Vətənpərvərlik gənclərdə
qəhrəmanlıq
və məğlubedilməzlık hissi yaradır
Azərbaycan
xalqı gələcəyimiz olan gənc
nəslin Vətənə məhəbbət, xalqa
elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə
sədaqət ruhunda tərbiyə
olunmasına həmişə böyük
məsuliyyətlə yanaşmış və ona
həyati əhəmiyyətli
məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda
fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık
hissi yaradır, apardığı
mübarizədə onda inam
hissini gücləndirir.
Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik – daxili hisdən formalaşan Vətənə olan ülvi məhəbbətdir. Əgər bu hiss insanın daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməz. Məsələ orasındadır ki, vətənpərvərlik sözlə, danışıqla hasil olmur, bu hiss əməldə özünü büruzə verməlidir. Yəni, vətənpərvərəm deməklə iş bitmir, hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə vətənə, millətə xidmət etməyi birləşdirirsə, bunların zirvəsində Vətən üçün ölümə hazır olmaq dayanır. Bu, vətənpərvərliyin ən uca və ali formasıdır. Bəşər övladı Vətənə xidmət etməyin bundan uca zirvəsini kəşf etməmişdir.
Etiraf etmək yerinə düşər ki, vətənpərvərlik məsələsi Azərbaycan cəmiyyətində daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Çünki Azərbaycan insanı dərk edir ki, millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməlini təşkil edir. Ekspertlər hesab edirlər ki, bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür. Bu mənada sirr deyil ki, Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən belə çəkinməmişlər. Bu igid Vətən övladları doğma yurd naminə canlarından keçməklə əsl vətənpərvərlik nümunəsi göstərmiş, şərəfli bir iz qoyub getmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər. Fəhlə öz vətənpərvərliyini yaxşı işləməklə, alim maraqlı elmi kəşfləri ilə izah edirsə, müasir gənclərimiz doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməkdə görürlər. Milli vətənpərvərlik hissinin məzmununu doğma Vətənə məhəbbət, onun tarixi keçmişi, adət-ənənələri ilə fəxr etrmək, Vətənin, millətin mənafeyini öz mənafeyi kimi dərk etmək və onun müdafiəsinə hər an hazır olmaq təşkil edir. Nəzərə almaq lazımdır ki, gənclərdə məhz bu kimi xüsusiyyətlərin formalaşması prosesi məktəbdən başlanır. Ailədə formalaşan ilkin vətənpərvərlik hissi məktədə daha da möhkəmlənir, inkişaf edir. Təsadüfi deyil ki, xalqımızın dahi oğlu, böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev təhsilin, müəllimlərin ən mühüm vəzifələrindən birini böyüməkdə olan nəslin vətənpərvər ruhda yetişdirilməsində görürdü. Böyük öndər hələ müstəqil Azərbaycanımızda hakimiyyətə gəldiyi ilk illərdə paytaxtın təhsil işçiləri ilə keçirdiyi görüşlərin birində gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməyi təhsil işçilərinə, müəllimlərə tövsiyə edirdi.
Bu gün isə gənclərin vətənpərvərlik tərbiyəsi xüsusilə aktuallıq kəsb edir. Çünki iyirmi ilə yaxındır əzəli düşmənimiz olan ermənilər torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş, bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşmüşdür. Hazırda da nankor düşmənlə üz-üzəyik. Buna görə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin başlıca vəzifəsinə çevrilmişdir. Hər bir gənc dərk etməlidir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda inam hissini gücləndirir, onu qələbəyə ruhlandırır. Xalqımızın qədim və çağdaş tarixi güclü vətənpərvərlik hissinin doğurduğu qəhrəmanlıq nümunələri ilə zəngindir. Məhz həmin qəhrəmanların şəxsi nümunəsi əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Yaxın keşmişə nəzər salsaq, birinci Qarabağ müharibəsində mənfur düşmənlə ölüm-dirim savaşında Vətən uğrunda qəhrəmancasına həlak olmuş neçə-neçə oğul və qızlarımız var. Mübariz İbrahimov, Ramil Səfərov, Salatın Əsgərova, kimi yüzlərlə qəhrəman oğul və qızlarımızın ibrətamiz həyatı bugünkü nəsil üçün örnək kimi qəbul edilməlidir. Odur ki, gənclər Vətəni sevməklə yanaşı, onun üçün canını, qanını fəda etməyə hazır olmalıdır. Çünki Vətən bizim ən müqəddəs yerimiz, səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılır. Bu, tarixən belə olub. Azərbaycan xalqının igid oğullarından Cavanşirin, Babəkin, Koroğlunun yadelli işğalçılara qarşı mübarizəsi vətənə məhəbbətin, yurd sevgisinin bariz nümunəsidir. Qarabağ uğrunda gedən döyüşlər də vətənin bütövlüyü naminə aparılıb. Vətənin bir hissəsi olan Qarabağ üçün canını fəda edənlər də bu vətənin övladları idi. Onlar bu qanlı döyüşlərdə iştirak etməklə, sübut etdilər ki, vətən yolunda canlarını qurban verməyə, onun uğrunda ölümə getməyə hazırdırlar. Bununla onlar sübut etdilər ki, vətən varsa, yaşamaq da var. Üzərində gəzdiyin, suyunu içdiyin və çörəyini yediyin vətəni sevirsənsə, deməli, torpağı sevirsən. Bir sözlə, gənclər dərk etməlidir ki, vətənə məhəbbət xalqa, torpağa məhəbbətin təməlində durur.
