Vətənpərvər insan vətəni

sevməyi öyrətməlidir

 

“Vətən” müqəddəs sözdür. Vətən anadır. Hamının ayrı-ayrılıqda bir anası var, ancaq hamımızın birgə bir anası var. Bu da Vətəndir. Necəki, Allaha, valideynlərimizə borcluyuq, həmçinin vətənə də borcumuz var. Cünki, canı Allah versə də bizlər bu torpağın üstündə gəzir bu torpaqda yaşayırıq. Bəs bu günkü gənclər bunu dərk edə bilirmi? Biz vətəni sevirikmi? Biz vətənpərvərikmi?

Azərbaycan gəncliyi inkişaf edir. Hər sahədə gənclərimiz nəaliyyətlər əldə edir. Azərbaycan gənclərinin səs-soragi başqa xarici ölkələrdən gəlir. Təhsil sahəsində, idman sahəsində və s. sahələrdə gənclərimiz özünü dogruldur. Bəs bizim gənclərimizin vətənpərvər olmasına əngəl yaradan səbəblər nədir? Ailə, cəmiyyət, televiziya, mühit yoxsa nə?.

Bəs insanın vətənpərvər olmasında rol oynayan amillər nədir? Vətənpərvərlik insanın qəlbində yoxdursa o insanın ailəsi, ətrafı, dostları həmin insana vətən nədir başa sala bilərmi? O insanın qəlbində vətən sevgisi oyada bilərmi?

İndiki gənclərin bəzilərində belə bir anlam var. Sual verəndəki sən vətən üçün nə etmisən? Cavab verəcək. Vətən mənim üçünedib ki, mən də onun üçün nə isə edim? Vətən daha nə etməlidir ki,? Nəyi vətən sənə verməyib, üstündə gəzdiyin torpağı, içdiyin suyu, yoxsa yediyin çörəyi? Bəlkə sənin üçün üstündə gəzəcək torpağı, içmək üçün suyu, yemək üçün çörəyi xarici ölkədən gətirirlər? Neçə oğul və qızlarımız şəhid olub Vətən ugrunda? Nahaq yerə demirlər “Şəhid” sorğu-sualsız cənnətə gedir. Bir şeyi ki, ulu tanrı müqəddəs bir vacib amil kimi buyurub, niyə bizlər bunu başa düşmürük? Hər halda şəhid vətən uğrunda həlak olan adama da deyilir. İndi fikirləşin Allah vətəni müqəddəs bilməsəydi, onun uğrunda şəhid olanı cənnət ilə mükafatlandırardımı?

Vətənpərvərlik mövzusu çox geniş bir mövzudur. Bir az dini tərəfdən baxdıqdan sonra gəlin bir az da hal-hazırki vəziyyətə nəzər yetirək. Müasirlik. Bizlərə müasirlik o qədər təsir edib ki, hər şeyi unutmuşuq. Bizləri maraqlandıran nədir? Geyim, televiziya, şou-biznes, əyləncə, internet adi telefon bulutuzlari belə bizləri əqli cəhətdən rahat buraxmır, ancaq içimizdə elə gənclər var ki, geyimi əsgər paltari, internet saytlarında ancaq vətənpərvər işlərlə məşgul olur. Hətta bulutuzdan belə tanışlıq naminə yox, hansısa bir dəyərli şəkil və ya məlumatı ötürmək məqsədilə istifadə edir. Bunlar o kəslərdir ki, ürəyi vətən eşqi ilə çırpınır. Şəhidlərin yerdə qalan qanı onları vicdan əzabı cəkməyə vadar edir. İşgal olunmuş torpaqları unutmur, yerlibazlıq etmir, Azərbaycanın hər qarış torpagı ugrunda hər an əlinə silah alıb döyüşə hazır olanlardır. Bunlar o insanlardır ki, ”Vətən” nədir dərk edirlər. Onu da dərk edirlər ki, Azərbaycan qadınları əsirlikdədirlər və onların atası erməni olan övladları da var. Sabah müharibə olsa o həddi-buluğa çatmış gənclər bizə qarşı vuruşacaqlar. İnsan bunları fikirləşəndə dəhşətə gəlir.

