Vətənpərvərliyin təbliği
başlıca prioritet
olmalıdır
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman başlıca prioritetlərdən hesab edilib. Bunun üçünsə ilk növbədə bağçalar və məktəblərdə işin aparılmasına diqqət yetirilib. Düzdür, adıçəkilən müəssisələrdə bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycan gənci kifayət qədər vətənpərvər ruhda böyüsə də, lakin etiraf etmək lazımdır ki, hələ də müəyyən nöqsanlar mövcuddur. Mövcud problemlərin aradan qaldırılması üçünsə hələ də orta məktəblərdə bu istiqamətdə işlərin görülməsi vacib sayılır. Ekspertlər hesab edirlər ki, ilk növbədə gənclərin təlim və tərbiyəsi ilə məşğul olan pedaqoji heyətin vətənpərvərlik keyfiyyətləri yoxlanılmalı və yüksəldilməlidir. Müəllim heyəti şagird və tələbələr üçün nümunə rolunu oynayır. Buna görə də həmin heyətin özlərinin bu sahədə məqbul biliklərə malik olması və gördüyü işə vicdanla yanaşması təmin edilməlidir. Bu məqsədlə müəllimlərə vətənpərvərlik və dövlətçilik mövzularında xüsusi treninqlər və kurslar keçirilməli, onlar mütəmadi olaraq bu istiqamətdə attestasiya olunmalıdırlar. Bu sahədə ixtisaslaşmış pedaqoji kadrların hazırlanması da zəruridir.
Təhsil müəssisələrində gənclərin iştirakı ilə vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəyə istiqamətlənmiş müxtəlif tədbirlər keçirilməli, təhsil müəssisələri vətənpərvərliyi təbliğ edən vəsaitlərlə və metodoloji vəsaitlərlə təchiz edilməlidir. Belə tədbirlər müxtəlif aspektli ola bilər. Dövlətin və cəmiyyətin həyatında cərəyan edən ayrı-ayrı problemlərə dair konfranslar, dəyirmi masalar, seminarlar və s. bu kimi tədbirlərlə yanaşı, milli vətənpərvərlik mövzusunda gənclərin bu sahədə biliklərinin yoxlanılmasına və daha da artırılmasına xidmət edən müxtəlif növ tematik intellektual yarışlar, orta məktəb şagirdləri arasında olimpiadalar və s. keçirməyi bu sıraya aid etmək olar. Eyni zamanda təhsil müəssisələrinin kitabxana fondu vətənpərvərlik ruhunda olan müxtəlif kitablar, əlavə ədəbiyyatlar, kitabçalarla zənginləşdirilməli, şagird və tələbələrin onları mütaliə etməsi təbliğ edilməlidir. Təhsil müəssisələri dövlətçiliyi və milli-mənəvi dəyərləri təbliğ edən lövhələr və digər vasitələrlə zənginləşdirilməlidir. Milli dildə ədəbiyyatların yayılması prosesi daha da genişləndirilməlidir.
Orta və ali təhsil müəssisələrində “Azərbaycan dövlətinin əsasları”, “Vətənşünaslıq”, “Ümumtürk tarixi”,”Ümumtürk ədəbiyyatı”, “Türk dili” və “İslamın əsasları” adlı xüsusi fənləri tədris edilməlidir.
Ekspertlər hesab edirlər ki, bir çox hallarda tədris olunan tarix və ədəbiyyat mövzuları Azərbaycan Respublikasının müasir hüdudlarını aşır. Məsələn, ərazisinin hamısı və ya əksər hissəsi Azərbaycan Respublikasının ərazisindən kənarda qalan Eldəgizlər, Ağqoyunlular, Səfəvilər kimi böyük türk dövlətləri Azərbaycan dövləti hesab olunurlar. Eyni zamanda heç vaxt Azərbaycan Respublikasının ərazisində yaşamayan Saib və Qövsi Təbrizi, Füzuli kimi şairlər, Tusi, Bəhmənyar kimi mütəfəkkirlər azərbaycanlı kimi dərsliklərdə təbliğ olunurlar. Həmin dövlətlər və mütəfəkkirlər bu və ya qismən milli dövlətçiliyimiz və milli mənəviyyatımızla bağlı olduğundan onlardan imtina edilməsi də qeyri-mümkündür. Çıxış yolu kimi “Ümumtürk tarixi”, “Ümumtürk ədəbiyyatı” adlı fənlərin yaradılması, Azərbaycan tarixi və ədəbiyyatının bu fənlər sistemində tədris olunması təklif edilir.
