Gənclər təşkilatlarının
layihələri
vətənpərvərlik tərbiyəsinə
hesablanıb
Gənclərin milli mənlik şürunun
inkişaf etdirilməsi, onların vətənpərvərlik
ruhda tərbiyəsi hər zaman prioritet təşkil
edən məsələlərdəndir. Sevindirici
hal ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən
əksəriyyət gənclər təşkilatları da bu istiqamətdə uğurlu fəaliyyət göstərir,
müxtəlif layihələr həyata keçirirlər.
Ayrı-ayrı gənclər təşkilatlarının həyata
keçirdikləri tədbirlərin timsalında bunu aydın görmək mümkündür.
Belə ki, gənclərin vətənpər ruhda tərbiyə olunmasına xüusi diqqət yetirən təşkilatlardan biri də Zərdabi Mətbuat Mərkəzidir. Mərkəzin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC və “Atilla” jurnalının “Hərbi Vətənpərvərlik tərbiyəsindən qəhrəmanlıq zirvəsinədək” mövzusunda birgə layihə həyata keçirib. Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihənin gündəmə gəlmə zərurətindən söhbət açıb. O, hərbi vətənpərvərlik tərbiyəsinin qəhrəmanlıq, şöhrət və unudulmazlıq zirvəsinə aparan yolun bələdçisi kimi aparıcı rolundan danışıb. Yaxın keçmişin müstəqillik uğrunda mücadilə və Qarabağ naminə döyüşlərinin bu konteksdə salnaməmizin yeni parlaq səhifələrini təşkil etdiyini, kütləvi informasiya vasitlərimizdə həmin proseslərin yaxından izləndiyini, müxtəlif janrlarda yazılar təqdim olunduğunu deyib: “Lakin Zərdabi Mətbuat Mərkəzinin apardığı monitorinqlər bu işin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması zərurətini müəyyənləşdirib. Nəzərə alsaq ki, hazırda torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır, təcavüzkarın iddiaları bununla məhdudlaşmır, atəşkəs hər gün düşmən tərəfindən pozulur, Qarabağın yadelli tapdağından azad olunması kimi tarixi missiya indiki nəsillərin öhdəsindədir, deməli bütün qurumlarla yanaşı medianın da həmin istiqamətdəki fəaliyyətində fasilənin, sistemsizliyin mövcudluğu yolverilməzdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənabları Bakıda jurnalistlər üçün tikilən binanın istifadəyə verilməsi mərasimində jurnalistlərə və KİV-lərə vətənpərvərlik, xüsusilə hərbi vətənpərvərliklə bağlı mövzuları daha fəal işıqlandırmağı tövsiyə edib”. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu da xüsusi diqqət ayırır. Fond gənclər təşkilatlarının bu tipli layihələrini maliyyələşdirməkdən çəkinmir, onlara hər cür dəstək olur. Elə fondun dəstəyi ilə Suraxanı rayonunda "Milli qəhrəmanlarımızı tanı" layihəsi çərçivəsində görüşün keçirilməsini də buna misal göstərmək olar. Layihə rəhbəri Sevinc Nəcəfova bildirib ki, layihənin məqsədi ermənilərin Azərbaycana olan ərazi iddialarının qarşısını almaq məqsədi ilə döyüşlərə atılaraq şərəfli döyüş yolu keçən və hazırda da həyatda olan və yenə də şərəflə xalqa, vətənə xidmət edən Milli Qəhrəmanlarımızın gənclərimizə tanıdılmasına xidmət edir. Sevinc Nəcəfova onu da vurğulayıb ki, layihə çərçivəsində hazırda həyatda olan qəhrəmanlarımızın keçdiyi döyüş yolu, eyni zamanda onların hazırki fəaliyyətləri ilə bağlı gəncləri məlumatlandırmaq layihənin əsas məqsədlərindəndir: "Layihəmizin əsas ideyası dövlət siyasətimizin vacib tərkib hissələrindən biri olan gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması istiqamətindəki işlərdə bir qatqımızın olmasıdır. Əsas məqsədimiz I Qarabağ müharibəsində şərəflə iştirak edərək öz igidliyi ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı qazanan və hazırda da yaşayaraq fəaliyyət göstərən qəhrəmanlarımızı müasir gəncliyə tanıtdırmaqdan ibarətdir". Tədbirin gedişatında gənclərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb və Milli Qəhrəmanlarımızdan bəhs edən videorolik nümayiş olunub.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ilk tədbir keçirilib. Tədbir Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə baş tutub. Tədbiri giriş sözü ilə layihə rəhbəri Rauf Fərzəliyev açıb. Rauf Fərzəliyev layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb. Layihə rəhbəri layihənin ilk tədbirinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümündən dərhal sonra keçirilməsindən danışaraq, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və onların fəaliyyətindən söz açıb. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor mavini Xəyalə Abbasova çıxış edib. Xəyalə Abbasova məktəblərində məhz bu mövzuda layihə çərçivəsində tədbirin keçirilməsindən çox məmnun olduğunu qeyd edib. Direktor müavini tədbirdə iştirak edən şagirdləri Sumqayıt şəhərində 9 may faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə keçirilən paradda 1-ci yeri tutmaları münasibətilə də təbrik edib. Sonra söz ekspert Anar Həsənliyə verilib. Anar Həsənli sözügedən layihənin həyata keçirildiyi tarixi xüsusi olaraq vurğulayıb. Layihənin ilk tədbirinin 8 may – Şuşanın erməni separatçıları tərəfindən işğal olunduğu gün, 9 may – qələbənin 70 illik yubileyinin qeyd olunduğu gün və 10 may – Ulu öndər Heydər Əliyevin doğum günündən sonra həyata keçirilməsinin təsadüf olmadığını deyib, bu günlərin birbaşa vətənpərvərliklə sıx bağlı olduğunu qeyd edib. Natiq Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi-iqtisadi inkişafı, dünyada güclü dövlət kimi tanıdılması istiqamətində apardığı siyasətdən, bu yolda əldə etdiyi uğurlu nəticələrdən və bu gün bu siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsindən danışıb. Sonra Anar Həsənli Azərbaycan ordusundan danışıb. Ekspert Azərbaycan ordusunun bugünkü inkişafından, orduya ayrılan diqqət və qayğıdan, Azərbaycan ordusunun işğal altında olan torpaqların geri qaytarmağa malik qüdrətli ordu olmasından bəhs edib.
