Azərbaycan gəncliyinin

vətənpərvər olduğunu söyləyə bilərik

 

Əlabbas Məhərrəmov: “Gənclər başa düşür ki, Azərbaycanın

ərazi bütövlüyünün bərpa olunması üçün güclü ordu lazımdır”

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunması bu gün Azərbaycanda prioritet vəzifələrdən biri hesab edilir. Bu məqsədlə imzalanan fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları prosesə öz müsbət təsirini göstərsə də, lakin hələ də yad təsirlərə düşən, Vətən, millət anlayışından uzaq olan gənclər mövcud olmaqdadır? Bəs görəsən bu kimi mənfi halların aradan qaldırılması üçün hansı addımların atılması zəruridir? Ümumiyyətlə, gənclərin tam mənada vətənpərvər ruhda böyüməsi üçün nələri etmək lazımdır? Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmovla söhbətləşdik.

-Əlabbas bəy, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir və gənclərimizin vətənpərvərlik hissləri qaneedici sayıla bilərmi?

-Nəinki Azərbaycan gəncliyinin, ümumi baxsaq, cəmiyyətimizin vətənpərvər olduğunu söyləyə bilərik. Konkret gənclərdən danışası olsaq, bu kəsimin vətənpərvər olduğunu xüsusi araşdırma ilə üzə çıxarmağa ehtiyac yoxdur. Gənclərimiz, əlbəttə ki, öz vətənlərini sevirlər və onun inkişafı üçün faydalı olmağa çalışırlar. Mən sizin bu sualı verməyinizi şərtləndirən səbəbləri başa düşürəm. Təbii ki, gənclik dedikdə, bu kateqoriyaya aid olan insanların hamısında vətənpərvərlik hissinin maksimum səviyyədə olduğunu iddia edə bilmərik. Amma məsələyə ümumi yanaşdıqda, sualınıza təsdiqedici cavab vermək lazım gəlir. Eyni zamanda nəzərə almaq lazımdı ki, müasir dünyada, qloballaşma prosesinin bu qədər sürətlə getdiyi bir vaxtda formalaşan gəncliyin düşüncələrinə təsir edən çox sayda kənar amillər də var. Yəni texnoloji inkişafın indiki səviyyəsində gəncləri o təsirlərdən kənar saxlamaq çox çətindir. Lakin buna baxmayaraq, gənclərimizn əksəriyyəti öz vətənlərinin keçmişinə, bu gününə və gələcəyinə nəinki biganə deyillər, öz imkanları çərçivəsində faydalı olmağa çalışırlar. Həm də demək lazımdır ki, gənclik elə bir kəsimdir ki, bütün hallarda himayəyə, dəstəyə ehtiyacı var. Gəncliyin daha yüksək səviyyədə formalaşması üçün ailə, məktəb, universitet və cəmiyyətin də üzərinə məsuliyyət düşür. Gənclərimizn daha vətənpərvə olmaları, öz milli köklərinə daha möhkəm bağlanmaları üçün maarifçilik fəaliyyətinə ehtiyac var. Bu işdə televiziya və mətbuat çox böyük rol oynaya bilər və oynamalıdır.

-Etiraf etmək lazımdır ki, hələ də Vətənə, millətə laqeyd olan kosmopolit gənclər var. Bu kimi gənclərdə vətənpərvərlik hisslərinin artırılması istiqamətində hansı addımların atılması zəruridir?

-Mən birinci cavabımda bu məqama ötəri toxundum və bir daha deyirəm ki, nəinki gənclərə, hətta yaşlı nəslin nümayəndələrinə də hər hansı kontekstdə birmənalı qiymət vermək mümkün deyil. Kənar təsirlər haqqında fikrimə qayıtmaq istəyirəm. Gənclərin böyük hissəsi öz bilik və düşüncələrinə hakim olaraq özlərini o təsirdən qoruya bilir, ən azı buna müqavimət göstərirlər. Amma müəyyən bir hissə də özünü sanki o axının hökmünə buraxır və şüurunda kosmopolit düşüncə formalaşır. Həmin gənclər təssüf ki, ölkənin mövcud vəziyyətinə də laqeyd yanaşırlar, sanki bu problemlərin onlara heç bir aidiyyatı olmadığı  kimi göstərir, bu kimi davranışlarda olurlar. Bu, təbii ki, təəssüf doğuran haldır. Belə halların qarşısının alınması və həmin mənfi təsirlərin aradan qaldırılmasının yolu yenə də düzgün təbliğatdan keçir. Bu işdə həm ailələr, həm məktəblər, həm də kütləvi informasiya vasitələri daha məsuliyyətli və adekvat davranmalıdırlar.

-Bu gün kütləvi informasiya vasitələri, televiziya və radiolar vətənpərvərlik mövzularına nə dərəcədə üstünlük verirlər?

