Vətənpərvərlik və milli mənlik şüuru
Azərbaycançılıq
ideologiyası dildə, dində, əxlaqda, mənəviyyatda,
mənəvi mədəniyyətin bütün
sahələrində istiqamətləndirici məfkurə
olmalıdır
Gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi müharibə şəraitində
yaşayan ölkəmiz üçün çox önəmlidir.
Bu məsələ həmişə aktual olmalı və hər
bir zümrəni əhatə etməlidir.
Milli mənlik və vətənpərvərlik
şüuru ailədən başlayıb, məktəbdə
davam etdirilir. Tərbiyə və tədrislə bu sahədə
inkişafa nail olmaq mümkündür. Hər bir insanın mənəvi
həyatı onun ailəsində aldığı tərbiyə
ilə ölçülür. Yeni nəslin milli və mənəvi
cəhətdən böyüməsində təhsilin də
rolu böyükdür. Şübhəsiz ki, uşaqların
milli və mənəvi ruhda böyümələri
üçün həm valideynlərin, həm də təhsil
müəssisələrinin üzərinə böyük
yük düşür. Əsası və özülü
olan hər bir xalqın özünəməxsus ənənə
və dəyərləri var. Milli ənənələr və
dəyərlər dövlətin milli ideologiyasını təşkil
edir. Milli ideologiya milli-mənəvi dəyərlər
sisteminin əsas potensialının real siyasi məqsədlər
naminə səfərbər edilməsidir ki, dövlət də
bu əsasa söykənərsə, onun varlığı daha
da dayanıqlı olar. Məhz bu zaman dövlət ən
çətin situasiyalardan asanlıqla çıxaraq istənilən
uğurlara imza ata bilər. Məlum olduğu kimi milli
ideologiyanın əsas tərkib hissəsində azərbaycançılıq
dayanır. Azərbaycançılıq ideologiyası isə
dildə, dində, əxlaqda, mənəviyyatda, bir sözlə
mənəvi mədəniyyətin bütün sahələrində
istiqamətləndirici məfkurə olmalıdır.
Keçmişimizdən bu günə miras qalmış mənəvi
dəyərlər də xalqımızın milli
mövcudluğunun və dövlətçiliyinin qarantına
çevrilməlidir. Məhz bu amili götürsək, hər
bir Azərbaycan vətəndaşı öz vətəni,
torpağı, xalqı, milli-mənəvi dəyərlərilə
qürur duymalı, hər zaman harada olmasından asılı
olmayaraq, onu yaşatmalıdır. Bu səbəbdən də
gənclərimizi milli-mənəvi dəyərlərimizə
hörmət ruhunda tərbiyə etmək əsas vəzifəmiz
olmalıdır. Məsələ barədə jurnalistlərin
fikirlərini də öyrəndik. Bu sahədə təhsil
işçilərinə, jurnalistlərə bu məsələdə
böyük yük və məsuliyyət düşür. Hər
iki təbəqənin nümayəndələrinin əlində
kütləni yönləndirmək və formalaşdırmaq
üçün böyük imkanlar var. Vaxt ötürmədən
bu imkanlardan düzgün və səmərəli istifadə
olunmalıdır. Xüsusilə orta məktəblərdə
İslam dininin tədris olunması qloballaşmanın gətirdiyi
mənfi tendensiya olan kütləvi mədəniyyətin
yayılmasına qarşı böyük dirəniş ola bilər.
Qlobllaşmadan kənara qaçmaqdansa bu prosesdə aktiv rol
almağın önəmli olacağını bildiririk. Sadəcə
olaraq bizlər bir toplum olaraq burada Türk-İslam ideoloji
prinsipi çərçivəsində, milli şüura
sahiblənməklə iştirak edə bilərik. Belə
iştirak bizi öz keçmişimizdən,
soy-kökümüzdən, mənəvi dəyərlərimizdən
ayırmaz, eyni zamanda dünyanın mütərəqqi
inkişaf tendensiyalarını da mənimsəyə
yardımçı ola bilər. Milli şüur milli
varlığı, milli müəyyənliyi səciyyələndirməklə
millətə və xalqa aid əlamət və keyfiyyətləri
özündə əks etdirir. Millətə aid bir çox
keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq,
milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri
kimi çıxış edir. Milli psixologiya, həyat tərzi,
adət və ənənələr, milli qürur milli
şüurda anlayış və kateqoriyalar şəklində
təzahür edir. Milli şüurun
daşıyıcıları təkcə elm adamları deyil.
Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər
bir şəxs milli mənlik şüurunun
daşıyıcısıdır. İnsan mənsub olduğu
milli gerçəkliyin ayrı- ayrı əlamətlərini
öz şüurunda əks etdirməklə yanaşı,
onlarda bir sevinc və fərəh də duyur, özünün
milli mənsubiyyəti, tarixi keçmişi və
soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli
mütəfəkkir və tarixi şəxsiyyətləri,
müxtəlif milli atributlar insanın mənəvi aləminə
daxil olub onun milli şüurunun formalaşmasına şərait
yaradır. Milli mənlik şüuru vəzifəsindən, tutduğu
mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşında
olmalıdır.
“Milli könüllülük qiyamətə
qədər
yaşayacaq dəyərdir”
Coşqun İsmayılov: “Atatürk deyirdi ki, “Bu məmləkət dünyanın gözləmədiyi, ümid etmədiyi bir vaxtda ali milli kimliyinin yüksəlişiylə səhnəyə çıxdı. Bu səhnə 7 min illik bir türk beşiyidir. Beşik təbiətin küləkləriylə yelləndi. Beşiyin içindəki uşaq təbiətin yağışlarıyla yuyundu. O uşaq təbiətin ildırımlarından, qasırğalarından əvvəlcə qorxdu. Sonra onlara öyrəşdi. Onları təbiətin atası tanıdı, onların övladı dünyaya gəldi. Bir gün o təbiət uşağı, sonra təbiət oldu, şimşək, ildırım, günəş oldu; Türk oldu. Türk budur: İldırımdır, Qasırğadır, dünyanı işıqlandıran Günəşdir”. Yəni ki, insan öz milli kökənini unutmamaqla, onu daim yaddaşında saxlamaqla milli vətənpərvərlik və milli mənlik şüuruna sahib ola bilər. Bunsuz mümkün deyil. Ümumbəşər və qloballığı özündə birləşdirən türklük milli şüuru Azərbaycanı dünya səhnəsində göstərən aynadır. Milli kimliyini itirmədən, universal şəxsiyyətə sahib olmaq milli şüuru qoruyub saxlamaq iradəsinin göstəricisidir. Qlobal avropalaşmaq və amerikalaşmaq mövqeyini təbliğatını aparan qruplaşmalar degenrativ məntiqlə qloballaşmanı gerçəkləşdirəcəklərinə inanırlar. Lakin Vətən üçün milli könüllülük – millətin qəlbində qiyamətə qədər yaşayacaq bir özləm kimi varlığını davam etdirəcək bir dəyərdir. Şəxsinə “Biz türklər” xitabı ilə başqa mədəniyyətlərlə ünsiyyət qurmağı bacaran və öz sivilizasiyasına heyranlıq hiss edən vətəndaşlar həmişə öz milli kimlik ləyaqətini müdafiə edəcəklər. Bu istiqamət gənclər siyasətinin ən strateji bölməsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gördüyü ilk iş məhz gənclərlə bağlı islahatların həyata keçirilməsi oldu. 1994-cü ilin iyul ayında ümummilli liderin imzaladığı sərəncamla Gənclər və İdman Nazirliyinin yaradılması, hər il müntəzəm olaraq Gənclər Forumunun keçirilməsi, Gənclər Gününün təsis edilməsi və s. buna əyani sübutdur. Bunlar çox vacib məqamlardır. Hesab edirəm ki, bu islahatların hər birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub. Bu siyasətin davamı olaraq cənab Prezident İlham Əliyev tərəfindən kifayət qədər, mən deyərdim ki, dünya üçün bir model ola biləcək islahatlar həyata keçirildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm Fondu, Bilik Fondu təsis edildi. Bütün yaradılan bu imkanların qayəsində milli mənlik şüurunun inkişaf etdirilməsi dayanırdı. Bu istiqamətdə verilən layihələr birmənalı şəkildə dəstəklənir”.
