Vətənpərvərlik nədir?

 

Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır

 

Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Bu anlayış tarixin müəyyən dönəmlərində fərqli mənalarda işlədilib və bunun mənası dövrün şərtlərinə, coğrafiya və cəmiyyətlərinə fəlsəfəsindən olduqca asılıdır.

Millətçilik hisslərinə yaxın anlayış kimi qəbul edilsə də, Vətənpərvərlik heç vaxt millətçiliyi təbliğ edən anlayış olmayıb. Paralel olaraq da, Vətənpərvərlik millətçiliyi qabardan məfhum deyil. XIX əsrdə vətənpərvərlik millətçiliklə bütöv anlayış kimi işlənməyə başladı, lakin millətçiliyə qarşı olan faktor kimi istifadə edildiyi vaxt, daha konstruktivdaha az aqressiyanı ifadə etməyə başladı. Avropada klassik XVIII əsr vətənpərvərliyi dövlətlə yanaşı Kilsəyə bağlılığı da bildirən amil kimi qəbul edilmişdi. Kilsə adamları əsasən Vətənpərvərliyi tamamilə dini müstəviyə çəkdilər, bununla onlar insanlarda dövlətə olan bağlılığı qoparmağa çalışırdılar. Azərbaycanda isə Vətənpərvərlik XX əsrin sonlarında - cəmiyyətdə modernləşmə yönünün inkişafından sonra üzə çıxmağa başladı. SSRİ-nin parçalanmasından sonra Azərbaycan dövlətinin müasirləşməsi, vətəndaşlıq, Konstitusiya kimi müasir siyasi anlayışların gündəmə gəlməsiylə, vətənpərvərlik müxtəlif cərəyanların içərisində özünü göstərdi. Orta əsrlərdə Azərbaycanda yaşamış şairələrin ədəbi yaradıcılıqlarında da Vətənpərvərlik anlayışını tapmaq mümkündür. Beləliklə, Vərənpərvərlik anlayışı millətçi zəmində etniklər arasında qarşıdurma yaradan anlayış yox, xalqın, dövlətin milli maraqlarının müdafiəsi yönündə birləşməsini təmin edən sistemdir. Tarixin bütün dönəmində Azərbaycan ərazilərində türklərlə birgə yaşamış bütün millətlər dövləti qorumaq üçün birlikdəlik nümayiş etdiriblər. Bu ənənə Azərbaycan ərazilərində ilkin dövlətlərin yaranmasından günümüzə qədər davam edib. Vətənpərvərlik ən məşhur mənasıyla, Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığı etmək hissləridir. Vətənpərvərlik duyğusunun başqa bir tərəfi də insanların soy əlaqələridir. Lakin bu gün Azərbaycanda Vətənpərvərlik anlayışını bildirən məna torpağa, Vətənə bağlılığı ifadə edir. Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir. Xalqın hər bir nümayəndəsi Vətənpərvər olmağı bacarmalıdır. Yazıçı qələmi, əsərləri, kitabları müğənni mahnısı, şair şeiri, şagird və tələbələr elmi, alimi kitabları, vətəndaşı dövlətə olan borcları və sədaqətilə Vətənpərvər olmalıdır. Çünki qloballaşan dünyanın yad dəyərlərinin ölkəmizə hücuma keçdiyi dönəmdə Azərbaycanın milli maraqlarının müdafiəsinə ehtiyacı var. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqlincə yerinə yetirməsindən asılıdır. Xüsusilə gənclər öz fəaliyyətlərində ehtiyatlı olmalıdırlar. Çünki istənilən təsirlərə daha tez onlar düşürlər. Son illərdə gənclərin fəaliyyətlərinin müsbət yöndə stimullaşdırılması üçün hazırlanmış müxtəlif dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycan üçün yaxşı gələcək vəd edir. Bütün bunlar cəmiyyətdə milli-mənlik şüurunun və Vətənpərvərlik hisslərinin inkişafına təkan verir.

Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Vətənpərvərlik -özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır, “Mən üçündeyil “Bizlər üçün”, “Xalqım üçün” düşünməkdir. Bənna külüngüylə, diplomat siyasətiyə, alim elmiylə, yazıçı, şair qələmiylə, tarixçi üzə çıxartdığı doğrularıyla, analar böyütdüyü nəcabətli övladlarıyla , qızlarımız nəsilbənəsil bizə miras qalmış ismətiylə,oğullarımız mərdliyi, qeyrətiylə, şagirdlərimiz təhsiliylə əsl vətəndaşdır. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır. Xüsusilə ərazilərinin 20%-nin işğal altında olan Azərbaycanda hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına ehtiyac var. Sevindirici haldır ki, bu yöndə ortaali məktəblərdə böyük işlər görülür. Orta məktəblərdə "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunlarının keçirilməsi gəncləri həm Vətənin müdafiəsinə hazırlayır, həm də onlarda milli ruhu qaldırır. Orada tələb olunan bütün fiziki və əqli hərəkətlər, çeviklik, cəldlik iştirakçılara müsbət təsir göstərir. Bu cür bu oyunların nəticəsi çox gözəl olur. Məktəblərdə hərbi-vətənpərvərlik şüurunun formalaşması üçün həmin məktəbin məzunları ilə, hərbi xidmətini başa vurub qayıtmış, hərbi xidmətdə fərqlənmiş gənclərlə görüşlərin keçirilməsi də bu yöndə uğurlu addım olardı. Ekspertlər hesab edirlər ki, orduda xidmət edən zabitlərin vaxtaşırı məktəblərə çağırılaraq gənclərlə görüşünün təşkil olunması bu sahədə müsbət nəticələrin alınmasına yardımçı ola bilər. Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti və başqa təşkilatlarla birgə məktəblilər arasında "Cəsurlar", "Şahin", "Sərhəd" kimi hərbi-idman oyunları keçirir. Çox gözəl nəticələr var. Məktəblər, rayon, bölgə və respublika mərhələlərində keçirilən bu oyunların cəmiyyət yalnız final mərhələsini görür. On minlərlə şagird bu oyunlarda iştirak edir. Amma bu işin televiziyalarda işıqlandırılması çox zəifdir. Mətbuat və telekanallar bu yöndə aktiv olmalı və fəaliyyətlərini fəallaşdırmalıdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində respublikamızın hər yerində lazımi işlər aparılır. Uşaqlarla vətəni qorumaq və sevməklə bağlı müxtəlif mövzularda söhbətlər edilir. Vətənpərvərlik hissinin yaradılmasında əhəmiyyətli rol oynayan hərbi idman oyunlarının keçirilməsi də təqdirəlayiqdir. Məktəbli uşaqların əsgər forması geyinərək yarışda iştirak etməsi, onların bir anlıq özlərini əsgər kimi hiss etməsinə şərait yaradır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı işlərin forma və üsullarının müxtəlif və rəngarəng olması da əhəmiyyətli rol oynayır. Azərbaycan ordusunun yaradılması günü kimi bayram tədbirlərinə hazırlıq və təntənəli surətdə qeyd edilməsi, hərbi hissələrə, döyüş yerlərinə, qəhrəmanların abidələrinə ekskursiyaların təşkil olunması, Qarabağ müharibəsinin veteranları və milli ordunun nümunəvi əsgərləri ilə görüşlər keçirilməsi gənclərin yaddaşında dərin iz buraxır. Hərbi-vətənpərvərlik mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii gecələr, müzakirələr keçirmək, şəkilli albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və s. tədbirlər vətənpərvərlik tərbiyəsində ən təsirli formalardır. Bunlar həyata keçirilən zaman hər bir gənc vətən qarşısında öz məsuliyyətini başa düşür, vətəni qorumağa, onu sevməyə bütün varlığı ilə hazır olur. Böyüklərə hörmət, tələbkarlıq prinsipinə əməl etmək, obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri uca tutmaq da gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə çox güclü təsir göstərir. İstənilən halda vətəndaşlığı olan hər kəs Azərbaycanın dövlət maraqlarının müdafiə olunması və işğal altında olan torpaqlarımızın azad olunması naminə səylərini birləşdirməlidirlər. Belə olan təqdirdə, regiondadünyada baş verən siyasidini zəmində baş verən qarşıdurmalardan zərərsiz çıxmaq mümkün olacaq. Hər bir vətəndaş Azərbaycanın gələcəyi üçün ayıq olmalıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 27 may.- S.15.