Müasir gənclərimiz kifayət

qədər vətənpərvərdir

 

Onların potensialından yetərincə istifadə olunmalıdır

 

Ölkədə vətənpərvərlik sahəsində aparılan maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Artıq qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda kifayət qədər vətənpərvər gənc yetişib ki, onlar öz bilik və bacarıqları ilə dövlətimizə xidmət etməkdədirlər. Bu gənclər dövlətimizin müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin olunması, itirilmiş torpaqlarımızın geri qaytarılması yolunda daim savaşa hazırdırlar. Müsahibimiz Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Zəka Hüseynlidir.

 

- Zəka bəy, sizcə müasir gənclərimiz nə dərəcədə vətənpərvərdir? Azərbaycan gəncliyini sözün həqiqi mənasında vətənpərvər hesab etmək olarmı?

-Gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması tarixin bütün dövrlərində ən öndə və vacib məsələrdən biri hesab edilib. Zaman-zaman bu istiqamətdə müəyyən addımlar atılıb, tədbirlər həyata keçirilib. Məhz həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsidir ki, bu gün ölkədə yetərincə vətənpərvər gənc formalaşıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra gənclər dəfələrlə Vətənini, dövlətini sevdiyini, dövlət atributlarına, dilinə hörmət etdiyini, onu uca tutduğunu və ən nəhayət vətənpərvər olduğunu sübut edib. Kifayət qədər gənclərimiz var ki, onlar öz intelektləri, idman bacarıqları ilə Azərbaycanımızı xarici ölkələrdə təbliğ edirlər. Məhz həmin gənclərimizin fəaliyyəti nəticəsində ölkəmizin bayrağı ən yüksək tribunalrda dalğalanıb. Bu isə o deməkdir ki, gənclərin dövlətin həyatında rolunun artırılması onların dövlətə, Vətənə bağlılığını artırır. Odur ki, hər bir vətəndaş kimi gənclərin də dövlətin həyatında mühüm yer tutan məsələlərdə rəyləri öyrənilməlidir. Tale yüklü problemlərin həllində gənclərin göstərdikləri təşəbbüslər, irəli sürdüyü təkliflər laqeydliklə qarşılanmamalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin təmin edilməsinə gənclərin marağının daha da yüksəldilməsi, hərbi-tətbiqi idman növlərinə gənclərin axınının artırılması, onların fiziki və iradəvi keyfiyyətlərinin, vətənin müdafiəsinə, hərbi xidmətə hazırlığının təmin edilməsi diqqət edilməli məsələlər sırasındadır.

- Necə hesab edirsiniz, Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin daha da artırılması istiqamətində hansı tədbirlərin görülməsinə ehtiyac var?

- İlk növbədə qeyd edim ki, Azərbaycan gəncinin vətənpərvərlik hissinin daha da artırılması üçün ona dilini, dövlətini, millətini, dövlət atributlarını sevdirmək lazımdır. Ardınca isə Azərbaycan Respublikasının vətəndaşlığının əhəmiyyəti və üstünlükləri təlqin edilməlidir. Buna nail omaqdan ötrü gənclərə vətəndaşın malik olduğu hüquqlar, dövlətin vətəndaşlar qarşısında öhdəlikləri ilə yanaşı, vətəndaşın dövlət qarşısında vəzifələri də təlqin olunmalıdır. Təbii ki, bu gənclərə həm öz hüquqlarını bilərək onları tələb etmək vərdişləri aşılayacaq, həm də onlarda vətənə sədaqət, dövlət rəmzlərinə, digər vətəndaşların hüquqlarına hörmət və sair kimi müsbət davranışların formalaşmasına kömək edəcək. Məlumdur ki, dövlət dili milli birlik istiqamətində ən başlıca faktorlardan biri olmalıdır. Müstəqilliyimizin bərpasından xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyətdə, hətta dövlət orqanlarında Azərbaycan Respublikasının dövlət dilini bilməyən, yaxud ondan istifadə etməyi bacarmayan gənclər vardır. Düzdür, müasir həyat gənclərin xarici dil öyrənməsini labüd edir. Lakin bu heço anlama gəlməməlidir ki, gənclər öz dillərini unudub əcnəbi dillərə üstünlük verməlidir. Buna nail olmaq üçün bu sahədə təbliğat aparılmaqla yanaşı, dilimizin təbii xüsusiyyətləri qorunmalı, yad ünsürlərdən təmizlənməsi prosesi davam etdirilməlidir. Haqlı olaraq deyirlər ki, öz dilini bilməyən gənc vətənpərvər ola bilməz. Bundan başqa, gənclərin şüurunda ailə dəyərlərinin təbliği və möhkəmləndirilməsi də başlıca amildir. Əgər bir gənc ailə dəyərlərinə hörmətlə yanaşmırsa, həmin gəncin vətənpərvər olması şübhə doğurur. Sirr deyil ki, müasir qloballaşma, dünya birliyinə inteqrasiya prosesində ailə dəyərləri güclü təsirə məruz qalır. Bir sıra hallarda ifrat müasirləşmə meyarları cəmiyyətdə ailə dəyərlərinin zəifləməsinə, ailədaxili münaqişələrin artmasına və son nəticədə cəmiyyətin, dövlətin ilkin rüşeymi olan ailələrin parçalanmasına gətirib çıxarır. Bu isə Azərbaycan Respublikasının gələcəyi üçün təhlükə yarada biləcək amil hesab edilə bilər. Bu isə o deməkdir ki, ailə dəyəri möhkəm olmayan bir mühitdə vətənpərvər gəncin yetişdidirilməsi qeyri-mümkündür.