Ancaq indiki vəziyyətə başqa tərəfdən baxandagörürük? Ailədən tutmuş təhsil ocaqlarına qədər bizdə vətənpərvərlik ruhu yeni nəsilə aşılanırmı? İnternetdə, kücədəki divarlarda, reklam roliklərində, hətta televiziya kanallarında bu cur yazılara rast gəlmək olar. Əli Aytəni sevir, Vəli Aygünü sevir, hətta hərdən Əli Vəlini də sevir. Müasirlik buna deyilir? Hami bir-birini sevir, ancaq, Vətəni sevən yoxdur. Bu cür yazılar gözə dəymir. Müxtəlif yollarla əsgərlikdən boyun qaçırmaq, əsgər gedəndə belə vətənə borcunu layiqli odəməmək, xaricə qaçmaq, vətəni sevməmək kimi yolların qarşısını necə almaq olar? Necə etmək olar ki, gənclərin fikrini başqa lazımsız işlərdən ayırıb məhz vətənpərvərlik ruhunu onlara aşılayaq?

Vətənpərvər insan öz övladını, dostunu, ətrafındakı bütün onu dinləyə biləcək insanlara bu hissləri anlatmalı, vətəni sevməyi öyrətməlidir. Oldugu hər yerdə vətənpərvərlik ruhunu aşılamalıdır. Çünki, biz gənc nəsilik biz Azərbaycanlıyıq və gələcək biz gənclərin əllərindədir. Soruşma ki, vətən sənin üçün nə edib?, öz-özünə sual ver. Mən vətən üçün nə etmişəm? Baxma ki, kimsə əsgərlikdən qaçıb, əsgər getmir, vətən nədir anlamır. Sənə qarşı təyziq olsa belə sən vətəni sev. Çünki, sən vətəni sevməlisən.

Müstəqillik Vətənə olan sevgidir. Vətəni sevən hər bir vətən övladı müstəqillik nədir dərk edir. Respublikamızda baş verən proseslərə baxdıqda isə ancaq müsbət şeylər görürük. Yeni iş yerlərinin açılması, iqtisadiyyatımız, neft sektorundaki yığılan sərmayələrin yarıdan çox hissəsinin geriyə qaytarılması, milli məhsul istehsalının yuksəlməsi, kənd təsərrüfatı yarmarkalarının təşkili, icra strukturlarının bazarlara nəzarəti dövlət budcəsinin dəfələrlə qalxması və bu kimi s. amillər Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir.

Müstəqillik əldə etdik, bu çox önəmli bir amildir. Ancaq təssüflər ki, bəzi insanlar müstəqillik nədir bilmir. Bəlkə də bilir, ancaq etiraf etmir.

Bəs biz gənclər bu müstəqilliyi necə dərk edirik? Bəlkə də tarixi bilməyən gənclər Azərbaycanın Müstəqillik əldə etməsi üçün necə əzablı yollar keçdiyini bilmir. Elə isə tarixə nəzər salaq. 16 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz həqiqətən çox mürəkkəb olub. Amma bu mürəkkəbliklərdən uğurla çıxıb onu qoruyub saxlaya bilmişik. Necə ki, bu gün də müstəqil Azərbaycanın ayaqda durması, inkişaf etməsi istiqamətində çalışırıq. Və fəaliyyətlər də bəhrəsini verir.

