Gənclərin ibtidai
hərbi hazırlığı
vətənpərvərlik
ruhunu artırır
Bu gün Azərbaycan milli təhsilinin
qarşısında duran başlıca vəzifələrdən
biri gəncliyin Azərbaycanın dövlət rəmzlərinə
hörmət, ehtiram ruhunda tərbiyə edilməsi yolu ilə
vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın
müstəqilliyinin əbədi edəcək vətənpərvər
gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir.
Etiraf edək ki, bu sırada gənclərin orduya hazırlanması məqsədilə hərbi hazırlıq fənninin tədrisi ön yerldə durur. Onu da xatırladaq ki, hələ Sovetlər birliyindən mövcud olan bu fənnin tədrisi formal xarakter daşıyırdı. Zaman ötdükcə, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sora sözügedən fənnin tədrisinin vacibliyi ön plana çəkildi. Məlumat üçün bildirək ki, artıq bu istiqamətdə işlərə start verilib. Belə ki, ölkədə ibtidai hərbi hazırlıq fəninin tədrisinin keyfiyyətini artırmaq məqsədilə orta məktəblərin silahla təchizatı məsələsi gündəmə gəlib. Artıq bu məqsədlə müvafiq qərar verilib və onun icrasını həyata keçirəcək dövlət qurumları müəyyən edilib. Konkret olaraq bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yerinə yetirəcək. Hər iki qurum ibtidai hərbi hazırlıq fənninin tədrisi və hərbi vətənpərvərlik tərbiyəsi işlərinin təşkili üzrə hərbi rəhbərlərin qabaqcıl təcrübəsini öyrənəcək və tədris müəssisələri arasında yayacaq. Səhiyyə Nazirliyi isə hər iki qurumla birgə şagird və tələbələrin tibbi-sanitar təliminin, təcrübə dərslərinin poliklinikalarda, xəstəxanalarda keçirilməsini və bununla əlaqədar tövsiyələr, proqramlar hazırlanmasını təmin edəcək. SHXÇDX yeni təyin olunmuş və ya bir ildən az işləyən hərbi rəhbərlərin tədris ili ərzində bir aylıq istiqamətverici toplanışının hərbi hissələrin birində keçirilməsini təşkil edəcək, təhsil müəssisələrində işləyən hərbi rəhbərlərə, metodistlərə, inspektorlara və mütəxəssislərə hərbi rütbələrin verilməsini təmin edəcək.
Mütəxəssislər hesab edirlər ki, belə bir qərarın verilməsi çoxdan gözlənilən idi. Çünki gənclərin vətənpərvərlik ruhunun artırılmasında onların hələ erkən yaşından silahla davranması mühüm rol oynayır. Daha dəqiq, gənclərin orduya hazırlaması prosesində orta məktəbin roıunu artırmış olur. İbtidai hərbi hazırlıq fənninin tədrisi ilə uzun müddət məşğul olan Rafiq Babayev qeyd edir ki, orta məktəblərdə belə bir fənnin tədrisi gənclər arasında vətənpərvərliyin təbliği işində əsas vasitələrdən hesab olunur. Bir çoxumuz asanlıqla xatırlayırıq ki, orta məktəbin 9-11-ci siniflərində hərbi hazırlıq dərslərini necə keçmişik. Nə xüsusi geyimimiz olub, nə də ki, hərbi bilikləri öyrənmək üçün bir poliqonumuz. Elə sinifdəcə oturub müəllimin yeganə “Hərbi hazırlıq” kitabından mühazirələri dinləmişik. Hərdən maraqlı olsun deyə, taxtadan yonulmuş “silah”ları da boynumuzdan asıb məktəbin həyətində dövrə vurardıq. Təəssüflər olsun ki, bəzi məktəblərdə hərbi hazırlıq dərsləri hələ də aşağı səviyyədə aparılır. Hələ elə məktəblər var ki, ümumiyyətlə “hərbi hazırlıq” nədir, bilmirlər, dərslər ya boş keçir, ya da şagirdlər məktəb həyətində ağac dibi belləyirlər. Amma, artıq bu sahədəki boşluqlar aradan qaldırılmaqdadır. Belə ki, Nazirlər Kabineti 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nə dəyişikliklər edib. Dəyişikliyə əsasən, “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanun bu siyahıdan çıxarılıb və bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla əvəzlənib. Müdafiə Nazirliyi isə gənclərin ibtidai hərbi hazırlığına rəhbərlik səlahiyyətini itirib. Bundan sonra bu səlahiyyəti Təhsil Nazirliyi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yerinə yetirəcək”.
