“Gənclərdə milli vətənpərvərlik

hissləri güclü olmalıdır”

 

Azad İsgəndərli: “Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır”

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib.

Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür.  Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqillik yolunda 20 ildir ki, irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var".

Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Dövlət Bayrağı Meydanının açılışında iştirak edən prezident müstəqil Azərbaycanın vətəndaşı olduğu üçün hər bir kəsin fəxr etməli olduğunu bildirərək ölkə vətəndaşlarının, o cümlədən, gənclərin üzərinə düşən vəzifələri bir daha xatırladıb: "Hər bir vətəndaş, tutduğu mövqeyindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik". Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Bəs görəsən bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Sosial Hüquqların Monitorinq Qrupunun koordinatoru Azad İsgəndərli ilə söhbətləşdik.

-Azad bəy, bu gün Azərbaycan gəncinin vətənpərvərlik hissləri yetərincədirmi və bu sizi qane edirmi?

-Hesab edirəm ki, bu gün Azərbaycan gəncinin vətənpərvərlik hissləri yetərincə deyil. Bu problem özünü sosial şəbəkələrdə daha çox biruzə verir. Milli məsələlərlə bağlı yazılmış fikirlərdən daha çox onlar əyləncə xarakterli məsələlərə daha maraqlıdırlar. Amma bütün bunlara baxmayaraq onu deyə bilərəm ki, Azərbaycan gəncliyi mətindir, mübarizdir, dözümlüdür. Amma təbii ki, bunların qarşılığında gənclik də öz potensialından istifadə edib doğulduğu torpaq, yaşadığı ölkə, Vətəni üçün əlindən gələni əsirgəməməlidir. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Hər halda yenə də deyirəm vətənpərvərlik hissləri qənaətbəxş sayıla bilməz.

-Gənclərin milli mənlik şüurunun formalaşdırılması və onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində işlər haradan başlamalıdır. Yəni, bağça və məktəblərdə gənclər kifayət qədər vətənpərvər böyüyürmü?

-Gənclərin milli mənlik şüurunun formalaşdırılması və onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində işlər ilk öncə ailədən başlamalıdır. Biz br millət olaraq günün böyük hissəsini televiziya önündə keçiririk. O üzdən düşünürəm ki, bu işlərə televiziyadan, orta məktəblərdən və uşaq baxçalarından başlamaq lazımdır. Amma görək adıçəkilən məkanlarda istədiyimiz kimi təbliğat varmı? Əlbəttə ki, yox. Amma hər halda məktəblərdə az da olsa, yavaş da olsa bu proses gedir. Lakin mən Sosial Hüquqların Monitorinq Qrupunun koordinatoru olaraq apardığımız monitorinlərin nəticəsi olaraq deyə bilərəm ki,  ibtidai sinif kitablarından bir o qədər də razı deyiləm. Ona görə ki, ibtidai siniflərdə tədris olunan kitablarda bizim klassik şairlərin şeirlərinə və yaradıcılığına həddən artıq az təsadüf edilir. İstər milli qəhrəmanlarımız, istər xalq qəhrəmanlarımız, istərsə də görkəmli şəxsiyyətlərimizin təbliğatı çox zəif şəkildə gedir. Bu da bizim gələcək nəsldə milli şüurun formalaşmasında pis mənada böyük rol oynayan amillərdən biridir. Əslində məktəblərdə ilk öncə "Milləti olmayan bir xalqın dövləti də olmaz" prinsipi ilə təbliğat aparılmalıdır. Amma biz bunu görmürük. Ailədə uşaqlara dastanlarımız, milli nağıllarımız danışılıb oradakı milli xalq qəhrəmanlarımız geniş mənada təbliğ edilməlidir. Mən 30 ildən yuxarıdır ki, övladına lay-lay oxuyan bir ana ilə rastlaşmamışam. Analar uşaqların əlinə sakitləşməsi üçün lay-lay yox, mobil telefon verirlər. İlk öncə millət olaraq milliliyi ailədə uşaq körpə ikən onun beyninə yeritməliyik.

-Ali Baş Komandan, Prezident İlham Əliyevin tez-tez cəbhə xəttinə getməsi, əsgər və zabitlərlə görüşü, hərbi təlimləri izləməsi, eləcə də Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı gənclərin vətənpərvərlik hisslərinin artırılmasına nə dərəcədə müsbət təsir göstərir?

-Tarixin minillik inkişafı sübut edir ki, insanların yalnız şəxsi mənfəətlərini düşündüyü, cəmiyyətin və dövlətlərin problemlərinə biganə yanaşdığı hallarda bu təkcə onların özünün deyil, bütün cəmiyyətin daxilində mənəvi aşınmaya səbəb olur. İnsanlar arasında ünsiyyət zəifləyir, nəticədə bütövlükdə dövlətin mövcudluğu üçün təhlükə yaranır. Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Lakin, təəssüflər olsun ki, torpaqlarının 20 faizə qədəri işğal altında olan, tarixi əraziləri başqa dövlətlərin tərkibində qalmış Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətdə həyata keçirilən tədbirlər gözlənilən effekti vermir. Amma son illər ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin cəbhə xəttində tez-tez olması təbii ki, insanlarımıza qürurvericidir. Ali Baş Komandanın bu və ya digər bu kimi addımları ölkədə azyaşlılar arasında da böyük alqışla qarşılanır və təbii olaraq da bu işlər onlar arasında vətənə məhəbbət istiqamətində böyük faktordur.

-Sizcə bu gün kütləvi informasiya vasitələri, televiziya və radio vətənpərvərlik mövzularına kifayət qədər yer ayırırmı?

-Təbii ki, yox. Hətta elə bir yox ki, bu biabırçılıq həddindədir. Telekanallarda əyləncə proqramlarından başqa heç bir şey demək olar ki, yoxdur. Milli vətənpərvərlik ruhunda olan proqramlar isə çox az və əhəmiyyətsiz şəkildə verilir. Mən telekanalların bu istiqamətdə gördüyü işlərlə qətiyyən razı deyiləm. Hesab edirəm ki, mənimlə bahəm bütün Azərbaycan xalqı da bundan razı deyil.

-Qeyri-hökumət təşkilatları və gənclər təşkilatlarının bu sahədə fəaliyyətini necə qiymətləndirmək olar?

-Qeyri-hökumət təşkilatları və gənclər təşkilatlarının həyata keçirdiyi layihələri qənaət bəxş hesab edirəm və bu kimi fəaliyyətlər kifayət qədərdir. Amma bu addımların davamlılığı yoxdur. Necə deyərlər, onların fəaliyyəti sırf bu sahədə inkişafın olması üçün deyil. QHT və gənclər təşkilatları tərəfindən bu işlər sanki  nəyinsə xatirinə görülür. Ona görə də görülən işlərin perspektivi, keyfiyyəti aşağıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 13 mart.- S.15.