I Avropa Oyunlarının milli

mənlik şüurun inkişafına təsiri

 

Bu dünyanın dövətimizə olan güvəninin, bu Azərbaycanın uğurlu inkişaf strategiyasının, bu ölkəmizin müstəqil siyasətinin bariz nümunəsidir

 

Regionda və dünyada baş verən proseslərin ölkələr üçün təhdid mənbəyinə çevrildiyi vaxt milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin təbliğatı öz əhəmiyyətini qabardır. Xüsusilə İŞİD kimi radikal terror təşkilatlarının gənclərini öz tərəfinə çəkmək cəhdləri təhlükəni artırır. Avropa, Amerika və Asiyanın bir çox ölkələrindən gəncləri öz sıralarına qatan “İslam dövləti”, öz pozuculuq fəaliyyəti ilə insanlarda mənəvi deqradasiyanı sürətləndirir. Bu vəziyyətdə gənclərdə milli mənlik şüurunin inkişafı dövlətin prioritetinə çevrilir. Sevindirici haldır ki, Azərbaycan dövləti 1993-cü ildən bu yana gənclərdə milli mənlik şüurunun inkişafı üçün çoxlu sayda proqramları dəstəkləyib və uğurla praktikada tətbiq edib.

Mütəmadi olaraq gənclər üçün reallaşdırılan layihələr, hazırlanan proqramlar, gənclər arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaradılmış sektorlar bu sahənin inkişafına təkan verir. Zaman-zaman Azərbaycanda həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də, gənclik sektorunun müsbət istiqamətə yönəlməsinə şərait yaradır. Xüsusi olaraq, ilk dəfə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının da gənclərin dövlətə bağlılığını artırmaq üçün motivasiya rolunu oynayacağı şübhəsizdir. Bu gün yarışlara xüsusilə gənclər arasında marağın daha yüksək olması bizi sevindirməyə bilməz. Bu yöndə gənclərin sosial şəbəkə saytlarındakı aktivliyi dövlətçiliyimizin lehinə olan amil kimi dəyərləndirmək olar. Gənclər I Avropa Oyunlarının Azərbaycanın beynəlxalq imicinin artmasına təkan verəcəyinə inanırlar. Ən mühümü Azərbaycan həqiqətlərinin ölkəyə gələcək əcnəbi turistlər və KİV nümayəndələrinə çatdırılması üçün geniş fürsətlər yaradacağını deyirlər. Təbii ki, Avropada ilk dəfə olaraq, Azərbaycanda təşkil ediləcək Avropa Oyunlarının ölkəmiz üçün səmərəsi gənclərin ictimai sektorda rolunu daha da artıracaq. Bu həm də, milli mənlik şüurunun inkişafına təkan verməklə yanaşı, gənclərin dövlətçiliyə bağlılığını artıracaq. İnkişaf etmiş ölkələrdə milli mənlik şüurunun səviyyəsini göstərən əsas faktor, dövlətin əldə etdiyi uğurlardır. Avropa Oyunlarının da bu yöndəki səmərəsini nəzərə alsaq, yarışların Azərbaycan üçün hansı müsbət nəticələri verəcəyi əvvəlcədən məlumdur. Avropa Oyunlarından əvvəl – 2011-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsindən sonra Azərbaycanın qitə və dünya miqyasında populyarlaşmasına ən çox sevinənlər də məhz gənclər idilər. Yarışdan sonra media və sosial şəbəkələrdə ictimai yöndə aktivliklərini artıran gənclər, dövlətimizin bütün uğurlarına sevindiklərini bildirirdilər. Təbii ki, bütün bu uğurlar gənclərin ölkəyə bağlılığını artırmaqla yanaşı, onların dövlətçiliyin inkişafına sərf etdikləri vaxtların sayı da artır. İctimai fəallar, I Avropa Oyunlarından sonra iqtisadi və digər müsbət nəticələrlə yanaşı, yarışların eyni zamanda gənclərin milli mənəvi şüurunda müsbətə doğru dəyişikliklərin bir qədər də çoxalmasına kömək edəcəyini deyirlər. Bu yöndə I Avropa Oyunlarının bütün yönlərdə olduğu kimi, gənclərdə milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin təbliğatında müstəsna rol oynayacağı əvvəldən məlumdur.

