Sağlığında
abidəsi
qoyulan ilk azərbaycanlı:
Zeynalabdin Tağıyev yerli
iqtisadiyyatın müstəmləkə xarakterini
sındıran ilk sənayeçidir
əvvəli ötən
sayımızda
Tağıyev 1895-ci ildə 57 min rubla “Kaspi” qəzetini almış və onun sahibi olmuşdur. “Kaspi” qəzetinin nəşriyyatında Quranı Azərbaycan dilində nəşr etdirmişdi. Qəzet və jurnalların nəşrinə (“Kaspi”, “Həyat”, “Füyuzat” və s.), mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli vəsait sərf etmişdir. 1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil məktəbi tikdirir. Bu məktəb bütün Zaqafqaziyada yeganə müsəlman qızlar məktəbi idi. Bu məktəb indiki AMEA-nın Əlyazmaları İnstitutunun bunasında yerləşirdi. O dövrdə müsəlman qızlar üçün müasir məktəbin açılması böyük cəsarət tələb edirdi. Çar üsul-idarəsi məktəbin açılmasına mane olur, cahil ruhanilər, qoçular qızların oxuması ilə heç cür razılaşmırdılar. Məktəbin açılmasına icazə almaq üçün Tağıyev çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayır və məktəbə onun adının verilməsini təklif edir. Nəhayət, məqsədinə çatır. Məktəbə qəbul edilən 58 qızın 35-i yoxsul ailədən çıxmışdı. Onların təhsil haqqını, yemək və geyim xərclərini Tağıyev öz üzərinə götürür, o məktəbin fəaliyyətinə xeyli vəsait və əmək sərf etmişdir. Tağıyevin maarif sahəsindəki xidmətlərinin coğrafiyası daha böyük və genişdir. Nəriman Nərimanov (Zeynalabidin vəsaiti ilə ali tibb təhsili almış N.Nərimanov hesablamışdı ki, mesenat xeyriyyə işlərinə qızıl pulla 1 milyon rubl xərcləyib), Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Qarabəy Qarabəyli, Behbud Ağa Cavanşir, Lütfəli bəy Behbudov, Mirzə Davud Hüseynov, Nəsib bəy Yusifbəyli, Maxaç Daxadayev, Mir Həsən Vəzirov, Xudadat bəy Məlik-Aslanov, Şövkət Məmmədova və onlarla başqaları Z. Tağıyevin köməyi və himayəsi sayəsində təhsil almışlar. Tiflisdə mehmanxanadan hacıya teleqram vuraraq Beyrutdakı Amerika Məktəbində təhsil almaq arzusunda olduğunu, bu məqsədlə ona yolxərci və təhsilhaqqı ilə yardımçı olmağı xahiş edən təbrizli Seyid Həsən Tağızadəyə böyük maarifpərvər dərhal pul göndərmiş, Qori Seminariyasının Azərbaycan şöbəsinə 2 nəfər şagirdin qəbulu üçün vəsaitlə yardım etməyi xahiş edən Soltan Məcid Qənizadənin arzusu dərhal yerinə yetirmiş, belə ki, hacı 4 müsəlman, 2 gürcü, 2 erməni uşağının da təhsilhaqqını öhdəsinə götürmüşdü. İrəvan gimnaziyasını əla qiymətlərlə bitirib Peterburqda ali təhsil almaq üçün ona kömək etməyi xahiş edən Əziz Əliyevin ünvanına hacı tərəfindən təcili 300 manat yolxərci göndərilir və Ə.Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil olur. Tağıyev yeni tipli təhsil ocaqlarını ərəb, fars, türk dillərində kitablarla, tədris vəsaiti və məktəb avadanlığı ilə təmin etmiş, onlara nağd pulla yardım göstərmişdir. Quberniya mərkəzində texniki, kommersiya və ya peşə məktəblərinin açılmasına da 100.500 manat pul ayırmış, həmin tədris ocaqlarının kabinet və laboratoriyaların yaradılmasına əlavə yardım göstərmişdir. “Nəşri-maarif”, “Nicat” və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Tağıyevin xidmətləri böyük olmuşdur. O, “Nəşri-maarif” cəmiyyətinin idarə heyətinin sədri seçilmişdi. Bakı texniki məktəbinin qəyyumu seçilmiş, öz vəsaiti hesabına məktəb üçün ikinci mərtəbə tikdirmiş, yaşlılar üçün rus dili kursları təşkil etmişdir.12 yoxsul müsəlman texnik-tələbənin xərcini öz üzərinə götürmüşdür. Hacı Zeynalabdin Dərbənddə qızlar üçün təhsil müəssisəsi (Tağıyev məktəbin saxlanması üçün hər il pul köçürmüşdür), tikmiş, İsmayıl bəy Qaspıralının “Tərcüman” qəzetinə Qafqazdan abunələr təşkil etmiş, abunəçilərin pulunu özü ödəmişdir. XIX əsrin 90-cı illərində Con Daltner adlı bir ingilis zadəganı hacının qonağı olarkən onun mesenatlıq, xeyriyyəçilik və maarifçilik fəaliyyətinə o qədər heyran olmuşdu ki, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına mərhəmətli hacının abidəsini ucaltdırmışdı. Hacı Zeynalabidin sağlığında abidəsi qoyulan ilk azərbaycanlıdır. Xalqın maariflənməsinə köməyi özünün həyat idealı hesab edən bu böyük mesenat və maarifpərvər “Tazə həyat” qəzetində (12.02.1908) çap olunan “Mənim təcrübəmdən” adlı məqaləsində yazırdı: “...Xalqımın maariflənməsi və tərbiyələnməsi zəruriyyətini görərək, mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarifləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən, mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi... tərbiyə (təhsil) ilə bağlıdır...”
