“Vətən uğrunda
ölüm
həyatın davamıdır”
Vətənpərvərlik
hissləri insanın daxili xarakterini,
insanlara, cəmiyyətə olan
münasibətini bildirir
Azərbaycanın milli mədəniyyəti
onun tarixdə tutduğu yeri, dili, ictimai, siyasi dini, iqtisadi
quruluşu kimi mühüm faktorları özündə birləşdirən
tezisdir. Millətin milli şüurunun formalaşmasında bu amillər son dərəcə
vacib məsələdir.
Millətlər yalnız öz milli kimlikləri, tarixi və vətənpərvərlik hissləriylə gələcəyə yol açırlar. Tarix dəfələrlə sübut edib ki, milli şüurunu itirən xalqlar, millətlər özündən güclülərin əsarəti altında olublar. Milli mənlik şüuru bu baxımdan bir ölkənin gələcəyinə işıq tutan aynadır. Bu hisslər müstəqilliyimizin təhlükəsizliyinin qarantiyası kimi də qəbul edilməlidir. Xüsusilə də torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda hərbi-vətənpərvərlik tərbiyəsi özünü qabarıq formada göstərir. Hərbi-vətənpərvərlik tərbiyəsi ölkə vətəndaşlarının Vətəni müdafiə etmək kimi müqəddəs vəzifəni yerinə yetirməsi üçün yüksək ideya, siyasi, mübariz və psixoloji keyfiyyətlərin aşılanmasına yönəldilir. Hərbi-vətənpərvərlik tərbiyəsinin əsas vəzifəsi yüksək ideya, siyasi, psixoloji və fiziki keyfiyyətləri inkişaf etdirmək, hərbi və hərbi-texniki biliklərin mənimsənilməsinə kömək etmək, xalqın və onun Silahlı Qüvvələrinin döyüş və əmək ənənələrini, öz ölkəsinin nailiyyətlərini, suverenliyini, ərazi bütövlüyünü müdafiə etməyə hazır və qadir olan vətənpərvərlər tərbiyə etməkdir. Hərbi-vətənpərvərlik tərbiyəsi əsgəri borcu yerinə yetirməyə hazır olmaq, ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində məsuliyyət daşımaq, Silahlı Qüvvələrə sayğı, Vətənə sədaqət, öz xalqının qəhrəmanlıq ənənələrini qorumaq və artırmaq səyi tərbiyə etmək məqsədini daşıyır. Hərbi-vətənpərvərlik tərbiyəsi əsasən orta və ali məktəblərdə tədris prosesində, siyasi maarif sistemində, hərbi dərsliklər və ədəbiyyatlar, mətbuat, radio, televiziya, internet vasitəsilə, müxtəlif kütləvi-siyasi iş formalarının, ədəbiyyat və incəsənətin köməyi ilə həyata keçirilir. Tarixinin bütün dövrlərdində xalqımız hərb tarixində öz uğurları ilə yadda qalıb. Vaxtilə bu torpaqdan yetişən qəhrəmanlarımız və görkəmli hərbçilərimiz , indiki nəsilə bir qəhrəmanlıq nümunəsi olmalı, hər bir Azərbaycan vətəndaşında hərbi-vətənpərvərlik tərbiyəsi yüksələn xətt üzrə inkişaf etməli, əli silah tutan hər kəsdə qəhrəmanlıq əzmi, Vətənə sədaqət və ürəyində Vətən yolunda döyüşə həvəs olmalıdır. Hərbi vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə - bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur. Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir. Vətənpərvərlik hissləri insanın daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini bildirir. Azərbaycan dövlətinin ən başlıca məqsədlərindən biri uşaq və gənclərin milli mənlik şüurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplər əsasında formalaşmasıdır. Çünki milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir, bu və ya digər hadisələrə öz münasibətini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil. Bu, insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında məsuliyyət daşıdığını dərindən dərk edir. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. Beləliklə, milli şüur, milli hisslər, milli mənlik şüuru millətin özünü dərk etməsi prosesinə təsir edir. Milli şüurun formalaşmasında xalqın tarixi, ənənəsi, onun görkəmli mütəfəkkir və şəxsiyyətləri, həmçinin digər milli atributlar güclü təsirə malikdir. Ancaq bütün bunlarla yanaşı, müstəqilliyin əldə olunması da vacib şərtdir. Məhz milli mənlik şüuru sayəsində hər bir millət, xalq, o cümlədən hər bir fərd tarixin inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edir. Xalqın milli şüurunun formalaşmasında görkəmli şəxsiyyətlərin, mütərəqqi fikirli insanların böyük təsiri var. Məsələ ətrafında yaranmış suallarla jurnalistlərə müraciət etdik.