- Milli Qəhrəmanlarımızın təbliği gənclərdə vətənpərvərlik hissinin formalaşmasında hansı rolu oynaya bilər?

- Gənclərin vətənpərvər ruhda böyüməsi üçün Milli Qəhrəmanların təbliği mühüm rol oynayır. Hələ körpə yaşlarından bu ruhda köklənən gənc nəsildə vətənpərvərlik hissinin formalaşması şübhəsizdir. Gənc nəslin vətənpərvərlik tərbiyəsinə Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük təsiri var. Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün həyat məktəbidir. Ermənilərin dədə-baba torpağımız olan Dağlıq Qarabağa hücumu nəticəsində yüzlərlə vətən övladı torpağımızın müdafiəsinə qalxdı və igidlik göstərərək canlarını Vətən yolunda fəda etdilər. Bu savaşda fərqlənən, yurdumuzun müdafiəsi uğrunda müstəsna qəhrəmanlıqlar göstərən döyüşçülərin müəyyən bir qisminə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman adı verildi. Bu gün Azərbaycanda 211 nəfər bu şərəfli adı daşıyır ki, onların çox az bir qismi həyatdadır. Çox təssuf kii, indi bir çox gənclərimiz hətta Milli Qəhrəmanlarımızı belə tanımırlar. Düzdür, Milli Qəhrəmanların təbliği elə də arzuolunan səviyyədə aparılmır. Ancaq müasir gənclərin kifayət qədər imkanı var ki, internet resurslarından istifadə etməklə onlar barədə bilgi əldə etsinlər. Yalnız Milli Qəhrəmanların lazımi səviyyədə təbliği ilə onların gənclər üçün örnəyə çevrilməsinə nail olmaq mümkündür.

- Dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasəti yetərli hesab etmək olarmı?

-Dövlətin gənclərə qayğısı və ümumiyyətlə dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti məqbul hesab edilməlidir. Xatırladım ki, ulu öndər Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimaisosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. İkinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra diqqət ayırdığı mühüm sahələrdən biri də gənclər siyasəti olub. Bu baxımdan Onun Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdmanTurizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, həmçinin, "Gənc ailə", "istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadis. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub. Ümumilli liderin davamçısı olan Prezident İlham Əliyevin də gənclərə ciddi diqqət və qayğı ilə yanaşması bu sahədə nəzərəçarpacaq dərəcədə yeniliklərlə müşahidə edildi. Prezident İlham Əliyevin də müntəzəm olaraq gənclərlə görüşməsi, gənclərlə bağlı qəbul edilən dövlət proqramları və digər müvafiq sənədlərdə məhz onların mövqeyinin nəzərə alınması diqqətəlayiq haldır. Heç şübhəsiz ki, dövlətin və dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının qarşılığı olaraq Azərbaycan gəncləri daha da vətənpərvər olmalı, Vətənə, dövlətə bağlılığı artmalıdır. Hər bir gənc öz varlığı ilə Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Çünki vətənpərvərlik həm də özü üçün deyil, eli üçün yaşamaq deməkdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2015.- 25 noyabr.- S.15.