- Bu
böyük maarifpərvərin hansısa
siyasi fəaliyyəti olubmu?
- Azərbaycanın XX əsr siyasi həyatında Tağıyevin fəal rolu olmuşdur. Tağıyev müsəlmanların mənafeyi ilə bağlı ictimai-siyasi məsələlərdə daim fəallıq göstərmişdir. 1905-ci ildə şəhər özünəidarəsi sahəsində müsəlmanların hüqüqlarının məhdudlaşdırılmasının ləğvi ilə bağlı olaraq tədbirlər görülməsini təklif etmiş, Əhməd bəy Ağayev tərəfindən Azərbaycan dilinə çevrilmiş 1864-cü il “Əsasnaməsi” onun köməyi ilə dərc olunmuşdu. O, Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatına (1905-1911) yardım olaraq pul vəsaiti və silah göndərmişdi. Arxiv sənədlərində “Difai” partiyasının təsisçisi kimi Tağıyevin adı çəkilir. O, gizli fəaliyyətdə olan “Musavat” partiyasına maddi yardım göstərmişdir. Hacı Zeynalabidn milli münaqişələr zamanı müsəlman əhalinin xilası istiqamətində zəruri tədbirlər görmüş, 1918-ci ilin mart hadisələrində müsəlman müdafiə dəstələrinə maddi təminat göstərmiş, talan olunmuş kəndlərə İrandan ərzaq gətirib paylamış, Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil dövlətçilik mənafelərini dəstəkləmiş, dövlət tədbirlərində iştirak etmişdir. 1918-ci ilin martında dinc müsəlman əhaliyə qarşı erməniləri törətdiyi soyqımının qarşısını almaq üçün Dağıstan qüvvələrinin başçısı imam Nəcməddin Qotsinski ilə saziş əldə edilməsində Tağıyevin mühüm xidməti olmuşdur. Ermənilər mart qırğınları zamanı “Tağıyev teatrı” və “Kaspi” redaksiyasını da yandırmışdılar. Tağıyev yüksək dövlət qonaqlarını öz yayayış mülkündə qonaq etmiş, Britaniya diplomatik missiyasının başçısı O.Uordrop Bakıya gələrkən şəxsi mülkünün bir hissəsini onun sərəncamına vermiş, general C.Harbord başda olmaqla, Amerika missiyasının üzvləri onun mülkündə qalmış, burada hökümət başçısı Nəsib bəy Yusifbəyli tərəfindən qəbul edilmişdir. Tağıyev AXC hökümətinin başçısı N.Yusifbəyliyə məktubla müraciət edərək, hökümətin maliyyə və iqtisadi siyasəti ilə bağlı mülahizələrini bildirmiş, tövsiyələr vermişdi. Milli pulun dəyərdən düşməsi səbəbləri, ixracata qoyulan qadağaların ölkə iqtisadiyyatına vurduğu zərər, Azərbaycan valyutasını gücləndirmək tədbirləri, yerli sənaye sahəsində hökümət orqanlarının yeritdiyi siyasətin tənqidi Tağıyevin hökümət başçısına müraciətinin əsas məzmununu təşkil edirdi. Müraciətin motivini Tağıyev məktubun sonunda belə şəhr edir: “Mənim sizə müraciətim tacir və sənayeçinin şəxsi marağından deyil, səmimi vətənpərvərlik hissindən və dövlətin əsl siyasi müstəqilliyinin yalnız onun maliyyə və iqtisadi müstəqilliyi əsasında mümkünlüyünə dərin inamından irəli gəlir ki, bunsuz siyasi mənada azad vətəndaşlar özlərinin sənaye və ticarət baxımından daha güclü qonşularının quluna çevrilirlər”. Dövlət qadağalarının və məhdudiyyətlərinin inkişafa əngəl olduğunu göstərən Tağıyev gənc respublikanın iqtisadi müstəqilliyi üçün zəmin yaratmaq, onun dünyanın digər dövlətlərinin sırasında tamhüquqlu üzv kimi şərəfli yer tutması naminə sənaye və ticarət sərbəstliyini müdafiə etdiyini bildirirdi. 