Azərbaycan gəncinin

vətənpərvərlik ruhu yüksəkdir

 

Vətənpərvər gənclərimiz torpaqlarımızı azad etməyə hazırdır

 

Ana Vətən - Azərbaycanı qayalar döşündə bitən çiçəyə, çiçəklər içində qayaya bənzədən və uğrunda ölməyə hazır olduğu bu Vətən ona oğul deyərək qəbul edərsə, mamır olub hər qayasında əbədi bitmək arzusu ilə yaşayan qüdrətli şairin lirik qəhrəmanı tək gənclərimiz yetişir. Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət öncə vətənə məhəbbətin təcəssümüdür.

Məhz buna görə də vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, tarixi qəhrəmanların döyüş yolunu öyrənmək, onların vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır. Biz gənclərimizi həm vətənpərvər, həm milli kökümüzə sarsılmaz tellərlə bağlı görmək istəyirik. Düşünürük ki, müstəqillik dövrünün gənclərində bu hisslər daha çox inkişaf etməlidir. Azərbaycan xalqı qonşu xalqlardan həmişə öz milli kimliyinə sadiqliyi və vətənpərvərliyi ilə seçilib. Təəssüf ki, hazırda bu keyfiyyətimizdə müəyyən zədələnmə müşahidə edilməkdədir. Gənclərimizin heç də hamısının dəyərlərimizə münasibəti eyni deyil. Respublikamız 20 ildir müstəqildir. Bu illər ərzində bizim cəmiyyətimizdə, ictimai həyatımızda, məişətimizdə çox şey dəyişib. Dəyərlər sistemimizə də tamam başqa gözlə baxanlar çoxdur. Azərbaycan gəncliyinin milli mənlik şüuru heç zaman məhv olmayıb, bu günonun kifayət qədər daşıyıcıları var. Çar Rusiyasının işğalı dövründə də o illərin gəncliyi bu ruhun daşıyıcısı olub, bolşevizm dönəmində də onların içində illərdən bəri kök salan milli özünüdərk yaşantıları onları respublikamızın ikinci dəfə müstəqil olması uğrunda mübarizəyə vadar etdi. Hər iki ali keyfiyyət xalqımızda genetikdir. Elə gənclər var ki, gözünü açıb ailəsində milli mənlik şüurunu inkişaf etdirən söhbətlər eşidib, valideynlərinin bu sahədə apardığı təbliğat birmənalı olaraq o gəncin təfəkkürünü formalaşdırıb. Azərbaycan tarixi, ədəbiyyatı, musiqisi, mədəniyyəti, tarixi şəxsiyyətlərimiz barədə həmişə müsbət fikirlər eşidən bir gəncin milli mənlik şüuru inkişaf etməyə bilməz. Ortaali məktəblərdə, ictimai həyatda, yerlərində gənclərlə bağlı işlər aparılmalıdır. Xalqımızın böyük dövlətçilik tarixi var. Tarixi şəxsiyyətlərimiz, el qəhrəmanlarımız, Milli qəhrəmanlarımız çoxdur. Onların qəhrəmanlığı, keçdikləri döyüş yolu geniş səviyyədə təbliğ olunmalıdır ki, gənclər öz qəhrəmanını yaxından tanısın. Təbliğatdan çox şey asılıdır. Müxtəlif dünyagörüşünə malik tələbələrlə rastlaşıram. Bəli, onların müəyyən bir qismində nə vətənpərvərlik tərbiyəsi formalaşıb, nə də milli mənlik şüuru inkişaf edib. Milli düşüncədən uzaq olan bu gənclərə hansısa bir milli xüsusiyyətimizi, milli alətimizi, bir qəhrəmanlıq dastanımızı sevdirənə qədər böyük zəhmət çəkməli olursan. Gənclərimizin bir çoxunun milli folklorumuzdandastanlardan, nağıllardan, aşıq şerindən və aşıq sənətindən, muğamdan, xalq mahnılarından, el sənətindən xəbəri yoxdur. Halbuki, elə şeylər var ki, gənclik onu beş barmağı kimi bilməlidir. Bilənlər də var. Amma onlar elə də çox deyil. Gənclərimizin bir qisminin müəyyən təsirlərə düşdüyü faktdır. Öz milli ədəbiyyatımızı, incəsənətimizi qəbul etməyənlər Qərbdə qürub edən etibarsız "izmləri", cərəyanları təbliğ edir. Gənclər ilk növbədə öz dəyərlərimizi sevməlidir ki, onları başqa dəyərlərlə müqayisə edə bilsin.