“Telekanallar
milli qəhrəmanlar
haqqında ekran əsərləri hazırlasınlar”
Nigar Məhərrəm: “Məncə bu gün gənc nəsil, istərsə də də yeniyetmələr üçün daha çox televiziya və məktəblər tərbiyəvi rol oynayır. Amma təəssüflər olsun ki, bu gün gənclərin tərbiyəsi, milli ruhda böyüməsi üçün azsaylı verilişlər, ekran əsərləri var. Yaxşı olardı ki, telekanallar milli qəhrəmanlar haqda ekran əsərləri hazırlasınlar, kütləvi halda. Kiminsə ailə-məişət qayğıları deyil, yeni nəslin necə yetişməsi üçün müəyyən proqramlar, layihələr işlənsin. Amma deməzdim ki, bu gün vətənpərvərlik hissləri yetərincə təbliğ olunmur. Hər şeyə nəzəri aspektdən yanaşmaq lazım deyil. Məsələn, müharibənin acısını canlandırmaq üçün məktəblilər, bağça uşaqları arsında da müəllimlər nəsə hazırlaya bilərlər. Onu deyə bilərəm ki, ümumiyyətlə hər şey məktəbdən, televiziyada, kitabdan, öyrəndiyi savaddan asılıdır. Uşaqlar çayxanaya, internet klublara gedənədək valideynlər, eləcə də müəllimləri onlara maraqlı disklər və izlətməli, maraqlı kitablar oxumağı tövsiyə etməldir. Əlbəttə, bunun üçün gərək, vətənpərvərlik ruhunda, adamın ruhuna yata biləcək kitablar yazılsın. Məsələn, elə kitablar var ki, əlinə ilk cümləsindən ürəyin sıxılır. Bunun üçün də peşəkar kadrlar hazırlanmalıdır, onları müəyyən maraqlı təlimlərə də aparmaq olar. Yəni bu iş təşkil olunursa, iş xatirinə təşkil olunmamaldır. İşini sevən biri bu işi görsün, elə nümunəvi hərbçilər də bu işə cəlb oluna bilər”.
“Hamımız azərbaycanlıyıq”
Rüfət Soltan: “Belə izah etmək olar ki, bu məsələnin əlifbası ailədən başlayır. Daha sonra təhsil müəssisələrində verilən tərbiyə, təhsil, o cümlədən cəmiyyət içində aşılanan tərbiyə formalaşmaqda olan gənc nəslin mənəviyyatına bilavasitə təsir göstərir. Həyatın özü elə məktəbdi. Belə düşünürəm ki, elm öyrənmək məzmunundan asılı olmayaraq, insana vacibdir. Lakin sırf vətənpərvərlik duyğularının bir gəncdə əks olunmasının şahidi olmaq istəyiriksə, başlıca olaraq onların tarix elmində hali olması yetərlidir. Təbii ki, bu nəzəriyyədir, işin gedişatı da bununla bitmir. Sonrakı yaş dövründə hərbi qulluq aparan gənc heyətimiz əsgər qismində müdafiə əzmini düzgün nümayiş etdirir. Sonda onu qeyd edə bilərəm ki, milli mənlik şüuru və vətənpərvərlik hisslərinin formalaşması üçün insan duyğularına təmas edən faktlardan istifadə etmək lazımdır. Xocalı, 20 yanvar, Qarabağ qətliamları tarixi faktlarla sübut olunmuş hadisələrdir. Arxivdə qalan materiallar xalqımızın heç də separatçı deyil, birlik nümayiş etdirən bir nümunə olduğunu göstərib. Hamımız azərbaycanlıyıq və hər birimizin milli mənəvi dəyərəri əks etdirən şüurumuz və davranışımız olmalıdır. Yaşlı nəsil gənclərə, gənclər isə özlərinə nümunə olmalıdırlar”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 5 mart.-
S.15.