Tariximizdə Heydər Əliyev fenomeni
əvvəli ötən sayımızda
Məşhur çex dissidenti və siyasətçisi Vaslav Havel Heydər Əliyevlə eyni siyasi dövrün hadisələrinə şahidlik
etmiş görkəmli
şəxsiyyətlərdəndir. Sovet
imperiyasının Şərqi Avropada mövqelərini
möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə
meydanına atılan Havel uzun illər regionun kommunist
totalitarizmindən qurtulmasında, Şərqli Avropa dövlətlərinin
bu imperiyadan asılılığına son qoyulmasında
müstəsna rol oynamışdır. Xüsusilə,
Sovet İttifaqının çökməsi ərəfəsində
Şərqi Avropada baş qaldıra biləcək etnik münaqişələrin
qarşısını almaq, Çexiya və Slovakiyanın
sülh şəraitində müstəqil dövlətlər
kimi dünya birliyinə inteqrasiyasına zəmin
formalaşdırmaq Vaslav Havelin sülhpərvər siyasətinin
prioritet istiqamətləri idi. Vaslav Havellə
Heydər Əliyevi birləşdirən ortaq məziyyət isə
bu tarixi şəxsiyyətlərin uzun müddət ərzində
kommunist ideologiyası sırınan cəmiyyətlərinə
demokratik prinsipləri və Avropa dəyərlərini
aşılaya bilmək qabiliyyətləridir. Azərbaycan hələ müstəqilliyini bərpa
etməzdən əvvəl Sovet ideologiyasının artıq
yeni zamanın reallıqları ilə
ayaqlaşmadığını və məhvə məhkum
olduğunu dəfələrlə bildirən Heydər
Əliyev hakimiyyətə dönüşündən sonra
demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət
siyasətinin aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas
qolunun – qanunvericilik, icra və məhkəmə hakimiyyətinin
demokratik prinsiplər əsasında təşkilini təmin
etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin
yaradaraq, hakimiyyətin sağlam siyasi mübarizə yolu ilə
formalaşdırılmasının əsasını qoydu.
Həyat və mübarizə yollarına nəzər
saldığımız liderlər fəaliyyət göstərdikləri
məkanın coğrafi sərhədlərini aşaraq
universal düşüncə sahibləri, dünyanın yeni
sosial yaşam, yeni siyasət reallıqlarını ərsəyə
gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar
üçün məkan və zaman fərqi yoxdur. Bu
baxımdan, Heydər Əliyevin malik olduğu ali
insani keyfiyyətlər və siyasi qabiliyyətlər ona istənilən
siyasi mühitdə və istənilən coğrafi məkanda
siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı
təmin edə bilərdi. Belə bir dühanın məhz Azərbaycan
xalqına mənsub olması və özündən sonra bu
xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə
hesablanmış siyasi irs qoyması
bütövlükdə xalqımızın milli uğuru və
iftixar mənbəyidir. Müasir dünya tarixində
yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə
ortaq məziyyətlər daşıdığı
üçün və bəzi hallarda isə həmin siyasi
xadimləri belə üstələyən keyfiyyətlərə
malik olduğu üçün Heydər Əliyev dünya
miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan
xalqının hər zaman fəxr edəcəyi və həyat
yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı, Heydər
Əliyev şəxsiyyətinin özünəməxsusluğu
da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi
müasirlərindən fərqli olaraq təkcə öz
dövrünün deyil, daha geniş zaman çərçivəsində
baş verən ictimai-siyasi proseslərin axarını müəyyən
edə bilən güclü siyasi iradə sahibi, yeni dünya
tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət
xadimidir. Heydər Əliyev təkcə Gələcəyi
görmür, həm də o Gələcəyi
yaradırdı: Sabaha doğru gedən yolu açır və
insanları o yolla getməyə səfərbər edirdi.
Heydər Əliyevlə eyni zamanda SSRİ-nin siyasi
elitasının ən yüksək pilləsində qərarlaşmış
siyasətçilər – Leonid Brejnev və Mixail Qorbaçov
bu gün siyasət tarixində ən miskin fiqurlar kimi
görünür. 18 il ərzində Sovet
İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi
retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində,
Sovet İttifaqının durğunluq dövrünə qədəm
qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə
etmək mümkündür. Leonid Brejnev
başında dayandığı siyasi rejimi yalnız
mühafizəkar qaydalarla idarə etməyi bacaran, dövlətin
təkamül və tərəqqi qanunlarını bilməyən,
istənilən yeniliyi yaxına buraxmayan tipik bir “homo-sovietikus”
idi. Onun şəxsində bir siyasət
adamı üçün həyati vacib olan siyasi qətiyyət,
xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək,
ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək
qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər
nüfuzlu və məsuliyyətli pilləsində
dayanmış Heydər Əliyevin o zamankı və
sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli
bir mənzərənin şahidi oluruq. Heydər
Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi,
istərsə də Sovet İttifaqının rəhbərliyində
təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq
və yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından
tamamilə fərqlənən nadir şəxsiyyət imici
qazandırmışdı.
