Məktəblərdə vətənpərvərlik
hisslərinin aşılanması
Hərbi
hazırlıq dərslərinin təqaüdə
çıxmış zabitlər tərəfindən
keçirilməsi bu işdə əhəmiyyətli
rol oynaya bilər
Vətənpərvərlik və
milli mənəvi şüurun təbliği və
aşılanması məsələsi xüsusilə
pedoqogikada diqqət edilməlidir. Vətənpərvərlik
pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində
mütləq yer almalıdır. Torpaqlarımızın
20%-nin işğalda olduğu bir vaxtda orta məktəblərdə
milli şüur tərbiyəsinin aktual problem olduğunu
pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli
tədbirlər keçirilir. İctimai səciyyə
daşıyan vətənpərvərlik tərbiyəsi
şagirdlərin vətəndaş kimi formalaşmasında,
öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir
gücünə malikdir. Vətənpərvərlik Vətənin
tarixini öyrənməkdə, sərhədlərini qorumaqda,
lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi
qaydalara şüurlu əməl etməkdə ifadə olunur.
Şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyə olunmasında
ulu öndər Heydər Əliyevin müdrik kəlamı
didaktik əhəmiyyət daşıyır:
“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik,
Vətən torpağına, millətə sədaqət, vətən
uğrunda şəhidliyə hazır olmaq hislərini
formalaşdırmaq, inkişaf etdirmək və təbliğ
etməkdir”. Vətənpərvərlik tərbiyəsinin
aşılanmasında xalqımızın min illər əvvəl
dedikləri tarixi kəlamlarda ifadə olunan vətənə
vurğunluq şagirdlərə xatırlanır. Vətənpərvərlik
tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət
hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin
və xalqının müdafiəsinə qalxmağa
hazırlığın formalaşması üçün
olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən
mühüm istiqamətlərindən biri kimi ölkəmizdə
gənc nəslin vətənpərvər ruhda tərbiyəsi
diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin
ən vacib vəzifələrindən bir də vətənpərvərlik
hisslərinin tərbiyəsi və aşılanmasəıdır.
Həmin sahədə həyata keçirilən kütləvi
tədbirlər, maarifləndirmə və təbliğat
işləri bilavasitə gənclərin mənəvi, fiziki,
psixoloji hazırlığının təmin edilməsinə,
onlarda Vətənə, doğma torpağa məhəbbət
hissinin yüksəldilməsinə, eləcə də
müasir dünyamızda qloballaşmanın geniş vüsət
aldığı bir zamanda milli-mənəvi dəyərlərin
qorunub saxlanmasına yönəldilir. Torpaqlarımızın
20%-nin Ermənistan tərəfindən işğal olunduğu
bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin
düzgün təşkili daha böyük aktuallıq kəsb
edir. Bu yöndə orta məktəblərdə tədris
olunan “Gənclərin çağırışaqədərki
hazırlığı” fənni mühüm rol oynayır. Bu
fənn öz məzmunu etibarı ilə şagirdlərə
Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların,
hərbi nizamnamə qaydalarının mənimsədilməsini,
onların ordu həyatı ilə tanış
olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən
hazır olmalarını, şagirdlərdə Azərbaycanın
Silahlı Qüvvələrində xidmətin müqəddəs
borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik,
dözümlülük, cəsurluq, intizam və şəxsi
məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin
inkişaf etdirilməsini, mülki müdafiə və ilkin
tibbi yardım bacarıqlarının
formalaşdırılmasını nəzərdə tutur. Eyni
zamanda bütün fənlərin tədrisində, xüsusilə
də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik
tərbiyəsinin aşılanması üçün kifayət
qədər imkanlar var. Vətən uğrunda,
torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq
göstərmiş şəxslərin, beynəlxalq
yarışlarda bayrağımızı yüksəldən
idmançıların, Azərbaycanı dünyada tanıdan
dövlət xadimlərinin, alim, yazıçı və incəsənət
xadimlərinin şəxsi nümunələri də
şagirdlər üçün tərbiyə məktəbidir.
