Tariximizdə Heydər Əliyev fenomeni

 

Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə “baxıb keçdiyi bir pəncərə”yə də bənzədiblər. Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir. Məhz belə şəxsiyyətlərin surəti Tarixin Şərəf Lövhəsində özünə daimi yer qazanır və tarix davam etdikcə onların şərəfli əməlləri də yaşayır. Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması Heydər Əliyevdir.

O əbədiyyətə qovuşub, onun yaratdığı tarix isə öz uğurlu yoluna davam etməkdədir. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır. Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda – XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən sovet dövrünün son illərində, kommunist ideologiyasının agoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri arasında post-sovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloyi kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. . Məhz bu baxımdan, öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü.. Baş verən bütün bu proseslər dünyanın bu günkü mənzərəsini ərsəyə gətirməklə yanaşı həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi. Bu yüzillikdə bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər XX əsrin müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm də regionun və bu regionda yaşayan xalqların tarixində dönüş yaratmağa nail oldular. XX əsrin böyük siyasi xadimlərindən biri kimi tanınan Uinston Çörçil siyasi karyerasının ən yüksək pilləsində bütün bəşəriyyəti təhdid edən şər qüvvə ilə – imperialist işğalçılığının ən qəddar forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt Londonu bombalayırdı. Belə bir çətin məqamda düşmənin amansız həmlələrinin qarşısını almaq, təcavüzə məruz qalmış xalqı ruh düşkünlüyündən çıxarmaq, ümummilli müqavimət hərəkatını formalaşdırmaq Britaniya hökumətinin qarşısında duran ən başlıca vəzifə idi. Məhz Çörçilin uzaqgörən siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində faşist Almaniyasına qarşı çox güclü ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu. Zaman və geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin kökündə dayanan səbəblər və təhlükənin miqyası baxımından müstəqilliyimizin ilk illərində qarşılaşdığımız təhdid və təhlükə ötən əsrin 40-cı illərində Britaniyanın üzləşdiyi təhlükədən çox da fərqlənmir. Öz şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən heç də geri qalmır. Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla ermənilər arasında etnik uyuşmazlığın mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, ümummilli liderimizin 1994-cu ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin məhvolma təhlükəsi ilə üzləşdiyi ən çətin məqamlarda tarixi şəxsiyyətlərin üzərinə götürdükləri missiyanın xalqların taleyində nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görürük. Öz xalqlarının taleyüklü məqamlarında göstərdikləri cəsarət, siyasi qətiyyət və əzmkarlıq keyfiyyətləri hər iki siyasət adamını bəşər tarixində öz dəst-xətti olan görkəmli siyasi xadimlər kimi tanıtdırır.

XX əsrin aparıcı şəxsiyyətlərindən sayılan Şarl De Qoll “militarist” Avropanın demokratikləşən Avropaya transformasiyasında həlledici rol oynamış siyasi xadimlərdən biridir. Bəzi hallarda aşırı milliyətçiliyə əsaslanan siyasət yürütdüyü iddia olunsa da, De Qollun XX əsrin ən görkəmli siyasət adamlarından biri olduğunu inkar etmək mümkün deyil. İkinci Dünya müharibəsi zamanında, Fransanın ağır məğlubiyyətlərə düçar olduğu bir vaxtda onun rəhbərliyi ilə yaradılan Azad Fransız Qüvvələri Fransanın nasist Almaniyasına qarşı mübarizəsində başlıca hərəkətverici qüvvə oldu. Xüsusilə, De Qollun müharibənin başlanğıc illərində Fransa xalqına davamlı radio müraciətlərinin düşmənə qarşı müqavimət hərəkatının formalaşmasına təkan verən əsas səbəb olduğunu bu günün tarixçiləri və siyasət adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.

Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir. 1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin xarici dövlətlərin kəşfiyyat idarələri ilə birgə ölkəmizdə dövlət çevrilişi cəhdinə qarşı Heydər Əliyevin inamlı duruşu yaxın tariximizdə ən parlaq siyasi qətiyyət nümunəsidir. Oktyabrın 4-də axşam radələrində televiziya və radio ilə xalqa müraciət edən Heydər Əliyev böyük natiqlik məharəti ilə dövlətçiliyimizin təhlükə altında olduğunu açıq şəkildə ifadə edərək milli maraqlarımızın müdafiəsi naminə insanları Prezident Administrasiyasının qarşısına səslədi. Qısa zaman ərzində bu çağırışa səs verən on minlərlə Azərbaycan vətəndaşı Prezident Administrasiyasının qarşısına toplaşaraq dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin yaradılmasını təmin edən xalq-rəhbər birliyi dövlət çevrilişinin qarşısını aldı. Örnək gətirdiyimiz tarixi faktlar yenə də xalqların taleyinin müəyyənləşdiyi həlledici məqamlarda tarixi şəxsiyyət amilinin nə qədər önəmli rol oynadığını göstərir.

Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll kimi iki tarixi şəxsiyyəti birləşdirən mühüm bir keyfiyyət – xalqlarının ən çətin anlarında onları dövlətçilik naminə səfərbərliyə ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin tarixi şəxsiyyətlərin uzaqgörən siyasi gedişlərinə uğur gətirərərək toplumun bir ideya ətrafında sıx birləşməsinə rəvac verdi. Eyni zamanda, Şarl De Qoll və Heydər Əliyev bir-birindən fərqli situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən demokratik təsisatlara keçməyin tarixi labüdlüyünü vaxtında dərk etdi və bu mütərəqqi prosesin təşkilatçıları oldular.

 

Ardı var...

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Fəlsəfə doktoru

 

Olaylar.- 2015.- 8 may.- S.9.