Mütəxəssislərin qənaətincə, gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması üçün onlara aşılanmalıdır ki, canımızdan əziz olan vətənimiz şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edib. Tariximiz sübut edib ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Həmin gənclər indiki və gələcək nəsil üçün bir örnək, bir nümunədir. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir.
Həmçinin gənclər anlamalıdır ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən və digər amillərdən asılıdır. Çünki dövlətin gələcəyi onun gəncliyinin çiyni üzərində qurulur. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin məsuliyyətli məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada, gənclərin çiyinlərinə böyük yük düşür. Çünki gənclər dövlətin həm bu günü, həm də sabahıdır. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də vətən övladları - gənclərdir.
Mütəxəssislər hesab edir ki, gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması məqsədilə bir sıra işlərin görülməsinə ehtiyac var. Belə ki, bu gün orduya çağırılan gənclər öncədən maarifləndirilməlidir. Bu gün Azərbaycan müharibə şəraitində yaşadığı üçün hər günümüz vətənpərvərlik ruhunda olmalıdır. Hər gün mətbuatda, telekanallarda bu mövzuya yer verilməlidir. Həmçinin gənclərimiz bilikili və savadlı olmalıdır ki, öz bacarıqları ilə Azərbaycan dövlətinin təbliğinə töhfələr versin. Bu baxımdan hər bir Azərbaycan gənci intellektual səviyyəsini artırmaqda maraqlı olmalıdır. Nəzərə alınmalıdır ki, yalnız inkişaf etmiş cəmiyyət istənilən an müharibəyə hazır olur. Məlumdur ki, müasir dünyada bütün müharibələr informasiya üzərində gedir. Silahlı müharibələrin gözlənildiyi halda belə ilk növbədə informasiya müharibəsi başlayır. Odur ki, hər bir Azərbaycan gənci ilk növbədə informasiya ilə düzgün rəftar etməyi bacarmalıdır. Necə deyərlər, vətən üçün ölmək yox, vətən üçün nə isə etmək lazımdır. Bunun üçün gənclər ilk növbədə öz dəyərlərimizi sevməlidir ki, onları başqa dəyərlərlə müqayisə edə bilsin. Azərbaycançılıq ideologiyası, milli məfkurə anlayışının təbliğatında öndə getməlidirlər. Dərk etməlidirlər ki, hazırda Azərbaycan mənfur, məkrli düşmənlə müharibə şəraitində yaşayan bir dövlətdir. Bu dövlətə ürəyi vətən sevgisilə döyünən, düməndən qisas almağa hazır olan gənclik lazımdır. Bu gəncləri isə zaman-zaman müəllimlər, aydınlar yetişdirir, formalaşdırır, inkişaf etdirir. Bu baxımdan kütləvi informasiya vasitələri də gənclərin vətənpərvər ruhda böyüməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Belə ki, KİV-lər mütəmadi olaraq filosoflara, şair və yazıçılara, alimlərə yer ayırmalıdır ki, onlar gəncliyə bu ideyanı aşılaya bilsinlər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 5 mart.-
S.12.