Yeri gəlmişkən qeyd edək ki, “Əsasnamə”yə edilən dəyişiklik ekspertlərin də ürəyincə olub. Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, polkovnik-leytenant Üzeyir Cəfərov bu məsələnin həddindən çox gecikdiyini deyib: “Çünki müharibə şəraitində yaşayan ölkədə bu məsələlər çoxdan həllini tapmalıydı. Xeyli vaxt itkisinə yol verdik və keçmiş SSRİ zamanında qəbul olunmuş absurd qərarı uzun illər yerinə yetirməli olduq. Bu da bizim gənclərimizin çağırışaqədərki hərbi hazırlığına çox mənfi təsir göstərdi. Biz uzun illərdir bu məsələni qaldırırıq ki, gənclər hərbiyə çağırılmazdan əvvəl, heç olmasa avtomat silahdan bir neçə dəfə atəş açsınlar, qızların tibbi hazırlıqları olsun və s. Bunlar hamısı önəmli məsələlərdir. İndi şükürlər olsun ki, gec də olsa, belə bir qərar qəbul olundu. Mən çox istərdim ki, bu qərar formal şəkildə yox, yüksək səviyyədə icra olunsun. Bunun ancaq və ancaq dövlətə böyük xeyri var”. Ekspert əlavə edib ki, bu, gənclərin silahla davranışına da şərait yaradacaq məqamdır: “Təsəvvür edin ki, hərbiyə çağırılmış gənc ilk dəfə avtomatı görəndə bilmir ki, ona hansı tərəfdən yaxınlaşsın, yaxud necə davransın. Amma buna hazırlıq orta məktəblərdə yüksək səviyyədə həyata keçirilsə, hərbi komandirlər də gələn gənc əsgərlərlə çox rahat şəkildə onlarla təmas quracaqlar. Bundan sonra əsgər bütün hərbi xidmət dövründə həm sıra hazırlığı, həm döyüş hazırlığı təlimlərini çox asan şəkildə həyata keçirə biləcəklər. Bu ilin və ötən illərin statistikasına nəzər yetirəndə görürük ki, silahla ehtiyatsız davranışdan xeyli sayda əsgərimiz dünyasını dəyişib. Bu kimi hadisələr isə ümumilikdə, ordunun döyüş hazırlığına xələl gətirir. Amma hazırda Nazirlər Kabinetinin verdiyi bu qərara əsasən, Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, o cümlədən, digər güc strukturları əlaqəli şəkildə iş planı qurmalıdırlar. Bundan sonra gənclərimizin hərb sahəsində elementar bilikləri və hazırlıqları olacaq. Bu məsələlər indiyə qədər çox axsayırdı”. Ekspert məsləhət olaraq bildirdi ki, Bakı şəhərində və digər böyük rayon və şəhərlərimizdə atıcılıq tirləri, o cümlədən, Könüllü hərbi vətənpərvərlik idman cəmiyyətinə məxsus olan aerodromlar, sürücülük məktəbləri və s. lazım olan vəziyyətə salınmalıdır ki, gənclərimiz orada müəyyən hazırlıq keçsinlər: “Biz çalışmalıyıq ki, həm Təhsil Nazirliyi, həm digər qurumlar bu məsələdə ciddi olsunlar. Əvvəla, yerlərdə ibtidai hərbi hazırlıq müəllimləri peşəkarlardan, keçmiş zabitlərdən təyin olunmalıdır. Kiminsə qohumu, tanışı olmamalıdır bu şəxslər. Xatırlayaq ki, Sovetlər dönəmində bu vəzifəyə bədən tərbiyyəsi müəllimləri təyin olunurdu”. Təhsil üzrə ekspert Nadir İsrafilov bildirilib ki, Nazirlər Kabinetinin bu qərarını təqdir eləmək lazımdır: “Bizim məktəblərdə sovet dönəmində hərbi vətənpərvərlik tərbiyəsinə böyük diqqət