Gənclər arasında vətənpərvərlik

və vətəndaşlıq hissləri gücləndirilməlidir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin artırılması, gənclərin bu ruhda tərbiyəsi hər zaman prioritet olub. Günümüzdə də bu istiqamətə ciddi diqqətin ayrılması təqdirəlayiq hal hesab edilməlidir. Məhz həyata keçirilən bu kimi məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün ölkə gənclərinin böyük əksəriyyəti vətənpərvər ruhda böyüyür.

“Müasir İnkişaf” İctimai Birliyinin sədr müavini, tədqiqatçı Aqşin Atalızadə deyir ki, milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan olduqca əhəmiyyətlidir: “Artıq heç kimə sirr deyildir ki, son illərdə ölkəmizdə sürətli inkişaf tendensiyası müşahidə edilməkdədir. Bir çox sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halında nəzərə çarpacaq dəyişikliklər baş vermişdir. Dövlətimiz də dünya siyasi sistemində öz yerini möhkəmləndirmiş, ölkəmizin ümumi beynəlxaq nüfuzu artmışdır. Lakin, insanların mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi olmadan bu inkişafın davamlı olmasını gözləmək çətindir. Milli mənəvi dəyərlərin yaşadılması qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunmasına xidmət edir. Bu həm Azərbaycan xalqının istəklərinə, həm də dövlətimizin maraqlarına uyğundur. Məhz bunları nəzərə alaraq “Müasir İnkişaf” İctimai Birliyinin fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və təbliği prioritet təşkil edir. Təşkilat 2008-ci ildə həyata keçirdiyi “Türk yenilməz, Çanaqqala keçilməz” layihəsi çərçivəsində Osmanlı tarixinin şərəf səhifəsi olan Çanaqqala savaşını ilk dəfə sistemli şəkildə araşdımışdır. Bununla bağlı disk hazırlanaraq paylanılıb. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması sahəsində kompleks tədbirlər” layihəsi həyata keçirmişdir. Layihə nəticəsində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” konsepsiyası hazırlanmış və müvafiq qurumlara göndərilmişdir. Daha sonra Azərbaycanda Atatürk Mərkəzi və “Qismət” mətbəəsi ilə birlikdə “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarının çapını, geniş ictimaiyyətin iştirakı ilə təqdimatını, onun Azərbaycan vətəndaşlarına çatdırılmasını təmin etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirılmiş “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsi çərçivəsində “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” adlı konsepsiya hazırlanmış və müvafiq qurumlara göndərilmişdir. Ümumiyyətlə, Müasir İnkişaf” İctimai Birliyi yaradıldığı gündən etibarən başlıca məqsədlərini vətənpərvərliyi, milli-mənəvi dəyərləri təbliğ etmək, bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirmək təşkil edir. Bir neçə il əvvəl “Müasir İnkişaf” İctimai Birliyi milli mənəvi dəyərlərin qorunması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli Mənəvi Dəyərlər və Milli Kimlik” adlı layihənin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli dövlətçilik ideologiyası haqqında araşdırma və tədqiqatlar” adlı layihənin icrasını həyata keçirib. Layihələr çərçivəsində artıq həm təqdimetmə ilə bağlı, həm də ayrı-ayrı məsələlərlə bağlı tədbirlər keçirilmiş, bu tədbirlər ictimaiyyətdə maraq doğurmuşdur. Məqsədimiz hər iki layihə üzrə vahid konseptual sənədi formalaşdıraraq aidiyyəti qurumlara göndərməkdir”. Tədqiqatçı deyib ki, bu gün Azərbaycan dünyada həm də tolerant ölkə kimi tanınır. Elə bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar: “Tolerantlıq, belə demək mümkünsə bizim əsrlərdən bəri gələn milli xüsusiyyətimizdir. Dünyada müxtəlif qruplardan olan insanların bir-biri ilə bu dərəcədə dostcasına və mehribanlıq şəraitində yaşadığı oxşar ölkə tapmaq çətindir. Hazırda bir çox müsəlman ölkələrində məzhəb fərqliliyinə görə kütləvi toqquşmaların baş verməsi adi haldır. Ancaq, Azərbaycan cəmiyyəti üçün məzhəb fərqliliyi olsa da, bugünə qədər bu mövzuda yadda qala biləcək belə bir hal qeydə alınmayıb. Əksinə bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da Azərbaycanda bir dənə də olsa bu cür hala rast gəlməzsiniz. Ölkəmizdə onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə vermişdir. Tolerantlıqla bağlı çox misal gətirmək olar. Ancaq, bunun səbəbini izah etmək çətindir. Ola bilər bu, Azərbaycanın coğrafiyasından və əhalinin özünəməxsusluqlarından irəli gəlir. İctimai Birlik rəsmisi milli kimliyin formalaşmasında milli-mənəvi dəyərlərin nə kimi rol oynadığından da danışıb. Bildirib ki, əslində elə milli-mənəvi dəyərlər milli kimliyin mahiyyətini təşkil edən kateqoriyadır: “Milli kimlik mürəkkəb daxili sistemə malik olan, özünü idarə edən mexanizmdir. Milli-mənəvi dəyərlər onun bazasını, fundamentini təşkil edir. Bu dəyərlər sayəsində kənar təsirlərə məruz qaldığı halda özünü qoruma mexanizmi vasitəsilə yad ünsürləri kənarlaşdırır. Bunu elə Azərbaycan cəmiyyətinin timsalında görmək olar. Müstəqillik qazandıqdan sonra dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri daha çox cəmiyyətə yad dəyərləri qəbul etdirmək cəhdi kimi qəbul edilir və artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlamışdır. Hətta dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilərik. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaqdır. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik”. Tədqiqatçı milli-mənəvi dəyərlərin qorunması ücün hansı addımların atılması olduğun da diqqətə çatdırıb: “Bunun üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Qanunverciliyin ifrat dərəcədə beynəlmiləlləşdirilməsinə də son qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar hamısı dövlətin bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır. Bunun üçünsə vahid konseptual sənəd olmalıdır ki, bizim hazırda həyata keçirdiyimiz layihələr üzrə də əsas işimiz məhz bundan ibarətdir. Ümumiyyətlə, götürdükdə hər zaman bunu qeyd etmişik ki, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə gəldikdə isə, bu proses dünya miqyasında inteqrasiya anlayışından daha çox dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır. Bu isə istər-istəməz ünvanlandığı təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir. Qeyd etdiyimiz kimi, artıq uzun illərdir kənardan gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması, istiqamətində məqsədyönlü iş görülür. Qloballaşma və beynəlxalq inteqrasiya zəminində kənar qüvvələr tərəfindən milli və mənəvi dəyərlərin aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, daha çox deformasiyaya uğraması ilə seçilən Qərb dəyərlərinə meyil etdirmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizmtoxumlarının səpilməsi müşahidə edilməkdədir. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir. Hesab edirəm ki, daha əvvəlki sualınıza cavabımda qeyd etdiyim işlər görülərsə, bu prosesin qarşısını almaq mümkün olacaq, əks halda gələcəyimiz üçün böyük təhlükə potensialı mövcuddur”.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 23-25 may.- S.15.