Məktəblərdə gənclərin vətənpərvər
ruhda tərbiyəsi
daim diqqət mərkəzindədir
Dövlət gənclər
siyasətinin ən mühüm istiqamətlərindən biri
kimi ölkəmizdə gənc nəslin vətənpərvər
ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Təsadüfi
deyil ki, bu, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən
hesab olunur. Həmin sahədə həyata keçirilən
kütləvi tədbirlər, maarifləndirmə və təbliğat
işləri bilavasitə gənclərin mənəvi, fiziki,
psixoloji hazırlığının təmin edilməsinə,
onlarda Vətənə, doğma torpağa məhəbbət
hissinin yüksəldilməsinə, eləcə də
müasir dünyamızda qloballaşmanın geniş vüsət
aldığı bir zamanda milli-mənəvi dəyərlərin
qorunub saxlanmasına yönəldilir.
Bu gün Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Heç şübhəsiz, bu məsələdə ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunan “Gənclərin çağırışaqədərki hazırlığı” fənni mühüm rol oynayır. Belə ki, bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Həmin fənnin tədrisinin təkmilləşdirilməsi, fənnin imkanları daxilində şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, hərbi-idman oyunlarının kütləviliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir, bu məqsədlə aidiyyəti qurumlarla birgə vətənpərvərlik tərbiyəsi üzrə aktual məsələlərə həsr olunmuş müşavirələrin, konfransların, “Dəyirmi masa”ların, mədəni-kütləvi və digər tədbirlərin təşkilinə hərtərəfli dəstək göstərir. Yeri gəlmişkən, bir məqamı da qeyd etmək yerinə düşər ki, bəzən “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin ümumi təhsil məktəblərində daha aşağı siniflərdən tədris olunması ilə bağlı fikirlər səsləndirilir. Əslində, ümumtəhsil məktəblərində fənlərin hər birinin məhz hansı sinifdən başlanması şagirdlərin yaş, fizioloji, psixoloji və qavrama səviyyəsi nəzərə alınmaqla elmi-pedaqoji cəhətdən əsaslandırılıb müəyyən edilmişdir. Adından da göründüyü kimi, bu fənn şagirdlərin ordu sıralarında hərbi xidmətə çağırış öncəsi hazırlığını təmin etməyə yönəlmişdir və yuxarıda da qeyd etdiyim kimi, təhsilalanların vətənpərvərlik tərbiyəsində onun özünəməxsus yeri vardır. Lakin vətənpərvərlik duyğularının aşılanması, gənclərin bu ruhda tərbiyəsi yalnız bu fənnin vəzifəsi deyildir.
Onu da nəzərə almaq lazımdır ki, gənclərin vətənpərvərlik tərbiyəsini yalnız bir fənnin tədrisi ilə məhdudlaşdırmaq fikri reallıqdan uzaqdır. Belə ki, bütün fənlərin tədrisində, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar vardır. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün əsl həyat, tərbiyə məktəbidir. Heç şübhəsiz, fənnin tədrisi ilə bağlı müəyyən problemlər mövcuddur. Hazırda fənnin maddi-tədris bazasının daha da təkmilləşdirilməsi, kadr heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər nəzərdə tutulur və mütəmadi olaraq ardıcıllıqla həyata keçirilir.
Bu gün məktəblərdə fənn üzrə nümunəvi dərslərin təşkili də diqqət mərkəzindədir. Bu, qabaqcıl pedaqoji təcrübənin aşkara çıxarılması və yayılmasında xüsusi əhəmiyyət kəsb edir. Ötən dərs illərində Bakı şəhərinin bir neçə məktəbində belə dərslər keçirilmiş və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdı. Növbəti tədris ilində də həmin dərslərin təşkili davam etdiriləcək. Ümumiyyətlə, artıq bu istiqamətdə fəaliyyət intensive xarakter alıb.