1922-ci ildə Tağıyevin Azərbaycan SSR hökümətinin sədri N.Nərimanova müraciəti də eyni motivə söykənmişdir. O, sovet iqtisadi siyasətində məcburi dönüşü dəyərləndirmişdi: “... artıq fəaliyyətsiz qala bilmərəm, xüsüsən hökümətin səsi və xalqın maraqları iqtisadi siyasətin yeni yoluna qədəm qoyaraq, bütün canlı qüvvələri xalq təsərrüfatının və sənayenin bərpasına səslədiyi bir vaxtda”. Tağıyevin təklifi qəbul edilmədisə də, N. Nərimanovun təklifə müasibəti müsbət olmuşdur: “Qərbi Avropa ona daha artıq etibar edər, nəinki bizə. Əgər o, kredit açarsa, həmin pullara Qərbi Avropadan bizə lazım olan hər şeyi əldə edə bilərik”. Qeyd edim ki, 1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayında fəxri qonaq kimi çıxış edən Tağıyev qurultayın yaratdığı Milli fonda 50 min rubl məbləğində pul bağışlamışdı. Azərbaycan mətbuat tarixinin görkəmli nümayəndəsi Haşım bəy Vəzirov Tağıyevin türk-İslam dünyasına xidmətlərindən danışarkən “Tazə həyat” qəzetində (10.04.1907) yazırdı:"Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün etdiyi xidmətlərini durub burada bir-bir saymaq fikrinə düşsək, heç olmasa, bir ay qəzetimizi ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik...". Tağıyev Balkan müharibəsi illərində türklərə pul yardımı göstərmişdir. Birinci Dünya müharibəsində rus qüvvələri tərəfindən işğal edilmiş Türkiyə vilayətlərində erməni quldur dəstələrinin vəhşiliklərinə məruz qalmış müsəlmanlara yardım edilməsində fəal rolu olmuşdur.
- Tağıyevlə
bağlı maraqlı, məzəli əhvalatlar
danışırlar...
- Bir əhvalata
görə hacı Cənubi Qafqaz müsəlmanlarının
nümayəndəsi kimi çar
III Aleksandrın tacqoyma mərasimində iştirak edirmiş. Nazirlər
sovetinin sədri çarın sağ tərəfində dayanıb, gələnləri
bir-bir ona təqdim edirmiş. Növbə milli
geyimdə olan Tağıyevə
çatır. Nazirlər sovetinin sədri elə güman edir ki, o rus
dilini bilmir. Çara
deyir: “Zati-aliləri, bu, vəhşi xalqın nümayəndəsidir”.
Tağıyev təmkinini
pozmadan cavab verir: “Biz vəhşi deyilik, mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malik bir xalqdır”.
Bir gün Bakı varlıları Tağıyevə
şikayət edirlər
ki, ermənilər şəhərin aşağı
məhəllələrində evlər tikdirirlər, tədbir görüb, bunun qabağını almaq lazımdır. Hacı deyir: “Qoy tiksinlər. Qabağını almaq lazım
deyil. Mən özüm də
onları şirnikləndirirəm
ki, tikdirsinlər.
Gedəndə heç kəs
binaları dalına şələləyib aparmayacaq.
Onlar gedəcək, binalar isə qalacaq”... Başqa əhvalata görə
bir gün Tağıyevə xəbər
çatdırırlar ki,
şəhər bazarlarında
təzə balıq yoxa çıxıb.
Hacı deyir: “Arxayın olun, bu günlərdə şəhərə balıq
gətirərlər”. Ertəsi günü
faytona minib vətəgələrdən birinə
gəlir. Balıqçılar ona görə əl-ayağa düşürlər.
O, təzə tutulmuş,
çapalayan balıq
gətizdirir, barmağındakı
brilyant üzüyü
çıxarıb məftillə
balığın quyruğuna
bağlayır və balığı dənizə
atır. Bu xəbər
bütün vətəgələrə
yayılır. Balıqçılar quyruğunda brilyant üzük olan balığın eşqi ilə çoxlu balıq ovlayırlar.
İki gündən sonra şəhər bazarlarında balıq əlindən tərpənmək
olmur... Bir gün axund
hacı Turab Tağıyev üçün
Quranı oxuyub tərcümə edirmiş.
Növbə "Bir şeyi
(yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir.
O da dərhal olar” sözləri yazılmış ayəyə
çatanda Tağıyev
soruşur: “Yəni mənim bu qədər
var-dövlətim var. Allah istəsə,
bir anın içində əlimdən
alar?” Axund cavab verir: “Əlbəttə
alar". Çox keçmədən Azərbaycanda Sovet hakimiyyəti qurulur. Hacının, demək olar,
bütün sərvəti
bir anda əlindən çıxır.
Axundun vaxtilə dediklərini xatırlayan Tağıyev vəsiyyət
edir: “Məni axund hacı Turabın ayağı altında basdırarsınız,
onun ayağının
bildiyini mənim başım bilmir”. Bu vəsiyyətinə əməl
edib onu axund hacı Turabın məzarının
ayaq tərəfində
basdırırlar...
Olaylar.- 2015.- 7-10 mart.-
S.11.