Məktəblərdə təşkil
edilən hərbi-vətənpərvərlik oyunları
Ermənistanla
olan müharibə vəziyyəti hər an
torpaqlarımızın güc yolu ilə azad olunması
reallığını ortaya qoyur. Bu işin
reallaşdırılması əsasən gənc nəslin
üzərinə düşür. Belə bir şəraitin
mövcud olması gənc nəslin vətənpərvərlik
ruhunda formalaşdırılmasını labüd edir. Hər
bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ
körpə yaşlarından həyata keçirilməli, məktəblərdə
davam etdirilməli və təkmilləşdirilməlidir. Orta
məktəblərdə tədris olunan hərbi
hazırlıq fənlərinin böyük əhəmiyyəti
var. Hərbi hazırlıq dərslərində şagirdlər
təkcə silahlardan istifadə qaydalarını öyrənməməli,
eyni zamanda, Vətənə bağlılığını
artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə
götürməlidir. Orta ümumtəhsil məktəblərində
çağırışa qədərki hərbi
hazırlıq fənninin tədrisinin əsas məqsədi
birinci növbədə gəncləri ölkənin müdafiəsinə
indidən psixoloji cəhətdən hazırlamaqdır. Məktəblərdə
eyni zamanda ibtidai hərbi hazırlıq dərslərinin tədrisi
onların vətənpərvər ruhda böyüməsinə
öz təsirini göstərir. Bütün bu kimi işlər
nəticə etibarilə gənclərə vətənpərvərlik
hisslərinin aşılanmasında mühüm rol oynayır.
Orduya çağrılan gənclərin orta məktəbdə
oxuduğu dövrdə müəyyən hərbi biliklərə
yiyələnməsi sonrakı dövrdə onların peşəkar
hərbçi kimi yetişməsində vacib rol oynayır. Məktəblər
arasında hərbi-idman oyunlarının keçirilməsinin
də yeniyetmələrdə vətənpərvərlik hisslərinin
aşılanmasında əhəmiyyət kəsb edir. "Cəsurlar",
"Şahinlər" kimi oyunların keçirilməsində
də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi,
mübarizliyi, qələbə çalmaq uğrunda iradə
möhkəmliyinin təmin olunmasını öyrətməkdir.
Bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi
olaraq təşkil olunur. Bu işdə Təhsil və Gənclər
İdman Nazirliklərinin, eyni zamanda bir sıra qeyri hökumət
təşkilatlarının iştirakı var. Sözügedən
yarışların son zamanlarda kütləviliyinin artırılması
diqqətə layiqdir. Keçirilın oyunlarda oğlanlarla
yanaşı qızlarında iştirakı təmin edilir ki,
bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq
dərslərinin təqaüdə çıxmış
zabitlər tərəfindən keçirilməsi bu işdə
əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər
şagirdlərə hərbi-vətənpərvərlik hisslərini
daha keyfiyyətli şəkildə aşılaya bilirlər.
Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin
artırılmasında canlı ünsiyyətin də
mühüm rol oynayır. Hərbi dərslər zamanı
şagirdlərin hərbi hissələrə aparılması və
onların əsgərlərlə söhbətlər etməsi
də yeniyetmələrin formalaşmasında, onların vətənə
bağlılığının artırılmasında və
vətənin, torpağın müdafiəsində durmaq kimi
hisslərinin inkişaf etdirilməsi üçün
mühümdür.
Niyə vətənpərvər
olmalıyıq?
Məktəblərin
qarşısında gənc nəslin hərbi-vətənpərvərlik
ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz
vəzifələr qoyulması təsadüfi deyil. Hərbi-vətənpərvərlik
tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin
fəal müdafiəsinə hazırlamaq məqsədinə
xidmət etməlidir. Buna görə də Azərbaycan
dövləti xalqını, onun gənc nəslini həmişə
sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər
vasitə ilə möhkəmləndirməyə, onun
müdafiə bacarığını artırmağa
çağırır. Orta məktəblərin təhsil
sistemi çağırış yaşı hələ
çatmamış gənclərə ibtidai hərbi
hazırlıq keçilməsini, onların fiziki cəhətdən
möhkəmliyini təmin etməyi, onları orduda xidmətə
hazırlamağı tələb edir. Bu cəhətdən də
indiki şəraitdə çağırışa qədərki
məktəbli gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu
məqsədə nail olmaq üçün məktəb və
ailə uşaqlarda vətənə, xalqa, məhəbbət
tərbiyə etməli, onlarda vətən
qarşısında şərəf və borc hissini qüvvətləndirməlidir.