Gənclərin ardıcıl və kütləvi şəkildə Azərbaycan Respublikasına münasibətdə fəxr və qürur hisslərinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərindən istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, bu amil də gənclərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bunun üçünsə bir sıra zəruri addımların atılması məqsədəuyğun hesab edilir. Mütəxəssislər təklif edirlər ki, dövlət rəmzlərinin təbliği və tətbiqi istiqamətində dövlət siyasətinin hazırlanması lazımdır. Çünki dövlət rəmzləri millətin mədəni emblemlərinin kompleksidir. Onlardan düzgün istifadə edilməsi əhalidə, o cümlədən gənclərdə şəxsi özünüdərkin və ictimailəşmə hisslərinin formalaşmasına kömək edir. Dövlət rəmzlərinin təbliği müxtəlif səviyyələrdə konfransların, seminarların, əhalinin iştirakı ilə kütləvi tədbirlərin təşkili yolu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının dövlət rəmzləri (ilk növbədə üçrəngli bayrağı) geniş həcmdə yüksək keyfiyyətli xammaldan istehsal edilərək ya əvəzsiz olaraq, ya da ki, münasib qiymətə gənclər arasında yayılmalıdır. Kütləvi tədbirlərdə və digər hallarda dövlət himni çalınarkən hər kəsin bir nəfər kimi eyni ağızdan dövlət himnini ifa etməsi təbliğ edilməlidir. Azərbaycan Respublikasının bayrağının, himninin, gerbinin mənşəyinin elmi səviyyədə araşdırılması, əhalinin müxtəlif sosial qrupları tərəfindən dövlət rəmzlərinin mənasının nə dərəcədə dərk olunmasına dair sosioloji tədqiqatların aparılması da görülməli vacib olan tədbirlər sırasında qeyd edilir. Dövlət rəmzləri sadəcə nümayiş xarakteri daşımır. Onlar əhəmiyyətli tarixi dövrdə yaranmaqla yanaşı, müəyyən ideoloji zəminlərə də malikdir.
Müxtəlif tədbirlər vasitəsilə gənclər dövlət rəmzlərinin əhəmiyyəti barədə məlumatlandırılmalı, onların mənşəyi gənclərə izah edilməlidir. Kütləvi informasiya vasitələrində, dərsliklərdə, kitablarda digər nəşrlərdə, sənədli və kinofilmlərdə, milli internet məkanında dövlət rəmzlərindən geniş istifadə edilməli, onların təbliği aparılmalıdır. Gəncləri maraqlandıran məmulatlarda, geyimlərdə milli rəmzlərin əks etdirilməsi adi hala çevrilməlidir.
Azərbaycan Respublikasının milli dövlətçilik ideologiyası - azərbaycançılığın dövlət rəmzlərinə əsaslanması da diqqət çəkən məqamlardandır. “Müasir İnkişaf” İctimai Birliyi tərəfindən bu aspektdə müvafiq Konsepsiya hazırlanmışdır. Konsepsiyada dövlət bayramlarının gənclər tərəfindən xüsusi şəkildə qeyd edilməsi, bu zaman standart ssenari əsasında konfransların, dəyirmi stolların, mərasimlərin, sırf gənclərin iştirakı ilə konsert proqramlarının keçirilməsi zəruri sayılır. Qeyd olunur ki, bu tədbirlər zamanı, Azərbaycan Respublikasının dövlət himinin ifa edilməli, “Şəhidlər Xiyabanı”nın ziyarəti məcburi element kimi göstərilməldir.