Azərbaycançılıq ideologiyası, milli məfkurə anlayışının təbliğatına geniş yer ayrılmalıdır. Etiraf edilməlidir ki, bütün zamanlarda gənclərin milli mənlik şüuruna sahib olmasında millətsevər, dövlətsevər ziyalıların böyük əməyi olub. Azərbaycan dondurulmuş müharibə şəraitində yaşayan bir dövlətdir. Ona ürəyi vətən sevgisilə dolu olan gənclik lazımdır. Bu gəncləri də zaman-zaman söz adamları, müəllimlər yetişdirir, formalaşdırır. KİV-lər də tez-tez filosoflara, şair və yazıçılara, alimlərə yer ayırmalıdır ki, onlar gəncliyə öz sözlərini çatdıra bilsin. Tərbiyə elmi əsaslara söykənməlidir ki, sağlam olsun. Milli Qəhrəmanlarla məktəblilərin, tələbələrin görüşləri keçirilməlidir. Milli Qəhrəmanlarla ünsiyyət gəncələrin milli şüurunun inkişafına yaxşı təsir göstərər. Vaxtilə Sovet İttifaqı Qəhrəmanları gənclər üçün böyük tərbiyə məktəbi sayılırdı. Bu gün də belə olmalıdır. Qəhrəman çox təbliğ edilərsə gənclik özünü ona bənzədəcək, qorxaqlıq reklam edilsə o yolu tutanlar çox olacaq. Milli düşüncəyə malik, vətənpərvər gənclərimiz də, tamamilə bu hisslərdən uzaq olan gənclər də var. Nəzərə almaq lazımdır ki, müstəqil Azərbaycan Respublikasının gəncləri daha vətənpərvər olmalıdır ki, ana torpağı layiqincə qoruya bilsin. Yaşlı insanların cavanlardan umacağı çoxdur. Bu da təbii qəbul edilməlidir. Onlar istəyir ki, min illərdən bəri formalaşmış milli keyfiyyətlərimiz itməsin. Gənclər vətənpərvər olsun ki, torpaqlarımız erməni tapdağından azad olsun. O da nəzərə alınmalıdır ki, hazırda gənclərin tərbiyəsində bir sıra nöqsanlar var. Bu da onunla əlaqədardır ki, onlar cəmiyyətdə daha çox neqativ şeylər görür. Bəzi televiziyalar, çeşidli internet saytları, portalları onların tərbiyəsini korlayan informasiyalar yayımlayır. Gəlin, internet forumlarına nəzər salaq. Milli məsələlərlə bağlı sorğularda, fikir mübadilələrində iştirak edən gənclərin bir çoxunda milli mənlik şüuru inkişaf etməyib. Vətənpərvərlik tərbiyəsinin bünövrəsi ailələrdə qoyulmalıdır, məktəblərdə bu sahədə böyük işlər aparılmalıdır. Burada şairlərin, alimlərin də rolu olmalıdır. Şagirdlər teatrlara getməlidir ki, qəhrəmanlıq mövzusunda tamaşalara baxa bilsin. Eyni zamanda, müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin Azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək, böyük gələcəyimiz naminə ən mühüm vəzifə kimi təhsilimizin və mədəniyyətimizin qarşısında durur. Dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil, bütün sahələrdə təbliğ edilməli, sevgiehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır. Televiziya ilk növbədə mənəvi tərbiyə bədii vasitələrlə, sənətkarlıqla, xüsusi incəliklə bu müqəddəs amalları aşılamalı və sevdirməlidir. Həyat gerçəkliyinin bədii inikası elə bir səviyyədə olmalıdır ki, gənc təkcə təbliğatın deyil, həmçinin estetik cəhətdən zəngin, yüksək istedadlı sənətkarlıqla tanış olsun. Bu cəhət televiziya sənətçilərinin məsuliyyətini birə-iki artırır, onların qarşısında yeni vəzifələr qoyur. Hər bir sənətkar, ziyalı özünün cəmiyyətdə daşıdığı funksiyasını düzgün qiymətləndirməli və bu məsuliyyəti şərəflə icra etməlidir.

