Şəhidlərin qəhrəmanlıq salnaməsi

gənclərin vətənpərvərlik məktəbidir

 

İstənilət dövlət üçün onun vətəndaşlarının xüsusən, gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Azərbaycanın torpağının bir qisminin işğal altında olduğu bir şəraitdə bu istiqamətdə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Gənclərdə vətənpərvərlik hissinin aşılanmasının ən effektli yolu onların həqiqi hərbi xidmətə hazırlanmasından keçir. Gənclərə izah edilməlidir ki, hərbi xidmət gənclərə vətənpərvərlik hissləri aşılamaqla yanaşı, onlarda bir mətinlik, dözümlülük formalaşdırır.

Onlarda vətənə bağlılıq kontekstində daha geniş təsəvvürlər formalaşdırır. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində olduğu üçün, hərbi xidmət gənclərdə düşmənə qarşı nifrət hissinin formalaşmağına təkan verir. Bundan başqa, hərbi silahlardan, texnikadan istifadə qaydalarına yiyələnmək baxımından xidmətin gənclər üçün özünəməxsus rolu var. Bu da istər millətin, istərsə də həmin insanın özünün təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. Məlumat üçün qeyd edək ki, azəri xalqı üçün hərbə münasibət öz xüsusiyyətlərinə görə, digər xalqlardan fərqlənib. Bu da bizim etnik, milli psixologiyamızdan irəli gələn bir reallıqdır. Çünki türklər tarixən hər zaman bir hərb milləti olublar. Ona görə də gənclərimizdə hərbə münasibət, bir millət olaraq vətənpərvərlik, dövlətçilik hisslərinin gücləndirilməsi baxımından önəmli rol oynayıb. Müasir dövrdə də hərbi xidmət gənclərin, həm gənc, həm də vətəndaş kimi formalaşmasında önəmli amilidir. Çox təəssüf ki, bir müddət öncə, qeyri-müəyyən səbələrdən gənclərin orduya münasibəti dəyişmişdi. Belə ki, gənclər ordudan yayınmaq məqsədilə ən müxtəlif üsullara əl atrıdılar. Lakin dövlətin hərbçilərə, döyüşdə yaralanan və şəhid olanlara, Milli qəhrəmanlara göstərdiyi qayğı nəticəsində bu problem də həllini tapmış oldu.

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmana əsasən, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün həcmi aprel ayının 1-dən artırılıb. Yeni fərmana əsasən, sözügedən müavinətin aylıq məbləği I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyənləşdirilib.

Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı da əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərin, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərin və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir. Sözügedən fərmana əsasən, müvafiq şəxslərə verilən sosial müavinətlərin həcmi artırılıb. Dövlət başçısının digər fərmanı ilə əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının imzaladığı daha bir sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bəllidir ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquq müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Milli qəhrəmanlar və onların ailə üzvləri də dövlət qayğısından kənarda qalmayıblar. Belə ki, dövlət ali məktəblərində təhsil alan Milli Qəhrəman övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Bu da Milli qəhrəmanlara qayğının daha bir təzahürüdür. Dövlət bununla gənclərə çatdırmaq istəyir ki, Milli Qəhrəman adı daşıyan şəhidlər vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçib. Odur ki, cəmiyyətin və dövlətin özünün də onlara və ailələrinə özəl münasibəti olmalıdır.

   Ekspertlərin qənaətinə görə, hərbçilərə, şəhid və milli qəhrəman ailələrinə dövlət qayğısı yüksək səviyyədə olduqda biz gənc nəsli vətəpərvər ruhda tərbiyə etmək mümkündür. Gənc nəs, hərbi xidmətə gedən gənc başa düşür ki, Azərbaycanın səngərdəki hər bir əsgərinin, döyüşçüsünün arxasında dövlət dayanıb. Dərlət isə hesab edir ki, Milli qəhrəmanların dövlət hesabına müalicəsi və dərmanların ödənilməsi, reabilitasiyası, dövlət tərəfindən tibbi sığortası, sanatoriya və kurort məsələsinin həlli, layiqli yaşayış sahəsi ilə təmin olunması zəruridir. Hər bir Milli Qəhrəmanın, şəhidin xalqımızın tarixinə yazdığı qəhrəmanlıq salnaməsi gənclərin əbədi vətənpərvərlik məktəbidir. Dövlət tərəfindən onlara göstərilən diqqət-qayğı da öz növbəsində gənclərə yaxşı vətənpərvərlik nümunəsidir. Gənclər bu qayğını əyani şəkildə görərək dərk edirlər ki, dövlət vətən uğrunda canını qurban verən, sağlamlığını itirən insanların arxa-dayağıdır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması daima dövlətin diqqət mərkəzindədir. Çox sevindirici haldır ki, mütəmadi olaraq şəhid ailələri, müharibə əlil və veteranlarının, 20 Yanvar və Çernobıl əlillərinin müavinətləri artırılır, mənzil-məişət şəraitləri yaxşılaşdırılır, pulsuz müalicə və müayinələrin təşkili həyata keçirilir. Dövlətlə bərabər cəmiyyət tərəfindən bu kateqoriyadan olan insanlara və onların ailə üzvlərinə göstərilən qayğı o səviyyədə olmalıdır ki, milli qəhrəmanlarımız həm də gənclər üçün örnəyə çevrilə bilsin. Milli qəhrəmanlara belə qayğı gənclər arasında həm də vətənpərvərlik ruhunun tərbiyə olunmasında böyük rol oynaya bilər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 26 may.- S.15.