Bu bir danılmaz faktdır ki, Azərbaycan xalqı dünyanın ən mədəni və zəngin mənəvi dəyərlərə malik olan xalqlarındandır. Şərq aləmində ilk operanı, ilk teatrı, ilk baleti və ən əsası ilk demokratik cümhuriyyət də məhz Azərbaycanda yaradılmışdır. Burada Türk əxlaqı, İslami dəyərlər və bəşər sivilizasiyasının müasir nəailiyyətləri sistemli şəkildə öz təcəssümünü tapmışdır. İctimai Birlik hesab edir ki, bu sistemin dağılması istənilən formada cəmiyyətdə və dövlətin həyatında deformasiyaya gətirib çıxara bilər. Hazırda xüsusən ifrat müasir dəyərlərin milli və dini dəyərləri sıxışdırıb çıxarması təhlükəsi mövcuddur. Bu isə cəmiyyətin mənəvi cəhətdən aşınmasına gətirib çıxara bilər. Bu məqsədlə isə gənclər arasında Azərbaycan milli mədəniyyətinin təbliğ edilməsi, qorunması və inkişaf etdirilməsi, həm ümumxalq yaradıcılığın məhsulu olan, həm də müəllifləri bəlli olan ədəbiyyat, mədəniyyət və incəsənət əsərləri unudulmamalı, daima təkrar edilməli və müasir metodlarla yayılması təklif olunur. Azərbaycanın şanlı keçmişi ilə bağlı itmiş tarixi abidələrin yerinin müəyyən edilməsi üzrə ekspedisiyalar təşkil edilməli, ölkənin tarixini və mədəniyyətini təbliğ edən muzeylərə, tarixi qələbələrin yaşandığı ərazilərə və digər yerlərə turist marşrutları, pulsuz səfərlər genişləndirilməlidir. Ədəbiyyat, mədəniyyət və incəsənət əsərlərində vətənpərvərlik ideyalarına geniş yer verilməsi, dövlət sifarişləri hesabına milli vətənpərvərlik hisslərini təbliğ edən kinofilmlər, seriallar, sənədli filmlər, cizgi filmlərinin çəkilişi genişləndirilməsi təklif edilir.
Dövlətlə bütövlükdə cəmiyyət və o cümlədən gənclər arasında qarşılıqlı əlaqənin təmin edilməsi də Konsepsiyanın mühüm tərkib hissəsidir. Bu baxımdan gənclərdə dövlətə məhəbbət, insan hüquqlarına, Azərbaycan Respublikasının qanunlarına, qanunçuluğa və hüquq qaydasına hörmətin təbliği böyük əhəmiyyət kəsb edir. Bunun üçün aşağıdakı istiqamətdə tədbirlər həyata keçirilməlidir.
Hər bir Azərbaycan gənci Azərbaycan dövlətinin Konstitusiyasını və əsaslarını bilməli, onları dərk etməli, dövlətin inkişafına öz töhfəsini verməyi bacarmalıdır. Təhsil müəssisələrində dövlət həyatının bütün sahələrindəki yeniliklər barədə gənclər məlumatlandırılmalıdır. Buraya əldə edilmiş iqtisadi inkişafın nəticələri, siyasi sabitlik və s. aid ola bilər. Dünya təcrübəsi göstərir ki, cəmiyyətin elmi potensialı, gənclərin elmi bilikləri artıqca onlarda cinayətkarlığa meyllilik azalması müşahidə edilir. Bu sahədə görüləcək tədbirlər gəncləri hüquqazidd davranışlardan çəkindirmək, mövcud problemlərini hüquqi yollarla həll etməyə sövq etmək, onlarda qanunçuluq şüurunu təlqin etmək məqsədi daşıyır. Gənclərin hüquqi tərbiyəsi üçün təhsil müəssisələri ilə hüquq mühafizə orqanlarının əməkdaşlığı zəruridir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 1 may.- S.15.