Azərbaycan gənci vətənə borcunu

qaytarmaq üçün fürsət gəzir

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.

Müstəqillik yolunda 24 ildir ki, irəliləyən Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: "Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var". Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin hərtərəfli yetişməsi, sağlamlığı, yüksək səviyyəli təhsil alması, faydalı istirahəti, sosial-maddi rifah halının yaxşılaşması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Ölkə gənclərinin üzərinə düşən vəzifə isə yaradılan şəraitdən səmərəli istifadə etmək, gənclik illərini faydalı məşğuliyyətə həsr etmək, harada olmasından asılı olmayaraq dövlətin, xalqın mənafeyini uca tutmaqdır. Artıq dövlətin məqsədyönlü siyasəti öz bəhrəsini verməkdədir. Dövlətin onlar üçün yaratdığı geniş imkanlardan, hərtərəfli şəraitdən yararlanan gənclər ictimai həyatın bütün sahələrində aktiv rol oynayırlar. İndi Azərbaycan gəncliyi bütün dünyada örnək ola biləcək müsbət keyfiyyətləri ilə seçilir. Bu gün respublikamızın müstəqillik yolunda inamla irəliləməsinin ən mühüm səbəblərindən biri ölkəmizdə elmə, biliyə önəm verən vətənpərvər gənclər ordusunun yetişməsidir. Dövlət Bayrağı Meydanının açılışında iştirak edən prezident Ilham Əliyev müstəqil Azərbaycanın vətəndaşı olduğu üçün hər bir kəsin fəxr etməli olduğunu bildirərək ölkə vətəndaşlarının, o cümlədən, gənclərin üzərinə düşən vəzifələri bir daha xatırladıb: "Hər bir vətəndaş, tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik". Azərbaycan gəncliyinin sahib olduğu ən vacib xüsusiyyətlərdən biri hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasıdır. Hamıya bəllidir ki, ötən əsrin sonlarında Ermənistanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı təcavüzünün qarşısının alınmasında Azərbaycanın vətənpərvər gəncləri öndə olublar. Zaman keçdikcə gənc nəsildə vətənpərvərlik, milli qürur hissləri daha da güclənir. Bildiyimiz kimi, bu gün torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, bir milyondan çox soydaşımız isə qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu fakt Azərbaycan gəncliyini daha ayıq-sayıq olmağa, istər informasiya sahəsində, istərsə də cəbhə xəttində ölkənin müdafiəsi uğrunda əlindən gələni etməyə sövq edir.

Şübhəsiz, ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın güclümüasir ordusunun olmasını zəruri edir. Sevindirici haldır ki, Azərbaycanın bu gün belə bir ordusu var. Çünki dövlətin gənclər siyasəti bunu labüd edir. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

  Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. 2005-ci ildə Azərbaycan prezidentinin imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr uğurla həyata keçirildi. Bunun nəticəsində gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şərait yaradılmağa başlandı. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirildi. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərildi. Gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər həyata keçirildi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişafı böyük uğurlar gətirdi.

Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şərait yaradıldı. Artıq inkişaf etmiş ölkəmizdə gənc nəslin milli mənlik şüuru tələb edir ki, özünü azərbaycanlı adlandıran şəxs Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə qaynayıb qarışsın. "Mən azərbaycanlıyam" demək azdır. Azərbaycana məxsus olduğunu işdə, davranışda isbat etmək lazım gəlir. İdeya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindən biri məhz milli mənlik şüurunun gənc nəsildə formalaşmasına xidmət etməkdən ibarətdir. Azərbaycanda sosialiqtisadi, siyasi və mənəvi inkişafa əsaslı kömək edən ideyalardan biri milli mədəniyyətimizi sevməkdir. İdeya-siyasi tərbiyə vasitəsilə gənc nəsil çoxcəhətli Azərbaycan mədəniyyəti, onun ayrı-ayrı növləri barədə konkret təsəvvür əldə edir. Bəstəkarların, müğənnilərin, rəssamların, alimlərin, şair və yazıçıların, mədəniyyətin digər sahələrində dünya şöhrəti qazanmış elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılıq yolları gənc nəsil üçün çox gözəl fəaliyyət nümunəsidir. Bu sahələrdə Azərbaycana başucalığı gətirmiş şəxslərin tükənməz yaradıcılıq xəzinələri ilə uşaqları, yeniyetmələri və gəncləri tanış etmək ideya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindəndir. Azərbaycanda milli mənlik şüurunun formalaşdırılması milli mədəniyyətin öyrənilməsinə, tarixi yaddaşımızın qorunub saxlanılmasına və nəhayət, Vətən təəssübkeşliyinə qətiyyən Azərbaycanda ideya-siyasi tərbiyə bəşəri dəyərlərə laqeyd deyildir. İdeya-siyasi tərbiyənin istiqamətlərindən biri məhz bəşəri dəyərlərlə əlaqədardır. Bəşəri dəyərlərə, məsələn, demokratiyaya, sülhə, azadlığa, türkçülüyə, islamın mütərəqqi adət və ənənələrinə qovuşmaq indi bizim əsas götürdüyümüz ideyalardandır. Hazırda respublikamızda demokratik hüquqi dövlət quruculuğu davam edir, insan hüquqları qorunur, söz azadlığı, mətbuat azadlığı təmin olunur. Dini əqidəyə görə heç kəs təqib olunmur, məscidlər sərbəst fəaliyyət göstərir; Türk dünyası ilə əlaqələrimiz genişlənir, gediş-gəliş artır, qarşılıqlı yardım güclənir. Vicdan azadlığı ilə əlaqədar Konstitusiyada yazılır. “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Dünyada hər şeyin ilahi qüvvə tərəfindən yaradıldığı və tənzimləndiyi haqqında fikirlərin dini müəssisələrində adamlara məqsədyönlü, planlı və mütəşəkkil surətdə aşılanması dini tərbiyədir. Uşaq bağçasından başlayaraq təhsilin bütün vəsilələrindən təbiət və cəmiyyətə dair həyat və fəaliyyət üçün faydalı olan real biliklərin, bacarıq və vərdişlərin, habelə, mənəvi keyfiyyətlərin gənc nəslə məqsədyönlü, planlı və mütəşəkkil aşılanması dövlət təhsil sisteminin dünyəviliyidir. İdeya tərbiyəsi siyasi tərbiyə ilə qaynayıb qarışır və vahid məqsədə-gənc nəslin ideyaca mətin, siyasi cəhətdən yenilməz vətəndaş kimi yetişməsinə xidmət edir. Dövlət müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi gənc nəslin siyasi tərbiyəsinin tərkib hissəsinə çevrilib. Siyasi tərbiyənin vəzifələrindən biri də dövlət rəmzlərinə dərin hörmət hissinin gənc nəslə aşılanmasını təmin etməkdən ibarətdir. Bu gün gənc nəsil əcdadını, dahilərini və tarixdə iz qoyan şəxsiyyətlərini hörmətlə anır və onların sırasında gələcəyin yazıçıları, şairləri, siyasətçiləri yetişir. Bu gün sinəsində Qarabağ dağı daşıyır Azərbaycan gənci. Vətənə borcunu qaytarmaq üçün fürsət gəzir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 13 noyabr.- S.15.