“Gənclərdə vətənpərvərlik
hisslərinin
gücləndirilməsi istiqamətində…”
“Azərbaycan
Respublikasının dövlət rəmzlərinin təbliğinə
xüsusi yer verilməlidir”
Son illər Azərbaycan Respublikasının
iqtisadiyyatında müşahidə edilən canlanma ölkə
vətəndaşlarında maddi vəziyyətin sabitləşməsinə,
dövlətin və vətənin problemlərinə həssaslığın
artmasına şərait yaratsa da, əhalinin böyük bir
qismi ictimai fəallıqdan uzaqlaşaraq, yalnız şəxsi
mənfəəti, maddi rifahı barədə
düşünməkdədir. Tarixin minillik inkişafı
sübut edir ki, insanların yalnız şəxsi mənfəətlərini
düşündüyü, cəmiyyətin və dövlətlərin
problemlərinə biganə yanaşdığı hallarda bu təkcə
onlarının özünün deyil, bütün cəmiyyətin
daxilində mənəvi aşınmaya səbəb olur,
insanlar arasında ünsiyyət zəifləyir, nəticədə
bütövlükdə dövlətin mövcudluğu
üçün təhlükə yaranır.
Azərbaycan
Respublikasının qarşısında duran bir çox
problemlərin həlli gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyə edilməsindən, onlarda yüksək
dövlətçilik şüurunun, mənsub olduğu millətə
və dövlətə qarşı qürur hisslərinin
formalaşdırılmasından çox asılıdır.
Lakin, təəssüflər olsun ki, torpaqlarının 20 faizə
qədəri işğal altında olan, tarixi əraziləri
başqa dövlətlərin tərkibində qalmış Azərbaycanda
gənclərin vətənpərvərlik və vətəndaşlıq
ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq
vəzifələrinin və dövlətə sədaqət
ruhunun aşılanması istiqamətdə həyata
keçirilən tədbirlər gözlənilən effekti
vermir.
“Müasir İnkişaf” İctimai Birliyi hesab
edir ki, bunu ilk növbədə (rəsmi və qeyri-rəsmi səviyyədə)
analoji konsepsiyaların, layihələrin, proqramların tələb
olunan keyfiyyətdə olmaması ilə izah etmək olar.
Şəxsiyyətin
sosiallaşması istiqamətində fərdin
özünü vətəni ilə eyniləşdirməsi
böyük əhəmiyyət kəsb edir. Bu zaman “vətən”
anlayışı təkcə insanların
yaşadığı coğrafi ərazi, tanışları,
yaxınları və qohumları ilə deyil, həm də
bütövlükdə cəmiyyətə və dövlətə
qarşı emosional-psixoloji münasibətilə də
müşayiət olunmalıdır. Atalarımız “torpaq
uğrunda ölən varsa vətəndir” deməklə, vətənin
sadəcə coğrafi bir ərazi olmadığını,
yalnız insanların ona qarşı xüsusi münasibətinin
formalaşdığı zaman müqəddəs bir
anlayış dərəcəsinə gəlib
çatmasını nümayiş etdirməyə
çalışmışlar.
1991-ci
ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan
xalqı üçün isə “vətən”
anlayışı həm də yaratdığı milli
dövlətə - Azərbaycan Respublikasına münasibətdə
yeni məna kəsb etməyə başlamışdır.
İctimai Birlik təklif edir ki, Azərbaycan Respublikasında gənclərə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin aşılanması bir-birindən təcrid
olunmayan vahid Konsepsiya şəklində həyata keçirilməlidir.
Təqdim
edilən Konsepsiya gənclərdə müsbət
dünyagörüşünün formalaşması, vətən
və dövlət qarşısında məsuliyyət hisslərinin
artırılması, vətəndaşları olduğu Azərbaycan
Respublikasının, doğma vətənin, xalqın, cəmiyyətin,
ailələnin, özünün mənafeyi naminə həyatlarında
düzgün seçim etmək və müstəqil qərar
qəbul etməyə, möhkəm iradəyə malik, dəyişən
həyat şərtlərinə adekvat cavab verə bilən tam
yetkin şəxsiyyət kimi formalaşmaya istiqamətlənmişdir.
“Müasir
İnkişaf” İctimai Birliyinin qənaətincə, gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan
Respublikasının dövlət rəmzlərinin təbliğinə
xüsusi yer verilməlidir. İctimai Birlik hesab edir ki, dövlətin
milli rəmzlərinin siyasi və mənəvi mənalarının
dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki
maariflənməsi imkanları da artır.
Bir
çox dünya dövlətlərində dövlət rəmzlərinə
– bayrağa, gerbə və himnə, milli bayramlara hörmət
hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə
vətənpərvərlik hisslərinin
formalaşdırılması istiqamətində məqsədyönlü
iş aparılır. Məsələn, ABŞ-da ailələrin
yarısı öz evlərini bayraqla bəzədir,
sürücülərin 15-20 faizə qədəri
maşınlarında bayraq gəzdirir. Hər on amerikalıdan
doqquzu ABŞ himni çalınanda qürur hissi keçirir və
onu sonacan fəxrlə ifa edirlər. Baxmayaraq ki, ölkədə
heç rəsmi səviyyədə nə vətənpərvərlik
proqramı, nə də ki, milli konsepsiya mövcud deyildir.
