Vətənpərvərlik müstəsna

dərəcədə mütərəqqi duyğudur

 

Mütəllim Rəhimli: “Orta və ali məktəblərdə yeniyetmə və gənclər milli ruhda, vətənpərvər yetişdidirilməlidir”

 

Demokratiyanın İnkişafı Problemləri Mərkəzinin (DİPM) sədri Mütəllim Rəhimlinin “OLAYLAR”-a müsahibəsi

 

-Mütəllim bəy, bu gün Azərbaycan gənci nə dərəcədə vətənpərvərdir və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi qaneedici sayıla bilərmi?

-Azərbaycan vətəndaşlarının ən dəyərli mənəvi keyfiyyətlərindən, ən dərin hisslərindən biri vətənpərvərlikdir. Vətənpərvərlik müstəsna dərəcədə mütərəqqi duyğudur. O, millətlərin təşəkkül tapıb formalaşmasında, milli azadlıq uğrunda gərgin mübarizələrdə, vətənin müdafiə olunmasında mühüm rol oynayır. Məhz yüksək vətənpərvərlik hissi ikinci dəfə dövlət müstəqilliyinə, suverenliyə nail olmağımıza, müasir müstəqil Azərbaycan dövlətini yaratmağımıza kömək etmışdir.   Həyatda elə şeylər mövcuddur ki, insanlar onları seçmir. Vətəni buna aid etmək mümkündür. Vətən müqəddəsdir. O, seçılmır, fəqət ona sevgini fərqli şəkildə anlamaq və ifadə etmək mümkündür. Milli əxlaq bizim vətənpərvərliyimizi bərqərar edir. Şəxsiyyətin vətənpərvərlik duyğusunda onun mənsub olduğu xalqa münasibəti, öz xalqı ilə dərin bağlılığını anlamaq, ölkəsinin tərəqqisi və inkişafı naminə göstərdiyi fəaliyyət, öz vətəni üçün milli qürur və iftixar hissi keçirməsi və onun müdafiəsinə hazır olmaq diqqət mərkəzində dayanır. Müşahidələr göstərir ki, bütün bunlar Azərbaycan gəncliyində kifayət qədər yüksəkdir. Gəncliyimiz işğal altında olan torpaqlarımızın azad edlməsi uğrunda döyüşlərə atılmağa bu gün hazırdır, milli xarakter daşıyan və Vətənimizin maraqlarına xidmət edən istənilən tədbirin həyata keçirilməsi naminə bütün səylərini və gücünü səfərbər edə bilir. Təhlükələrə qarşı birləşmək, şəxsi marağından imtina etmək qüdrətinə sahibdir. Lakin vətənpərvərlik hissi dəyişməz deyil, pis nümunələr insanlarda, xüsusilə gənc nəsildə mənfi tendensiyaların qabarmasına şərait yaradır. Xüsusilə, qloballaşma prosesinin gətirdiyi dəyərlər burada ciddi rol oynayır.

-Sizcə, gənclərin vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində hansı zəruri addımları atmaq lazımdır?

-Vaxtilə böyük Fransız sərkərdəsi Napaleon deyirdi ki, ən yaxşı əmr şəxsi nümunədir. Ona görə də gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi üçün onlara mükəmməl şəxsi nümunələr göstərməliyik. Təkcə sözlərlə hər şeyi həll etmək mümkün deyil və bu getdikcə şüarçılığa da çevrilə bilər. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və digər şəhidlərimizin əməlləri gənclərimizin vətənpərvər ruhda yetişməsi üçün olduqca gözəl nümunələrdəndir. Elm, idman, incəsənət, hətta əxlaq sahəsində azərbaycanlıların göstərdiyi təqdirəlayiq və beynəlxalq ictimaiyyəti heyran edən uğurları da bura aid etmək olar. Gənclərimizi məhz belə nümunələrlə tərbiyə etməli, vətənpərvər yetişdirməliyik. Təəssüf ki, öz yaxın qohum-əqrabasını maddi nemətlərə görə öldürən, dövlət əmlakını talan edən, təhsildə uğur qazanmayıb yüksək vəzifə tutaraq ondan sui-istifadə etməklə varlanan, şəxsi maraqları üçün ümummilli mənafeləri satmağa hazır olan şəxslər də vardır ki, bunlar gənclərimizin vətənpərvərlik duyğularını zədələyir. Bunları nəzərə alaraq daimi olaraq gənclər arasında vətənpərvərliyin təbliğ olunmasına ehtiyac olduğunu qeyd edə bilərik.