 

Azərbaycanı sevməyən qüvvələri öz fikirlərindən

yalnız milli kimliyimizi, milli şüurumuzu

ortaya qoymaqla daşındıra bilərik

 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması üçün istər BMT Təhlükəsizlik Şurası, istərsə də ATƏT-in Minsk Qrupu səviyyəsində aparılan danışıqlar nəticə vermir. Düşmən tərəf birmənalı olaraq, işğal etdiyi ərazilərdən geri çəkilmək niyyətində görünmür. BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsilə əlaqədar qəbul etdiyi 4 qətnaməni heçə sayan Ermənistan, işğal altında saxladığı ərazilərin Azərbaycana aid olmadığını iddia edir. Xarici ölkədəki erməni lobbisi və diasporunun bu yöndə qurduğu təbliğat mexanizmi, münaqişənin həllini gecikdirir. Müxtəlif ölkələrin hakimiyyət orqanlarına qədər uzanan erməni diasporunun əsas məqsədi Dağlıq Qarabağda yaradılan separatçı rejimin beynəlxalq aləm tərəfindən “legitimliyinin” tanınmasına nail olmaqdır. Ermənistan hakimiyyəti də, Dağlıq Qarabağ barədə əsl həqiqətləri gizlədərək, Azərbaycana qarşı infiormasiya müharibəsinə başlayıb. Artıq 21 ildir davam edən bu müharibədə, Ermənistan münaqişənin həllinin uzanmasına nail olub. Əsl məqsəd isə, işğal altına olan əraziləri Ermənistana birləşdirməkdir. Təbii ki, belə bir məqamda Azərbaycan diasporu ilə yanaşı Azərbaycan gəncliyinin də üzərinə böyük yük düşür. Keçən dövr ərzində ermənilərin xarici ölkələrdəki təbliğatına qarşı öz fəaliyyətini ortaya qoyan Azərbaycan diasporu dünyanın bir sıra ölkələrində düşmənləri zərərsizləşdirə bilib. Bu çərçivədə Bakıda keçiriləcək I Avropa Oyunları gənclərin bu yöndə həm dövlətimizə, həm də Azərbaycan diasporuna dəstək verməsi vacib məsələdir. Təbii ki, yarışı izləmək üçün Azərbaycana Avropa və dünyanın müxtəlif ölkələrindən minlərlə KİV və ictimai sektor nümayəndələri gələcəklər. Bu yöndə gənclər aktiv olub, Dağlıq Qarabağ həqiqətlərinin dünya birliyinə obyektiv şəkildə çatdırılmasına nail olmalıdırlar. Ermənistan nümayəndə heyətinin də Bakıya gələcəyini nəzərə alsaq, gənclərin üzərinə düşən vəzifələr bir qədər də artır. Güclü fəaliyyət ortaya qoyulsa, yarışların keçiriləcəyi 14 gün ərzində Dağlıq Qarabağ həqiqətlərini dünya mediasının gündəminə obyektiv şəkildə çıxarmaq mümkün olacaq. Xüsusilə gənclər sosial şəbəkələr və real fəaliyyətlərində diqqətli olmalı, bu məsələni dövlətin prioriteti kimi nəzərə almalıdırlar. Qələbə arxasınca Bakıya gələcək erməniləri hər iki meydanda məğlub etməliyik. Bunun üçün I Avropa Oyunları Azərbaycan adamına real fürsətlər təqdim edir. Yarışlara bir neçə gün qalır və bu vaxt ərzində bütün insanlar ayıq-sayıq olmalıdırlar. Heç bir təxribata getməməli və öz müsbət fəaliyyətlərini ortaya qoymaqla yanaşı, Azərbaycana dost münasibəti bəsləməyən qüvvələrə, ölkələrə ölkə həqiqətlərinin obyektiv şəkildə çatdırılmasına nail olmalıdırlar. Azərbaycanı sevməyən qüvvələri yalnız fikirlərindən, öz milli kimliyimizi, milli şüurumuzu ortaya qoymaqla daşındıra