Bütün siyasi karyerası boyunca Heydər Əliyevə
qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin
kökündə də məhz onun öz zəhməti ilə
qazandığı böyük nüfuzun “təhlükəsi”
dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş
Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli
münasibəti bunun bariz nümunəsidir. Malik
olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin
məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin
parlaq zəkaya malik bir şəxsiyyətə – Heydər
Əliyevə qarşı qərəzli münasibəti də
məhz o “təhlükə”nin
duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman
tarix boyunca əsl həqiqətləri üzə
çıxaran, kimin kim olduğunu tam
çılpaqlığı ilə göstərən ən
dürüst mizan-tərəzidir. Tarixin üzə
çıxardığı ədalət və reallıq isə
bundan ibarətdir: Qorbaçov öz adını tarixə
böyük bir dövləti dağıdan, əli qana
bulaşmış cinayətkar bir şəxs kimi, Heydər
Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən
quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən
şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini
bərpa edən dövlətlərin bugünkü
siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin
dövlətlərə başçılıq etmiş şəxslərin
seçdikləri siyasi xəttlə birbaşa
bağlıdır. Bunu post-sovet ölkələrinin
keçmiş rəhbərlərinin fəaliyyətinə və
həmin ölkələrin bu günkü siyasi-iqtisadi durumuna
nəzər saldıqda daha aydın görmək
mümkündür. Belə bir müqayisədə
də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi
ilə üzə çıxır. Həm
də bir faktı nəzərdən qaçırmaq olmaz ki,
Azərbaycanın yerləşdiyi geopolitik məkan digər
post-sovet ölkələrindən öz mürəkkəbliyi
və həssaslığı ilə fərqlənir. Bu gün Gürcüstanın düşdüyü
geopolitik çıxılmazlıq sindromu, aqressiv şəkildə
şimal qonşusunun təcavüzünə uğraması və
demək olar ki, müdafiəsiz qalması bu ölkənin
sabit və tarazlı siyasətə nə qədər
ehtiyacı olduğunu bir daha göstərir. Yəqin ki, əgər zamanında ölkədə
milli müstəqillik siyasətinin əsası düzgün
qoyulsaydı, orada da dövlətin sabit və dayanıqlı
inkişafı təmin edilmiş olardı. Ermənistana
gəldikdə isə, regionda Rusiyanın forpostu
funksiyasını kölə sadiqliyi ilə yerinə yetirən,
ümumiyyətlə, heç zaman öz mükəmməl
dövlətçiliyini qurmamış və yəqin ki,
heç zaman da buna nail olmayacaq bu ölkədə heç bir
müstəqil siyasətdən, “parlaq gələcək” vəd
edən siyasi düşüncədən, ənənədən
və liderlik institutundan danışmaq mümkün deyil. Görünür, bu çürük siyasətin,
daha doğrusu, siyasətsizliyin, öz ölkəsini
böyük fəlakətlərə sürüklədiyini nə
Ermənistan hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı
dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq
arasında geo-politik çəkişmələrin
qurbanına çevrilmiş Ukraynanın da durumu heç
ürəkaçan deyil. Bu dövləti 20 ildən
çox müstəqillik dövrü ərzində idarə
etmiş siyasətçilər tərəfindən
yürüdülən siyasi kursun dəyəri, daha
doğrusu, dəyərsizliyi bu gün göz
qabağındadır. Bütün bu illər ərzində formalaşan
kövrək siyasi vəziyyət, xaotik siyasi gedişlər
fonunda daim tənəzzülə gedən iqtisadi durum və
davamlı hakimiyyət dəyişmələri bu gün
Ukrayna dövlətçiliyinin möbcudluğunu belə təhlükə
altına almışdır. Bir çox cəhətlərinə
görə hadisələr Azərbaycan- Ermənistan
münaqişəsini də xatırladır.Lakin ən
böyük fərq ondan ibarətdir ki, cərəyan edən
dramatik hadisələrin səhnəsində bu hadisələri
cilovlayıb dayandırmağa və bütün vətəndaşları
Ukrayna xalqının milli maraqları ətrafında birləşdirməyə
qadir olan siyasi lider yoxdur. Ukrayna
xalqının avtoritarizmdən qurtulduğu bu həssas məqamda
Ukraynaya məhz onların “Heydər Əliyevi” hava və su
kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da
yenidən özünü tapmaq, etimadlı tərəfdaş
qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan
yeni siyasi xətt seçmək şansı
qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri
düzgün qiymətləndirməyə yetməyən siyasi
savadsızlığı və sonrakı dövrlərdə
də bu dövlətin gələcək inkişafının
kökündə dayanmalı olan milli ideyanın hələ də
tapılmaması bu gün Rusiyanı irəli getdiyində də,
geriyə döndüyündə də məğlubiyyətə
aparıb çıxaracaq bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni
imperialist siyasətin mərkəzi xəttinə çevirən
və bu ideyanın reallaşmasına uğursuz cəhdlər
edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən
çalxalamaqla, özünə və bütün beynəlxalq
birliyə ciddi ziyan gətirməkdə və öz
xalqını daha böyük fəlakətlərə
sürükləməkdədir.
