Milli-mənəvi dəyərlər və müasirlik

 

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu bir danılmaz faktdır ki, İslam dini bizim milli-mənəvi dəyərlərimizin ən önəmli faktorlarından biri hesab edilir. Azərbaycan xalqı 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da, heç zaman öz dini dəyərlərini unutmayıb, onları gizli də olsa yaşadıb. Əgər Sovetlərdən əvvəl Azərbaycanda çoxlu sayda məscid, mədrəsə fəaliyyət göstərirdisə, keçmiş SSRİ-nin dövründə ölkədə cəmi 17 vardı. Hazırda isə Azərbaycanda 2054 məscid mövcuddur.

 

İslam dini-xalqımızın

milli-mənəvi sərvəti                      

 

1993-cü ilin, iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev hər bir sahədə olduğu kimi, dini ibadətgahlarımızın və abidələrimizin bərpası, onların yenidən inşası istiqamətində də bir yenilik etdi. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yüzlərlə ibadətgah inşa olundu, bir çoxları yenidən bərpa edildi. Bir sözlə dini dəyərlərimiz yenidən canlandı. Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahı məhz Heydər Əliyevin tapşırığı əsasında dövlət hesabına yenidən inşa olundu. Təsadüfi deyil ki, Heydər Əliyev İslam dinini bizim milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi kimi qəbul edir və bildirirdi ki,  dinimiz xalqımızın milli-mənəvi sərvətidir: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.  Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulub. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulub. Milli-mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir”.

 

                                            Tolerantlıq ənənələri milli-

                                                  mənəvi dəyərimiz

 

Bu bir reallıqdır ki, bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Hətta qeyri-İslam dinindən olan insanlar üçün də Azərbaycanda kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar inşa edilib.  Bu gün Azərbaycanda 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir ki, bu da ölkəmizi dünyada tolerant ölkə kimi tanıdır. Elə bu səbəbdən də Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olar. Ona görə də tolerantlıq bizim əsrlərdən gələn milli xüsusiyyətimiz sayılır. Bu gün Azərbaycanda bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir. Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da, Azərbaycanda bir dənə də olsa bu cür hal müşahidə edilməyib. Hazırda Azərbaycanda onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup da öz növbəsində ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə verir.

 

Dil milli-mənəvi dəyərlərinin

tərkib hissəsi kimi                    

 

Hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu. Ölkəmizdə Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsi, onun qorunub saxlanması da milli-mənəvi dəyərlərə xidmət etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycançılığın əsas atributlarından biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlər hesab edilir. Bu mənada Heydər Əliyevin Azərbaycançılıq ideyasının formalaşması, onun inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərin bir hissəsinə çevrilməsində müstəsna xidmətləri olub.

 

Muğam xalqımızın genetik kodu                 

 

Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması və din-dövlət münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasətini, ideyalarını davam etdirən Prezident İlham Əliyevin bu sahədə atdığı addımlar, eləcə də İslam dininin inkişafı üçün reallaşdırdığı tədbirlər müsəlman aləmində yüksək dəyərləndirilir. Məhz dövlət başçısının bu sahəyə diqqətinin nəticəsidir ki, bu gün  dövlətin din siyasəti pozitiv dünyəvilik əsasında qurulub. Prezident İlham Əliyevin qayğısının nəticisidir ki, son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir, yenidənqurma işləri aparılıb. Həmçinin dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. Milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirən Prezident İlham Əliyev qeyd edir: “Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.

Milli-mənəvi dəyərlərin yaşadılması, onun təbliğ olunmasında genişmiqyaslı fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da ötən illər ərzində bu sahədə böyük uğurlara imza atıb. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını daim diqqət mərkəzində saxlayır. Buna nümunə olaraq müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidinin Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilməsini göstərmək olar.

Birmənalı şəkildə qeyd etmək olar ki, muğam xalqımızın incisi, onun genetik kodudur. Muğam nəsillərdən-nəsillərə keçərək Azərbaycan xalqının qan yaddaşında qalıb, onun ürəyində əbədi iz buraxıb. YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır”.

Dövlətimizin muğama olan böyük qayğısı nəticəsində bu sənət gündən-günə nəinki yeni zirvələri fəth edir, həmçinin yeni layihələrin yaranmasına təkan yaradır: muğam jurnalı, muğam antologiyası, muğam ensiklopediyası. Və nəhayət, Muğam Mərkəzi.

 

Milli mənəvi dəyərlərin qorunmasında

məqsədyönlü fəaliyyət

 

Günümüzdə, Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq olaraq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər  xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik. Ona görə də gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.

 

Süleyman İsmayılbəyli

 

“Azərbaycan Respublikası  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik”mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur”

 

Olaylar.- 2015.- 27 may.- S.10.