Son dövrlər qabaqcıl məktəblərimizdə
şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə
diqqət xeyli artırılıb. Hərbi-vətənpərvərlik
tərbiyəsinin faktlar və zəngin əyani vasitələr
əsasında aparılması tərbiyə işinin bu
mühüm sahəsi üzrə maraqlı forma və
üsullar meydana çıxarıb. Bir çox məktəblərdə
"Döyüş şöhrəti” muzeyləri, guşələr
yaradılır, məktəblərdə fəaliyyət göstərən
dərnəklərdə Qarabağ müharibəsində
iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirmək
üçün geniş işlər aparılır. Məktəblərlə
hərbi hissələr arasında əlaqələrin
yaradılması təmin edilir. Bu sahədə məktəblərimizdə
toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik
tərbiyəsini daha məzmunlu və məqsədəuyğun
şəkildə aparmağa imkan verir. Pedaqoji kollektiv hərbi-vətənpərvərlik
tərbiyəsinin bu forma və üsullarından istifadə
etməklə ona nail olmağa çalışır ki,
şagirdlərdə vətənə məhəbbət hissi
daha da qüvvətlənsin, həqiqi vətənpərvərliyin
məzmununu onlar düzgün dərk edə bilsin, vətəni
müdafiə etməyi, onun şərəfini qorumağı
özünün xalq qarşısında şərəfli vəzifəsi
hesab etsin. Uşaqlara izah etmək lazımdır ki, Azərbaycan
Silahlı Qüvvələri əsl mənada xalqın özüdür,
gənclərin minlərlə igid və mərd nümayəndələrini
öz sıralarında birləşdirən sarsılmaz
qüvvədir. Ona görə də bütün xalq öz
ordusu ilə fəxr edir, onu yüksək məhəbbət
hissi ilə sevir. Xalqın alovlu məhəbbəti, hörməti
və qayğısı isə əsgərlərin qəlbini
oxşayır, onları ruhlandırır. Qəhrəmanların
həyatı, qəhrəmanlıqları haqqında söhbətlər
məktəblilərdə vətənə məhəbbət,
dəyanət, qəhrəmanlıq, möhkəm
yoldaşlıq, dostluq, sədaqət və başqa nəcib
xüsusiyyətləri tərbiyə etməyə kömək
edir. Həyatda hər şeydən əziz olan ana vətənlə
bağlı hər bir tapşırıq onun gənc
övladları üçün ən şərəfli və
ülvi bir vəzifədir. Şagirdlərə məhz bu amillər
izah olunmalıdır.
Vətənpərvərlik nədir?
Xatırladaq
ki, Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət
və öz şəxsi maraqlarını vətən yolunda
qurban verməyə əsaslanan emosional
bağlılıqdır. Bu bağlılıq həm də
özünün mənsub olduğun millətin etnik, mədəni,
siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli
hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin
xarakterini və mədəni incilərini qorumaq və
özünü bu keyfiyyətlərlə millətin başqa
üzvləri ilə tanımaq, vətənin və öz
xalqının marağını qorumaq da vətənpərvərlik
keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin
tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş,
öz ana torpağına, dilinə və adət ənənələrinə
bağlanmış dövlətçilik durur. Millətin və
dövçiliyin formalaşması şəraitində vətənpərvərlik
onun inkişafının ümumimilli anlarını əks
etdirən ictimai düşüncənin tərkib hissəsinə
çevrilir. Vətənpərvərlik anlayışı
müxtəlif mənalarda işlənib. Amerika və Fransa
burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi
ideologiya ilə əlaqələndirilmiş və "millət"
anlayışı ilə eyniləşdirilib. Sonralar vətənpərvərlik
yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin
yaranması zamanı və müharibələr ərəfəsində
daha da aktuallaşıb. Tarix boyu vətənpərvərlik
mühüm rol oynayıb.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 6 mart.- S.15.