31 mart qırğınları ərəfəsində

erməni hiyləgərliyi

 

Əli Fərhadov: “Erməni quldur dəstələri öz mənfur əməllərini həyata keçirmək üçün Bakıda rus və erməni əhaliyə qarşı müsəlmanların soyqırım törətdiyi iddialarını yayır, Xəzərdəki rus hərbi gəmilərinin Bakıya hücumunu təşviq edirdilər”

 

Azərbaycan tarixinə qara hərflərlə yazılmış günlərdən biri də 31 mart-Azərbaycanlıların Soyqırım Günüdür. Bu günlərdə 97 ili tamam olan bu soyqırımın səbəbləri, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, eləcə də o zamankı ictimai-siyasi vəziyyət barədə Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov danışıb.

İctimai Birlik təmsilçisi bildirib ki, 1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşevik çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə etdilər. Erməni quldur dəstələrinin bu hərəkəti 1918-ci ilin martında Bakıdan başlayaraq Azərbaycanın əksər bölgələrinə yayılmış və amansızlıqla həyata keçirilmişdi: “Bunun əsas səbəbi Rusiyada bolşevik hakimiyyətinin qələbəsi ilə ölkənin Birinci Dünya müharibəsindən çıxması nəticəsində əsgərlərin döyüş bölgələrini tərk etməsi olmuşdu. Qafqaz cəbhəsindəki Rusiyanın hərbi hissələrinin tərkibində olan əsasən erməni zabit və əsgərlərinin silahlarını təhvil verməyərək Azərbaycana, xüsusilə Bakıya dolmasından bolşevik donu geyinmiş, lakin daşnaklara xidmət edən Zaqafqaziya komissarı Stepan Şaumyan məharətlə istifadə edirdi. Stepan Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən azərbaycanlı qırğınları sonralar bütün Azərbaycana yayıldı”. Əli Fərhadov deyir ki, erməni quldur dəstələri öz mənfur əməllərini həyata keçirmək üçün Bakıda rus və erməni əhaliyə qarşı müsəlmanların soyqırım törətdiyi iddialarını yayır, Xəzərdəki rus hərbi gəmilərinin Bakıya hücumunu təşviq edirdilər: “Qırğının başlaması üçün erməni quldur dəstələri 1918-ci il martın 17-də silahla ehtiyatsız davranış nəticəsində həlak olmuş Məmməd Tağıyevin cənazəsini Bakıya müşayiət edən müsəlman divizionunun tərksilah olunmasını tələb edirlər. Divizion rədd cavabı verdikdə gəmiyə tüfəng və pulemyotlardan atəş açılır. Ertəsi gün şəhərin erməni hissəsində silahlı erməni əsgərləri görünürlər. Onlar bütün küçələrdə səngərlər qazıb, torpaq və daşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu görən azərbaycanlılar da öz növbəsində bəzi küçələrdə səngərlər qazmağa başlayırlar. Erməni Milli Şurası və Daşnaksutyun Partiyası azərbaycanlılar bolşeviklərə qarşı çıxış etdikləri təqdirdə ermənilərin də onlara qoşulacağını və bolşevikləri Bakıdan qovmağa kömək edəcəklərini bildirirlər. Ertəsi gün, martın 19-da səhər tezdən azərbaycanlılar hələ yuxuda olduqları bir vaxtda, ermənilərin yalan vədlərinə arxayınlaşmış azərbaycanlılara qarşı hücum başlanır. Erməni quldur dəstələri azərbaycanlıların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, üç-dörd günlük körpələri süngülərin ucuna keçirirdilər. Qaçmış valideynlərin bütün südəmər körpələri vəhşiliklə öldürülürdü. Valideynlərin özlərini isə küçələrdə qovub qətlə yetirdilər”. İctimai Birlik rəsmisi qeyd edir ki, azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar: “Qətliamlardan sonra çalalarda burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış xeyli sayda müsəlman qadınının meyiti tapılmışdı. Erməni hücumları təkcə azərbaycanlılara qarşı deyil, həm də mədəni abidələrimizə qarşı yönəlmişdi. Martın 20-də “Kaspi” redaksiyası ilə “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasına hücum edən erməni quldurları binanı yandırırlar və təkcə Bakı azərbaycanlılarının deyil, bütün şəhərin bəzəyi olan bu möhtəşəm bina yanğından məhv olur. Məlumdur ki, 3 gün, martın 30, 31 və aprelin 1-də Bakı şəhərində şiddətli qırğın olmuşdu. Bu qırğına siyasi vuruşma donu geyindirən Stepan Şaumyan yazırdı: “Bir tərəfdən, Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl qızıl ordu, qısa müddətdə yenidən qura bildiyimiz qırmızı donanma və erməni milli hissələri, digər tərəfdən Müsavat partiyasına başçılıq etdiyi və içərisində çoxlu rus zabiti olan müsəlman “dikaya diviziyası” və silahlı müsəlman quldur dəstələri vuruşurdular”. Şaumyan daşnaklarla bolşeviklərin azərbaycanlılara qarşı törədilən qırğınlarda müttəfiq olduğunu da belə göstərirdi: “Daşnaksütyunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik”. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov deyir ki, bu ifadələr Azərbaycanın müstəqilliyinə qarşı hər zaman daşnak-bolşevik ittifaqının mövcud olduğunu və 20 aprel 1920-ci il bolşevik işğalının da bu müttəfiqliyin acı nəticəsi olduğunu göstərir.

 

Füzuli

 

Olaylar.- 2015.- 31 mart.- S.11.