Sevindirici hal ondan ibarətddir ki, orta ümumtəhsil müəssisələrində Azərbaycan Respublikasının Milli Qəhrəmanları, müharibə iştirakçıları ilə təhsilalanların mütəmadi görüşləri keçirilir, məktəblilərə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının həyatı və qəhrəmanlıqları barədə ətraflı məlumatlar verilir. Xüsusilə bu sahədə Təhsil Nazirliyi digər dövlət qurumları ilə yaxından və səmərəli əməkdaşlıq edir. Belə ki, təhsilalanların vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin əhəmiyyətini, eləcə də ilkin hərbi bilik, bacarıq və vərdişlərin gənclərin inkişafına böyük təsirini nəzərə alaraq, aidiyyəti təşkilatlarla birlikdə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turniri, “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur. Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Könüllü Hərbi Vətənpərvərlik Texniki-İdman Cəmiyyəti Respublika Şurası və Respublika Veteranlar Şurası ilə işgüzar əlaqələri mövcuddur.
Bütün bunlarla yanaşı məktəblilərin vətənpərvərlik tərbiyəsinin səmərəliliyini artırmaq istiqamətində də müəyyən zəruri tədbirlər nəzərdə tutulur. Belə ki, ümumi təhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərsin “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunması qərara alınıb. Vacib məqamlardan biri kimi dərs ili ərəfəsində məktəblilərin əsgər həyatı ilə yaxından tanış olmasını təmin etmək üçün onların daha sistemli şəkildə hərbi hissələrə aparılması, səfərlərin təşkilidir. Bu kimi səfərlərdə də əsas məqsəd hərbi hissələrdəki müasir silah və hərbi texnikalarla şagirdləri tanış etmək, onlardan istifadə qaydaları barədə məktəblilərə ətraflı məlumatlar vermək və əsgərlik xidməti barədə təsəvvürlərini genişləndirməkdən ibarətdir. Eyni zamanda şagirdlərin hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimlərində iştirakı da müntəzəm olaraq həyata keçirilir.
Eyni zamanda yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Səbail Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Quba rayonunda “Şahinlər” hərbi vətənpərvərlik düşərgəsi təşkil edilib. Artıq on ildən çoxdur ki, davam edən bu layihə çərçivəsində məktəblilərə xüsusi təyinatlı dəstənin üzvləri tərəfindən hərbi dərslər keçirilir, şagirdlər hərbiçilərlə görüşür, əsgər həyatı ilə tanış olur, sıra təlimini öyrənir, ilkin hərbi vərdişlərə yiyələnir və hərbi hissələrə səfərlər edirlər.
Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə birgə Qusar rayonunda da təşkil olunub. Düşərgədə uşaqların təlim-tərbiyəsi ilə rayonun orta məktəblərində çalışan fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimləri məşğul olublar. Onlarla yanaşı, Daxili Qoşunların nümayəndələrindən ibarət qrup düşərgəyə təhkim olunub və onlar burada aparılan hərbi hazırlıq və digər tədbirlərin təşkilində yaxından iştirak ediblər.
Göründüyü kimi vətənpərvərlik tərbiyəsi, öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir. Yuxarıda qeyd edildiyi kimi indiyə qədər gənclərin hərbi vətənpərvərlik hisslərinin artırılması, onların Vətənə, millətə, dövlətə məhəbbət hissində tədbiyə olunması istiqamətində kifayətqədər işlər görülsə də, hələ görüləsi işlər də çoxdur. Çünki bu gün 20 faizə yaxın əraziləri erməni işğalı altında olan Azərbaycan Respublikasının gənci sözün həqiqi mənasında arzu etdiyimiz səviyyədə vətənpərvər deyil. Ona görə də hər şeyin bağça və məktəbdən başladığını nəzərə alaraq sözügedən təhsil müəssisələrində təhsil alan şagirdlərlə daha ciddi şəkildə iş aparmaq zəruridir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2015.- 5 may.- S.15.