“Gənclik cəmiyyətin
bel sütunudur”
Ramid İbrahimov (“Bizim Yol”un müxbiri): “Gənclik hər bir dövlətin, cəmiyyətin bel sütunudur. Gəncləri olmayan cəmiyyəti ümumiyyətlə təsəvvür etmək olmaz. Gənclik cəmiyyətdə böyük bir qüvvədir və nüfuza malikdir. Azərbaycan dövlətinin özü də gəncdir. Yeni nəslin formalaşmasında milli təhsilin rolu danılmazdır. Ona görə də gənclər və təhsillə bağlı əlamətlər hadisələrin baş verməsi gözlənilən idi. Belə ki, 1997-ci ildə hər il fevral ayının 2-nin Azərbaycan Gəncləri Günü kimi elan olunması, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın qəbul olunması və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində tədbirlərin görülməsi arzuolunandır. Dövlət səviyyəsində elmin, təhsilin inkişafına dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşılıb, xüsusilə gənc nəslin intellektual səviyyəsinin artmasını ən vacib məsələlərdən biri kimi daim önə çəkilib. Məktəblərdə Azərbaycan tarixinin qanlı günləri ilə bağlı tədbirlərin təşkil olunması da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və vətənpərvərlik hislərinin tərbiyəsində əhəmiyyəti rol oynayır. Elə təkcə bu ilin yanvar ayında “Qanlı Yanvar” və fevral ayında isə Xocalı soyqırımı günləri təhsil müəssisələrində tədbirlər şəkilində qeyd olunub ki, bu da arzuolunandır”.
“Milli mənlik şüurunun
vəd etdiyi fayda çoxşaxəlidir”
Aygün Əziz (“Kaspi”nin müxbiri): “Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən vacib məsələlərdən biridir. Dövlətin, dilin, adət-ənənələrin yaşadılmasını şərtləndirən faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olmaları bütövlükdə dövlətin ümumilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir. Eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır. Ümumilikdə sözügedən dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm də milli kimlik məsələsini özündə ehtiva edir. O baxımdan milli mənlik şüurunun vəd etdiyi fayda yetərincə müxtəlif və çoxşaxəlidir”.
“Təhsilə
diqqət yetirmək lazımdır”
Yeqzar Cəfərli (“Bizim.info”nun baş redaktoru): “İlk olaraq bunu qeyd edim ki, vətənpərvərlik hissi elə saf, səmimi və ülvi bir hissdir ki, onu yaşamaq, duymaq, mənəviyyatın predmetinə çevirmək olduqca vacibdir. Vətənpərvərlik hisslərini tərbiyəsi, inkişafı bir qayda olaraq yeni nəsildə milli mənlik şüurunu da möhkəmləndirir. Bununçün ilk öncə təhsilə diqqət yetirmək, hələ bağça dövründən başlayaraq bu toxumları uşaqların beyninə əkmək lazımdır. Vətənpərvər olmayan birisi nə vətənini sevəcək, nə də ailəsini. Qazax şairi Cambul Cabayev deyirdi ki, “Vətən uğrunda ölüm həyatın davamıdır”. Bu sözlər vətən sevgisinin nə qədər güclü və təsirli bir hissiyat olduğunu bizə bir daha açıqlayır. Odur ki, inkişaf emək, uğur qazanmaq, mənəviyyatlı vətəndaş kimi yetişmək üçün ilk növbədə vətənpərvər olmaq lazımdır, vətəni sevmək lazımdır”.
“Milli
şüuru özündə əks etdirən
təşəbbüslərə
əhəmiyyət verməliyik”
Təbriz Raufoğlu (“Bakumedia.az”-ın baş redaktoru, “Prezident Təqaüdçüləri” Gənclər Birliyinin sədri): “Düşünürəm ki, ölkədə qeyd olunan punktlar üzrə dövlət siyasətinin kökləri orta təhsilə, ailədaxili müasibətlərə söykənməlidir. Hal-hazırda respublikamızda müvafiq qurumlar tərəfindən qeyd olunan istiqamətlər üzrə müyyən fəaliyyyət ortaya qoyulur və məntiqli olaraq qeyd etməliyik ki, nəticələr də var. Amma bununla yanaşı tam olaraq hər şeyin yüzə yüz qaydasında olduğunu ifadə etmək də səmimiyyət deyil. Problemlər də var və hətta müəyyən hallarda həddindən artıq qabardığını da vurğulmaq istəyirəm. Bunun əsas səbəbi isə orta təhsildə mövcud çatışmazlıqlar, ailədaxili münasibətlərin düzgün tənzimlənməməsi, eyni zamanda televiziyaların bir çox proqramlarında, həmçinin bəzi çap və internet mətbuatında, şou xarakterli məlumatların önə çıxarılmasıdır. Biz istər media qurumları, istərsə də digər vətəndaş cəmiyyəti institutları daha çox marrifləndirmə xarakteri daşıyan, milli dövlətçilik şürunun elementlərini özündə əks etdirən təşəbbüslərə üstünlük verməliyik”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 12 mart.- S.15.