Bu torpaqlar bizə atalarımızın əmanətidir

 

Min illərdir üzərində hakimiyyətimizin olduğu bu torpaqların dəyəri yüksəkdir

 

Vətən ancaq üzərində gəzdiyimiz, yaşadığımız torpaq parçası deyil. Vətən uğrunda nə qədər qurbanlar verilib. Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa Vətən deyilir. Vətən azadlıqdır. Torpağın Vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqın qorunması vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz Vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyim bu torpağın mənəvi dəyəri çox yüksəkdir.

Atalarımız sahib olduqları hər şeylərindən imtina edərək bu torpaqlar uğrunda canlarını verib şəhid olublar. Azərbaycanımız bizə atalarımızın əmanətidir. Onu qorumaq boynumuzun borcudur. Atalarımızın bizə əmanət etdiyi cənnət vətənimizi qorumaq üçün lazım gələrsə, minlərlə cəbhələrdə belə döyüşməliyik. Min illərdir üzərində hakimiyyətimizin olduğu bu torpaqların dəyəri yüksəkdir. Hər an əlimiz tətikdə bu torpaqların müdafiəsini təmin etməliyik. Müqəddəs torpaqlarımızı və vətənimizi qorumaq bizim ən ali amalımız, vəzifəmiz olmalıdır. Bu günün nəsli dövlətimizin gələcəyinin təhlükəsizliyinin qarantiyasıdır. Azad yaşamaq istəyiriksə, Azərbaycanı qorumağa borcluyuq. Bu gün istənilən cəbhədən geri çəkilən xalq, sabah sahib olduğu torpaqları başqalarının əsarəti altında görəcək. Tarixi minlərlə qəhrəmanının biləkləri hesabına qurulmuş Azərbaycan övladının heç bir cəbhədən geri çəkilmək haqqı yoxdur. Heç bir Vətən mübarizə olmadan müstəqilliyini qoruya bilməz. Azərbaycanımızın hər qarışı bizim üçün dəyərlidir, dəyərdir. Vətənə olan sevgisi insanın ən ülvi, müqəddəs və ali duyğusudur. Tariximizin səhifələri Azərbaycanın qəhrəman övladlarının şücaətləri ilə doludur. Biz qəhrəmanlarımızı heç vaxt unutmuruq. Düşmənlə apardığı amansız mübarizə onları xalqın qəhrəmanlarına çevirib. Vətəni sevmək ən böyük mərdlikdir. Çünki üzərində yaşadığı torpaqlareyni millətə mənsub insanlar, birlik və bərabərlik içərisində yaşadıqları zaman o ölkədə dinclik və güvən mühiti təsis edilir. İnsan vətənpərvərlik duyğuları sayəsində lazım olduğu zaman vətəni üçün ölməyə belə hazırdır. Vətəni uğrunda canını ortaya qoyanlara şəhid deyilir. Şəhidlik isə dinimizdə ən böyük mövqelərdən biridir. Keçmişdən günümüzə yüz minlərlə polisimiz, əsgərimiz şəhidlik mərtəbəsinə yüksələrək, vətənimiz uğrunda həyatlarını ortaya qoymuş, ölkəmizin inkişafı naminə şəhid olublar. Bu uca məqama çatan şəhidlərin ruhu sayəsində bu gün bizlər rahat şəkildə yaşayırıq. Bizlər o insanların nəsliyik. Bu səbəbdən onlara layiq bir övlad kimi yaşamalı və onlar qədər biz də vətənpərvərlik duyğularını ürəyimizdə səmimi bir şəkildə hiss etdirməliyik. Bu vətən hamımızındır. Qarşıda vətənimiz təhlükəyə düşdüyü vaxt bizlər də atalarımızın etdiyi kimi bir an belə düşünmədən canımızı ortaya qoymağı bacarmalıyıq. Vətənpərvərliyin üstünlüyü budur. Düşmənlərimizin pusquda olduğu vaxt hər birimiz ayıq olmalıyıq. Əlimizdə bayraq, dilimizdə “təkbir” Vətənimizin müdafiəsində qanımızı, canımızı əsirgəməməliyik.