-Orta mətəblərdə şagirdlərə bu istiqamətdə yetərincə biliklər aşılanırmı?

-Orta məktəblər gənc nəslə təkcə təhsil vermir, həm də onun milli-mənəvi ruhda tərbiyə olunmasını, bir şəxsiyyət kimi yetişməsini təmin edir. Bu mərhələdə gənclər hansı ruhda tərbiyə olunsa sonrakı dövrdə bunlar baza kimi çıxış edir. Ona görə də çalışmalıyıq ki, orta məktəblərdə gənclərimiz düzgün təlim- tərbiyə alsınlar. Xüsusilə, vətənpərvərlik məsələsində boş yer qoyulmamalıdır. Elə etmək lazımdır ki, orta məktəbi bitirənlərin sonradan əldə etdikləri bilikləri onların vətənpərvərlik ruhunu daha da gücləndirsin, nəinki ona mənfi təsir göstərsin. Vətənpərvərliyin mahiyyəti də gənclərə düzgün başa salınmalıdır. Məsələn, Ermənistanda gənc nəslə azərbaycanlıların onlara düşməni olduğu fikri yeridilir və nifrət aşılanır. Biz bu yolla getməməliyik. Millətimizi digər xalqlara qarşı intiqam, nifrət ruhunda tərbiyə etməməliyik. Bu cür zərərli tendensiyalar gələcəkdə onu məhvə aparar. Biz elə bir optimal variant, tarixən formalaşmış milli-mənəvi-əxlaqi dəyərlərimizə istinad edilməklə mükəmməl yol tutmalıyıq ki, gənclərimiz humanist və şərəfli yetişsin. Şərəfi olan xalq isə onu müdafiə etməyi mütləq bacaracaq. Eyni zamanda hər birimiz ailədə, yetişməkdə olan gənclərdə Vətənə məhəbbət, dövlətə, millətə sədaqətli xidmət aşılamalıyıq. Eləcə də uşaq başçaları, orta və ali məktəblərdə yeniyetmə və gənclər milli ruhda, vətənpərvər yetişdidirilməlidir. Məhz bu halda biz qətiyyətlə deyə bilərik ki, bizim gənclərimiz tam mənada, bizləri qane edə biləcək səviyyədə vətənpəvərdirlər.

-Sizcə, KİV-lər, televiziya və radiolar vətənpərvərlik mövzularına nə dərəcədə önəm verirlər?

-Bununla bağlı birmənalı fikir söyləmək mümkün deyil. Çünki ölkəmizdə kütləvi informasiya vasitələri kifayət qədər rəngarəngdir və onların yayım məqsədləri, qarşısına qoyduğu hədəflər də bir-birindən fərqlənir. Digər tərəfdən, yerli mediada ölkəmizin əleyhinə təbliğat kompaniyasının aparılması da qanunla qadağan edilir. Bununla yanaşı qeyd etmək olar ki, bir çox özəl televiziya kanalları daha çox tamaşaçı toplamaq üçün kütlə psixologiyasının arxasınca gedirlər. Halbuki onlar ictimai fikri formalaşdırmağa qadir ən təsiredici vasitələrdir. Təəssüf ki, onlar bu misilsiz güclərini dəyərləndirmirlər. Kütlə şüurunun arxasınca süründüklərindən cəmiyyətimizə, xüsusilə gəncliyə doğru yol göstərməyə qadir olmayan nümunələrə daha çox vaxt və yer verirlər. Bu da təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, insanlar cəmiyyətimiz üçün faydalı bir çox məsələlərin müzakirəsinə və ona boş vaxt ayırmağa o qədər də maraqlı deyil. Baxmayaraq ki, bunlar olmadan davamlı və dinamik inkişafdan danışmaq, milli kimliyini qoruyub saxlamaq mümkün deyil. Ona görə də elə məsələlər var ki, onlara KİV-də mütləq yer ayırilmasını təmin etmək lazımdır. Məsələn, “Sosial reklam” haqqında qanun mediadan bu sahəyə pulsuz vaxt və yer ayırmasını tələb edir. Yəni ictimai, bələdiyyə və dövlət tabeliyində olan kütləvi informasiya vasitələri məcburi qaydada öz səhifələrində, efirlərində əvəzi ödənilmədən, pulsuz olaraq aktual sosial problemlərə yer və vaxt ayırmalıdır. Düşünürəm ki, vətənpərvərliyin təbliğinin təkcə bu qanunun tələbləri səviyyəsinə salınması düzgün olmazdı. Ona media daha çox diqqət yetirməli, ən müxtəlif proqramlar şəklində ictimai fikirdə müzakirəsinə nail olmalıdır. Beləliklə də xalqın özünə inamı qorunub saxlanılmış olar və o, tərəqqi edər.