İctimai
Birliyin araşdırmalarından məlum olur ki, milli vətənpərvərlik
və dövlətçilik hisslərinin təbliği milli-mənəvi
dəyərlərin qorunması və təbliği ilə
müşayiət olunmalıdır. Dünyanın ən
sürətlə inkişaf edən, ailəyə və mənəvi
dəyərlərə böyük önəm verilən
Çin Xalq Respublikasında gənclərin milli-vətənpərvərlik
ruhunda tərbiyəsində əsas məqsəd kimi milli dəyərlərin
qorunması və bunun köməyi
ilə sürətli inkişafa nail olunması irəli
sürülür. Eyni zamanda çinli gənclərə Qərb
demokratiyasının Çinin milli dəyərlərinə
zidd olması da aşılanır.
Təəssüf
ki, hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin
təbliği lazımi istiqamətdə aparılmır. Bunun
nəticəsində indi ölkə ərazisində əslində
İslamın əsaslarına zidd olan qeyri-ənənəvi
radikal dini qrupların və missioner sektalarının fəaliyyəti
geniş yayılmışdır. Bir çox hallarda Azərbaycan
Respublikasına qarşı heç də xoş münasibətdə
olmayan qüvvələr tərəfindən dəstəklənən
həmin qrupların öz sıralarına kifayət qədər
gənci cəlb edə bilməsi, əslində heç də
güclü ənənəvi qüvvəyə və təsirə
malik olmalarında deyil, cəmiyyətimizdə İslamın
mahiyyətinin düzgün dərk edilməməsində və
bu sahədə məqsədyönlü siyasətin zəif
aparılmasındadır.
Gənclərin
Azərbaycan üçün ənənəvi olmayan dini və
dinə zidd olan birliklərə (satanizmə, krişnaizmə,
Yehova şahidlərinə, vəhhabiliyə, ultraradikal şiəliyə
və s.) qoşulması əsasən xarici qüvvələr
tərəfindən maliyyələşdirilən təbliğatın,
psixioloji təsirin nəticəsidir.
İslam dini insanlarda vətənə, dövlətə məhəbbət
hissi aşıladığı halda, bu qrupların Azərbaycan
Respublikasını siyasi paraçalanmaya, gəncləri
öz xalqına, vətəninə və dövlətinə
qarşı yönəltməsi günümüzün
reallığıdır. Bu cür qruplarla ən yaxşı
mübarizə isə heç də onlarla açıq
mübarizə deyil, istifadə etdikləri əsas silahı –
dini və mənəvi dəyərləri milliləşdirmək
və dövlət siyasətində ondan səmərəli
şəkildə istifadə etməkdir. Buna görə də
dini sahədə yarana biləcək problemlərin həlli
üçün dəqiq mexanizmin işlənib
hazırlanması, mövcud mexanizmlərdən daha səmərəli
şəkildə istifadə edilməsi zəruridir.
İctimai
Birliyin gəldiyi qənaət ondan ibarətdir ki, hazırda cəmiyyətdə
gənclərin mənəvi və əxlaqi
aşınması da müşahidə edilməkdədir.
Əsasən xarici dildə olan və cəmiyyətə yad
dünyagörüşünü, şüuru, ifrat
müasirliyi təbliğ edən ədəbiyyatların,
televiziya proqramlarının, teleserialların, filmlərin,
musiqi janrlarının gənclər arasında geniş
yayılması onlarda milli kimliyini unudulmasına, dövlətçiliyin
inkarına gətirib çıxarır. Nəticədə əsasən
ənənələrə əsaslanan Azərbaycan cəmiyyətində
dövlətin ilkin əsası olan ailə daxilində
parçalanmalar, münaqişələr, millətə və
dövlətə olan bağlılığın zəifləməsi
kimi mənfi tendensiyalar yaranır. Bu baxımdan vətənpərvərlik
hisslərinin təbliğində ailə dəyərlərinin
qorunması mühüm rol oynayır. Ailə gənclərin
mənəvi-əxlaqi tərbiyəsinin əsaslarının
formalaşdığı vacib sosial institutdur.
Əhalinin
siyasi biliklərinin və yüksək siyasi mədəniyyətinin
olması da ölkədaxili sabitliyin təminatçısıdır.
Vətəndaşların, o cümlədən gənclərin
qanunlar çərçivəsində dövlətin problemlərinə
biganə qalmaması, ölkədə baş verən siyasi
proseslərə maraq göstərməsi, dövlətçiliyə
xələl gətirəcək proseslərlə qarşı
mübarizədə dövlət orqanlarına köməklik
göstərməsi hazırkı dövrdə olduqca vacibdir.
Bütün
bu problemlər dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarının, qeyri-hökumət
təşkilatlarının, ayrı-ayrı fiziki və
hüquq şəxslərin məqsədyönlü fəaliyyətlərinin
koordinasiyasını tələb edir ki, bu da ilk növbədə
həmin fəaliyyətə istiqamət verəcək gənclərdə
vətənpərvərlik və vətəndaşlıq
hisslərinin gücləndirilməsinə dair vahid
konsepsiyanın olduğu halda mümkündür.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2005-ci
il tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan gəncliyi dövlət
proqramı” və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 17 fevral 1999-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin
yüksəldilməsi Proqramı” bu sahədə bir sıra tədbirlərin
həyata keçirilməsini nəzərdə tutur. Təqdim
olunan bu Konsepsiya həmin sənədlərin müddəaları
ilə zidiyyət təşkil etmir və onların həyata
keçməsi üçün yardımçı rol
oynayır. Daha dəqiq ifadə etsək gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin gücləndirilməsi
istiqamətində Azərbaycan xalqının və dövlətinin
milli xüsusiyyətlərini, müasir gerçəkliyi tam
şəkildə əks etdirən, konkret istiqamətləri və
tədbirlər planını nəzərdə tutan bu
Konsepsiya ciddi ehtiyacdan yaranıb və bu sahədə məqsədyönlü
fəaliyyətin həyata keçirilməsinə ciddi dəstək
olacaq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 6 mart.- S.12.