Özünü dərk
etməyən
xalqın Vətən idealı ola bilməz
Bu bir
danılmaz faktdır ki, özünü
dərk etməyən xalqın Vətən idealı ola bilməz. Torpaq, ərazi
o zaman vətənə
çevrilir ki, o milli ideyanın
daşıyıcısı olsun. Bilik və ibtidai duyğu səviyyəsindəki
vətəndaşlıq və vətən sevgisi
dayanıqlı ola bilməz. İnsan xarici ölkələrə
səfər edərkən şüurlu olaraq və ya təhtəlşüur
səviyyəsində öz yetişdiyi mühitlə, artıq içində
olanlarla yeni
gördükləri arasında müqayisələr
aparır. Müqayisə apara
bilmək, özünü məhz öz ölkəsi timsalında fərqləndirə
bilmək üçün, heç şübhəsiz, əvvəlcə milli Məni, Vətəni həm duyğu, həm də təfəkkür səviyyəsində
tanımaq tələb olunur. Özündən
ayrılmaq, başqa diyar,
başqa ölkə
ilə tanışlıq duyğu səviyyəsində
bir nisgil, vətən
həsrəti yaradırsa, təfəkkür səviyyəsində
özünə kənardan baxmaq
şansı verməklə özünüdərk üçün obyektiv
şərait yaratmış olur.
Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur. Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona ziyan da vurmaq mümkündür. Vətənin, millətin nə ilə fərqləndiyini bilmədikdə, onun rasional simasını görmədikdə, onun mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur. Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur. Və bunu hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Millətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası bütün millətlər deyil, milli intellektin səfərbər olunması sayəsində, milli filosoflar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlanmalı və geniş kütlələrin sərəncamına verilməlidir.
Vahid milli ideyanın təsir sahəsinə düşüb istiqamətləndirilə bilməyən, bir-biririni tamamlaya bilməyən, bir növ kortəbii proseslərə çevrilən fəaliyyət aktları özümüzün də xəbərimiz olmadan, qlobal miqyas kəsb etmiş başqa milli ideyaların ilk növbədə qloballaşma qaydalarının təsir dairələrinə düşərək lokal güc mərkəzləri yaradır.
Milli-mənəvi dəyərlərin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması, davam etdirilməsi üçün mədəni abidələrin, bədii ədəbiyyatın, milli fəlsəfi fikrin rolu böyükdür. Lakin milli ruhu qorumaq, inkişaf etdirmək və yeni nəsillərə çatdırmaq üçün ən yaxşı mühit milli dövlətçilik şəraitində yaranır. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Və bu zaman milli ruh həyat tərzinə çevrilir. Dövlətçilik ideologiyası da milli ideologiya da eyni bir təməl üzərində – milli fəlsəfi fikir zəminində formalaşır.
Bir millət üçün canlı tarix haradasa qırılanda, onun inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi formalarda; fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə yaşadılması zərurəti yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə həqiqi böyük ziyalılar estafeti öz əllərinə alır və milli ruhu öz şəxsi həyatı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa yaşadaraq və bir əmanət kimi yeni nəsillərə ötürürlər. Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq missiyasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə vaxtında birləşməyəndə bütün ağırlıq qələmin, yaradıcı ziyalıların üzərinə düşür. Milli dövlətçilik kəsilməz bir proses kimi davam etsin deyə dövlətlərarası dövrdə kəsilməzliyi milli-mənəvi körpülər təmin etməli olur.
Müstəqillik və milli dövlətçilik ona görə lazımdır ki, dövlət quruculuğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir subyektin deyil, xalqın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümummilli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial; təbii sərvətlərdən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bütün imkanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir vətəndaş ümummilli tərəqqi kontekstində öz şəxsi maraqlarını da realizə edə bilsin. Lakin kütləvi siyasiləşmə və ifrat siyasi qarşıdurmalar təbii ki, qüvvələrin vahid amal uğrunda səfərbər edilməsinə, ümummilli tərəqqiyə xidmət etmir. Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəldilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün törədilən məqsədyönlü aksiyalardan biri idi. Lakin biz hələ də böyük dövlətlərin coğrafi-strateji planlarından doğan siyasi burulğandan çıxa bilmirik.
Bax, belə bir şəraitdə siyasi təbəddülatların fövqünə yüksəlməyə, fəaliyyətlərin ümummilli tərəqqi naminə yönəlməsinə böyük ehtiyac vardır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiyasının yaratdığı labirintlərdən məharətlə keçərək, milli mədəniyyətin tərəqqisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfəkkürün inkişaf etdirilməsi sahəsində böyük xidmətlər göstərən ziyalılarımız bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir konyukturaya uymadan bəşəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təbliğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.