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi də Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müsəlləh əsgrəm mən də bu gündən!” adlı layihə çərçivəsində Ağsu rayonunda təlimlər həyata keçirib. Layihənin məqsədi həqiqi hərbi xidmətə yararlı olan, xüsusən də orta təhsilini başa vurmuş yeniyetmə və gənclərin faydalandığı bu layihənin məqsədi həmin gəncləri psixoloji cəhətdən vətənə xidmət göstərməyə hazırlamaq, onların vətənpərvər ruhda tərbiyəsinə dəstək göstərməkdir. Layihənin qarşısında duran əsas məsələ, gəncləri hərbi xidmət haqqında müəyyən qədər məlumatlandırmaq, onları bu sahədəki mövcud olan qanunvericiliklə tanış etmək, asudə vaxtlarının səmərəli təşkilinə köməklik göstərməklə yanaşı, onları layiqli vətəndaş kimi yetişməyə səsləməkdir. 30 gəncin yararlandığı layihədə təlimçi əsgər olacaq gənclərə ölkəmizdəki hərbi qanunvericilik, hərbi xidmətin psixoloji məqamları və ölkəmizin hərb sahəsindəki qazandığı uğurlardan bəhs edib. Təlimim effektivliyini artırmaq məqsədi ilə gənclərə layihə çərçivəsində hazırlanmış layihə ilə eyni adlı maarifləndirici toplu və bukletlər paylanıb.Gənclərin böyük maraqla qarşıladığı təlimdə təlimçi həmçinin gənclərin həqiqi hərbi xidmət haqqında çoxsaylı suallarını cavablandırıb. Təlimin sonunda gənclərə bu gedəcəkləri şərəfli yolda uğurlar arzulanıb və layihədə iştiraklarını təsdiqləyən diplomlar paylanıb.
Qeyd edək ki, layihə çərçivəsində analoji təlimlər daha iki rayonda keçiriləcək. Ümumilikdə isə layihədən 90 gəncin birbaşa yararlanması nəzərdə tutulub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Elşad Haqverdiyev tərəfindən həyata keçirilən “Gənc vətənpərvər” layihəsi çərçivəsində isə Xocavənd rayon Salakətin kənd orta məktəbində seminar təşkil edilib. Tədbirdə Xocavənd rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, KİV nümayəndələri, müharibənin canlı şahidləri, məktəb rəhbərliyi və digər qonaqlar da iştirak ediblər. Tədbirdə layihə haqqında geniş məlumat verən layihə rəhbəri Elşad Haqverdiyev Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsinin vacibliyindən, bu istiqamətdə aparılan dövlət siyasətinin, işğal olunmuş torpaqlar haqqında biliklərin artırılması üçün belə tədbirlərin mütəmadi təşkilinin əhəmiyyətini qeyd edib. Seminarda gəncləri maraqlandıran suallar, problemlər ətrafında geniş müzakirələr aparılmış, onlar vətənpərvərliklə bağlı yeni biliklər əldə ediblər. Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ideyalarının təbliği, bu istiqamətdə aparılan siyasətə gənclərin töhfəsi, vətənpərvər gənclərin birgə fəaliyyəti üçün şəbəkələşmə problemlərinin aradan qaldırılmasıdır.
“Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin təbliği” adlı layihə də məhz gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına xidmət edir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gənclri Maarifləndirmə İctimai Birliyinin bu layihəsi də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır. Birliyin yekunlaşdırdığı “Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin təbliği” adlı layihə zamanı Quba şəhərində müxtəlif bölgələrdən olan gənclər üçün düşərgə keçirilib. Düşərgədə Qarabağ müharibəsində şücaət göstərmiş gənclərin tanıdılması istiqamətində tədbirlər həyata keçirilib. Layihə çərçivəsində iştirak edən gənclərlə milli qəhrəmanların görüşləri təşkil edilib. Düşərgəyə dəvət edilən veteranlar, müharibə iştirakçıları keçdikləri döyüş yolu barədə ətraflı söhbət açıblar. Diskussiyalar zamanı gəncləri maraqlandıran suallar veteranlarımız, döyüşçülərimiz tərəfindən cavablandırılıb. Təşkil olunan görüşlər gənclərin milli qəhrəmanlarımızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərən döyüşçüləri daha da yaxından tanımasına müsbət təsir edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 14-16 noyabr.- S.15.