“KİV-də vətənpərvərlik mövzusu
davamlı
işıqlandırılmalıdır”
Gənclərin milli şüurunun
inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin
artırılmasında kütləvi informasiya vasitələrinin
rolu danılmazdır desək yanılmarıq. Bu sahənin hər
bir yazılı və elektron kütləvi informasiya vasitələrində
diqqətdə saxlanması başlıca prioritet
olmalıdır. Bəs görəsən, yazılı və
elektron kütləvi informasiya vasitələri gənclərin
hərbi vətənpərvərlik hisslərinin
artırılması kimi mövzulara nə dərəcədə
üstünlük verirlər?
Xeber1.az saytının təsisçisi Səbuhi Abbasov bildirib ki, ökəmizdə informasiya və söz azadlığı dünya standartlarına bərabər olduğu üçün son 3-4 ildə KİV orqanları, xüsusilə də internet media sürətlə inkişaf edib: “Təbii ki, cənab prezidentin dediyi kimi biz internet ölkəsiyik. Bu da birmənalı şəkildə internet KİV orqanlarının açılması ilə nəticələndi. Demək olar ki, hər adda və mövzuda sayt fəaliyyət göstərir. Təəssüf ki, yeni yaradılan media qurumlar heç də hər biri xoş niyyətlə açılmır. Beynəlxalq ermənipərəst qruplaşmaların təşəbbüsü ilə yaradılan saytlar var. Eyni zamanda sırf, loru dildə desən "reket" fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan media qurumları var. Lakin bunların fəaliyyəti bəlli bir müddətə qədər davam edir, sonra isə aidiyyatı qurumlar bu media orqanları barədə ciddi ölçülər götürürlər”. Səbuhi Abbasov deyib ki, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi mövzusu media orqanlarında demək olar ki, ən az müraciət edilən mövzulardandır: “Kütləvi İnformasiya Vasitələri reytinq üçün çalışdıqlarına görə bu mövzuya lazımı qədər diqqət ayırmırlar. Daha çox ucuz və qalmaqallı və yaxud da dezinformasiya xarakterli yazılara üstünlük verirlər. Bu mövzular daha çox hansısa qeyri-hökumət təşkilatının, ictimai-sosial institutların və yaxud da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun elan etdiyi müsabiqələır zamanı daha da aktuallaşır. Hesab edirəm ki, bu amil eyni zamanda cəmiyyətin bu mövzuya münasibətini dəyişir”. Səbuhi Abbasov qeyd edib ki, rəhbərlik etdiyi XƏBƏR1.az informasiya portalında bu istiqamətə xüsusi önəm verilib: “Qeyri-Hökumət Təşkilatı, sosial, layihə, hərbi, gənc mövqeyi kateqoriyaları da məhz bu missiyaya xidmət edir. Bundan başqa biz XƏBƏR1.az MMC-nin nəzdində ingilis dilində 1az.info və rus dilində OBZORaz.com saytlarını yaratdıq. Əsas məqsədimiz isə ermənilərin ölkəmizə qarşı apardığı informasiya müharibəsində onlara layiqli cavab verməkdən ibarətdir”.
Avrasiya.net saytının redaktoru Cavid Şahverdiyev deyib ki, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmısı mətbuatın problemlərindən biridir: “Etiraf edim ki, kütləvi informasiya vasitələri bu məsələyə geniş yer ayırmır. İstər yazılı, istərsə də elektron media. Toxunduğumuz bu məsələyə yalnız əksər hallarda qəzetlərdə rast gəlinir. Bu da ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərə ayrılan maliyyə çərçivəsində həyata keçirilir.
ki, bir neçə qəzet 6 ay bu mövzunu işıqlandırır. Amma mütəmadi olaraq gənclərin vətənpərvərlik hisslərinə, onların milli-mənəvi cəhətdən maarifləndirilməsi mövzularına çox nadir hallarda toxunulur. Çünki bu mövzu media üçün maraq kəsb etmir. Elektron mediada isə demək olar ki, bu mövzuya heç toxunulmur”. Cavid Şahverdiyev bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən sayt və internet qəzetlərinin 90 faizi şou və kriminal xəbər və mövzulara, xəbərlərə üstünlük verirlər: “Onları da qınamıram. Xəbərlərin daha çox oxunması üçün bu gün şou və kriminal sahəyə daha çox üstünlük verirlər”. Sayt rəhbərinin sözlərinə görə, Azərbaycanda sırf gənclərimizin vətənpərvərlik ruhunun aşılamasına xidmət edəcək elektron media və qəzet yoxdur: “İstər qəzet, istərsə də elektron mediada sərbəst olaraq bu mövzulara toxunulmur, necə deyərlər, mediamız buna məcbur edilir. Əgər KİVDF maliyyə yardımı ayırırsa bu mövzu həmin qəzet üçün prioritetə çevrilir. Pul verilməsə 6 ayda hec 6 dəfə də bu mövzuya müraciət edilmir”. Cavid Şahverdiyev qeyd edib ki, rəhbərlik etdiyi saytda da eyni vəziyyət hökm sürür: “Hərdən bu mövzuya toxunuruq. Qeyri-Hökumət Təşkilatlarının gənclərdə vətənpərvərlik hisslərinin aşılaması ilə bağlı həyata keçirdikləri layihələrin xəbərlərini veririk. Mənə elə gəlir ki, Mətbuat Şurası bu sahəyə diqqətini artırmalıdır və mediadan bu mövzulara mütəmadi toxunulması qaydasını işləməlidir. Sual oluna bilər ki, buna nə məcburiyyət, media müstəqil və sərbəstdir və s. Amma bu mövzu Azərbaycan gəncliyi, dövlət və dövlətçiliyimizin qorunması üçün çox mühüm və gərəklidir. Bu mövzu hər bir KİV-in aktual mövzusuna çevrilməlidir. Hər dəfə bu mövzuya toxunmalıyıq və buna məcbur edilməliyik. Baxın, hər hansı bir qəzet və yaxud sayt Mətbuat Şurasının “qara siyahı”sına KİV haqqında qanunun müddəlarının pozulması zamanı salınır və s. Bu da çox zaman hansısa tərəfin şikayəti əsasında. Amma elə media orqanları və saytlarımız var ki, gənclərimizin vətənpərvərlik ruhundan uzaq düşməsinə xidmət edən, onların mənəviyyatını pozan, dövlət və dövlətçiliyə qarşı çağırışlar edən yazılar, məlumatlar dərc edirlər. Mənə elə gəlir ki, Məbuat Şurasının komissiyası bu kimi məsələlərə də diqqət ayırmalıdır və bu kimi media orqanı cəzalandırılmalıdır”.