  Həqiqətən də, bugünkü Azərbaycanın ictimai inkişafının durumu elə vəziyyətdədir ki, hazırkı dünyagörüşümüzü vətən anlayışı, vətənə sevgi və məhəbbət hissi olmadan təsəvvür etmək, sadəcə, mümkün deyildir. Çətinliklərlə üz-üzə qalan xalqımız milli dirçəlişə, siyasi həyatının dönüşlü mərhələsində, milli yetkinlik çağında labüd olaraq vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin ehtiyac duyur. Belə bir sosial tələbatın bu gün ön plana çəkilməsini təsadüfi hesab etmək düzgün olmazdı. Uzun illər boyu totalitar rejim şəraitində ideoloji təbliğatın aparıcı istiqaməti SSRİ-ni bu ərazidə yaşayan bütün xalqlar və millətlər üçün yeganə vətən kimi təbliğ etmək olmuşdur. Hər bir millətin özünəməxsus xüsusiyyətləri tam nəzərə alınmır, əsasən sosializm dəyərlərinə üstünlük verilirdi. Belə ağır və ziddiyyətli münasibətin mahiyyəti bunda idi ki, xalqımız əsl vətənpərvərliyin formalaşması üçün ümdə şərtlər olan milli qürur hissi və ləyaqətini, tarixi yaddaşını, milli adət və ənənələrini qoruyub saxlaya bilmək naminə güclü müqaviməti dəf etməli olurdu. Lakin tarixin sonrakı axarı göstərdi ki, nəsildən-nəslə keçərək əsrlər boyu yaranmış, inkişaf etmiş və ən dərin hissduyğuya çevrilmiş Azərbaycan xalqının bu nəcib vətənpərvərlik hissi güclü müqaviməti dəf etməyi bacarır və öz azadlığına, müstəqilliyinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaqda israrlıdır.

Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasiictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji problemdir.

Milli-mənəvi dəyərlərə bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik hisslərini gücləndirir və sonrakı mərhələlərdə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır. Dövlət müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi isə gənc nəslin siyasi tərbiyəsinin tərkib hissəsinə çevrilib. Siyasi tərbiyənin vəzifələrindən biri də dövlət rəmzlərinə dərin hörmət hissinin gənc nəslə aşılanmasını təmin etməkdən ibarətdir. Bu gün gənc nəsil əcdadını, dahilərini və tarixdə iz qoyan şəxsiyyətlərini hörmətlə anır və onların sırasında gələcəyin yazıçıları, şairləri, siyasətçiləri yetişir. Bu gün sinəsində Qarabağ dağı daşıyan Azərbaycan gəncinin vətənpərvərlik ruhu o dərəcədə yüksək olmalıdır ki, mənfur düşmənə hər an qalib gələ bilsin. Etiraf edək ki, artıq Azərbaycanda bunu reallaşdıra biləcək gənclərimiz yetişib.

 

Olaylar.- 2015.- 17 noyabr.- S.15.