Gənclərin hərbi vətənpərvərlik
tərbiyəsi
Milli-mənlik şüuru ilə paralel
aparılmalıdır
Vətənpərvərlik emosiya və
hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi
hər bir dövlət və cəmiyyət üçün
vacib məsələyə çevrilir. Başqa
sözlə, vətənpərvərlik dəyişkən fenomen olduğundan bu hisslər cilovlanmadan nə
dövlət, nə də cəmiyyət inkişaf
edə bilməz. Təbii ki, modernləşmə
və qloballaşma şəraitində vətənpərvərlik
hissinin fərqli xüsusiyyətləri meydana çıxır.
Məsələn, Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdı. O zaman ümummilli liderin zəkası və iradəsi, həmçinin şəxsi vətənpərvərlk nümunəsi sayəsində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası ətrafında birləşdirmək lazım idi. Bu, o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən daha vacib idi. Üstündən qısa bir zaman ötməmiş vətənpərvərlik hissinin yeni ideya ətrafında tərbiyyə olnması məsələsi zərurətə çevrildi. Bu isə Azərbaycanın ərazi bütövlüyünün qorunması və dövlətimiz haqqında əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarət idi. Etiraf edilməlidir ki, bu sahədə də qurulan təbliğat və maarifləndirmə işləri öz müsbət nəticələrini verməkdədir. Sosioloji sorğular sübut edir ki, bizim üçün ən qiymətli dəyər - müstəqil dövlətimizdir. Lakin çətinlik törədən məsələ vətənpərvərliyin müxtəlifliyindədir. Vətənpərvərlik birləşdirə də bilər, ayıra da. O, cəmiyyəti, xalqın mədəniyyətini inkişaf da etdirə bilər, eyni zamanda, mədəniyyəti qapalı, anklav vəziyyətə sala da bilər. Artıq fəxarətlə demək olar ki, Azərbaycan vətəndaşları vətənpərvərdirlər. Bunu Azərbaycan oğulları dəfələrlə öz əməli ilə sübut edib. Maraqlıdır, belə bir məqamda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində atılan addımlar, görülən işləri yetərli saymaq olarmı? Ekspertlərin qənaətincə, Hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılmasında ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının rolu danılmazdır. Əksəriyyət təşkilatların bu sahədə həyata keçirdiyi layihələr, tədbirlər müsbət nəticələrini verir. Buna baxmayaraq məsələyə bir az geniş aspektdən yanaşmaq tələb olunur. Bu aspekt gənclər siyasətinin strateji bölməsidir ki, onun da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub. Məhz bundan sonra gənclərlə bağlı həyata keçirilən bütün islahatların hər birində milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi hər zaman prioritet olub. Hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət gənclərin milli şüuru və vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Elm Fondu, Bilik Fondunun təsis edilməsi gənclərin vətənpərvərlik hissinin yüksəlməsi sahəsində geniş imkanlar yaradıb. Bütün yaradılan bu imkanların qayəsində milli mənlik şüurunun inkişaf etdirilməsi dayanır.
Hüquqşünas Azad Rzayev hesab edir ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir. Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır. Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Onun fikrincə, Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi və onunla məşğul olması və təşəbbüskarlığı vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, baş verə biləcək iğtişaşlara, təxribatlara və təbii fəlakətlərə qarşı həmişə mübarizə iqtidarında olmaq lazımdı. Hüquqşünasın sözlərinə görə, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə ocağı kimi, bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir.
Psixoloq Rasim Baxışov hesab edir ki, bu gün müasir gənclərin vətənpərvər ruhda yetişməsi üçün ilk növbədə orta məktəblər əsas rol oynayır. Orta məktəblərin vəzifəsi yalnız orduya əsgər hazırlamaq deyil. Orta məktəbdə oxudu-oxumadı hər kəs vətənə borcunu verməlidir: “Ancaq nəzərə almaq lazımdır ki, məktəb yalnız ordu üçün əsgər hazırlamır. Hər şeyi orta məktəbin üstünə atmaq da olmaz. Hərbi vətənpərvərlik ruhu ilk növbədə ailədən başlamalıdır. Orta məktəb dövlətin bütün sahələrinə lazım olan kadrları hazırlamaq üçün bazadır. Bəzi ölkələr hərbi vətənpərvərlik dedikdə, bunu militarist fikir kimi qəbul edirlər. Mütəxəssislər hesab edirlər ki, hazırda orta məktəblərdə uşaqların vətənpərvərlik şüurunun formalaşdırılmasında mühüm rola malik bədii ədəbiyyat yoxdur. Misilsiz igidliklər göstərmiş qəhrəmanlarımız barədə bir-iki yazıya rast gəlmək mümkündür.İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub”. Onun sözlərinə görə, müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Məlumdur ki, təlim-tərbiyə işinin bütün sahələrində, istiqamətlərində olduğu kimi vətənpərvərlik tərbiyəsinin də əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim pillələrində daha da inkişaf etdirilir. Bu mənada böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar məktəbə qədəm qoyan körpə fidanların qəlbində elə ilk günlərdən vətənə məhəbbət aşılamağa, onu güclü vətənpərvərlik hissinə çevirməyə çalışmalıdırlar.
Mütəxəssislərin fikrincə, son vaxtlar orduya göstərilən qaylı, Ali baş komandan, cənab prezidentin Silahlı Qüvvələrlə bağlı verdiyi sərəncam və fərmanlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına son dərəcə müsbət təsir göstərir. Əslində Ali Baş Komandan, cənab prezident İlham Əliyevin orduya ayırdığı diqqət dünya tərəfindən qibtə və qısqanclıqla qəbul edilir. Çünki ordumuz qidasından, yaşayış şəraitindən tutmuş ailə-məişət şəraitinə qədər tam təmin olunmuşdur. Bu da təbii ki, milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinə öz töhfəsini verməkdədir. Bu gün Azərbaycan ordusunun bir problemi var ki, o da Qarabağın işğal altında olmasıdır. Əminliklə qeyd etmək yerinə düşət ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edəcək və o gün uzaqda deyil. Artıq ordunun bu istiqamətdə hazırlığı istiqamətində ciddi işlər aparılır. Təsadüfi deyil ki, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması; gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması kimi məsələlər gənclərlə bağlı qəbul edilmiş dövlət proqramlarında əksini tapıb. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına köməklik göstərilməsi əsas prioritetlərdən hesab edilir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.-
11 mart.- S.15.