... Qan
yaddaşı
"Sabir Rüstəmxanlı
özü-özlüyündə bütöv
bir millətin keçdiyi
tarixi yolun qan və söz
yaddaşıdır"
Sabir Rüstəmxanlı
haqqında yazmaq bəlkə də çoxları
üçün asan ola bilər. Amma
onunla bu çoxluğa aid
olanların çoxundan daha
çox təmasda olsam
da, mənim üçün
çətindir.
Çünki Sabir bəy haqda deyilən hər bir söz təkcə ona aid deyil. Sabir
Rüstəmxanlı mənim gözümdə böyük bir tarixin, Türk millətinin
aydın və sərkərdələr tarixinin
bu günümüzə köçürülmüş
simvoludur…
İnsan dünyaya bir dəfə gəlir, ruh isə dəfələrlə. Ruhun mahiyyəti eyni olur, dəyişən onun ruh verdikləri. Bu mənada mənim üçün Sabir Rüstəmxanlı Türk millətinin minilliklər boyunca dəyər və qutsal ünvanı olan Dədə Qorqud, Bilgə Xaqan, Yunis Əmrə, Şah İsmayıl Xətai yolunun yalnız fiziki yox, həm də ruhi davamçısıdır. Onunla hər dəfə görüşəndə, söhbət eləyəndə gah Qorqud dünyasının nəsihətindən, gah Babək savaşından, gah Göy Türk dönəminin paklığından, gah Yunis Əmrə fəlsəfəsindən, gah da Xətainin vətən sevgisindən bir damla hopur qəlbimə. Sabir bəyin qoruduğu bu ruh davamçılığı onun cisminə də hopub və bəzilərinin ucqar saydığı Hamarkəndin bir kasıb evində dünyaya göz açan bu Türk Kişisi üzü, gözü, səsi ilə belə TÜRK möhürüdür.
Nədənsə mənə elə gəlir ki, neçə-neçə əsrlər, qərinələr geri qayıdıb, qarşımda Sabir Rüstəmxanlını yox, Türkün fikir, söz və savaş tarixi Sabir Rüstəmxanlı ilə yeni bir ömür yaşayır. “Tanrı” sözünün, “Türk” və “Yer” sözünün, “Oğuz” və “Bəy” sözlərini ilk dəfə daşlara köçürülmüş yazılardan oxuyaraq, gündoğandan günbatana qədər olan ərazidə türk millətləri ilə, türk xalqları ilə çörək kəsir, onlarla yol yoldaşı olur Sabir Rüstəmxanlı. Onları - Vətən daşı olanların həmrəyliyinə, Türk xalqlarının birliyinə çağırır və yenidən özü boyda bir ocaq olan Azərbaycana dönür.
Sabir Rüstəmxanlı oba-oba, el-el gəzərək türkləri qan yaddaşını unutmamağa çağırır. Milləti Həmrəyliyə, Birliyə çağıraraq, Ulu Tanrıdan kömək diləyir. Gözü qarşısında baş verən haqsızlıqları, qəddarlığı, unutqanlığı, yaddaşsızlığı gördükdə bu dərdlərdən qurtulmaq üçün savaş aparır.
Dünya boyda sonsuzluğa səpələnmiş və tikə-tikə, parça-parça olmuş Azərbaycan adlı bir kitabın qırıntılarını böyük səbrlə, dözümlə toplayaraq, vərəq-vərəq yapışdırıb, bu millətin “Ömür kitabı”nı yazır - hər əsərində, hər şeirində, hər çıxışında.
Tarix dəllalları ilə vuruşa-vuruşa bu millətə öz dədə-babasını, öz kökünü tanıdır, öz keçmiş həqiqətlərini, əsl tarixini bilməkdə kömək eləyir. Heç bir tarixi sənədə xəyanət eləmədən, həqiqəti olduğu kimi göstərir, yazır, deyir.
Sabir Rüstəmxanlı keçdiyi həyat yolu haqda müsahibələrinin birində deyir: “Azərbaycanın ucqar bir dağ kəndində doğulub, orada boya-başa çatmış bir gəncin Bakıya gələndən sonra hansı çətinliklərlə üzləşdiyini, məncə, hamı bilir. Mən “Heç nə istəmirəm bu məmləkətdən” şeirim ilə də duyğularımı ifadə etmişdim. O zamankı kəndlərimizin durumu yadınızdadır. Nəinki işıq, qaz, su, hətta televizor, radio da olmurdu. Məktəblərimizin kitabxanalarında kitab da tapılmırdı. Bakıya gələndə isə üz tutacağım ünvan, sığınacaq da yox idi. Həm ali məktəbdə təhsil alır, həm də işləyirdim. Bilmirdim tələbəlik edirəm, yoxsa fəhləlik...”
Ömrün belə bir başlanğıcı və... Və ömrünün ən mübariz çağında artıq Onu bir milyonluq Meydan dinləyir... Qosqoca bir imperiyanın dizinin yerə gəldiyi Meydanın tək sərkərdəsi Odur!
Əslində isə bu yalnız Onun gücü deyildi, bu, minilliklər boyu yol gələn bir ruh davamçılığının gerçək ifadəsi idi - “Titrəyib özünə dönən Türk”!