Belələiklə, Heydər Əliyevdən başqa
vaxtilə Sovet Politbürosunun tərkibində olmuş
bütün siyasətçilərin adlarını Əlahəzrət
Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan
heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil
bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın
görən, ona doğru addımlayan və ölkəsini,
xalqını ona doğru istiqamətləndirən Heydər
Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın
dünya birliyinə təbii inteqrasiyasıını təmin
edərək onun müstəqilliyini əbədi və
dönməz etdi. Bu siyasət, hər
şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar
olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi
ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir;
bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə,
həmin maraqların Azərbaycanın milli mənafeləri ilə
uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın
daxili və xarici siyasət doktrinasının özəyini,
milli inkişafımızın təməlini təşkil edəcəkdir.
Məhz bu cəhətləri Heydər Əliyev
siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir
və onun özünü isə dünya miqyaslı şəxsiyyətə
çevirir.
Heydər Əliyev Azərbaycan xalqının
rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini
hər şeydən üstün tutan vətənpərvər
lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər
Əliyevin fəaliyyəti hətta bir insan ömrünə
sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə,
daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla,
ümumən, bütün ölkənin yenidən
qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev
Yeni Azərbaycanın əsasını qoydu. İstənilən
xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli
və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının
böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi
gedişləri ilə bugünkü sürətli
inkişafımızın kökündə dayanan sabitliyi
qısa zaman kəsiyində bərqərar etməyə nail
oldu. Gərgin iş rejiminin səhhətində problemlər
yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini
bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti,
ölkəmizin maraqlarına xələl gətirə biləcək
məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana
beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində
Azərbaycan konservativ, tipik post-sovet ölkəsi kimi deyil, beynəlxalq
və regional müstəvidə sabit və davamlı
inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş
kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri, regionda sabitliyin bərqərar
olunmasında oynadığı rol bir çox
tanınmış dövlət adamları tərəfindən
də aydın şəkildə ifadə olunmuş və
yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş
prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər
Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən
əsas şəxsiyyət olmuşdur. Onun
mövqeyi və göstərdiyi səylər Azərbaycanın
iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər
milyonlarla azərbaycanlının həyatını
yaxşılaşdırmış və Azərbaycanın XXI
əsrə müasir dövlət kimi daxil olmasına şərait
yaratmışdır”. Bu fikirlər Heydər Əliyev tərəfindən
yürüdülən siyasətin ölkə daxilində
sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə
etməklə
yanaşı, ümummilli
liderimizin bütövlükdə
regional müstəvidə kəsb
etdiyi sülhyaradıcı
və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin
əhəmiyyətini bir
daha təsdiqləyir.
Böyük Britaniyanın keçmiş
baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik
faktorunu xüsusilə
vurğulayır: “Heydər
Əliyev Azərbaycanın
böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun
qoyduğu irs ilə fəxr edə bilər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır. Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakıda təşkil olunmuş Türk Dövlətləri Başçılarının Zirvə Toplantısı və bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri onun türk dünyasının birliyi naminə göstərdiyi xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti
o qədər zəngindir ki,
istənilən aspektdən yanaşdıqda onun
intəhasız fəaliyyətinin geniş
okeanına çıxa bilirsən. Öyrənildikcə
öyrənilən, heç zaman tükənməyən Heydər
Əliyev irsi, onu müasiri olduğu digər
dünya siyasətçilərindən
fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli
araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə
oynadığı əhəmiyyətli rol
daha dərin və daha
geniş məzmunda, daha
konseptual şəkildə
açılacaq. Amma bir
həqiqət heç zaman
dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu
olmaqla yanaşı, tərəqqi və ədalət,
sülhpərvərlik və humanizm
ideyalarına, bəşəri dəyərlərə əsaslanan
geniş spektrli fəaliyyəti
ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
Olaylar.- 2015.- 9-12 may.- S.9.