yetirilirdi. Məktəblərdə hərbi hazırlıq dərslərinə xeyli həvəs vardı. Amma hal-hazırda bizim məktəblərdə hərbi vətənpərvərlik tərbiyəsi, demək olar ki, tədris olunmur, formal xarakter daşıyır. Yadınıza gəlirsə, Sumqayıt məktəblərinin birində müəllimin səhlənkarlığına görə balaca bir partlayış olmuşdu. Buna görə də nazirin əmri ilə bütün məktəblərdən hərbi ləvazimatlar yığışdırıldı. Axı bunu müəllim haradansa gətirmişdi, onun səhlənkarlığı idi. Çünki, məktəblərə verilən ləvazimatlar təlim üçün nəzərdə tutulur, döyüş üçün yov. Belə çıxır ki, əgər hansısa təyyarə qəzaya uğrayıbsa, biz təyyarədən imtina eləməliyik?!”. N. İsrafilov hazırda ibtidai hazırlıq fənninin nüfuzdan düşməsini də bununla əlaqələndirib: “Biz o vaxt məktəblərə yoxlamalara gedirdik, görürdük ki, hərbi hazırlıq dərslərinə əhəmiyyət verən yoxdur. Bilirsiniz ki, hazırda Azərbaycan hərbiyə böyük ehtiyacı olan bir ölkədir. Dövlət tərəfindən də bu sahəyə böyük diqqət yetirilir. Yeni silahlarımız istehsal olunur və s. Amma belə bir şəraitdə gənclərimizdə vətənpərvərlik hissi də aşılanmalıdır. Bunlar isə məktəblərdə olmalıdır. Bu mənada, əsasnaməyə edilən dəyişiklik gözlənilən bir qərardır. Mən ümidvaram ki, bu addımdan sonra şübhəsiz ki, bizdə ibtidai-hərbi hazırlıq dərslərinin keyfiyyəti, müəllim, tələbə hazırlığı və sairdə bir canlanma olacaq”.
Məlumdur ki, vətənpərvərlik dəyişkən fenomendir və bunsuz nə dövlət, nə də cəmiyyət inkişaf edə bilər. Təbii ki, modernləşmə və qloballaşma şəraitində vətənpərvərlik fərqli xüsusiyyətlərə malikdir. Müstəqilliyimizin ilk illərində vətənpərvərlik bir qədər başqa mahiyyət daşıyırdısa indi onun mahiyəti tamamilə dəyişib. Müstəqilliyin ilk illərində vətəndaşları Vətəni və dövləti qorumaq ideyası ətrafında birləşdirmək tələb olunurdu. Yəni, o dövr üçün vətəndaşların fikir müxtəlifliyindən daha vacib idi. İndi isə konkret ideologiya və ona uyğun qəbul edilmiş qərarlar, dövlət proqramları mövcuddur. Lakin çətinlik törədən məsələ vətənpərvərliyin müxtəlifliyindədir. Belə halda hamı dərk etməlidir ki, vətənpərvərlik emosiyalarla, hisslərlə bağlı məsələdir. Emosiya və hisslərin tərbiyə edilməsi məhz ailədən, orta məktəbdən çaşlanır. Vətənpərvərliyi hissdən gündəlik həyat tərzinə çevirmək üçün cəmiyyətdə milli ideologiya anlayışına, yəni vətənpərvərliyin formalaşdırılmasında və tərbiyə edilməsində bilik və dəyərlərin, davranış standartlarının və əxlaqın müəyyənləşdirilməsinə zərurət yaranır. Təməlində dövlət, cəmiyyət, ölkənin keçmişi, bugünü və gələcəyi haqqında biliklər sistemi olan vətənpərvərlik artıq maarifçi vətənpərvərlikdir, yəni bu, yalnız hiss deyil, ölkəni inkişaf etdirmək, ölkədə münasibətləri yaxşılaşdırmaq imkanları aramaqdır. Burada həm siyasi, həm iqtisadi, həm də mədəni münasibətlər nəzərdə tutulur.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 7 may.- S.15.