Lacın.info saytının redaktoru Siyavuş Əmirli isə rəhbərlik etdiyi elektron KİV-in gənclərim milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik ruhunun artırılması məsələsinə kifayət qədər diqqət ayırdığını vurğulayıb: “Lacin.info saytı 2013-cü ilin sonlarında təsis edilib. Tam əminliklə deyə bilərəm ki, hazırda bizim sayt işğal olunmuş rayonların saytları arasında yeganə tam gücü ilə işləyən saytdır. Saytın yaradılmasında məqsəd təkcə Laçın rayonunu deyil, ümumilikdə işğal olunmuş rayonlarımızın tarixini, mədəniyyətini, ziyalıllarını, görkəmli adamlarını oxuculara bir daha yaxından tanıtmaqdır. Bu ildən isə sayt təkcə regon xəbərlərini deyil, ümumilikdə respublikamızda və dünyada baş verən hadisələri də operativ surətdə işıqlandırır. Yaxın günlərdə saytın rus və erməni dilləri olan versiyası da fəaliyyətə başlayacaq. Ötən iki il ərzində az da olsa məqsədimizə nail ola bilmişik desəm, yanılmaram”. Siyavuş Əmirli bildirib ki, 2014-cü ilin əvvələrində Xocalı faciəsi və işğal olunmuş rayonlarımızdan hazırlanmış yazılar ardıcıl olaraq saytda getdikdən sonra ermənilər tərəfindən sayta güclü haker hücumu olub: “Müvəqqəti fəaliyyətimiz dayansa da yenidən bərpa edə bildik. Daima bir məqəsədimiz olub. Azərbaycançılıq ideyasını təbliğ etmək, böyüməkdə olan gənc nəsilə vətənpərvərlik hislərini aşılamaq. Oxucularımızdan aldığımız çoxsaylı məktublar deməyə əsas verir ki, yavaş-yavaş olsa da məqsədimizə nail oluruq. Bu gün ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə aid çoxsaylı internet resursları yaradaraq qədim Azərbaycan torpaqlarını, abidələrini erməni xalqının mədəni irsi kimi təqdim edirlər. Hazırda qondarma “Dağlıq Qarabağ Respublikası”nda 30-dan artıq sayt, 5-ə yaxın intenet televiziya fəəliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə 100-lərlə səhifələr açaraq qondarma qurumun tarixinin, mədəniyyətinin təbliği ilə məşğuldurlar. Bu kimi təxribat hallarının qarşısını almaq məqsədi ilə gələn aydan Diaspor Jurnalistləri Birliyi ilə yeni bir layihəyə başlayacağıq. Layihənin əsas məqsədi sosial şəbəkələrdə qondarma respublikanın vətəndaşları tərəfindən yaradılmış səhifələrin bağlanması üçün aktiv təbliğat aparmaqdır. Xüsusən də “Facebook” sosial şəbəkəsində yaradılmış qondarma səhifələrin bağlanması üçün sosial şəbəkənin rəhbərliyinə məktublar ünvanlayıb, həmin səhifələrin bağlanmasını tələb edəcəyik”.
Siyavuş Əmirli bildirib ki, bu gün istər yazılı, istərsə də elektron KİV-lər üçün gənclərə vətənpərvərlik hisslərinin aşılanması mövzusu prioritet təşkil etməlidir: “Çünki bu gün torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. İşğal altında olan ərazilərimizi azad etmək üçünsə bizə vətənpərvər, dövlətini, millətini sevən, onun uğrunda canından keçməyə hazır olan gənclər lazımdır. Düzdür, gənclərdə vətənpərvərlik hisslərinin artırılması istiqamətində qeyri-hökumət təşkilatları, ayrı-ayrı ictimai birliklər və gənclər təşkilatları fərqli layihələr həyata keçirirlər. Ancaq hesab edirəm ki, bu kifayət deyil. Biz qeyd edilən istiqamətə daha çox diqqət ayırmalıyıq. Həmçinin kütləvi informasiya vasitələrində bu mövzu davamlı işıqlandırılmalıdır. Yalnız bu halda, güclü maarifləndirmə tədbirləri həyata keçirməklə gənclərimizdə vətənpərvərlik hisslərini ən yüksək səviyyəyə qaldıra bilərik”.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 17 mart.- S.15.