bilərik. Bunun üçün I Avropa Oyunlarının yaratdığı imkanlardan maksimum yararlanmalıyıq. Ən kiçik fəaliyyətimizi belə, Azərbaycanın dünyaya müsbət çalarlarla çatdırılması üzərində qurmalıyıq. Təbii ki, əldə ediləcək bütün uğurlar bizi sevindirəcək və bizim dövlətimizə, millətimizə bağlılığımızı daha da gücləndirəcək. Milli kimliyindən, siyasi mənsubiyyətindən, ideoloji baxışından asılı olmayaraq bütün xalaq nümayəndələri dövlətimizin milli maraqlarının qorunması naminə I Avropa Oyunlarının ən yüksək şəkildə təşkil olunmasına yardımçı olmalı, öz səylərini ortaya qoymalıdırlar. Ölkələr yalnız onun əməksevər xalqının çiyinləri üzərində yüksəklərə qalxır. Bizim üçün bu söz bütün fəaliyyətimizdə stimul rolunu oynamalıdır. Yoxsa ki, kənardan heç kəs dayandığı yerdə gəlib problemlərimizi həll etməyəcək. Bunu yalnız özümüz edə bilərik, heç kəs nə Dağlıq Qarabağ münaqişəsinin həllində, nə də digər mühüm məsələlərin həllində obyektiv səy ortaya qoymayacaq. Biz yalnız öz əməyimiz, çalışmalarımız və gərgin fəaliyyətimizlə obyektiv nəticəyə nail ola bilərik. Bunun üçün I Avropa Oyunları zamanı diqqətli olmalıyıq, yarışların yaratdığı imkanlardan maksiumum səmərəli yararlanmalıyıq. Nəzərə almalıyıq ki, dünyanın bir çox ölkələri iqtisadi xaos içərisində boğularkən, Azərbaycan öz iqtisadi imkanlarını yalnız iqtisadi inkişafa yönəldərək, bu böhrandan üzüağ çıxıb. Bunun nəticəsidir ki, dünyanın bir sıra aparıcı ölkələri və qurumları I Avropa Oyunları kimi mötəbər yarışın keçirilməsini Azərbaycana həvalə etdi. Bu güvənin, bu Azərbaycanın uğurlu inkişaf strategiyasının, bu ölkəmizin müstəqil siyasətinin bariz nümunəsidir. Hər bir Azərbaycan vətəndaşı bunları nəzərə almalı, bəzi daxili və xarici qüvvələrin ölkəmizə qarşı başlatdıqları kampaniyalara qoşulmamalıdır. Anlamaq lazımdır ki, bu gün Azərbaycanın iqtisadi inkişafına qıcıqlanan həmin siyasi dairələrin məqsədi Avropa Oyunlarını pozmaqla dövlətimizi məyus duruma salmaqdır. Onların planlarını yalnız əks fəaliyyət ortaya qoymaqla puç etmək olar. Təbii ki, bu gün Azərbaycan dövlətinin bəzi siyasi dairələr tərəfindən gizli şəkildə hazırlanmış planı üzə çıxarıb ifşa etməsi, ölkə vətəndaşlarının sevincinə səbəb oldu. Bu bir daha Azərbaycanda dövlət-xalq birliyini göstərən ekrana çevrildi. Bu bir daha I Avropa Oyunlarının ən yüksək formada keçiriləcəyi barədə söylənən fikirləri təsdiq etdi. Bu qara qüvvələrin niyyətlərini heç etmək və Azərbaycanın artan nüfuzunu bir qədər də gücləndirmək hər birimizin əsas vəzifəsi olmalıdır. Məhz dövlətimiz bir də bizə güvəndiyi üçün bu ağır məsuliyyəti yükləndi. İnanırıq ki, I Avropa Oyunları ilə yanaşı, bundan sonra ölkəmizdə təşkil ediləcək digər beynəlxalq əhəmiyyətli tədbirlərdə, Azərbaycan öz müsbət fəaliyyətini ortaya qoya biləcək. Bunun üçün Azərbaycanın geniş iqtisadi potensialı, ən əsası dövlətin xalqla birliyi var.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 6 may.- S.15.