 

Azərbaycan bizə atalarımızın əmanətidir

 

Atalarımızdan bizə böyük bir tarix, mədəniyyət miras olaraq qalıb. Ölkəmizi qorumaq üçün ilk əvvəl bunları qorumaq lazımdır. Bu dəyərləri gələcəyimizə miras kimi saxlaya bilsək, vətənimiz biz olmayandan sonra əmin əllərdə olacaq. Əvvəlcə tarixi keçmişimizi yaxşı şəkildə öyrənməli və bunu gələcək nəsillərə çatdırmalıyıq. Ölkəmiz zaman-zaman müxtəlif çətinliklər qarşısında qaldı və bu çətinliklərə sinə gərən minlərlə övladımız şəhid oldu, indi bu torpaqlar üzərində minlərlə şəhidin haqqı var. Bütün bunları gələcək nəsil üçün tarixə çevirməli və onlarda vətənpərvərlik şüurunun inkişafı üçün çalışmalıyıq. Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır. Vətənə bağlılıq onu sevmək, qorumaqinkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır. Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını  təmin etməyə çalışmaqdır. Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən, hər nə bahasına olursa olsun müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə, mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir. Azərbaycan strateji cəhətdən əlverişli mövqedə yerləşməklə yanaşı iri həcmdə təbii sərvərlər ehtiyatına sahibdir. Buna görə, ölkəmizi ələ keçirməyə çalışan qüvvələr həmişə bu torpaqları ələ keçirmək üçün fürsət axtarırlar. Tarixin ayrı-ayrı dönəmlərində ölkəmiz həmişə yadellilərin hücumlarına məruz qalıblar. Lakin torpaqlarının müdafiəsini hər şeydən üstün bilən atalarımız Vətənlərini canları bahasına qoruyub bizə əmanət ediblər. Verilən vədə əməl etmək lazımdır, bu bizim dinimiz, inancımız, insanlığımız gərəyi üzərimizə yüklədiyimiz ən ali və müqəddəs vəzifə olmalıdır. Çünki min illərdir hakimiyyətimizi davam etdirdiyimiz bu torpaqları gələcəyə aparmaq lazımdır, onu başqa xalaqların əsarəti altına atmaq insanlığa sığmaz. Heç bir halda Vətənin müdafiəsindən geri çəkilməməliyik, ən çətin anlarda belə bayrağımızı yüksəkliklərə qaldırmalı, ölkəmizin adının ən yaxşıları sırasında çəkilməsi naminə ən ağır şəraitlərdə belə çalışmaqdan geri durmamalıyıq. Dünyada baş verən hadisələrin ölkəmiz üçün də təhdidlər meydana gətirdiyi bir zamanda Azərbaycanın daha etibarlı müdafiə olunmasına gərək var. Bu yöndə gecə-gündüz səngərlərdə xidmət edən əsgərlərimizə dəstək olmalıyıq. Hər birimiz bu Vətənin  könüllü əsgərləriyik. Biz Vətənə xidmət borcunu bu torpağa olan mənəvi borc kimi verməliyik. Biz həyatımızın sonuna kimi Vətənimizə borcluyuq. Hər birimiz bu torpağın vətəndaşı olduğumuz üçün ona təşəkkür borcumuz da var. Azərbaycan bizim qürur yerimizdir. Öz Vətənini düşünən hər bir insan üçün Vətənpərvərlik bir ideologiya olmalıdır. Milli şüura sahib olmaq vətənə məhəbbətdən qaynaqlanır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Bəli, Azərbaycanın gələcək varlığı naminə nəinki gənclər, hər birimiz Vətənpərvər olmalıyıq. Çünki borcumuzun olduğu bu Vətəni qorumaq bizim ən ümdə amalımızdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 30 may-1 iyun.- S.15.