-Təəssüf ki, bu suala birmənalı müsbət cavab vermək mümkün olmur. Hazırda televiziya və radiolarda bu məsələyə yumşaq desək, lazimi diqqət yetirilmir. Hətta təəccüblüdür ki, ölkənin yüksək rəsmi şəxsləri, rəsmi dövlət qəzeti bu məsələdə televiziya və radiolarin ünvanına dəfələrlə irad bildirmələrinə baxmayaraq, bu sahədə ciddi irəliləyiş yoxdur. Dövlət televiziyası və İctimai Televiziyanı nəzərə almasaq, özəl televiziyalarda və radiolarda əyləncə və şou proqramlarının çoxluğu auditoriyanın, xüsusilə də onun gənc hissəsinə böyük təsir göstərir. Ona görə də, televiziya və radioalar gec də olsa onlara yönəlmiş bu iradları nəzərə almalı, öz proqramlarına vətənpərvərlik ruhu aşılayan, eyni zamanda, gənclərin intellektual səviyyəsini artıran verilişlərin hazırlanmasına başlamalıdırlar. Ümumiyyətlə, gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların bu ruhda tərbiyə edilməsi hər zaman kütləvi informasiya vasitələri, televiziya və radiolarda prioritet olmalıdır. Xüsusilə, bu istiqamətdə reklam rolikləri, maarifləndirici xarakter daşıyan videoçarxların hazırlanması mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, şou xarakterli verilişlər, proqramlardan daha gənclərin vərtənpərvərlik hisslərinin artırılması istiqamıətində verilişlərə üstünlıük verilməldir.

-Sizcə orta məktəblərdə vətənpərvərlik kifayət qədər təbliğ olunurmu?

-Orta məktəblərdə şagirdlərə vətənpərvərliyin təlqin olunması normaldır. Tədris proqramında bu məsələyə geniş yer ayrılıb. O cümlədən Azərbaycan tarixinin əhəmiyyətli hadisələri barəsində şagirdlərə ətraflı məlumat verilir, konkret traixi hadisələrə həsr olunan tədbirlər təşkil olunur. Yəni bu məsələdə orta məktəblər üzərilərinə düşən vəzifəni yerinə yetirirlər. Amma yenə də kənar təsirləri xatırlatmalı oluram. Çünki şagirdlərə məktəbdən başqa da təsir edən səbəblər var. Ən əsası həmin təsirlərin zərərsizləşdirilməsidir. Bu işdə isə artıq dediyim kimi, televiziya və radiolar da fəallıq göstərməlidirlər. Yoxsa məsuliyyəti tək məktəbin üzərinə qoymaq doğru deyil. Bütün halda gənclər arasında təbliğat işlərini artırmaq, onlarda Vətənə, millətə, dövlətə segi hissini formalaşdırmaq  zəruri addımlardan biridir. Xüsusilə bu gün torpaqlarının 20 faizə yaxını işğal altında olan Azərbaycan dövlətinin gəncləri üçün bu keçərlidir. Düzdür, orta məktəblərdə bu istiqamətdə müəyyən işlər aparılır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bizim hələ də çox əmək sərf etməyə ciddi ehtiyacımız var. Əks halda qeyd etdiyim kimi gənclərimiz xarici təsirlərə, kənar amillərə məruz qalacaq. Bununla da onlarda Vətənə, millətə sevgi hissi tədricən aşağı səviyyəyə düşəcək.

-Azərbaycan prezidenti, Ali Baş Komandanın müntəzəm olaraq cəbhə xəttinə səfəri, əsgər və zabitlərə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik hisslərinin artırılmasına hansı müsbət təsir göstərir?

-Azərbaycan gəncliyi ölkənin ərazi bütövlyünün pozulmasının, torpaqlarımızın iyirmi faizinin erməni işğalı altında olmasının, bunun nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın düşməsinin fərqindədir və hamımız kimi onlar da buna görə narahatdır. Gənclər də başa düşür ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün güclü ordu lazımdır və ordunun özəyini də təbii ki, gənclər təşkil edir. Ali Baş Komandanın müntəzəm olaraq cəbhə bölgəsinə səfərləri, müüdafiə nazirinin öz fəaliyyətini hərbi-səhra rejiminə keçirməsi, ordumuzun intensiv hərbi təlimləri, o cümlədən, qardaş Türkiyə Silahlı Qüvvələri ilə keçirilən təlimlər, cəmiyyətdə, gənclərdə ruh yüksəkliyi yaradır. Ölkənin siyasi və hərbi rəhbərliyinin cəbhə bölgəsinə müntəzəm səfərləri, ordunun həm silahlanma, həm də təchizat-təminat işlərinin xeyli yaxşılaşdırılması gənclərin hərb işinə marağını artırmaqla yanaşı, onların vətənpərvərlik hisslərini də gücləndirir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi sayəsində istər Ramil Səfərovun Macarıstan ölkəmizə ekstradisiya olunması, istər böyük bir qəhrəmanlıq nümayiş etdirərək erməni tərəfində qalan Mübariz İbrahimovun nəşinin geri alınması, ona Azərbaycanın Mill Qəhərmanı adının verilməsi, istərsə də Azərbaycan Silahlı Qüvvələrinin daim Ali Baş Komandanın diqqət mərkəzində olması gənclərin vətənpərvərlik hisslərinin artmasına təsir göstərən amillərdəndir. Bunun əyani sübutunu biz keçən ilin avqust ayında cəbhə xəttində gedən gərgin döyüşlər zamanı gördük. Həmin ərəfədə gənclər, ümumiyyətlə Azərbaycan xalqı arasında artan döyüş əzmi, vətənpərvərlik hissləri hər birimiz üçün qürurverici idi. Sevindirici haldır ki, bu gün də eyni ab-hava yaşanmaqdadır. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan Silahı Qüvvələri işğal altında olan torpaqlarını azad etmək istiqdarındadır. Bunun üçün bizim bütün potensialımız var.   Odur ki, Ali Baş Komandanın hərbi sahədə atmış olduğu bütün addımları, gördüyü işləri çox müsbət qiymətlənirirəm və ümid edirəm ki, torpaqlarımızın erməni işğalından azad ediləcəyi tarix heç də uzaqda deyil.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 15 may.- S.15.