tərzi milli kimlik məsələsində dil amilinin əsas olduğunu üzə çıxarır. Azərbaycan dövlətində dil amili toplumu sıxışdıran, ayrı-seçkilik salan deyil, əksinə, birləşdirən, bütövləşdirən faktordur. Hələ qədim və orta əsrlərdə, xüsusi ilə XIX-XX əsrlərdə inkişaf edən dil faktorunun müasir dövrün tələblərinə uyğun olaraq rövnəqləndirilməsinə ehtiyac duyulur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan dilininin inkişafı ilə bağlı fərman və sərəncamları bunun üçün ciddi əsaslardır. Bu rəsmi sənədlərin həm dövlət səviyyəsində, həm də yerli səviyyədə həyata keçirilməsi istiqamətində işləri genişləndirməyə ehtiyac var. Burada yazılı və elektron mətbuatda, mobil rabitə, internetdə Azərbaycan dilininin tətbiqi məsələləri xüsusi önəm daşıyır. Nəzərə alsaq ki, Azərbaycan türk dili Türkiyə türkcəsi ilə müqayisədə daha geniş arealı əhatə edir, türk dilləri içərisində daha başadüşüləndir, onda bu üstünlüyü internet, televiziyas. vasitələrlə daha geniş areala yaymaq imkanından istifadə etmək lazımdır. Ekspertlər hesab edirlər ki, Azərbaycanın peyk yayımı imkanlarının genişlənməsi gənclər tərəfindən bu ideyaların həyata keçirilməsində əlavə imkanlar yaradır. Məsələn, peykimizin imkanlarından istifadə edib doğma dilimizdə materialların hazırlanıb yayılması ən azından Anadolu əhalisinin öz doğma dilində- Azərbaycan türkcəsində danışmasına böyük imkan yarana bilər. Bunun üçün gənc mütəxəssislər tərəfindən yüksək keyfiyyətli serialların, kinofilmlərin, verilişlərin, internet portallarının yaradılması əsas şərtlərdəndir. Azərbaycan dilində beynəlxalq olimpiadaların, müsabiqələrin keçirilməsi də mümkündür. Orta Asiya türk xalqlarının, Türkiyə türkcəsində müəyyən çoxişlənən sözlərin leksikonumuza daxil edilməsi də Azərbaycan dilinini yayılma arealını genişləndirə bilər. Bir sözlə, Azərbaycan türk dilinin qloballaşan dünyada qlobal mahiyyət daşıması üçün məqsədyönlü işlər görmək vacibdir. Məhz bu kimi düşünülmüş, tarixən özünü təsdiq etmiş, eləcə də müasir proseslərə uyğunlaşdırılmış milli kimlik siyasətinin həyata keçirilməsində gənclərin üzərinə böyük məsuliyyət düşür.

   Sirr deyil ki, müasir qloballaşma şəraitində milli kimliyin inkişafında din faktoru da əsas rol oynayır. Belə ki, hazırda etnik-dini təmələ əsaslanan kimliklərin rolu artır. Milli dövlətlər yeni dünya düzəninin yarandığı bir dövrdə qlobal söz sahibi olan hegemoniya ilə üzləşməkdədir. Dövlət içində yerli yönətimlər, alt kimliklər bu qlobal hegemoniyanın dəstəyi ilə güclənməkdədir. Bu baxımdan, yeni dövrdə gənc yazarların, sənətçilərin, sosioloq, etnoqraf, kompüter proqramçılarının milli kimlik şüuru yaratmaq, mədəni kimliyi inkişaf etdirmək sahəsində ciddi işlər görməsi vacibdir. Təsadüfi deyil ki, tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik kimi hisslər önəmli rol oynayır. Odur ki, gənclər arasında bu xüsusiyyətlərin formalaşdırılması nəticə etibarilə vətənpərvərlik hissinin inkişafına gətirib çıxarır. Nəticədə vicdanı olan hər bir gənc doğulduğu torpağın qədrini bilməyı özünə mənəvi borc hesab edir. Gənclərin milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində millət, xalqetnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. Gənclərin vətənpərvər ruhda böyüməsi üçün mənəviyyat məsələsi də mühüm əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəb onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Məhz gənclərin də Azərbaycan xalqının qaymaqlarından yararlanaraq nəinki özlərini vətənpərvər ruhda tərbiyə etməli, həmçinin bu ideyanın təbliğatçısına çevrilməlidirlər. Gənclik dərk etməlidirlər ki, Azərbaycan xalqı ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları bahasına qoruyub. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət dərsi almalı, Vətəni qotumağı özlərinə şərəf hesab etməlidir. Etiraf edilməlidir ki, hazırda Azərbaycanda kifayət qədər vətənpərvər gənclər yetişib ki, onlar ölkəmizi layiqincə təmsil edirlər. Bu gün Azərbaycan Respublikasının bayrağını müxtəlif beynəlxalq turnirlərdə dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq salnaməsini davam etdirənlərdir. Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və Vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın rolu böyükdür. Nəzərə almaq lazımdır ki, gənclərin milli mənlik şüurunun inkişafı ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Təcrübə göstərir ki, milli mənlik şüuru və vətənpərvərlik hissləri bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli rol oynayır. Öz kökünə bağlı olan meyarlar Vətəninin, xalqının tarixini dərindən bilməyi, öz soykökünə bağlılığı özündə birləşdirir. Müşahidələr göstərir ki, gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması əsas amillərdəndir. Bu mövqenin formalaşması isə ümumilikdə cəmiyyətin vəzifələrindən hesab olunur.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 4 mart.- S.12.