Sabir Rüstəmxanlı “sovet cəhənnəmində” doğuldu, ancaq mövcud quruluşun zəhərli havasında boğulmadı, onun əsir-yesirinə çevrilmədi, şirin ana dilində, ata mülkündə özünəməxsus, bənzərsiz söz qalasını kərpic-kərpic, daş-daş hördü. “Ruhumuz sərhədsiz olduğu üçün” deyə-deyə möhtəşəmliyə yüksəldi – gah poeziyada, gah publisistikada, gah da nəsrdə “qızıl qələm” işlətdi, millətinin dərdlərini pıçıldaya-pıçıldaya oxudu, yaralarına məlhəm axtardı, ən yüksək tribunalardan çəkinmədən “mən türk oğlu türkəm, şah nəslindənəm” söylədi. Milli mənsubiyyəti ilə öyünə-öyünə bütün cahanı dolaşdı, əski Turan ellərini gəzdi, öyrədə-öyrədə, yaza-yaza Böyük Əqidə Yolunun həmişəlik yolçusuna çevrildi, ədəbiyyatımıza Sabir Rüstəmxanlı möhürünü vurdu.
Sabir Rüstəmxanlının istər parlaq şifahi nitqində, istərsə də yaradıcılığında tez-tez işlənən bir ifadə mövcuddur: “qan yaddaşı”. Bu iki söz şairin dilində təsadüfən cücərməyib, gerçək həqiqətə söykənir, səbəbi var... Sabir Rüstəmxanlı özü-özlüyündə bütöv bir millətin keçdiyi tarixi yolun qan və söz yaddaşıdır. Böyük bir epoxanın hər anı, Altaylardan Anadoluya, Savalandan Orxon-Yeniseyədək Böyük Turanın hər qarışını ömründə yaşayan bir Ruh sahibidir. Sözüylə, ruhuyla “yurdunun bölünməz xəritəsi”dir. “Bu yurd mənə tanış gəlir” şeirini qələmini ciyərinin qanına batıra-batıra yazıb.
Şairin üz tutduğu ulu məkan nə qədər qədimdirsə, ona münasibət bir o qədər yenidir, çağdaşdır.
Sabir Rüstəmxanlı sözünün oyanışı – ruhunun silkələnməsi, qan yaddaşının oyanışıdır.
Dirəkdəki yəhəriylə,
Axşamıyla,
səhəriylə,
Qıyıq gözlü uşaqların
Cingiltili səsləriylə
Bu yurd mənə
tanış gəlir…
Cənubi Azərbaycanın paytaxtı sayılan şəhərə digər şairlərimizin yazdığı şeirlərdən fərqli olaraq Sabir bəyin Təbriz poetikasında nisgildən, üzüntüdən və pessimizmdən daha çox, mübarizə ruhu, qələbə əzmi və gələcəyə nikbin ümidlər hakimdir. “Məqsədin hara, mənzilin də ora” deyimi Sabir Rüstəmxanlının həyat yoludur.
Sabir bəyin bütövlük ideyaları türkçülükdən yoğrulmuşdur. Onun publisistikası ictimai-siyasi xarakterli şeirlərinə də öz təsirini əsirgəmir və oxucu bir şeirində bir qəzetlik mətləb yükünü anlayır, qəbul edir. Düşmən əsarətində olan torpaqlarımız qarşısında şair özünü xəcalətli sanır və “O torpaq bizləri götürməyəcək!” deyir.
Sabir bəyin namərdliyə, ədalətsizliyə, ləyaqətsizliyə, əclaflığa, rəzilliyə qarşı hayqırtısı təkcə bir şairin deyil, həm də başıpapaqlı hər bir türk kişisinin zəhmidir, hökmüdür. Peşəsi diz çöküb yalvarmaq olan Kişi
mərhəmətsiz ölsə yaxşıdır. Əcnəbi payına göz dikən xalqın Payı Əzrayıldan gəlsə yaxşıdır!
Sabir Rüstəmxanlının öz şəxsində hər bir Azərbaycan türkünün dəqiq həyat amalını kodlaşdırır. “İcazəli cəngavər, qalstuklu qoyunlar mənim ruhumu duymaz!” deyən şair Türk ruhunu anlamaqdan ötrü elmli, savadlı olmağı, gənclik və ya ahıl yaşı da əsas tutmur. Bəs o nədir? Onu haram nütfədən doğulan, haram tikə yeyən, “bir çiçəyin mehrinə sıxılıb ağlamayan” kəslər anlamaz. Göylərə bağlanmayan, sərhədsiz düşünə bilməyən, Çindən Qobustanacan yazılı daşların toz basmış güzgüsünü silib həqiqi tarixi görə və Ərgənəkon eşqindən yeni günlər doğa bilməyənlər bir şairin – bir Türk oğlu Türkün böyük ruhunu duya bilməz.
Altaydan Balkanlara, Tanrıdan Savalana uzanan tarix yolu qopuz simləri kimi hələ kökdən düşməyib, biz göylərdən gəlsək də, yolu mən ağartmışam, yollar göydən düşməyib.
Azərbaycan müstəqillik qazandıqdan sonra ortaya atılmış etnik separatçılar, geriyə dönmək iddiasında olan kommunistlər, demokrat, islahatçı, qlobalist maskası taxmış, faşist təfəkkürlü qullar, Azərbaycanın müstəqilliyindən bəhrələnməkdə olan “hədiyyə cocuqlar”ı bu boyük yolu duya bilməz.
Tanrıya qədər yol çəkmək arzusunda olan böyük ruh daşıyıcıları olan insanlar əbədi sevda aşiqləridir. Sabir Rüstəmxanlı onlardan biri, bizim üçün öndə gedənidir. Öndə gedən şəxslərin nurundan yollar işıqlanar, ziyası gələcək günlərə, illərə qədər çatar. Bizə isə “Bir adam yol gedir bizdən qabaqda” demək qalır...
Həm də ömrün 69-cu ilinin tamamında xoş illər diləmək...
Təbrik
edirik...
Samir Əsədli
Olaylar.- 2015.- 20 may.- S.10.