-Ali Baş Komandanın müntəzəm olaraq hərbi təlimləri izləməsi, əsgər və zabitlərə göstərdiyi diqqət və qayğı gənclərin vətənpərvərlik hisslərinin artırıllmasına nə dərəcədə müsbət təsir göstərir?

-Şübhəsiz, müsbət təsir göstərir. Gənclərimiz görür ki, dövlət yalnız onun yolunda xidmət edən şəxsləri mükafatlandırır, onları cəmiyyətin ən hörmətli insanları kimi yüksək tutur. Prezident İlham Əliyevin bu hərəkətləri onu göstərir ki, millətimizin şərəfinin yeganə müdafiəçisi olan ordumuza diqqətə xüsusi önəm verir. Bu da millətin şərəfinin müdafiəsinə göstərilən həssas münasibətdir. Ümumiyyətlə, İlham Əliyev özü vətənpərvər şəxs olduğunu ən müxtəlif situasiyalarda fərqli davranışları ilə ictimai fikrə göstərə bilib. Bu Prezident tərəfindən nümayiş etdirilən uğurlu şəxsi nümunə kimi qiymətləndirilməlidir. Hamı bilməlidir ki, dövlətimizin və xalqımızın mənafeləri və maraqları uğrunda çalışan hər bir şəxs hörmət sahibi olacaq. Təbii ki, bu tendensiya vətənpərvərlik istiqamətində aparılan tərbiyə prosesinə ən yaxşı tövhədir.

-Bəs, QHT-lər bu məsələyə nə dərəcədə həssas yanaşırlar?

-Ölkəmizdə qeyri-hökumət təşkilatları gənclərin vətənpərvərlik hisslərinin artırılması, onların milli-mənəvi dəyərlərimizə yiyələnməsi istiqamətində bir çox maarifləndirmə tədbirləri həyata keçirir. İstər kütləvi informasiya vasitələri, istər elektron media qurumları, istərsə də sosial şəbəkələr vasitəsilə bu işlər işıqlandırılmaqdadır. Bu sahədə görülən işlər onu deməyə əsas verir ki, milli vətənpərvər gənclərimiz çoxluq təşkil edir. Ancaq təbii ki, bu və ya digər səbəbdən, məlumatsızlıq səbəbindən müxtəlif təsirlərə məruz qalan gənclərimiz də var. Bunlar da göz qabağındadır. Məhz bu kimi mənfi tendensiyanın olmaması üçün biz Azərbaycanda inkişaf etmiş sivil cəmiyyət, vətəndaş cəmiyyəti qurmalıyıq. Bu prosesin istər paytaxtda, istərsə də regionlarda, ümumilikdə ölkədə elə bir səviyyəyə gəlib çatmasına nail olunmalıdır ki, hər bir vətəndaş azad, müstəqil, inkişaf etmiş sivil cəmiyyətdə yaşadığını duysun və həmin cəmiyyətin, dövlətin layiqli üzvü olmağı özünə borc bilsin, bunu dərk etsin. Eyni zamanda bu əhval-ruhiyyə ilə yaşasın. Çox sevindirici haldır ki, bu gün belə bir gənclik yetişməkdədir.

Düşünürəm ki, ölkəmizdə imkanlı şəxslərin vətəndaş cəmiyyətlərinə hələ də davam edən ögey münasibəti onların daha geniş spektrdə fəaliyyətinə müəyyən mənada mənfi təsir göstərir. QHT-lərin maliyyə imkanlarının zəifliyi onların daimi olaraq, fasiləsiz fəaliyyətinə mane olur. Bu problemin aradan qalxması vətənpərvər hissinin müxtəlif mövzularda daha maraqlı ideyalar əsasında inkişafına təkan verərdi.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 20 may.- S.15.