Vətənpərvərliyin təbliği
sevgi
və ehtiram həddinə
çatdırılmalıdır
Gənclər bizim gələcəyimizdir.
Zaman-zaman ən mötəbər kürsülərdən
səslənən və nəsillərin bir-birini əvəz
etməsi fonunda gəncliyə böyük ümidləri ifadə
edən bu deviz - şüar həmişə aktual olub.
Çünki bəşəriyyətin sadə yaşam məntiqi
belədir. Bu gün həyatın bütün sahələrində
quruculuq işlərinin sükanı arxasında olan orta və
yaşlı nəsili sabah gənclər əvəz edəcək.
Ölkənin qurucuları, sahibləri onlar olacaqlar. Bu mənada gəncləri sabahkı həyata, ata-babalarının işlərini ləyaqətlə davam etdirməyə, dövlətin, xalqın onlara bəslədikləri ümidləri doğrultmağa hazırlamaq bütün dövrlərdə xalqların əsas qayğısına çevrilib. İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, vətənini, xalqını nə dərəcədə sevməsindən, milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-amanda görmək istəyiriksə sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması həmişə olduğu kimi bu gün də aktualdır. Əməkdar jurnalist Yusif Əliyev qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri, böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclərin tərbiyəsinə cavabdehlik daşıyan bütün qurumların, xüsusilə də təhsil işçilərinin qarşısında ən mühüm vəzifə kimi qoyur, müxtəlif səviyyəli tədbirlərdə, gənclərlə, müəllimlərlə, ziyalılarla çoxsaylı görüşlərində bu məsələyə dönə-dönə toxunaraq öz müdrik məsləhət, tövsiyə və tapşırıqlarını verirdi. Ulu öndər hələ 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündəki nitqində gənclərin vətənpərvərlik tərbiyəsinin zəruriliyinə toxunaraq demişdir: "Müstəqil dövlətdə yaşayan hər bir vətəndaş birinci növbədə bu dövlətin müstəqilliyinin, suverenliyinin təmin olunmasını öz həyatının əsas vəzifəsi və məqsədi bilməlidir. Ona görə də bizim gənclər, təhsil alan gənclər gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin və bunlar hər bir gəncin qəlbində sarsılmaz bir qalaya çevrilsin...". Müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də öz çıxışlarında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dönə-dönə vurğulamış, bu işin Azərbaycan dövlətinin gənclər, təhsil siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdıraraq demişdir: "Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır". Ölkə başçısının müdrik tapşırıq və tövsiyələrini əldə rəhbər tutan təhsil müəssisələri, təhsil işçiləri, eləcə də əsas fəaliyyəti gənclərlə iş olan digər qurumlar insana xas keyfiyyətlərin ən üstünü olan vətənpərvərlik hissinin gənclərə aşılanmasına böyük diqqət yetirirlər. Razılıq hissi ilə qeyd etmək olar ki, son illər ölkədə gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin bitkin bir sistemi formalaşıb, bu iş məzmun və forma cəhətdən xeyli zənginləşib. Həyata keçirilən tədbirlər silsilə xarakter alıb. Bütün bunlar isə təbii ki, aparılan tərbiyə işlərinin nəticəyönümlülüyünə müsbət təsir edir. Gənclərlə aparılan olduqca rəngarəng mündəricəli vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini təlim-tədris prosesindəki iş təşkil edir. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bunun üçün geniş imkanlar mövcuddur. Bu baxımdan orta məktəblərdə, eləcə də təhsilin digər pillələrində tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyatın, tarixin potensialı daha böyükdür. Bu fənlərin tədrisi şagirdləri, tələbələri müvafiq biliklərlə silahlandırdığı kimi onların vətənpərvərlik ruhunda tərbiyəsinə də güclü təsir göstərir, gənclərdə milli mənlik şüuru formalaşdırır. Son iki ildə Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi bir sıra layihələr isə məktəblərdə aparılan vətənpərvərlik tərbiyəsi işinin daha da canlanmasına, ardıcıl və sistemli xarakter almasına səbəb olmuşdur. Bu baxımdan təhsil nazirinin ümumtəhsil məktəblərinin V-XI siniflərində hər dərs ilində ilk dərslərin "Mənim vətənim - doğma yurdum" mövzusuna həsr edilməsi barədə ötən il imzaladığı əmr xüsusilə təqdirəlayiqdir. Həmin əmrə əsasən artıq ikinci ildir ki, məktəblərdə yüksək səviyyədə aparılan sözügedən dərslər yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayır. Təhsil Nazirliyinin bu sahədə daha bir təşəbbüsü də artıq təhsil müəssisələrində reallaşdırılmaqda olan Qarabağ tarixinin öyrənilməsi ilə bağlıdır. Belə ki, nazirliyin müvafiq əmri ilə cari dərs ilindən respublikanın ümumtəhsil məktəblərinin VIII siniflərində "Qarabağın tarixi" adlı fakültativ kursun tədrisinə başlanıb. Ölkənin təhsil ictimaiyyəti tərəfindən razılıqla qarşılanan və yüksək dəyərləndirilən həmin layihədə də əsas məqsəd Qarabağımızın tarixinin dərindən öyrənilməsi, bu əsasda şagirdlərdə güclü vətənpərvərlik hisslərinin tərbiyə edilməsidir.
Gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin mühüm istiqamətlərindən birini də ayrı-ayrı şəxsiyyətlərin, milli qəhrəmanların şəxsi nümunələrindən istifadədir. Böyük pedaqoqlar, tərbiyə nəzəriyyəçiləri tərbiyədə şəxsi nümunənin rolunu həmişə yüksək dəyərləndirib, onun böyük təsir gücünə malik olduğunu vurğulayıblar. Məhz buna görə də şəxsi nümunə əsasında tərbiyə işi praktikada həmişə geniş yer tutub. Tariximizdə, müasir dövrümüzdə həyatı gənclərə vətənpərvərlik nümunəsi olan şəxsiyyətlər çoxdur. Ən böyük vətənpərvərlik nümunəsi isə məhz ulu öndərimiz Heydər Əliyevdir, onun zəngin, mənalı, tamamilə xalqına xidmətə həsr olunan həyatı, ən yüksək keyfiyyətləri, eləcə də güclü vətənpərvərlik hissini özündə ehtiva edən şəxsiyyətidir. Bu baxımdan ulu öndərin həyat və fəaliyyəti ilə gənclərin yaxından tanış edilməsi onlarda vətənpərvərlik hissinin yüksəlməsinə güclü təsir edir. Bu işdə ölkəmizin bütün bölgələrində yaradılmış Heydər Əliyev Mərkəzləri mühüm rol oynayır. Məlum olduğu kimi, həmin mərkəzlərdə, eləcə də paytaxtımızdakı möhtəşəm Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxlu eksponat toplanıb. Mərkəzlərdə keçirilən tədbirlər zamanı gənclər bu materiallarla yaxından tanış olur, bu böyük insanın öz xalqına, vətəninə necə qırılmaz tellərlə bağlı olduğunu, onları necə böyük məhəbbətlə sevdiyini öyrənirlər. Bu isə onları vətən və xalq naminə Heydər Əliyev kimi yaşamağa və fəaliyyət göstərməyə sövq edir, qəlblərindəki vətənpərvərlik hisslərini alovlandırır. Ulu öndərin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin dərindən öyrənilməsi istiqamətində son dövrlərdə Təhsil Nazirliyi tərəfindən atılan addımlar da çox dəyərlidir və gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Məlum olduğu kimi, Təhsil Nazirliyinin 31 yanvar 2014-cü il tarixli tövsiyə məktubuna əsasən artıq orta məktəblərin XI sinif şagirdləri ilə Azərbaycan Respublikasının müasir tarixinə aid seçilmiş mövzularda əlavə dərslər aparılır. Həmin dərslərdə gənclər "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" və "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzularını öyrənirlər. Heydər Əliyev mərkəzlərində ən yaxşı tarix müəllimlərinin apardıqları həmin dərslərdə indiyədək on minlərlə şagird iştirak edib. Bu dərsləri də tam əsasla gənclər üçün vətənpərvərlik dərsləri saymaq olar. Təhsil ocaqlarında milli qəhrəmanlarla, Qarabağ uğrunda savaşda böyük igidliklər göstərmiş vətən oğulları ilə keçirilən görüşlər, onların həyat və döyüş yolu ilə gənclərin yaxından tanış edilməsi də gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsinə güclü təsir göstərən amillərdəndir. Təhsil Nazirliyinin bu sahədə başladığı yeni bir layihəni də ölkənin təhsil ictimaiyyəti, məktəb kollektivləri böyük maraqla qarşılayıblar. "Məktəb qəhrəmanları ilə tanınır" adlı sırf vətənpərvərlik ruhu daşıyan həmin layihə milli qəhrəmanlarla görüşlərin keçirilməsini nəzərdə tutur. Artıq tədris ocaqlarında, digər məkanlarda belə tədbirlərin sistemli təşkilinə başlanılıb və ilk təcrübələr də göstərir ki, onlar həqiqətən gənclərin vətənpərvərlik tərbiyəsində, milli qəhrəmanlarımızın daim yaddaşlarda yaşamasında mühüm rol oynayır.Vətənpərvərlik tərbiyəsi vətəni sevməkdən qaynaqlanır. Vətəni sevmək üçünsə onu yaxşı tanımaq, yeraltı və yerüstü sərvətlərinə, tarixdən boy alıb gələn maddi-mədəniyyət abidələrinə, adət və ənənələrimizə dərindən bələd olmaq lazımdır. Son illər bu sahədə də işlər xeyli canlanıb, belə tərbiyə işlərinin əsas mərkəzləri olan tarix-diyarşünaslıq muzeylərinin sayı artıb. Ötən ildən başlayaraq isə gənclərin vətənimizi daha dərindən tanınmasına imkan verən yeni layihəyə start verilib. Belə ki, ölkə rəhbərinin göstərişi ilə "Ölkəmizi tanıyaq" adlı maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanıb. Layihə çərçivəsində yay aylarında, eləcə də tədris ilindəki tətillər dövründə məktəbli gənclərin müxtəlif bölgələrə səfərləri təşkil olunur. Bu səfərlər zamanı məktəblilər getdikləri rayon və şəhərin görməli yerləri, maddi-mədəniyyət abidələri ilə tanış olur, görüşlər keçirirlər. Layihənin icrasına başlandığı ötən ilin avqustundan bəri müxtəlif rayon və şəhərlərin təhsil müəssisələrinin minlərlə şagirdi, əsasən də gənclər bu tur-aksiyaların iştirakçısı olmuşdur. Əldə olunmuş təcrübənin təhlili göstərir ki, bu tur-aksiyalar da digər iş formaları kimi gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işinin təsirli vasitələrindəndir.Gənclər və İdman Nazirliyinin, ölkədə fəaliyyət göstərən çoxsaylı gənclər təşkilatlarının, gənclərlə işi özünün hədəfi seçən bir sıra ictimai birliklərin xətti ilə həyata keçirilən tədbirlər də gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayır.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 2 noyabr.- S.15.