Etnik-milli təfəkkürdən milli dövlətçilik şüuruna gedən yol milli və ümumbəşərinin sintezindən keçir. «Milli» anlayışı iki fərqli məzmun yükünə malikdir. Birincisi, hər bir millət üçün spesifik olan, onu fərqləndirən xüsusiyyətləri, ikincisi, fərqli cəhətlərlə ümumi cəhətlərin vəhdətini ehtiva edir. İnsan müəyyən bir millətə mənsub olmazdan əvvəl insandır. Və milliyyətindən asılı olmadan bütün insanlar üçün ümumi, zəruri olan cəhətlər vardır. «Etnik-milli» anlamı müxtəlif qrupların insanlarını fərqləndirən cəhətləri əhatə etdiyinə görə məzmunca kasıbdır, solğundur. Sözün geniş mənasında «milli» anlamı isə hər bir insana məxsus zəruri şərtləri də əhatə etdiyindən, zəngin və daha tutumludur. İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları, intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub saxlayırlar. Bunlar etnik-milli xüsusiyyətlərə aiddir. Milli dildən fərqli olaraq riyaziyyatın dili, kompüterin dili, texnikanın dili qlobal səciyyə daşıyır. Daha doğrusu, bu dilləri bilən insanlar da millətlər kimi qruplaşıb öz aralarında ünsiyyətə girirlər. Bu baxımdan, biz artıq elə bir dövrə qədəm qoymuşuq ki, yeni ictimai birlik normaları yaranır və onlar hətta «etik» birliklərə nisbətən daha dayanıqlı ola bilərlər. Xüsusən, qloballaşma şəraitində internet və s.-nin açdığı məkan məhdudiyyətindən azad olan belə yeni birliklərin formalaşması və bəşəriyyətin elə bil ki, çalxalanıb yeni strukturlar kəsb etməsi olduqca əlamətdar proseslərdir və bunlara biganə qalmaq olmaz. Bu yeni rakursdan baxdıqda «milli» anlayışının da yenidən dəyərləndirilməsinə, onun məzmununa daxil olan yeni məna çalarlarına xüsusi diqqət yetirilməlidir.
Ayrı-ayrı fərdlərin özünüdərk yolu milli və ümumbəşəri özünüdərklərin ancaq müəyyən elementlərini ehtiva edir. Daha doğrusu, fərdi özünüdərkdə duyğu komponenti, intiutiv komponent, irrasional komponent daha böyük sahəni əhatə edir. Rasionallaşmış məqamlar isə azlıq təşkil edir. Bu baxımdan, fərdi şüur daha zəngin olsa da, daha çox qeyri-müəyyəndir və rasionallaşmış hissənin faizinə görə geri qalır. Ümumbəşəri şüur, ümumbəşəri özünüdərk əsrlər boyu insanların dünyaya münasibətinin rasionallaşmış ifadəsidir. Burada duyğudan, emosiyadan (xatirədən, nisgildən və s.) daha çox koqnitiv biliklər əhatə olunur. Lakin insanın dünya haqqındakı bilikləri müxtəlif ierarxik pillələrdə təzahür edir. Fəlsəfə məhz ən ümumi biliklər əsasında, ən ümumi qanunların dərki sayəsində dünyanın ümumiləşmiş mənzərəsini yaratmağa çalışır. Hansı ölkədə yaşamasından, hansı milləti təmsil etməsindən asılı olmayaraq filosoflar dünyanı bir insan meyarı ilə, insan prizmasından, ümumbəşəri dəyərlər mövqeyindən dərk etməyə çalışır və dünyanın, insan–dünya münasibətlərinin müxtəlif modellərini, konsepsiyalarını hazırlayırlar. Lakin insan öz milli və fərdi prizmalarından dünyaya münasibətini bildirirsə burada da ümumiləşdirmək üçün yararlı olan rasional biliklər toplanır. Hər bir fərdin öz dünyası olduğu kimi öz fəlsəfəsi də var. Müxtəlif fərdlərin fəlsəfəsini yığıb, vahid ortaq məxrəcə gətirmək mümkün deyil. Daha doğrusu, fəlsəfənin özünə məxsus toplanma qaydaları vardır. Bu qaydalar elmi biliklərin toplanması və sənət əsərlərinin, bədii təəssuratların toplanmasından fərqlidir. Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etmək səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan, milli özünüdərk baryerini keçmiş olan tək-tək şəxsiyyətlərin – filosofların fəlsəfi konsepsiyalarından, bu konsepsiyaların şəbəkəsindən ibarət olur. Əlbəttə, emosiyadan, hissiyatdan təəssüratın irrasional məqamlarından azad olmuş rasional biliklər toplusu fəlsəfi duyumun, insanın dünyaya münasibət mənzərəsinin tam təsfirini verə bilməz. Konkret münasibət, küll halında təəssurat rasionallaşdıqca kasadlaşır, solğunlaşır və informasiyanın çox cüzi hissəsi saxlanılmış olur. Lakin idrak prosesi də elmi səviyyədə bununla səciyyələnir ki, burada birinci fokus məsafəsindəki rasional biliklər ayrı, ikinci fokus məsafəsindəki rasional biliklər ayrı və sair və s. yığılaraq sonradan toplana bilirlər. Və toplanmadan alınan mənzərə hər biri ayrılıqda solğun olan informasiyaları gücləndirir, yenidən mürəkkəb ierarxik bir strukturun rasional obrazı yaranır. Burada bir növ interferensiyaya uyğun tamamlama gedir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 4 noyabr.- S.15.