Cəmiyyətdə yaşayan bəzi insanlar hər şeydə dövləti günahkar bilir. Məsələn ən vacib və ən yaralı yerimiz olan Qarabag probleminin həllini. Gəlin bu məsələyə dövlət tərəfdən yox, millət tərəfdən baxaq. İçimizdə olan bəzi insanlar işğal olunmuş rayonları belə tanımır, Qarabag mövzusu gələndə “Mən vermədim ki, mənim nə işimə, kim verib o getsin alsın” deyərək özünü kənara çəkir. Bu cür insanlarla Qarabag məsələsi haqqında adicə danışmaga dəyərmi? Və yaxud təhsil problemi. Yenə də hər şey də müstəqil dövlətimiz gunahkardır deyirlər. O üzdən müstəqil ölkədə yaşayan hər bir vətəndaş bu müstəqilliyi müqəddəs olan bir amil

kimi qəbul etməyi bacarmalı, müstəqil olan Vətənimiz ugrunda daim hər şeyə hazır olmalıdır. Gəlin müstəqilliyimizin qədrini bilək. Çünki, hər şey həqiqətən bizim öz əllərimizdədir. Gələcək biz gənclərin əllərindədir. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də gənclərin Vətənə bağlılığının zəruriliyini qeyd edirdi. Bu mənada Heydər Əliyev bildirmişdi: “Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Mən istəyirəm ki, Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkələrin sırasına daxil olsun. İstəyirəm insanlar yaxşı yaşasınlar, yaxşı maaş alsınlar, uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr yaxşı tibbi xidmətə malik olsunlar, yollar abadlaşsın, şəhərlər gözəlləşsin, insanların üzü gülsün və Azərbaycan irəliyə getsin. Budur mənim arzum”. Vətən-bu müqəddəs bir kəlmədir. Vətənin hər bir qarışı uğrunda candan keçməyə dəyər. Azərbaycan gəncliyi bütün bunları nəzərə alaraq sübut etdi ki, şəhidlər unudulmur. Sübut etdi ki, şəhidlər xiyabanı ancaq matəm günlərində ziyarət ediləcək bir yer deyil. Sübut olundu ki, kimsəsiz uşaqlar qayğısız deyil.

Bu gün uşaqlarla iş qurmaq, onları vətənpərvər ruhda böyütmək, təbiyələndirmək ən prioritet mıəsələlərdən biridiri. Ona görə də uşaqlara vətənpərvər olmağı onlara az yaşlarından aşılamaq lazımdır. Bunun üçün məktəblərdə vətənpərvərlik mövzusunda müsabiqələr keçirilməlidir. İşğal olunmuş torpaqlarda bacı və qardaşlarımızın müqəddəs ruhlarının dolandığı, bizlərin o torpaqlara qayıdacağı hər zaman gənclərin diqqətinə çatdırılmalıdır. Sübut olunmalıdır ki, onları unutmuruq:

İşğal günlərində 100-lərlə insanlar məlumatlandırılır. Ancaq bu maaifləndirmə işləri yalnız işğal günlərində aparılmamalıdır. Adi günlərdə də bizlər vətənpərvər olmalı, Vətəni sevməliyik. Hər zaman Vətən uğrunda həlak olan insanlar yade edilməli, gənclər üçün örnək göstərilməlidir.

Azərbaycanın Çingiz Mustafayev, İlham və Fərizə kimi mərd oğul və qızlarının olduğunu hər bir Azərbaycan gənci bilməlidir. Mübariz İbrahimov kimi igid oğullarımızın göstərdiyi şücaət təbliğ olunmalıdır. Yetişməkdə olan Azərbaycan gənci onun necə qəhrəman oğul və qızlarının olduğunu bilməlidiri. O zaman həmin qəhrəmanlar aramızda olmasalar da, onların ruhları daima şad olar və bundan qazanan yalnız gənclər olar. Bu gün hər kəs bunu görür və sevinir. Sevinirlər ki, vətənpərvər gənclər var, ürəyi vətən eşqilə döyünən gənclər yetişir.

Qəlbində vətən sevgisi olan bir insan vətənpərvərlik hissini hər yerdə aşılayacaq. O hər bir gördüyü işdə vətəni düşünəcək. Vətəni sevmək yalnız əlinə silah alıb döyüşə atılmaq deyil. Vətəni sevmək hər insanda ola bilər, adi bir dükan da satıcıdan tutmuş nazirlikdə işləyən bir insana qədər.

 

Olaylar.- 2015.- 7-10 noyabr.- S.15.